Sağlığında özünə matəm musiqisi yazan azərbaycanlı milyonçu - FOTO/VİDEO
Bizi izləyin

Tabloid.az

Sağlığında özünə matəm musiqisi yazan azərbaycanlı milyonçu - FOTO/VİDEO

Musa Musayev: “Cənnətin ölümündən şok oldum”

Başım kompüter arxasında yazılara qarışsa da, baş redaktorumuzun “SSRİ-nin ilk azərbaycanlı milyonçusu öldü, tez xəbəri manşetə çıxarın”- sözlərinə biganə qala bilmədim. “Hansı Cənnət, "Təbriz" musiqisinin müəllifi?” “Hə, hə, onun haqqında bir yazı hazırlamaq lazımdır”…

1989-cu ildə bütün Azərbaycanda dillər əzbəri olan “Təbriz” mahnısının sədaları altında xəyallarım məni həmin dönəmə apardı. Bu da təsadüfi deyildi. Çünki həmin məşhur ansamblın üzvləri mənim yerlilərim idi – İmişli rayonunun bir neçə istedadlı gəncindən ibarət həmin ansambl yarandığı ilk gündən populyar idi. Musiqi qrupu sözləri Hökumə Bülluriyə, musiqisi isə Cənnət Əliyevə məxsus olan “Təbriz” mahnısı ilə şöhrət qazandı. Özü də həmin ərəfədə milyonçunun ansambla nə az- nə çox, düz 300 000 min manat xərc çəkməsi barədə söz-söhbət gəzirdi. Müsahibələrinin birində Cənnət Əliyev özü də bunu təsdiqləmişdi. Onu da deyim ki, məşhur milyonçunun bu mahnıya özəl bir münasibəti də vardı. Azərbaycanda verdiyi açıqlamalarının birində bu barədə fikirlərini belə ifadə etmişdi:

"Təbriz" mahnısının müəllifi mənəm, o, sağlığımda özümə yazdığım matəm musiqisidir. Daha doğrusu, tənha döyüşçünün, yəni mühasirəyə düşmüş döyüşçünün ümid nəğməsidir”.

1980-ci illərin sonunda Azərbaycanda çox məşhur olan və ilk kliplərdən birinə mövzu olan “Təbriz” mahnısı, yadımdadır ki, 1990-ci ildə 20 Yanvar faciəsi zamanı da tez-tez səsləndirilən musiqilər sırasında idi.

Cənnət Əliyevin ruhuna hopmuş və o ruhdan da birbaşa musiqiyə köçmüş bu nisgil onun acı həyat tarixçəsi ilə bağlıdır.

Müsahibələrinin birində enişli-yoxuşlu ömür yolunu səhifələyən milyoner hələ tələbəykən rüşvətlə barışmadığını və buna görə də sənət yolunu seçdiyini deyir. Amma prinsipiallığı ona baha başa gəlir. Hətta ona “dəli” damğası vurmaqdan belə çəkinmirlər. Özü də canı-qanı qədər istədiyi Azərbaycanda...

“Mən kəndli ailəsində doğulmuşam, internat məktəbdə böyümüşəm. Pedaqoji instituta qəbul olunan ərəfədə məndə rüşvətə qarşı kəskin nifrət hissi yarandı. Təhsilimi başa vurandan sonra mən hüquqşünas olmaq qərarına gəldim. Sverdlovskə getdim və orda işə fəhləlikdən başladım. Eyni zamanda Xalq Təsərrüfatı İnstitutunda təhsil aldım. Təhsilimi başa vurub müfəttiş işləməyə başladım. Eyni zamanda hüquq fakültəsində qiyabi təhsil aldım. Dəfələrlə orqanlardan xaric olub yenidən işə qayıtdım. 80-ci illərin axırında Bakıya gəldim, bir il işləyəndən sonra məni dəlixanaya göndərdilər. Ağıldan bəlaya düşdüm. Əhvalımı da pozmadım “asta gedən namərddir” deyib qayıtdım Sverdlovska. Bürokratizmə, rüşvətə qarşı mübarizə apardım, “Təbriz” adlı kooperativ yaratdım. Sverdlovsk institutunun hüquq fakültəsi ilə əməkdaşlıq etməyə başladım. “Təbriz” vokal instrumental ansamblını yaratdım. Ansambla dəvət etdiyim uşaqların təhsili yoxdur, amma çox qabiliyyətli uşaqlardır. Bizim işimiz ölən kapitalları deyil, həm də ölən istedadları üzə çıxarmaqdır”.

O vaxt Azərbaycanda çox məşhur olan “Dalğa” proqramına müsahibə verərkən milyonçu belə deyib...

Sağlığında özünə matəm musiqisi yazan SSRİ-nun ilk rəsmi milyonçusu, görünür, ruhunu milyonlarından daha çox qiymətləndirirmiş. Elə isə ruhunuzu qeydinə qalın, pulunuzun yox!..

Tanınmış müğənni, vaxtilə “Təbriz” ansamblının üzvü olan Musa Musayev Cənnət Əliyevin ölüm xəbərini ilk olaraq bizdən eşitdiyini bildirdi və xəbərdən şok olduğunu dedi: “Mən Cənnətin ölümünə sarsıldım və demək olar ki, bu xəbər mənim üçün şok oldu. Cənnət gözəl insan idi. Mən onu yaxşı adam kimi xatırlayıram. O vaxtlar yaxın münasibətlərimiz olub, dostluq etmişik. Amma sonradan münasibəti davam etdirmədik. Aramızda mahnı üstündə müəyyən söz-söhbət odu. Amma buna baxmayaraq, mənim ona münasibətim dəyişməyib. Cənnəti yaxşı tanıyıram. Gözəl dostluğu vardı, amma bir az hövsələsiz adam idi. Hər işə bir anın içində nail olmaq istəyirdi. Son vaxtlar bildiyimə görə, səhhətində problemlər vardı. Əsəbləri pozulmuşdu. Allah rəhmət eləsin, ölümü mənə pis təsir etdi. Mən onun barəsində ancaq yaxşı sözlər deyə bilərəm, çünki yaxşı insan idi”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm