Azərbaycan əhalisinin sayı artıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycan əhalisinin sayı artıb

Azərbaycan əhalisinin sayı 9611,7 min nəfərə çataraq ilin əvvəlindən 18,7 min nəfər və ya 0,2 faiz artıb.

Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, mart ayının 1-nə olan məlumatda ölkə əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 111 nəfər təşkil etdiyi göstərilib. Əhalinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür.

Son illər ərzində ölkədə doğum səviyyəsi yüksək olaraq qalmaqda davam edir və cari ilin yanvar-fevral ayları ərzində doğulanların sayı ölənlərin sayından 18,5 min nəfər çox olub. Belə ki, cari ilin ilk iki ayı ərzində ölkədə 27,9 min, yaxud hər gün orta hesabla 473 körpə doğulmuş, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 18,2 təşkil edib. Doğulanların 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarıdır. Körpələrin 514-ü əkiz, 15-i isə üçəm doğulub.

Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan qadınların bütün ömür boyu hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.

İlin əvvəlindən ölkədə 9,4 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi 7,0-dan 6,1-ə qədər azalıb.

Cari ilin iki ayı ərzində rəsmi orqanlar tərəfindən ölkədə 11,1 min nikah və 2,1 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,2, boşanmaların sayı isə 1,4 təşkil edib.
Cari ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 227 nəfər gələn və 119 nəfər ölkədən gedən qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm