• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Tanınmış xanəndə atası ilə bağlı dəhşətli fakt açıqladı - VİDEO, FOTOLAR

Tanınmış xanəndə atası ilə bağlı dəhşətli fakt açıqladı - VİDEO, FOTOLAR

Əməkdar artist, sevilən xanəndə Təyyar Bayramovu “Könlüm keçir” layihəsi üçün söhbətləşməyə, əslində, çoxdan dəvət eləmək niyyətindəydim. Amma sözün düzü, ürək eləmirdim. Bunun da səbəbi vardı. Təyyarın atasının Ağdamda faciəli şəkildə şəhid olduğunu bilirdim. Bir neçə dəfə ondan bu barədə soruşanda gözləri dolmuşdu və söhbəti çevirmək məcburiyyətində qalmışdım. Amma Ağdamın işğal günü ilə əlaqədar Təyyarla söhbətləşməyə qərar verdim.

Yenə də atası ilə bağlı həmin hadisədən danışanda xanəndənin siması dərhal dəyişdi, səsi titrədi… Hətta bir neçə dəfə məndən xahişi də oldu: “Mənə bu barədə danışmaq çox ağırdır, xahiş edirəm, atamla bağlı o hadisəni xatırlamayaq…”.

Xahişinə əməl etsəm də, arif insan idi, başa düşdü ki, mən bu barədə eşitmək istəyirəm. Buna görə də söhbətin sonunda o dəhşətli səhnəni danışdı.

“Fərq eləməz, orda beş il yaşadım, ya on il…

Fərq eləməz, orda beş il yaşadım, ya on il – Ağdam mənim üçün doğulduğum torpaqdır. Könlüm o yerlərdən hər zaman keçir. Bu da təbiidir. Şəhərdə yaşayan insanlar tez-tez doğulduğu rayonlara gedir, əzizlərinin qəbrini ziyarət edir, torpağına ayaq basır. Amma bizdə fərqlidir. Biz doğulduğumuz torpağa ayaq basa, o yerlərin havasını ciyərimizə çəkə bilmirik. Elə qıraqdan baxa-baxa qalırıq o talan olmuş evlərə, uçub-dağıdılıb, xarabazara çevrilən Ağdam torpağına. Bu olduqca ağır bir hissdir”.

Xatirələrin işıq saldığı Ağdamkənd…

“Mən Ağdamın Ağdamkənd kəndində anadan olmuşam, 1976-cı ildə. Sonradan bizim kənd rayon mərkəzinə birləşdirildi.

Ağdamın işğal olunduğu vaxtları yadıma saldıqca əziyyət çəkirəm. İşğaldan əvvəl atılan mərmi səsləri, vıyıldayan güllələr bizə elə qəribə qorxunc bağışlamırdı. Adi hal kimi baxırdıq buna və heç ağlımızdan da keçməzdi ki, nə vaxtsa Ağdam işğal oluna bilər. Hətta elə vaxtlar olurdu ki, oturub söhbətləşdiyimiz yerdə qəfildən top atılırdı və yaxınlığımıza qəlpələr dağılırdı. Amma heç qorxmurduq da. Həmin vaxtlar bizi Allah saxlayırdı. O qəlpələri əlimizə götürüb baxırdıq da. Ağlımıza gəlmirdi ki, onlar zəhərli ola bilər.

Bir-iki dəfə xəlvəti Çay evinə gedib…

Qara xəbər, dərd, fəryad elədir ki, ildırım sürəti ilə yayılır. Ağdamın alınması xəbəri böyük bir dəhşət içərisində hər yerə yayıldı. Yurd yerinin itirilməsi nədir, onun ağırlığını həmin yurddan didərgin düşənlər bilər. İndi soruşursan, çətinlik çəkirəm danışmağa. O yerlərlə bağlı o qədər xatirələrim var ki… Kəndimiz Ağdama çox çox yaxın idi. Mən də həmişə istəyirdim ki, Ağdama gedim, xüsusən də ordakı Çay evində oturub yemək yeməkdən ləzzət alırdım. Atamla o Çay evinin yanından keçmişdik və həmin vaxtdan arzum idi ki, orda oturum, çay içim. Amma atamın xasiyyəti ağır idi və kənddən çıxmağa icazə vermirdi. Bir-iki dəfə xəlvəti getmişdim Çay evinə.

Baxmağa ürək eləmirəm, halım çox pis olur

Bəzən deyirlər ki, internetdə işğal olunmuş rayonların indiki vəziyyətini gördüm, hər yer talan olunub, yandırılıb. Amma mən baxmağa ürək eləmirəm, halım çox pis olur. Ümumiyyətlə, efirdə şəhidləri, qətlə yetirilən insanları göstərəndə baxa bilmirəm. Çox sarsıdır məni. Adam var e, o yerlərə internetdə elə soyuqqanlı baxır ki…

Meyitləri maşınlarla daşıyıb rayon mərkəzinə gətirirdilər

Ağdamda dəhşətlər yaşanan zaman mənim 14-15 yaşım olardı. O vaxt Xocalıda şəhid olan insanların cəsədini yığıb Ağdama gətirirdilər, mən o dəhşətlərin hamısını gözümlə görürdüm. Ağlaşma, vay-şüvən səsindən qulaq tutulurdu. Həmin vaxt meyitləri maşınlarla daşıyıb rayon mərkəzinə gətirir, ordan da məscidə aparıb yuyurdular. Hamının qulağı səsdə idi, kənd camaatı meyitin ətrafına yığılırdı. Şellidə, Əhmadalıda döyüşlər gedirdi, orda yaralanan döyüşçülər rayon mərkəzinə gətirilirdi. Güllə, mərmi qəlpəsindən qanı axan döyüşçülərin çoxu elə yolda keçinirdi. Onda dayılarım, atam qaynar nöqtələrdə döyüşürdülər. İndi danışıram o hadisələr lent kimi gəlib gözümün qabağından keçir.

Yanan cəsədləri məsciddə yuyurdular

O vaxt təyyarə qəzasında həlak olan bir qrup ziyalılarımızın da cəsədlərini Ağdama gətirmişdilər. Biz də yığışıb getmişdik ora. Millət orda idi, faciənin nə qədər ağır olduğunu hər kəs anlayırdı. Dəhşət idi, mən o dəhşəti gözümlə gördüm. Yanan cəsədləri məsciddə yuyurdular. Bütün o faciələr yaddaşıma yazılıb.

Şahmalı Kürdoğlu oğlu ilə birgə öz həyətində şəhid oldu

Həmin hadisələrin qızğın vaxtında kəndə durmadan ağır xəbərlər yayılırdı. İnsanlar qəm-qüssə içində idilər. Hər kəs pis bir hadisənin olacağı qorxusuyla səhəri açırdılar. Bir gün kəndə xəbər yayıldı ki, gözəl sənətkarımız Şahmalı Kürdoğlu oğlu ilə birgə öz həyətində şəhid olub. Oğlu ilə həyətdə gəzişən zaman mərmi partlamışdı və ata-oğul faciəli şəkildə həlak olmuşdular... Çox olurdu e belə hadisələr. Dinc insanlar öz həyətlərində oturduğu yerdə erməni snayperlə vurur, mərmiylə darmadağın edirdi.

Səxavət Məmmədovu dəfn edəndə ermənilər qəbiristanlığı gülləbaran etdi

Səxavət Məmmədovun da ölüm xəbəri hamını sarsıtmışdı. Qəzada dünyasını dəyişən sənətkarı torpağa tapşıranda ermənilər qəbiristanlığı güllə-baran etmişdilər. Onu güllə, mərmi yağışında dəfn eləmişdilər. Çox oldu e, belə faciələr. Əlfi adında çox yaxın bir dostum vardı, xətrini dünyalar qədər istəyirdim. Təcili yardım maşını sürürdü. Ermənilər onu da öldürmüşdülər. Bu xəbər mənə o qədər təsir etdi ki, xeyli vaxt özümə gələ bilmədim.

Ağır yaralanan atamı xəstəxanaya çatdıranda…

İstər laçınlı, istər ağdamlı, istərsə də digər işğal olunmuş bölgələrdən olsun, Qarabağdan çıxan elə bir insan yoxdur ki, o yerlərdə doğmasının qəbrini qoyub gəlməsin. Mən də o dəhşəti, o ağrını yaşayıram. O dəhşətli vaxtlarda atamı itirdim. Bu təkcə mənim yox ailəmizin, nəslimizin faciəsi idi. Hələ də o ağrı ürəyimi sızıldadır. Həmin vaxt biz evdəydik. Atam, anam və mən həyətdə oturmuşduq. Həmişəkimi kimi atışma səsləri eşidirdik, amma pis bir hadisə olacağını ağlımızdan keçirməzdik. Bir göz qırpımında onu bildik ki, həyətimizə qrad düşdü. Toz-duman, aləm bir-birinə dəydi. Gözümü açanda özümü yerə uzanmış vəziyyətdə gördüm, atamla anam məni qorumaq üçün yerə uzanmışdılar.

Məni qoruyanda yaralandı

Məni qoruyan məqamda da yaralanmışdı. Özümü itirsəm də, tez atamı götürüb maşınla xəstəxanaya çatdırmaq istədim. Yeniyetmə olsam da, maşın sürməyi öyrənmişdim. Atam öyrətmişdi. Evdən aralanandan sonra atamın dostu tez mənə yaxınlaşdı. Mənim yerimdə oturub maşına qaz verdi ki, xəstəxanaya çata bilək. Həkimlər iki gün əllərindən gələni etsələr də, atamı həyata qaytara bilmədilər. Atamla birgə Ağdam çox şəhid verdi.

Ağdam yuxularımda…

Ağdam, kəndimiz tez-tez yuxuma girir. Özü də bilirsən necə girir? Uşaq vaxtı gedib-gəldiyim yolları yuxuda görürəm. Mən uşaq olanda musiqi məktəbinin tar sinfinə gedirdim, o məktəbə gedib-gəldiyim yollar yuxuma girir həmişə. O məktəbin yanında gəzib-dolaşdığım parkı yuxuda görürəm.

Segah oxuyanda Ağdamın küçələrini gəzib gəlirəm

Ağdamdan çıxandan sonra səhnəyə çıxdığım vaxtlarda maraqlı hadisələr gəlib başıma. Məclislərdə segah oxumuşam, özümdən asılı olmayaraq gedib Ağdamın küçələrini gəzib gəlmişəm. Bu da insanın halı, ruhu ilə bağlı olan şeydir. Çünki həmin segahı bir başqa zamanlar oxuyanda o halı yaşamamışam. Amma o arzuyla yaşayırıq ki, o yerlərə qayıdacağıq. Gözəl yerlər, gözəl el-oba idi”.

Adla deyilən Ağdam toyları

“Ağdamdan danışıb, Ağdam toylarını yada salmasam yaxşı çıxmaz. Ağdam toyları ayrı bir zövq idi. Ağdamın bəy tərifləri adla deyilərdi. Axşam bütün millət yığışıb bəy tərifinə gedərdi. Təsəvvür edin, həmin bəy tərifi zamanı müğənni bəyin bütün qohum-qonşuları, dostlarından xələt istəyirdi. Burda məqsəd maddi maraq deyildi. Sadəcə, bir ənənə idi. Atam bəzən toya özü getməyəndə mənə də pul verərdi ki, bəy tərifində adımız çəkiləndə aparıb xələt verim.

O toylarda bişirilən təamların ətri indi də burnumdadır

Mən bu gün də həmin ənənənin qorunub saxlanmasını istəyirəm. Hətta öz yaxın qohum-əqrəbama təklif də edirəm ki, övladlarının toy mərasimində bəy tərifi olunsun. Heç pul gətirib verməsinlər e, sadəcə bu mərasim baş tutsun. Ağdam toylarının o gözəl ənənəsi yaşansın.
Özü də bizlərdə toylar çox vaxt iki-üç gün keçirilərdi. O toylarda bişirilən təamların ətri indi də burnumdadır. Bu qədər məclisə gedirəm, amma o təamların ətrini ala bilmirəm. Ağdam gözəl toyları, ziyalı insanları, mərd oğulları ilə hər zaman seçilib. Bu da taleyin qismətidir ki, hamı pərən-pərən düşdü. Yurd yerindən aralı düşmək dəhşətdir”.

Nənəli-babalı xatirələr…

Ağdam icra başçısı Quzanlıda böyük bir çay evi tikdirir, sağ olsun. Eynən ağdamdakı məşhur Çay evinə bənzəyir. Amma yenə də Ağdamdakı o məşhur Çay evinin həmişə yeri görünür. Tez-tez qohum-əqrəba yığışıb Ağdamda keçən günlərimizi yada salırıq. İki gündən bir evimizdə nənəmlə babamın söhbətlərini xatırlayırlar. Onlarla bağlı o qədər xatirələrim var ki. Gözəl insanlar idi. Teyyibə nənəm çox baməzə qadın idi, dostlarım da bilir bunu. Çünki onunla bağlı əhvalatları danışmışam. Yas ərasimindən çıxanda qadınlar dəstə-dəstə çıxır axı. Bir gün nənəmgil yas mərasimindən çıxanda taksi ilə evə getmək istəyirlər. Taksi sürücüsü soruşur ki, neçə nəfərsiniz? Nənəm doqquz qadın adı çəkir ki, Suqradır, Qarateldir…Sürücü qayıdır ki, xala gözlə burda, gedim lapeti bağlayım gəlirəm. Yəni maşınıma bu qədər qadın sığışmaz. Bax elə baməzə qadın idi.

Atamı elə bir vaxtda itirdim ki…

Kənddəki evimiz də yadıma düşür. İkimərtəbəli evimiz vardı, həyəti bağ-baxça. Bəzən deyirlər ki, kaş filan şeyi evimizdən götürüb çıxaydım. Mən amma bu barədə heç vaxt peşmançılıq çəkmirəm. Çünki torpaqdan, doğmalardan əziz nə ola bilər ki? Atamı elə bir vaxtda itirdim ki…” (kövrəlir)

“O günü gözləyirəm"

Bəzən insanlar var ki, deyirlər o yerlər alınsın, torpağıma dizin-dizin sürünəcəm, filan muğamı oxuyacağam, filan yerdə konsert verəcəyəm… Mən demirəm bu sözləri, sadəcə o məqamı, o günü gözləyirəm. Mən işğal altında olan torpaqlarımızın, o cümlədən də Ağdamın alınacağı günü gözləyirəm. O gün gələndə o torpaqlara qayıdacağıq. Allah nəsib edəcək o günü bizə.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR