• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Aynur Camalqızı: “Arif Məmmədov ... çamadanlarımızı daşıyırdı” (MÜSAHİBƏ)

Aynur Camalqızı: “Arif Məmmədov ... çamadanlarımızı daşıyırdı” (MÜSAHİBƏ)

“Azərbaycana qarşı hücum planı ortadadır”

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı “Yeni Müsavat”ın qonağı olub, gündəmin aktual mövzuları ilə bağlı sualları cavablandırıb.

Publika.az həmin müsahibəni təqdim edir:

- Aynur xanım, Avropa Oyunları Azərbaycanın təkcə idman gündəmini yox, həm də siyasi gündəmini zəbt edib. Azərbaycanda Avropa Oyunlarının keçirilməsi, ümumiyyətlə, Azərbaycana beynəlxalq aləmdə bir neçə istiqamət üzrə münasibətin formalaşmasına gətirib çıxarıb. Avropanın ən müxtəlif ölkələri, institutları, mediası Azərbaycanı, Azərbaycan iqtidarını hədəfə alıb. Siz uzun illərin mətbu təcrübəsi olan insansınız. Sizcə, nə baş verir? Azərbaycanı tənqidlər sırf insan haqlarına və demokratiyaya görədirmi, yoxsa ortada başqa maraqlar var?

- Öncə ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin önəmi haqqında danışmaq istərdim. Düşünürəm ki, gözümüzün önündə kifayət qədər önəmli, əhəmiyyətli tarixi hadisə baş verir. Çağdaş tariximizin çox gözəl günlərini yaşayırıq. Üç il müddətində - ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı Romada Avropa Olimpiya Komitəsinin qərarının qəbulundan sonra Azərbaycanda çox böyük işlər görülüb. Böyük idman infrastrukturu yaradılıb. Bu nəhəng infrastrukturu, bəlkə də, adi vaxtda yaratmaq üçün Azərbaycana ən azı 10 il lazım ola bilərdi. Amma biz üç il müddətində bu qədər böyük işlər görə bildik. Təbii ki, bu, çox sevindiricidir.

Bundan sonra da kifayət qədər böyük beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi üçün imkan qazandıq. Bu görülən işlər, tikilən binalar, yollar Azərbaycan xalqına qalacaq. İlk Avropa Oyunları 17 günlük bir tədbirdir. Bu tədbir bitəndən sonra qeyd etdiyimiz imkanlardan Azərbaycan xalqı illər boyu yararlanacaq. Bu idman yarışının Bakıda keçirilməsi ilə Azərbaycanı dünyaya təqdim eləmək üçün əlimizə böyük fürsət düşüb. Dünyada təbliğata, bilirsiz ki, çox böyük pullar ayrılır. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi üçün sərf olunan məbləğdən qat-qat artıq kapital xərclənir ki, hər hansı bir ölkə özünü dünyaya təqdim eləsin. Azərbaycan üçün isə özünün inkişafını, mədəniyyətini, mənəviyyatını Avropa Oyunları vasitəsilə dünyaya təqdim eləmək imkanı qazanılıb.

Bu həm də Avropaya inteqrasiya prosesidir. Bunun kifayət qədər iqtisadi dividendləri də var. Ölkəyə çoxlu sayda turistlər gələcək, onların xərclədiyi pullar Azərbaycan büdcəsinə xeyir verəcək. Dünyada 250 milyondan artıq ailə TV ilə bu Oyunları izləyəcək. Azərbaycanın adı hər evdə çəkiləcək. Və indən sonra Avropa Oyunları hansı ölkədə keçirilirsə keçirilsin, istəsələr də, istəməsələr də, hər dəfə Azərbaycanın adı şəkiləcək. Çünki Azərbaycan bu beynəlxalq yarışmaya ev sahibliyi etməklə bir ilkə imza atıb. Məsələnin bir vacib tərəfi isə mədəni diplomatiyadır. Mədəni diplomatiya, adətən, məhz bu cür tədbirlər vasitəsilə həyata keçirilir. Məsələn, böyük dövlətlər var ki, bəzən öz sözlərini siyasi dildə yox, idman tədbirləri, mədəni diplomatiya dili ilə dünyaya çatdıra bilirlər.

Bu baxımdan hesab edirəm ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Azərbaycanın da mədəni diplomatiya ilə öz sözünü deməsidir. Ona görə də Azərbaycan prezidentinin Avropa Oyunlarına çox ciddi diqqət göstərməsini yüksək qiymətləndirmək lazımdır. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi prosesində böyük işlər görən Təşkilat Komitəsinin, onun rəhbəri Mehriban xanım Əliyevanın işini, fədakarlığını çox yüksək qiymətləndirirəm. Mehriban xanım bu vaxta qədər 300-ə yaxın beynəlxalq tədbirin keçirilməsinə rəhbərlik edib.

“Əfv fərmanından sonra Qərb dairələrinin qarayaxma kampaniyası dayanacaqmı? Mən buna inanmıram”

Azərbaycanda yaxın tariximizdə “Eurovision” mahnı yarışması da çox yüksək səviyyədə həyata keçirildi. İnanıram ki, ilk Avropa Oyunları da çox yüksək səviyyədə, uğurla keçiriləcək.

Avropanın bir sıra dairələrinin Azərbaycanı, onun iqtidarını hədəfə almasına gəlincə, mən bunu Azərbaycana olan qısqanc münasibətlə əlaqələndirirəm. İnsan haqları ilə bağlı Ermənistanda vəziyyət həddən artıq pisdir, ölkəni kriminal hakimiyyət idarə edir, ölkə iqtisadiyyatı sıfırın altındadır, insanlar ölkəni tərk edir. Amma bu gün Azərbaycana hücum mövqeyində olan beynəlxalq təşkilatların heç biri Ermənistanı qaralamayıb. Ermənistan tənqid olunmur. Bütün gözlər, nəzərlər Azərbaycana dikilib. Azərbaycana qarşı münasibətdə Avropanın, Qərbin ikili standartları həmişə olub. İndi isə daha qabarıq şəkildə önə çıxıb. Son günlər bu daha da artır. Çünki biz xristian dövləti deyilik.

Azərbaycanın öz dəyərlərini belə gözəl şəkildə təqdim edə bilmək imkanı onları qıcıqlandırır. Mən Milli Məclisin üzvü olarkən Azərbaycan nümayəndə heyətinin üzvü kimi Avropa Şurasının iclaslarında iştirak etmişəm. Orada Avropalı parlamentarilərin Ermənistanla müqayisədə Azərbaycana həmişə belə ikili standartlardan yanaşmasının şahidi olmuşam. Təsəvvür edin, Serj Sərkisyan Avropa Şurasının toplantısında açıq şəkildə bəyan etmişdi ki, Xocalı qırğınını törədənlərdən biri şəxsən özü olub. Amma çox təəssüflər olsun ki, bir nəfər də olsun avropalı deputat onun bu çıxışına kəskin etirazını bildirmədi. Bir neçə beynəlxalq təşkilat var ki, onlar Azərbaycana qarşı sıx birləşiblər. Azərbaycana qarşı hücum planının olduğu ortadadır. İstək, sadəcə, Azərbaycanı qaralamaq, gözdən salmaqdır. Bunu birinci növbədə onunla bağlayıram ki, Azərbaycan müsəlman ölkəsidir və Avropanın, Qərbin bütün müsəlman dünyasına mənfi münasibəti ortadadır. Ərəb ölkələrində gedən prosesləri bilirsiz. Siz Ukrayna ilə bağlı Rusiyaya olan münasibətə baxın və Qarabağın işğal olunmasına görə Ermənistana olan münasibətə baxın. Azərbaycana ayrıseçkiliyin olduğu açıq görünür.

- Biz də şübhə etmirik ki, Azərbaycanla bağlı Qərbin, hətta Rusiyanın, bəzən Türkiyənin də dövlət olaraq ikili standartı var. Amma tənqidləri, hücumları, basqıları aradan qaldırmaq, bəhanələri əllərindən almaq üçün Avropa Oyunlarına bir-iki gün qalmış bir əfv fərmanı imzalamaq olmazdımı? Bunun olmamasını normal qarşılayırsınızmı?

“Arif Məmmədovla Avropa Şurasından tanışlığımız var idi”

- Biz ikili standartlardan danışdıq. Mən bir başlıca amili də qeyd edim. Sonra sualınıza cavab verəcəm. Azərbaycana o cür münasibətin bir səbəbi də odur ki, Azərbaycanın prezidenti müstəqil siyasət yürüdür. Bu da, təbii ki, Qərbin xoşuna gəlmir. O baxımdan da düşünürəm ki, tənqidlərin, hücumların intensivləşməsi həm də Azərbaycanı müstəqil siyasətdən uzaqlaşdırmaq üçün bir təzyiq metodudur. Bəllidir ki, Azərbaycan prezidenti zaman-zaman əfv fərmanları imzalayır. Bu, cəmiyyətdə münasibətlərin daha sivil məcraya keçməsinə, iqtidar-müxalifət münasibətlərinin daha normal məcrada getməsinə xidmət edir. Amma hazırkı situasiyada qeyd etdiyiniz addım atılacaqmı, açığı, mən dəqiq bilmirəm. Belə bir addım atılarsa, bundan sonra Qərb dairələrinin qarayaxma kampaniyası dayandırılacaqmı? Mən buna inanmıram...

- Hər halda, o dairələrin əlindəki ciddi bir bəhanəni aradan qaldırmaq mümkün olar.

- Mən bu yaxınlarda Riqada oldum və Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” çərçivəsində Vətəndaş Cəmiyyəti Forumunun Riqa Sammitində iştirak etdim. Orada keçmiş SSRİ məkanından 6 ölkənin nümayəndələri iştirak edirdi. Ermənistana mənfi nöqteyi-nəzərdən heç bir söz deyilmədi, Belarusa, Moldovaya heç nə deyilmədi. Bütün hücumlar Azərbaycanın üzərindədir. Açıq-aydın görünür ki, ədalətli münasibət yoxdur. O baxımdan da sizi əmin edirəm ki, bundan sonra hətta 10 dənə əfv fərmanı imzalansa da, bütün həbsdəki insanlar azadlığa buraxılsa da, bunlar Avropanı məmnun eləməyəcək. Hücumlarını hansısa şəkildə davam etdirəcəklər. Azərbaycana qarayaxmanın bir məqsədi də odur ki, bizdə insan haqlarının vəziyyətinin ağır olduğunu dünyaya göstərib, ermənilərin Azərbaycanın tərkibində yaşamasının mümkünsüzlüyü rəyini yaradıb, Dağlıq Qarabağa müstəqillik verilməsinə dəstək əldə etsinlər. İnanın ki, planları budur.

Dünyanın çoxmu vecinədir, Azərbaycanda kiminsə hüququ pozulur, əslində vecinə deyil. Bir milyondan artıq azərbaycanlı Ermənistanın işğalçılığı səbəbindən torpaqlarından didərgin düşüb. 20 ildən artıqdır bu qədər insanın hüquqlarının pozulduğunu düşünən yoxdur, amma Xədicə İsmayılovanın hüququnu düşünürlər. Ədalətlidirlərsə, birinci həmin bir milyon insanın hüquqları bərpa edilsin, sonra hansısa fərdlərlə bağlı dava aparsınlar. Əfv fərmanlarının verilməsi ilə həmin dairələr sakitləşməyəcək, onların hücumlarının kəsilməsinin onların istəyinə görə yeganə yolu Qarabağın ermənilərə verilməsidir. Onların hədəfi budur.

“Avropa Oyunlarının Azərbaycanda keçirilməsi üçün sərf olunan məbləğdən qat-qat artıq kapital xərclənir ki, hər hansı bir ölkə özünü dünyaya təqdim eləsin”

- Ola bilərmi, İlham Əliyev düşünür ki, əfv fərmanı verib dustaqları buraxsa, beynəlxalq ictimaiyyət onun tənqidlərdən qorxduğunu düşünəcək?

- Yox. Mən belə hesab etmirəm. İlham Əliyev kifayət qədər humanist insandır. Və kifayət qədər də cəsarətli, mərd insandır. Mən onun siyasi gedişlərini diqqətlə izləyən bir şəxs kimi deyirəm. Mən düşünmürəm ki, o insanlar da məqsədli şəkildə həbs olunublar və onlar, doğrudan da, siyasi məhbusdurlar. Təbii ki, aralarında bir neçə insanın azadlığa buraxılmasını müzakirə etmək olar. Allah hamısının qapısını açsın! Amma bütövlükdə beynəlxalq təşkilatların nəzərdə tutduğu, hazırladığı siyahılardakı insanların mütləq əksəriyyəti, doğrudan da, cinayətə görə həbs olunmuş insanlardır. Onları siyasi məhbus adlandırmağın özü absurddur. Çox güman ki, hakimiyyətdə də əminlik var ki, güzəştlərlə Qərbdən olan ədalətsiz münasibətləri düzəltmək mümkün deyil.

- Bu günlərdə keçmiş səfir Arif Məmmədovun timsalında bir diplomatik qalmaqal yaşandı. Sizcə, bu təsadüfdür, yoxsa hansısa planın tərkib hissəsidir? Belə fikirlər irəli sürülüb ki, Arif Məmmədov hansısa xarici dövlətin agentidir və projesidir.

- Arif Məmmədovu Avropa Şurasından tanıyıram. Mediada məlum yazı dərc olunandan sonra mənim xəbərim oldu ki, onun facebookda profili var və belə bir status yazıb. Mən diplomatın çox böyük ehtiyatsızlığa yol verdiyini düşünürəm. Onun yazdığı məlum statuslar çayxanada edilən söhbətlərə oxşayır. Mən bunu yaxşı hal saymıram. Bir diplomat üçün kobud səhvdir. Təbii ki, Azərbaycan demokratik ölkədir və hər kəs öz fikrini açıq şəkildə bildirə bilər. Amma məmur, xüsusən diplomat həm də öz ölkəsinin rəsmi təmsilçisi olduğu üçün fikirlərində diqqətli və son dərəcə korrekt olmalıdır. Ona görə də Arif Məmmədovun hərəkətini normal saymıram və ona qarşı yaranan narazılıq da haqlıdır. Arif Məmmədov həmin statusa qədər heç vaxt belə tənqidi statuslar yazmayıb, hakimiyyət əleyhinə fikirlər səsləndirməyib. Birdən-birə nə baş verdi ki, adam ayıldı ki, ölkədə xoş olmayan vəziyyət var. Mənim əlimdə faktım yoxdur ki, Arif Məmmədovun hansısa ölkənin agenti olduğu, projesi olduğunu qəti şəkildə ifadə edim. Sülhəddin Əkbər və Mirzə Xəzər isə belə bir halın olduğunu konkret olaraq bildiriblər. Düşünürəm ki, xüsusi xidmət orqanları Arif Məmmədovun əlaqələrini hər halda araşdırmalıdır. Yalnız bu araşdırmalardan sonra dəqiq fikir söyləmək olar.

“Bu görülən işlər, tikilən binalar, yollar Azərbaycan xalqına qalacaq”

- Arif Məmmədovla şəxsi tanışlığınız var idi?

- Bəli, var idi. Avropa Şurasından tanışlığımız var idi, təmaslarımız olub. Çünki nümayəndə heyətinin üzvü idim. O zaman mənə çox sadə insan təsiri bağışlamışdı. Bizi gəlib hava limanında qarşılayırdı, hətta çamadanlarımızı özü gedib götürürdü, maşına yükləyirdi. O vaxt tanıdığım Arif Məmmədov belə sadə insan idi. Mən düşünürəm ki, diplomat bu cür də olmalıdır. Amma indi onun bugünkü hərəkətini qəbul eləmirəm, qınayıram. İlk baxışda görüntü belədir ki, sanki ona bir göstəriş verilib və o danışır, danışdırılır. Yəni onun özünün təbii olaraq bu cür etiraz eləməsi təbii mövqe kimi görünmür.

- Müxalifətin Milli Şura qanadı isə Arif Məmmədovun müdafiəsinə qalxıb, aşırı şəkildə onu müdafiə edirlər. Arif Məmmədovun müraciətlərində isə Milli Şura rəhbərliyində təmsil olunan şəxslərin siyasi jarqonuna daxil olan ifadələr işlədilir. İkinci Rüstəm İbrahimbəyov sindromu yaşana və bu, yeni Rusiya projesi ola bilərmi? Bu olarsa, nəticəsi nə ola bilər?

- Açığı, bu izi mən də sezirəm. Arif Məmmədov Rusiyada təhsil alıb. Hətta deyilənə görə, Rusiyada Həbəş dilini də öyrənib. Onun Rusiyada məhz Həbəş dilini öyrənməsinə təəccübləndim. Fikirləşdim ki, Həbəş dili onun nəyinə lazım idi. Adətən, xüsusi xidmət orqanları ilə əlaqələri olan insanlara bu cür dillər öyrədilir. O baxımdan məndə bir az şübhələr yaratdı. Amma bütövlükdə, təbii ki, burada bir Rusiya izi, “Milyarderlər ittifaqı”nın planlarının iflasa uğramasından sonra növbəti projeyə başlanmasını düşünmək olar. Amma belə bir proje varsa da, Azərbaycan hakimiyyəti bundan heç nə itirməyəcək. Rüstəm İbrahimbəyov Arif Məmmədovdan daha populyar şəxs idi və onun arxasında kifayət qədər böyük kapitala malik olan milyarderlər dayanırdı. Amma gördünüz ki, bu, Azərbaycan hakimiyyətini itkilərə məruz qoymadı. Əksinə, həmin proje, projedəkilər cəmiyyətdə ifşa olundular. Olan-qalan nüfuzlarını itirdilər və gülünc vəziyyətə düşdülər. Arif Məmmədovun da onlardan daha ağıllı olduğunu, onlardan daha irəliyə gedəcəyini düşünmürəm.

- Rəsmi təbliğatda Avropanı, Amerikanı, ABŞ prezidentini, dövlət katibini çox sərt formada tənqid edirlər. Hətta bəzən təhqir də edirlər. Bu, Azərbaycan üçün kifayət qədər problemlər yaratmış, Azərbaycana böyük pislikləri keçmiş Rusiya ilə bağlı təbliğatda yoxdur. Sizcə, bu, Rusiyadan çəkinməyinmi əlamətidir, yoxsa ortada başqa məqamlar var?

- Sadəcə, mən düşünürəm ki, bu balanslı bir siyasətin təzahürüdür. Zaman-zaman Avropaya da, Amerikaya da münasibətdə o balanslı siyasət yürüdülür. Sadəcə, indi bir az vəziyyət dəyişib. Əgər Azərbaycanın üzərinə kütləvi hücumlar başladılıbsa, Azərbaycan da cavab verməlidir, susa bilməz. Amma konkret olaraq Rusiyaya münasibətə gəlincə, Azərbaycan hakimiyyəti Rusiyanın ətrafındakı dövlətlərdə gedən prosesləri diqqətli izləyir.

“Bir neçə beynəlxalq təşkilatlar var ki, onlar Azərbaycana qarşı sıx birləşiblər”

Gürcüstandakı məlum hadisələr, Ukraynanın üzləşdiyi müharibə göz önündədir. Faktiki olaraq ABŞ o dövlətlərin heç birinə yetərli sahib çıxa bilmədi və ya sahib çıxmadı. Ukraynada hər gün insanlar həlak olur, ərazilərinin bir hissəsi əldən gedib, Gürcüstan da artıq sanki torpaqlarını itirməklə barışıb. Azərbaycan bu vəziyyətə düşməmək üçün ölçülü-biçili davranmalıdır. Azərbaycanın Qarabağ münaqişəsi kimi ciddi problemi var və aydındır ki, bu məsələdə Rusiya Ermənistanı dəstəkləyir. Rusiya ilə münasibətlər pisləşərsə, Qarabağda müharibə həmən an alovlana bilər və çox ağır nəticələr verə bilər. Ona görə də Rusiya ilə münasibətdə Azərbaycan hakimiyyəti kifayət qədər ağıllı, düşünülmüş siyasət yürüdür.

- Avropa Oyunlarından sonra Azərbaycanın əsas gündəm mövzusu hər halda parlament seçkiləri olacaq. Seçkilərlə bağlı ictimai-siyasi prosesləri necə proqnozlaşdırırsınız? Sizcə, seçki ili sönükmü keçəcək, yoxsa ölkənin siyasi həyatında qaynama müşahidə olunacaq? (musavat.com)

(ardı var)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR