Əməkdar artist: “Bu, dolanmaq deyil, sürünürük”
Bizi izləyin

Tabloid.az

Əməkdar artist: “Bu, dolanmaq deyil, sürünürük”

Tanınmış müğənni, əməkdar artist Kəmalə Rəhimlinin səhhəti yenidən ağırlaşıb.

Müğənni Publika.az-a açıqlamasında bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin, həmçinin teleaparıcı Zaur Baxşəliyevin köməyi ilə müalicə kursları qəbul etsə də, yenidən həkimə ehtiyacı var: “Müalicə olunmaq üçün cibimdə pulum olmalıdır, yoxdur. Ömrümün sonunadək iynə-dərman qəbul etməliyəm. Sentyabrın sonunda, sərinlər düşəndə müalicə yenidən başlamalıdır. Damarlarımı tuta bilmirlər. Xəstəxanada on sistem qoyurdular, damarım görünmürdü. Şəkərim, yüksək qan təzyiqim, qlaukomam (göz xəstəliyi) var. Bu ilin yanvarında Zaur Baxşəliyevin köməyi ilə müalicə kursu keçdim. Ötən ilin iyununda isə nazirliyin xətti ilə 1 saylı şəhər klinik xəstəxanasında müalicə olundum. Dərmanlarım 30-50 manatdır”.

K.Rəhimli maddi durumundan və mənzil şəraitindən də danışıb. Əməkdar artist bildirib ki, son beş ildə toylara getmir: “Beş ildir toylara getmirəm, heç yerdən gəlirim yoxdur. 140 manat yaşıma görə təqaüd, 60 manat da fəxri ada görə pul alıram. Əvvəllər əlilliyə görə də pul alırdım. İndi ancaq yaşıma görədir. Bu, dolanmaq deyil, sürünürük. Mənzil şəraitim bərbaddır. Hamamımın suyu tökülür qonşunun başına. Yaşadığım evin alaqapısı dağılıb tökülmüşdü. Bir tanış usta var idi, gəlib düzəltdi. Tez-tez şoka, komaya düşürəm. Mənə bir şey olsa, camaat evimi gəlib belə görsə, ayıbdır. Hamamı 1995-ci ildə təmir etdirmişəm”. Tanınmış sənətçi sənət yoldaşlarının onunla maraqlanmadığını da dilə gətirib. Amma bildirib ki, bu diqqətsizliyə görə onlardan incimir: “İncimirəm də axtarmadıqlarına görə. Elə zəmanədir ki, hamı öz hayındadır. Onlardan heç nə də ummuram. Özüm onları axtarıram. Çünki sənətim, sənət yoldaşlarım üçün darıxıram”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm