I Avropa Oyunlarında bütün nəqliyyat əməliyyatları NİİM-dən idarə olunacaq
Bizi izləyin

Qırmızı.az

I Avropa Oyunlarında bütün nəqliyyat əməliyyatları NİİM-dən idarə olunacaq

I Avropa Oyunları zamanı paytaxtda nəqliyyatın normal fəaliyyətini və bu sahədə təhlükəsizliyin təmin edilməsi ilə bağlı işlər davam etdirilir.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, NİİM I Avropa Oyunları ilə əlaqədar Mərkəzin qarşısına qoyulan tədbirlərin həll olunması üçün mühüm işlər həyata keçirib.

I Avropa Oyunları ilə bağlı idman yarışlarının keçiriləcəyi ərazilərdə NİİM tərəfindən işlənib hazırlanmış yol hərəkətinin idarə edilməsi planına əsasən, Oyunlar zamanı nəqliyyat əməliyyatlarının şəhər nəqliyyatının normal fəaliyyətinə minimal təsirini və təhlükəsizliyin təmin edilməsi ilə bağlı Olimpiya Təşkilat Komitəsinin Nəqliyyat Koordinasiya Qrupu ilə birgə davamlı işlər görülür. Hazırda isə bu obyektlərlə bağlı Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsi (BEGOC) ilə birgə test işləri həyata keçirilir. Həmçinin, I Avropa Oyunları ilə bağlı oyunların keçiriləcəyi istiqamətlər üzrə əsas marşrutlar və idman obyektlərinə marşrutlar müəyyən olunub. Nəzərdə tutulan idman obyektləri üzrə bütün marşrutlar və əsas marşrut üzrə hərəkət üçün işlər yerinə yetirilib.

NİİM-də I Avropa Oyunları zamanı Oyunlar keçiriləcək ərazilərdə nəqliyyat axınının izlənilməsini və nəqliyyat məlumatlarının ötürülməsinin daha operativ təşkili üçün ümumi izləmə monitorunda (BARCO) aparılan yenilənmə işləri başa çatdırılıb. Ümumi sahəsi 120 kv.m olan monitor müasir texnologiyaya cavab verən LED işıqlarla əvəz olunub. Bu isə daha dəqiq və mükəmməl görüntü, enerjiyə qənaət və monitorun daha effektiv çalışması deməkdir.

Qeyd edək ki, NİİM Mərkəzi I Avropa Oyunlarının nəqliyyat məsələləri üzrə qərargahı seçilib və I Avropa Oyunları zamanı bütün nəqliyyat əməliyyatları Mərkəzdən idarə olunacaq. Oyunlar zamanı nəqliyyat məsələləri ilə bağlı aidiyyəti üzrə bütün qurumların səlahiyyətli nümayəndələri qərargahda olacaq və qərargah 24 saat fəaliyyət göstərəcək.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm