“Qayıdıb insanları xilas etmək istəyirdim, həkimlər icazə vermədi” - FHN-in fədakar xilasedicisi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Qayıdıb insanları xilas etmək istəyirdim, həkimlər icazə vermədi” - FHN-in fədakar xilasedicisi - FOTOLAR

Bu doğrudur ki, faciə insanları birləşdirir. Binəqədi rayonu ərazisində yaşayış binasındakı yanğın bütün ağrı və dəhşətləri ilə həm də xalqımızın ən çətin gündə birləşib çətinliklərin öhdəsindən gələ bilmək gücünü bir daha sübut etdi. Burada insanları xilas etmək üçün öz canını belə əsirgəməyən şəxsləri tanıdıq. Onların arasında şəxsi su maşını ilə yanğını söndürməyə kömək edən adi vətəndaşdan, yanğının içərisinə könüllü girib 4 körpənin meyitini çiynində çıxaran fəhlədən tutmuş, öz peşə borcunu yerinə yetirən Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri, Daxili İşlər Nazirliyinin polislərinə qədər hər kəs var idi. Onların qəhrəmanlığı sayəsində binada qalan sakinlərin əksəriyyəti sağ-salamat xilas olundu.

Müsahibimiz hazırda ambulator şəraitdə müalicə olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Ruslan Əliyevdir. Öz oksigen maskasını zərərçəkmişə verib zəhərli havanı ciyərlərinə çəksə də, bir qadının həyatını xilas edə bilib. Onu yaxından tanımaq üçün evində olduq. İki uşaq atası olan xilasedici ilə övladları -10 yaşlı Ayxan və 7 yaşlı Dəniz də fəxr edir.

Publika.az xilasedici ilə müsahibəni təqdim edir.

- Hadisə ilə bağlı nə danışa bilərsiniz? Necə oldu?

- Məlumat daxil oldu ki, 7-ci mərtəbədə qadınla uşaq qalıb. Bizim xilasetmə idarəsinin rəisi bizə göstəriş verdi, mən və digər həmkarlarım həmin mərtəbəyə qalxdıq. Otağa daxil olduqda yerdə 35-40 yaşlı bir xanımı bayılmış vəziyyətdə gördüm. Gözləri yumulu idi və ağzından köpük gəlirdi, hiss elədim ki, vəziyyəti çox ağırdır. Öz oksigen maskamı çıxardıb ona verdim və ilkin yardım göstərməyə çalışdım. Sinəsindən basdıqdan və şillə ilə vurduqdan sonra gördüm ki, gözlərini açdı, məni gördü. Sonra onu çiynimə alıb düşəndə təqribən ikinci, üçüncü mərtəbədə özümün də havasızlıqdan nəfəsimin çatmadığını hiss elədim. Qadın çiynimdə olduğundan onu mütləq yerə endirməli idim, bu, mənim həm bir vətəndaş kimi, həm də çevik xilasetmə idarəsinin əməkdaşı kimi borcum idi.

Var gücümlə onu aşağı endirdim və öz xilasedicilərimizə təhvil verdim. Sonra ancaq onu işarə edə bildim ki, ağzımdakı maskanı və başımdakı papağı çıxarsınlar. Bundan sonra özümdən getdim və saat yarım -iki saatdan sonra gözümü açanda özümü xəstəxanada gördüm. Qolumda sistem var idi və ağzıma oksigen aparatı taxmışdılar. Həmin xilas etdiyim xanım da mənimlə bir palatada idi. Düzdür, danışa bilmirdi və əli ilə işarə edərək mənə təşəkkürünü bildirdi. Onu yanğından qurtardığıma görə çox şad oldum. Yenə hadisə yerinə qayıdıb insanları xilas etmək istəyirdim, amma həkimlər icazə vermədilər. Çünki zəhərlənmişdim və halsız idim.

- Hansı xəstəxanaya çatdırmışdılar sizi?

- Məni necə gətirdiklərindən xəbərim olmayıb, özümdə deyildim. Gözümü açanda 1 saylı Kliniki Tibbi Mərkəzə (keçmiş “Semaşko”) gətirildiyimi bildim.

- Həmin mənzildə digər zərərçəkmişlər də var idi?

- Hə, otaqda qadından başqa bir uşaq da var idi. Onu da bizim Çevik Xilasetmə İdarəsinin əməkdaşlarından biri xilas elədi.

- İstər saytlar, televiziyalar, istərsə də sosial şəbəkələrdə sizin, digər FHN və polis əməkdaşlarının fədakarlığı ilə bağlı yazırlar. Doğrudur, bu, sizin işinizdir, amma heç kim öz həyatını riskə atmaq istəmir axı. Necə öz həyatınızı riskə atdınız, qorxmadınız?

- Biz bu işə giririksə, işləməliyik, qorxsaq, gərək heç işləməyək. Bundan başqa, bunu bir vətəndaş olaraq, öz qürurunla, öz vicdanınla, öz istəyinlə edirsən. Onu dillə demək mümkün deyil, gərək həmin hadisə yerində olasan. Siz də mənim yerimdə olsaydınız, eyni düşüncələrdə, eyni fikrilərdə olardınız. Belə məqamda insan özünü yaddan çıxarır. Mən yenə də hansısa hadisə olsa, yenə də cəhd edərəm.

- Bu, xilasedici kimi iştirak etdiyiniz ilk hadisə idi?

- Yox, mən artıq 6 ildir ki, FHN-in Çevik Xilasetmə İdarəsində çalışıram. İndiyə kimi bir çox hadisələrdə iştirak etmişəm. Bundan əvvəl Xətai rayonu “Nargilə” kafesinin yaxınlığında da belə bir hadisə olmuşdu, xoşbəxtlikdən, orada ölən olmamışdı. Bu, ondan daha dəhşətli hadisə idi. Bundan başqa, qışda qarla əlaqədar yollar buz bağlamışdı və 2-3 gün yollarda qalanlar var idi. Həmin hadisələrdə də biz iştirak eləmişik və insanları xilas eləmişik. Ən dəhşətlisi bu hadisə idi. Allah hər kəsin köməyi olsun! Allahdan bütün ölənlərə rəhmət diləyirəm! Çox böyük faciə idi.

- Ümumiyyətlə, xilasedici kimi sizə minnətdarlıq bildirən, təşəkkür edənlər olurmu?

- Əlbəttə, mən bu altı ildə xilas etdiyim insanlar tərəfindən çox təşəkkür, minnətdarlıq eşitmişəm. Xilas etdiyimiz insanların ailə üzvləri, qohumları gələrək bizə təşəkkür edirlər. Deyirlər ki, siz olmasaydınız, bəlkə də, həyatda olmazdıq.

- Bəs indi özünüzü necə hiss edirsiniz? Sizdə zəhərlənmə olmuşdu, yanıq da var idimi?

- Mən huşumu itirmişdim, zəhərlənmişdim, qanın təmizlənməsi üçün sistem qoşuldu. Mən xəstəxanada çox dəhşətli şeylər gördüm. Artıq ayılmışdım və gözlərimi açandan sonra orada yanmış və zəhərlənmiş insanları, körpə uşaqları gördüm. Fikirləşdim ki, birdən onlara yer olmaz, mən heç olmasa ayağa qalxa bilirəm. Ona görə müraciət etdim ki, məni evə buraxsınlar. Öz ərizəm əsasında oradan çıxıb gəlmişəm. Rəhbərlik də sağ olsun ki, hər gün maraqlanırlar, zəng edirlər, gəlib baş çəkiblər.

Allah hamının köməyi olsun. Təəssüf ki, 15 nəfər dünyasını dəyişdi. Kaş olmayaydı, amma biz əlimizdən gələni elədik. Bu, bizim həm vətəndaş kimi, həm Çevik Xilasetmə İdarəsinin əməkdaşı kimi borcumuz idi.

Gülnar Əliyeva

FOTO: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm