• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Odessada azərbaycanlıların restoranlarını kim yandırıb? – İki qətl, bir səbəb – TƏFƏRRÜAT – FOTO/VİDEO

Odessada azərbaycanlıların restoranlarını kim yandırıb? – İki qətl, bir səbəb – TƏFƏRRÜAT – FOTO/VİDEO

Odessadan bir-birinin ardınca orada yaşayan azərbaycanlılarla bağlı həyəcanlı xəbərlər gəlir. Ukraynada yaşanan münaqişə və xaos fonunda bu, xüsusilə narahatlıq doğurur.

Publika.az xəbər verir ki, bir müddət əvvəl Qara dəniz sahilində yerləşən bu məşhur kurort şəhərdə azərbaycanlılarla yerli “avtomaydançılar”ın toqquşması baş vermişdi. Aprelin 7-dən 8-nə keçən gecə isə Odessada diasporumuzun üzvlərinə aid iki restoran birdən yandırılıb. Hüquq-mühafizə orqanları “Abşeron” və “Sultan” restoranlarının məqsədli şəkildə yandırıldığını təsdiqləyib və cinayət işi açıb.

Yerli KİV-də isə bu hadisəni həmin gecə baş verən başqa bir səs-küylü hadisə ilə bağlayırlar. Belə ki, restoranların yandırılmasından bir neçə saat əvvəl 28 yaşlı idmançı Sergey Laşenko güllələnərək qətlə yetirilib.

Tay-boks üzrə Ukrayna və Avropa çempionu olan Laşenkov və ətrafı Odessanın mərkəzində həmyerlimizin olduğu qrupla münaqişəyə girib. Dava zamanı yaralanan idmançı və dostu özünü 10 nömrəli şəhər xəstəxanasına çatdırıb. Qarşı qrup isə sakitləşməyərək, qara BMW avtomobilində 5 nəfər olmaqla özlərini həmin xəstəxanaya yetirib. Onlardan biri travmatik tapançanın darağını tibbi yardım alan Sergeyin başına boşaldıb. Davanın qız üstə başlandığı deyilir.

Odessalı jurnalistlər iddia edirlər ki, Laşenkovun dostları onu öldürən azərbaycanlıya cavab olaraq, elə həmin gecə bizim diaspora aid restoranları yandırıblar.

Məsələylə bağlı Ukrayna Azərbaycanlıları Gənclər Təşkilatının rəhbəri Elsevər Paşayevin mövqeyini öyrəndik. Paşayev Publika.az-a açıqlamasında azərbaycanlılara qarşı Odessada hər hansı bir təxribatın olduğunu qəti şəkildə təkzib etdi: “Məndə olan məlumata görə, bu hadisələrin bir-birinə bağlılığı yoxdur. Polis bölməsindən məlumat verilib ki, Laşenkovu qətlə yetirməkdə ittiham edilən azərbaycanlının yanında ukraynalılar da olub. Mərhum özü odessalı deyil, son illər burada məşq edirdi. Yəni burada etnik münaqişədən söhbət gedə bilməz. Restoranların yandırılması isə çox təəssüf ki, azərbaycanlılar arasında gedən daxili münaqişənin nəticəsidir. Hələ rəsmən səbəb məlum deyil, araşdırma gedir. Amma mən öz mənbələrimdən bunu öyrənmişəm.

Ümumiyyətlə, son vaxtlar tez-tez ortaya Odessada azərbaycanlıların sıxışdırlması haqda yalan iddialar atılır. Hansı ki, bunlar həqiqəti əks etdirmir. Odessada soydaşlarımız bir diaspor kimi təşkilatlana bilməsə də, icma olaraq, çox güclü mövqeyə malikdir. Bunu həzm edə bilməyən və azərbaycanlıların hamısının kriminalla bağlılığını göstərməyə çalışan düşmənlərimiz var. Əlbəttə, həmyerlilərimiz arasında da icmanın şəhərdəki gücünü hiss edib, bundan sui-istifadə edənlər mövcüddur".

Odessadakı azərbaycanlılar arasında belə bir söhbət yayılıb ki, “Abşeron” və “Sultan”ın yandırılması bir il əvvəl bu şəhərdə diasporumuza aid başqa bir restoranda - “Veçerniy Baku”da “qanuni oğru” Baxış Əliyevin öldürülməsi ilə əlaqədardır. 2014-cü ilin aprelin 7-də Kiyevdən Odessaya mübahisəli məsələni həll etmək üçün gələn “Vaxa” ləqəbli gürcüstanlı soydaşımız adıçəkilən restoranda güllələnmişdi. İndi onun ölümünün ili tamam olurdu. Əliyevin qruplaşmasının üzvləri liderlərinin qətlində günahkar bildikləri Odessa azərbaycanlılarına bu yolla qisas alacaqlarını göstərmək istəyiblər. Deyilənə görə, həmin gecə “Veçerniy Baku”nu da yandırmağa cəhd olub, lakin qarşısı alınıb. Sonradan bu mülahizə haqda yerli “Taymer” internet nəşri də yazıb.

Sonda qeyd edək ki, bir müddət əvvəl Rusiya mediası Azərbaycanın Şəmkir rayonu kəndlərinin postsovet məkanının bəzi böyük şəhərlərində güclü qruplaşmalara malik olduğunu yazmışdı. Sankt-Peterburqda Şiştəpə, Odessada isə İrmaşlı kəndinin sakinlərinin böyük təsirə malik olması həmkarlarımızın diqqətindən yayınmamışdı. Təsadüfi deyil ki, hazırda bütün Ukraynada “at oynadan” “Praviy sektor” və “Avtomaydançılar” da Odessada şəmkirlilərlə toqquşmadan sonra azərbaycanlılarla hesablaşmaq məcburiyyətində qalmışdı.

Pərviz Hikmət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR