• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Qadın polis rəisi: “Polisdən qorxmamalıyıq, çünki polis səni qoruyur...” – MÜSAHİBƏ/ FOTOLAR

Qadın polis rəisi: “Polisdən qorxmamalıyıq, çünki polis səni qoruyur...” – MÜSAHİBƏ/ FOTOLAR

Etiraf edək ki, hansı peşəni seçməyimizdən asılı olmayaraq çoxumuzun uşaqlıqda polis olmaq kimi bir arzusu olub. Polis geyimində, çiynində paqonları olan qadını görmək gözəl bir duyğudur. Onları çiynində gəzdirmək isə yəqin ki, daha gözəldir. Müsahibim Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Sənədlərin qəbulu şöbəsinin rəisi, polis polkovnik-leytenantı Nərgiz Məhərrəmovadır. 18 ildən artıqdır ki, sistemdə çalışan xanım hər gün bu geyimi qürurla geyindiyini, çiynində dövlət atributlarının fəxrlə gəzdirdiyini deyir. Publika.az Nərgiz Məhərrəmova ilə müsahibəni təqdim edir.

“Atamın polis işləməyi məni bu peşəyə gətirdi

1997-ci ildən daxili işlər orqanlarında xidmət edirəm. Əvvəlcə Daxili İşlər Nazirliyində (DİN) katiblikdə rejim üzrə inspektor kimi çalışmışam, 2002-ci ildən DİN-in Baş istintaq və təhqiqat idarəsinin katibi , 2008-ci ildən indiyə kimi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində Sənədlərin qəbulu şöbəsində çalışıram. İşin xüsusiyyəti vətəndaşlara biometrik pasportların verilməsilə bağlıdır. Ümumiyyətlə, polis peşəsi şərəfli peşədir. Polis olmaq istəyi məndə uşaqlıqdan olub. Atam da daxili işlər orqanlarında çalışıb. Həmişə onu formada görürdüm. Bu məndə polis olmaq istəyi yaratdı. Uşaqlıqdan ən böyük arzum polis olmaq idi. Demək olar ki, atamın polis işləməyi məni bu peşəyə gətirdi.

Mən özümə qarşı həmişə yaxşı münasibətlə rastlaşmışam. Məncə, hər bir qadının polis olmaq, polis geyimini daşımaq, bu peşədə çalışmaq kimi bir arzusu olur. Hər bir qadın üçün çiyinlərində dövlət atributunu daşımaq şərəfdir. Mən də həmçinin.

“Həyat yoldaşım da polis işçisidir”

Bu peşə məni sərtləşdirməyib. Əksinə, polis işçisi həmişə təvazökar, həmişə vətəndaşlarla ünsiyyətdə səmimi, nəzakətli davranandır. Bu işdə çalışmağım ailədə bizim münasibətlərimizə pis təsir etmir. Mənim həyat yoldaşım da polis işçisidir. Bir- birimizi yaxşı başa düşürük. Uşaqlarla münasibətdə də heç bir problem olmur. Doğrudur, həm evi, həm də işi idarə eləmək bir qədər çətinlik yaradır. Amma bir təhər çatdırıram. Çünki buna məcburam. Biz burada polis əməkdaşıyıq. Evdə isə qadınıq, anayıq, həyat yoldaşıyıq. Ailəmiz var, uşağımız var, həyat yoldaşımız var. Bütün problemlərin, çətinliklərin öhdəsindən gəlməliyik. Gündə səhər 8:00-dan 18:00-a qədər işləyirik. Bazar günləri, bütün bayram günləri də bizim üçün iş günüdür. Həmin günlərdə də növbə ilə, fasiləsiz çalışırıq, vətəndaşlara xidmət göstəririk.

“Mən qoca adamam, kameranın yanına necə çıxım?...”

İşimiz elədir ki, vətəndaşlarla işlədiyimizdən maraqlı hadisələr çox olur. Biz pasport almaq üçün gələn vətəndaşların fotolarını da çəkirik. Bir dəfə bir yaşlı kişi gəlmişdi. Ona dedim ki, dayı, indi kameraya yaxınlaşın, şəklinizi çəkəcəyəm. Kişi təəccübləndi ki, “qızım, mən qoca adamam, kameranın yanına necə çıxım?” Sonra anladım ki, sən demə o, divarda – hündürdə vurulan kameraya çıxmağı başa düşübmüş.

“Polisdən yox, həkimdən qorxmaq lazımdır...”

Polis işçiləri həmişə formada olmalıdırlar. Həmişə formada olmaq, məncə, hər bir sistem işçisi üçün daha da qürurludur. Fəxr edirəm ki, dövlətçiliyə xidmət edirəm, çiynlərimdə dövlət atributlarını gəzdirirəm. Müəyyən çərçivədə olmaq da məni narahat etmir. Bəzən insanlar polisdən qorxurlar. Əslində, polisdən qorxmaq yox, ona hörmət etmək lazımdır. Çünki polis dövlətçiliyimizin keşiyindədir. Polisdən yalnız cinayətkar qorxa bilər. Əslində adi vətəndaş polisdən qorxmamalıdır, ona hörmətlə yanaşmalıdır. Çünki polis onu qoruyur, polis qanunu qoruyur.

Bəzən uşaqları polislə qorxudurlar. Biz işdə də belə hallarla qarşılaşırıq. Bizə pasport almaq üçün gələn valideynlər bəzən uşaqlarına deyirlər ki, “bax, orada polis var, tutar səni”... Mən onda uşaqlara deyirəm ki, əslində polisdən yox, həkimdən qorxmaq lazımdır.

Gülnar Əliyeva

FOTO: Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR