• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Müxalifət pis və bədbəxt durumdadır” - MÜSAHİBƏ

“Müxalifət pis və bədbəxt durumdadır” - MÜSAHİBƏ

“Türkiyənin nümayəndəsi Papa ilə görüşməli, ona bu saxta genosidlə bağlı faktlar təqdim etməli idi. Bəlkə mən səhv edirəm? Əlbəttə, Roma Papasının məlum bəyanatı mənim üçün elə də mühüm fikirlər deyil. Amma Türkiyə ciddi fəaliyyətini qurmalıdır. Böyük dövlətdir, hər yerdə təbliğatını aparmalıdır. Ermənilər qarışqa kimi hər yana səpələnib və saxta soyqırımı həqiqət kimi təbliğ edirlər”.

Bunu Teleqraf.com-a müsahibəsində hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. Müsahibəni təqdim edirik:

- Novella xanım, ötən həftə İnsan Hüquqlarına dair Birləşmiş İşçi Qrupunun toplantısı keçirilib. Həmin tədbirdə Siz də iştirak etmisiniz. Hansı məsələlər müzakirə edilib?

- İşçi Qrupunda noyabrdan indiyə qədər görülən işlər, Əfv fərmanları, QHT-lər və məhbuslar məsələsi müzakirə edilib. Biz müəyyən sənədləri Qrupun katibliyinə, eləcə də, Əfv Komissiyasına təqdim etmişik. Toplaşıb bu məsələyə bir daha baxacağıq. Təkcə bizim siyahımızda olan məhbusların deyil, digərlərinin də müraciətləri var və hazırda bu məsələləri də araşdırırıq. Təbii ki, onların da əfv edilməsi üçün təklifimiz olacaq. QHT-lərin durumu da müzakirə edilib. Hesab edirəm ki, pozitiv addımlar olacaq.

- İşçi Qrupunun fəaliyyəti Sizi qane edirmi?

- İndiyə qədər Avropa İttifaqı, Avropa Şurası, ATƏT və onlarla beynəlxalq hüquq müdafiə təşkilatları bir məhbusu azadlığa buraxdıra bilibmi? Ancaq İşçi Qrupunun işlədiyi bu müddətdə 15 məhbus azadlığa buraxılıb. Heç kəsin xoşuna gəlməsə də, İşçi Qrupu fəaliyyət göstərir, iş görür. Həm də nəzərə alın ki, İşçi Qrupu yalnız toplaşmaqla iş görmür. İşçi Qrupu bizə imkan verir ki, daxili işlər naziri Usubovla, Baş prokuror Qaralovla, ədliyyə naziri Yusifovla və digər şəxslərlə görüşüb problemləri deyək. İşçi Qrupunun üzvləri mütəmadi iş görür, daxil olan ərizələri öyrənir və bunun əsasında qeyd edilən nazirliklərə müraciət edirlər. Məktublarımıza da müsbət cavablar gəlir. İşçi Qrupunun fəaliyyəti yalnız məhbuslarla bağlı deyil.

- İşçi Qrupunun həmsədri Fuad Ələsgərov bildirib ki, onlar yalnız toplantıdan-toplantıya görüşmürlər, mütəmadi kontaktda olurlar və bir sıra problemləri operativ həll edirlər...

- Tamamilə doğrudur. Şəxsən biz ani olaraq bir neçə dəfə Prezident Administrasiyasına müraciət etmişik və problem dərhal həll edilib. Sadəcə, biz mətbuatda bu işlərin piarını aparmırıq. Bunu heç lazım da bilmirik. Bəzi QHT-lər vardı ki, heç nə etməmiş onlarla qəzetə, saytlara xəbər verirdi ki, filan şeyləri etmişəm. Amma biz daha çox iş görürük, lakin bunu mətbuata demirik. Vətəndaşlar da daha çox bizə müraciət edirlər. Gündə onlarla ərizə qəbul edirik.

- Avropa Şurasının nümayəndəsi də İşçi Qrupunda təmsil olunur. Avropa Şurası Qrupun fəaliyyətindən razıdırmı?

- Onlar fəaliyyətə müsbət yanaşırlar. Çünki gördüyümüz hər bir işi Avropa Şurasının diqqətinə çatdırırıq. Onlar da görürlər ki, fəaliyyət mövcuddur.

- Dekabrda əfv verildi, yenə belə bir addım gözləyirsinizmi?

- Gözləyirik. Arzulayırıq ki, Heydər Əliyevin doğum günündə və ya 28 May Respublika günündə əfv verilsin. Odur ki, ümidimiz çoxdur.

- Aprelin ikinci ongünlüyündə Avropa Şurası Parlament Assambleyasının sessiyası keçiriləcək, Strasburqa səfər edəcəksiniz?

- Sessiyadan məlumatlıyıq, ancaq Strasburqa səfər etməyəcəyik. Biz iyun sessiyasında iştirak edəcəyik. Aprel sessiyasında Azərbaycanla bağlı məsələ müzakirə edilmir. Bu müddətdə Avropa Şurasından gələn bütün diplomatlarla görüşmüşük, müzakirələr aparmışıq, fikirlərimizi demişik.

- Bu yaxınlarda Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Hanla görüşmüsünüz, lakin görüş haqqında mətbuata məlumat verilməyib. Hansı məsələləri müzakirə etmisiniz?

- Bəli, belə bir görüş olub. Görüş zamanı Azərbaycan-Avropa Birliyi münasibətləri, ölkəmizdəki durum, QHT-lərin vəziyyəti, məhbuslar problemi müzakirə edilib. Lakin bizdən xahiş etdilər ki, bu haqda məlumat verməyək. Biz də informasiya vermədik.

- Qarşıdan parlament seçkiləri gəlir. Bu haqda nə düşünürsünüz?

- Biz təklifimizi vermişik, görüşlərdə də seçkilər haqda müzakirə aparmışıq. Seçkilərə az müddət qalır, ancaq nədənsə seçkilərə fikir verən yoxdur. Biz istərdik ki, həm majoritar, həm də proporsional seçki sistemi üzrə seçkilər keçirilsin. Seçkilərdə iştirak da insan haqlarıdır və biz yəqin ki, İşçi Qrupunda da bu məsələni qaldıracağıq. Parlament seçkiləri də diqqətimizdə olacaq. Təəssüflə deyim ki, siyasi partiyalar seçkilər məsələsinə sanki maraq göstərmir. Normalda onlar son 5 ildə seçkilərə ciddi hazırlaşmalı idi. Mən hər zaman bunu qeyd edirdim, cavabda verirdilər ki, işləyəcəyik. Şəxsən mən görmürəm ki, hansısa partiya intensiv olaraq seçkilərlə məşğul olsun, rayonlara getsin, imkanlarını götür-qoy etsin. Çox zəif bir fəaliyyət var. Müsavatda seçkilərlə bağlı bir qədər aktivlik var...

- Müsavatda olan aktivlik daha çox istefalar, qarşıdurmalar, ittihamlarla bağlı deyilmi?

- Ona görə də müxalifət pis və bədbəxt durumdadır.

- Parlament seçkilərində namizədliyinizi irəli sürəcəksiniz?

- Yox. Mənim nə işim var parlamentdə.

- Niyə?

- Mən onsuz da millətin deputatıyam. Parlamentdə oturanların çoxu mənə sual verirlər. 5-6 deputat da bizə çox intensiv dəstək verir, köməkliyini əsirgəmir. Mən onların adlarını çəkmirəm, ancaq təşəkkürümü bildirirəm. Nə zaman müraciət ediriksə, dəstək alırıq.

- 25 ildən çoxdur ki, siyasi fəaliyyətiniz var, amma deputat olmaq istəmirsiniz. Maraqlıdır...

- Deputat olmaq həm də rəsmiyyətçi olmaq deməkdir. Bu isə çərçivəyə düşməkdir. Mən çərçivəyə düşmək istəmirəm. Onsuz da bütün deputatlarla gözəl münasibətim var, hamısı mənə hörmətlə yanaşır. Nə zaman xahiş etsəm, müsbət reaksiya göstərirlər. Ancaq nəzərə alın ki, mən deputatlardan özümün deyil, insanların xahişini edirəm. Onlar da bu xahişi yerinə yetirirlər. Doğrudan da, çoxlu sayda deputat var ki, bizə dəstək olur. Odur ki, mənim deputat olmağım vacib deyil. Yaxşısı budur ki, gənclər namizəd olsun, hüquqşünaslar bu prosesə qatılsınlar. Yeri gəlmişkən, jurnalistlər seçkidə aktiv olsun, öz aralarında seçim edib 5-6 sanballı jurnalistin namizədliyini irəli sürsünlər. Toplaşın, 5 nəfər sanballı jurnalistin namizədliyini verin və müdafiə edin. Niyə etmirsiniz, nəyə görə, biriniz digərinizə köməklik etmirsiniz?

- Biz bir-birimizə dəstək verməməyi hüquq müdafiəçilərindən öyrənmişik...

- Maraqlı cavabdır. Ancaq bilirsiniz ki, mən dediyiniz hüquq müdafiəçilərindən deyiləm. Bu günə qədər regionlarda yüzlərlə gənc hüquq müdafiəçisi yetişdirmişəm.

- Daima İranı tənqid edən şəxs kimi Tehran-Vaşinqton münasibətləri, razılığın əldə edilməsinə münasibətiniz necədir?

- Bu, çox müsbət haldır. Nə qədər ki, bizim sərhədlərimizdə normal dövlətlər olacaq, bu, Azərbaycanın maraqları baxımından bir o qədər yaxşıdır. Odur ki, bu razılaşmaya münasibətim pozitivdir. Ancaq məni daha çox narahat edən Rusiyadır. Rusiyaya nə qədər çox təzyiqlər olursa, bu ölkə bir o qədər güclənir. Həm də, hər tərəfdən basqı olanda ruslar, təbii ki, türklərə qarşı gedəcək. Odur ki, mən Avropa Şurasında komissarla görüşən zaman açıq dedim ki, heç bir təzyiq yaxşı nəticə vermir. Bildirdim ki, Rusiyaya bu sanksiyaları tətbiq etməklə rus xalqını daha sıx birləşdirdiniz. Təzyiqlə heç nəyə nail olmaq olmaz. Nə qədər çox təzyiq edəcəksənsə, Ukraynada vəziyyət bir o qədər pisləşəcək. Bir sözlə, Tehranın bu razılığa gəlməsi çox müsbət haldır. Fikrimcə, İran demokratiyaya doğru bir addım atacaq. Bizə də xoşdur ki, qonşu dövlət nüvə silahına malik olmayacaq, onun nüvə texnologiyası nəzarət altında olacaq. Bu mənada sevinirəm. Düzdür, hazırda İsrail bu prosesə qarşı çıxır. Ancaq hesab edirəm ki, bu razılaşmadan İsrail udur. Çünki İranla-Amerika arasında yaxınlaşma olacaqsa, Tehran heç vaxt İsrailə qarşı addım ata bilməz. Əsas odur ki, İranla qarşıdurma aradan qalxacaq, regionda müharibə təhlükəsi olmayacaq. Bizim üçün də regionda stabillik vacibdir.

- Roma papası I Fransisk elan edib ki, XX əsrin ən dəhşətli soyqırımı “erməni genosididir”. Bunu necə anlamaq olar?

- Papanın bəyanatından xəbərim var. Türkiyə ancaq öz daxilində bu saxta genosidlə bağlı iş aparır. Fransada, İtaliyada, Amerikada kampaniya aparmır. Ancaq ermənilər dünyanın hər yerində saxta soyqırımın təbliğatını qurur. Məncə, Türkiyənin nümayəndəsi Papa ilə görüşməli, ona bu saxta genosidlə bağlı faktlar təqdim etməli idi. Bəlkə mən səhv edirəm? Əlbəttə, Roma Papasının məlum bəyanatı mənim üçün elə də mühüm fikirlər deyil. Amma Türkiyə ciddi fəaliyyətini qurmalıdır. Böyük dövlətdir, hər yerdə təbliğatını aparmalıdır. Ermənilər qarışqa kimi hər yana səpələnib və saxta soyqırımı həqiqət kimi təbliğ edirlər. Bizim 20 faiz torpağımızı işğal ediblər, ancaq hər yerdə deyirlər ki, bizi öldürüblər. Baxın, Azərbaycan bununla mübarizə aparır, hər yerdə işini qurur. Türkiyə də bunu etməlidir. Papanın fikirlərinə mənfi münasibət bəsləyirəm, bunun həqiqət olmadığını vurğulayıram. Ancaq bizim də ciddi fəaliyyətimiz vacibdir. Biz Qarabağ məsələsini hər yerdə çatdıra bilməsək də, imkanımız daxilində təbliğatımızı qururuq. Biz bu məsələdə Türkiyəyə hər cür dəstəyimizi verməliyik.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR