• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Övladının azadlığını hüququn aliliyinə qurban verən general

Övladının azadlığını hüququn aliliyinə qurban verən general

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin bu günlərdə atdığı addım Azərbaycanda hüququn aliliyi və bu hüququn qorunmasında məsul olan şəxslərin davranış kodeksinin nümunəsi idi. Xüsusilə ölkə daxilində və xaricində Azərbaycanda hüququn aliliyi haqda yanlış ictimai rəy formalaşdıranlara bu nümunə susmaq üçün yetərlidir.


Publika.az xəbər verir ki, iki gün öncə paytaxtda yerləşən restoranlardan birində bıçaqlanma ilə yadda qalan insident baş verib. İnsidentdə general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin iştirakı ehtimal olunur. Bu hadisədən sonra Şərif Əsədullayev öz oğlunu polisə təhvil verərək istintaqın qanunauyğun formada aparılmasını təmin edib.


Faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.


Məhkəmə qarşısında çıxarılan Tamerlan Əsədullayev barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.


Bu fakt Azərbaycan generalının çiynində daşıdığı ulduzlara olan münasibətindən irəli gəlir və ölkədə bütün absurd iddialara rəğmən, qanunun şah olduğunu göstərir.


Eyni zamanda, Azərbaycan generalı bu addımı ilə bir sıra vəzifəli şəxslərə də nümunə göstərdi. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında bəzi məmurların övladlarının harınlığını xüsusilə qeyd edib. Təəssüf ki, bəzən tutduğu postdan və ölkə rəhbərinin göstərdiyi etimaddan sui-istifadə edənlərin övladları kifayət qədər qanunsuz əməllərə yol verir. Bəzən də bu əməllərin gizlədilməsinə çalışılır. Təbii ki, bu, Azərbaycan dövlətinin imicinə və dövlət başçısının apardığı siyasətə ziddir.


Şərif Əsədullayev isə əsl Azərbaycan generalı olduğunu göstərdi. Bu həm də o deməkdir ki, belə generalları olan ölkədə hüququn aliliyi qorunur.


“Bu, Azərbaycan generalının obrazını canlandırır”


Məsələ ilə bağlı Publika.az-a danışan Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə bunu Azərbaycan generalının məsuliyyəti olaraq qiymətləndirib: “Məsələyə hansı bucaqdan baxsaq, bunun Azərbaycan generalının öz işinə məsuliyyətlə yanaşması olduğunu görəcəyik.

Təbii ki, övladın qanunu pozması və müvəqqəti də olsa təcridxanaya düşməsi ailədaxili münasibətlər üçün yaxşı deyil. Lakin bununla belə, generalın öz vəzifəsinə məsuliyyətlə, böyük intizamla yanaşması, qanunun aliliyini öz övladının azadlığına belə qurban verməməsi xüsusi olaraq diqqət çəkir. Bu, Azərbaycan generalının obrazını canlandırır”.


A. Mirzəzadə bu hadisənin hər kəsə nümunə olduğunu qeyd edib.


“Bu tip hadisələrdə hər kəsin məsuliyyətinə ciddi yanaşması lazımdır. Çox istərdik ki, hər kəsin övladı hərəkəti ilə başucalığı gətirsin. Lakin bəzən bu cür hadisələr də olur. Əsas olan hüququn aliliyinin qorunmasıdır”, - deyə o vurğulayıb.


“Bu fakt övladlarının qanunsuz əməllərini ört-basdır edənlərə nümunədir”


Milli Məclisin üzvü Fazil Mustafa da Publika.az-a açıqlamasında bildirib ki, Azərbaycanda bu cür nümunələr var: “Lakin mətbuata az çıxır. Ümumiyyətlə, vəzifəli şəxsin, hüquq-mühafizə orqanlarında işləyən insanların övladları daha diqqətli olmalıdır. Başqalarına bu hüququ tətbiq edən insanlar burda daha həssas davranmalıdırlar. Övladın yetişdirilməsində xüsusilə diqqətli olmalıyıq. Lakin həyatdır və bəzən insan həyatında bu kimi hallar olur. Əsas olan belə hadisələrdə atılacaq addımdır. Bu fakt Şərif Əsədullayevin öz işinə yanaşmasını və əsl general olduğunu göstərdi.

O, hüququn aliliyi üçün övladını öz əli ilə istintaqa təhvil verib. Əminəm ki, Azərbaycanda bu cür generalların, vəzifəli şəxslərin sayı az deyil. Lakin bəzən bunun əksini görürük və insanların vəzifələrindən sui-istifadə edərək, övladlarının qanunsuz əməllərini ört-basdır edirlər. Bu nümunə həmin insanlar üçün də görk olmalıdır”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR