Qadınlarda sidikqaçırma hallarının artmasına səbəb - HƏKİM RƏYİ - - FOTOLAR
Bizi izləyin

Səhiyyə

Qadınlarda sidikqaçırma hallarının artmasına səbəb - HƏKİM RƏYİ - - FOTOLAR

Statistikaya görə, yer üzündə 40 yaşına çatmış 50 milyon qadın bu xəstəlikdən əziyyət çəkir. Hər 4 qadından biri asqıranda, öskürəndə, güləndə və hətta bir az ağır əşya qaldıranda da qeyri-iradi sidik ifrazı edir.

Cəmiyyət içərisində diskomfort yaradan bu problemin səbəbi nədir? Yediyimiz qidalar? Həyat tərzi? Beynəlxalq statistikaya baxsaq, təkcə Avropada 20 milyondan çox qadın qeyri-ixtiyari sidik ifrazının qarşısını ala bilmir.

Qeyri-iradi sidik ifrazı klimaks dövrü sonrası və 3-dən artıq doğuş edən 30 yaşlı xanımlarda daha sıx müşahidə olunur. Doğuşa girməmiş gənc yaşlı xanımlarda da bu problemə rast gəlinir. Bəzi mütəxəssislər bunu genetik xəstəliklərlə əlaqələndirirlər.

Dünya əhalisinin sayını nəzərə alsaq onların 8%-i (qadın-kişi) bu problemdən əziyyət çəkir. Bu da o deməkdir ki, bu problem çox ciddi hal almağa başlayıb.

Bunun müalicəsi necə aparılmalıdır? Cərrahiyyə yolu ilə, yoxsa müalicə ilə?

Suallarımıza cavab almaq üçün peşəkar uroloqla əlaqə saxladıq.

Publika.az-a danışan Sumqayıt şəhər 1 saylı xəstəxananın həkimi Mətləb Musayev dedi ki, Azərbaycanda əsasən, yaşı 40-50 və daha yuxarı olan xanımlarda bu kimi problemlər özünü göstərir:

“Qadınlarda sidikqaçırmanın əsas səbəbləri hamiləlik və doğuşlar, menopauza (klimaks) dövrü, sidik yollarının xronik xəstəlikləri və infeksiyalaşması, uşaqlıq yolu və digər ətraf orqanlarda aparılmış cərrahi əməliyyatlar, xronik qəbizlik, artıq çəki, uşaqlığın sallanması (prolapsus uteri), sidik kisəsinin (sistosele) və bağırsağın sallanması (rektosele) və sairədir. Qadınlarda sidik saxlanmazlığı dedikdə, bərkdən öskürmək, gülmək, asqırmaq zamanı, habelə hər hansı səbəb üzündən qarın və çanaq əzələlərinə güc, təzyiq düşdüyü zaman qadının özündən asılı olmayaraq sidik qaçırması nəzərdə tutulur. Daha çox menopauza (klimaks) və doğuş travmaları olan qadınlarda rast gəlinir. Cavanlıq vaxtı özünü büruzə verməyən problem əzələlər tonusdan düşdüyü zaman üzə çıxır. Bu problem qadınların həyat və iş ritminə mənfi təsir edir. Vəziyyətlə barışa bilməyən xəstələrdə bəzən əsəb sistemində islaholunmaz zədələr yaranır. Hətta çox ciddi psixi və emosional pozuntular da müşahidə olunur. Nəticədə isə sosial dezadaptasiya (cəmiyyətdən təcrid olunma) baş verir.”

Həkimin sözlərinə görə bu xəstəlik genetik xarakter daşımır və sidikqaçırma probleminin başlanğıc ərəfəsində həkimə müraciət olunarsa, o zaman konservativ müalicə üsulları ilə problemi aradan qaldırmaq mümkündür:

“Gün ərzində 8 dəfəyə yaxın sidik ifrazı normal hesab olunur. Əgər sidikqovucu preparatlardan istifadə edilmədiyi halda 24 saat ərzində 8 dəfədən çox sidiyə gedilirsə, bu artıq xəstəlik əlaməti hesab olunur. Əlamətlər yeni-yeni təzahür edirsə, konservativ, yəni qeyri-cərrahi müalicə (fizioterapevtik və dərmanlarla müalicə), çanaq dibi əzələlərini möhkəmləndirən məşqlər vasitəsilə xəstələrin 30-40%-nə kömək etmək olur. Sadəcə bu xəstəliyin ən ciddi çətinliyi xanımların bu hadisədən utanaraq həkimə müraciət etməməsi və proseslərin daha da dərinləşməsinə şərait yaratmasıdır. Lakin artıq gecikmiş halda uşaqlıq sallanması, sidik liflərində, aralıq əzələlərinin tam boşalması səbəbindən tək çıxış yolu cərrahi əməliyyat olur.”

Tək-tək hallarda müraciət edən xəstələr arasında gənc qızlara rast gəlinir. Bunun da səbəbi təkrar-təkrar xroniki xəstəliklərin qayıtmasıdır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm