Günəşə kor baxanlar: gün eynəklərinin fəsadları – REPORTAJ, FOTOLAR
Bizi izləyin

Sağlamlıq

Günəşə kor baxanlar: gün eynəklərinin fəsadları – REPORTAJ, FOTOLAR

"Əvvəl gözlərim qaşındı, sonra qızartı və sulanma oldu. Daha öncə gözlə bağlı problem yaşamamışdım. Qorxdum və dərhal həkimə getdim. Həkimin problemə istifadə etdiyim günəş eynəyinin səbəb olduğunu deyəndə təəccübləndim. Çünki günəş eynəyinin gözə zərər verə biləcəyi yatsam, yuxuma da girməzdi. Gözlərimi günəşdən qorumaq üçün taxdığlm eynək, demə, gözlərimi kor edirmiş" - 23 yaşlı Sona Fərdiyeva Publika.az-ın əməkdaşına günəş eynəyinin səhəttində yaratdığı problemdən danışarkən deyib.

Diaqnostika mərkəzində işləyən optika məsləhətçisi, mütəxəssis Fərid Allahyarovun sölərinə görə müsahibimizin üzləşdiyi problem keyfiyyətsiz eynəkdən qaynaqlanır.

- Keyfiyyətsiz eynək göz üçün əsl təhlükə mənbəyidir, - Fərid Allahyarov deyir,- Belə eynəklərdən istifadə etdikdə müəyyən sağlamlıq problemləri yarana bilər. İlk növbədə gözdə qızartı, sulanma kimi hallar baş verir. Ancaq keyfiyyətsiz eynəkdən mütəmadi istifadə gözün buynuz qişasının zədələnməsinə, torlu qişanın zərər görməsinə səbəb olur. Bu xəstəliklər uzunmüddətli müalicə tələb edir. Bəzən isə, ümumiyyətlə, görmə qabiliyyəti zəifləyir.

Yayın gəlməsi ilə birlikdə Sona kimi göz problemləri ilə üzləşən insanların sayı artır. Bunun ən böyük səbəbkarı günəş eynəkləridir.

Oftalmoloqlardan xəbərdarlıq

Oftalmoloq Eloğlu Məmmədov bildirir ki, günəş eynəkləri çox diqqətlə seçilməlidir. Əks halda, gözdə çox böyük fəsadlar törədə bilər.

- Saxta eynəklər gözləri qorumur, əksinə, gözdə qalıcı fəsadlara səbəb olur. Ona görə də, eynək seçərkən mütləq keyfiyyət testindən keçirilməli və ya sertifikat tələb olunmalıdır, - oftolmoloq əlavə edir.

Bəs görəsən, bizdə eynək seçərkən daha çox nəyə üstünlük verirlər? Dəbə, yoxsa keyfiyyətə?

Bu suallara cavab tapmaq üçün fotoqrafımızla birlikdə paytaxt küçələrini arşınlayırıq.

Saç aksessuarı eynəklər

İlk növbədə diqqətimi çəkən məqam insanların eynəkləri başlarında gəzdirmələridir. Madam ki, məqsəd gözləri qorumaqdır, bu eynəklərin başda nə işi var? Bu saç aksessuarıdır? Öz-özümə deyinə-deyinə yoldan keçən xanımlardan birinə yaxınlaşırıq. Adının Aysel olduğunu öyrənirik. Gənc xanımdan eynək seçərkən hansı nüanslara diqqət etdiyini soruşuruq. O, maaşına uyğun olaraq ucuz eynəklər aldığını, bu günə kimi bir eynəyə 10 manatdan çox pul vermədiyini deyir. Təəccüblənirəm və “bəs ucuz eynəklərin gözə zərərli olduğunu bilmirsiniz” deyə soruşuram. Cavab qısa və konkret olur:

“Düzü, eynəyə çox pul vermək istəmirəm. Mənim üçün keyfiyyət mühüm deyil, əsas odur ki, eynək sifətimə yaraşsın”.

“Keyfiyyətli məhsul istəyən bura gəlmir”

Eynəklərin keyfiyyəti və qiyməti ilə maraqlanmaq üçün 28 may metrosunun qarşısındakı keçidə düşürük.

Qarşımıza çıxan ilk mağazada satıcı əvvəl suallarımızı cavabandırmaqdan imtina edir. Sonra yumşalır və adını açıqlamamaq şərti ilə suallara cavab verəcəyini bildirir. Satıcının məlumat verməkdən niyə çəkindiyini anlamasam da, suallarımı verməyə başlayıram.

- Sizdə qiymətlər neçə manatdan başlayır?

- Bizdə standart qiymətdir. Gördüyünüz eynəklərin hamısı 10 manatadır.

- Bu eynəklərin sertifikatları var?

- Yoxdur. Pekindən gətiririk.

- Yəni, eynəklərin keyfiyyətsiz olduğunu qəbul edirsiz...

- Keyfiyyətli məhsul istəyən gedib brendlərdən alır.

- Yaxşı, bəs alıcılarınız kimlərdir? Kişilər çox alırlar, ya qadınlar?

- Gündə 10-20 ədəd satırıq. Demək olar ki, müştərilərin hamısı qadın olur.

Çeşid-çeşid eynəklərlə dolu başqa bir mağazaya daxil oluruq. Bu mağazada da vəziyyət fərqli deyil. Adının Tofiq Həsənli olduğunu deyən satıcı bildirir ki, gün ərzində 30 ədəd eynək satırlar. Tofiqin müştəriləri də əsasən eynəyin keyfiyyətinə əhəmiyyət verməyən qadınlardır.

Fürsətdən istifadə edib mağazada eynək seçən xanımlardan birinə yaxınlaşırıq. Adının Günel olduğunu bildirən xanım keyfiyyətsiz eynəklərin gözə zərər verdiyindən xəbərdar olduğunu, buna baxmayaraq, həmişə ucuz eynəklər aldığını bildirir:

“5-10 manatlıq eynəklər alıram. Bahalı alsam, ancaq 1 ədəd eynəyim olar. Ancaq ucuz olduqda ürəyimə yatan eynək modellərinin hamısını ala bilirəm”.

Brendlərin münasib qiymətləri

İnsanların öz səhhətlərinə belə dırnaqarası yanaşmalarının səbəbini götür-qoy edə-edə paytaxtdakı məşhur ticarət mərkəzlərindən birinə daxil oluruq. Çəkiliş aparmağa icazə verməyən satıcı xanımdan öyrənirik ki, bu mağazada eynəklərin qiyməti 23-30 manat arasında dəyişir. Təbii ki, bu, endirimli qiymətlərdir. Ancaq qiymətlərin 300 manatdan başladığı brendləri nəzərə alsaq, burada vəziyyət olduqca münasibdir. Düzdür, müştərinin düzgün seçim etməsi üçün oftolmoloq yoxdur, lakin eynəklərin yanında sertifikat verilir. Sertifikatda eynəyin günəşin ultrabənövşəyi şüaları keçirmədiyi təsdiqlənib. Üstəlik, bu eynəkdən hansı bölgələrdə istifadənin yararsız ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib. Serifikatda yer alan məlumata görə, bu eynəklərdən Avstraliyada istifadə etmək məsləhət deyil. Çünki Avstraliyada günəşin təsiri daha çox hiss edilir və bu eynəklərin şüşəsi güclü şüalara qarşı müdafiə təşkil edə bilmir.

Satıcıdan etiraf

Ticarət mərkəzindəki başqa bir brend mağazada isə satıcı etiraf edir ki, günəş eynəkləri üzrə ixtisaslaşan firma olmadıqları üçün burada təqdim etdikləri məhsullar o qədər də keyfiyyətli deyil.

- Günəş eynəkləri üzrə ixtisaslaşmış brendlərin məhsulları daha keyfiyyətli olur. Həmin eynəklərin şüşələri daha gec xarab olur. Onlardan illərlə istifadə etmək mümkün olur. Bizim eynəklər də gözləri günəş şüalarından qoruyur. Amma istifadə müddəti 2-3 ildir. Şüşələr cızılıb korlandığı üçün istifadəyə yaramır, - satıcı qız vurğulayır.

Brend sevgisi

Mağazadakı Fatimə adlı müştəridən alacağı eynəyin hansı xüsusiyyətini bəyəndiyini soruşuruq. O, eynəyin modelini bəyəndiyini, məhz buna görə aldığını deyir. Sertifikatda nə yazıldığına isə nəzər yetirmədiyini etiraf edir.

Yəni ki müsahibimizin keçiddən yox, brend mağazadan eynək almasının əsl səbəbi gözünün qeydinə qalmaq deyil, əslində brend sevgisindən qaynaqlanır.

Mütəxəssis tövsiyəsi

Optika məsləhətçisi Fərid Allahyarov isə eynək alanlara tövsiyə edir ki, dünyaya hansı şüşədən baxdıqlarına diqqət yetirsinlər.

- Eynək alarkən ilk növbədə onun şüşəsinin keyfiyyətinə fikir verilməlidir, - oftolmoloq Fərid Allahyarov fikrini davam etdirir.

- Şüşənin keyfiyyəti çox önəmlidir. Çünki o, gözü günəşin zərərli şüalarından qorumalıdır. Bəzi brendlər eynəyin yanında sertifikat təqdim edirlər. Ancaq hər halda eynəyin keyfiyyətindən əmin olmaq üçün mütəxəssisdən kömək almaq lazımdır.

Düzgün eynək seçməyən göz xəstəliklərinə pul tökür

Fərid Allahyarov deyir ki, günəş eynəyinə aksessuar kimi yanaşmaq düzgün deyil:

“Sizə lazım olan dərmanları almaq üçün metro keçidlərinə deyil, aptekə gedirsiniz. Deməli, günəş eynəyini almaq üçün də optikalara müraciət etmək lazımdır. Çünki keyfiyyətli məhsulu ancaq optikalarda tapmaq olar. Etiraf edək ki, keyfiyyətli günəş eynəyinin qiyməti heç də ucuz olmur. Ancaq keyfiyyətsiz eynəyin gözlərə zərər verəcəyini və gələcəkdə göz müalicəsinə xərcləyəcəyiniz pulları nəzərə alsanız, eynəyə verəcəyiniz pula heyfiniz gəlməz”.

Elə taxma, gözlərinə gün düşər

Reportaj zamanı ünsiyyətdə olduğum insanlar məndə bir sualın yaranmasına səbəb oldular. Görəsən, insanların ucuz eynəklərə üstünlük verib göz sağlamlıqlarını təhlükə altında qoymaqlarının əsas səbəbi doğrudanmı maddi vəziyyətdən qaynaqlanır? Məncə, yox. Bunun bir səbəbi də günəş eynəyinə dəb aksessuarı kimi yanaşmaqla bağlıdır. Amma unutmamalıyıq ki, göz insanın ən həssas orqanıdır, onu qorumaq lazımdır. Qoruyaq ki, günəşin necə doğduğunu bir daha görək.

İlknur Salamova

FOTO: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm