Dünyanın məşhur musiqiçiləri Bakıda konsert verdi – FOTO
Bizi izləyin

Tabloid.az

Dünyanın məşhur musiqiçiləri Bakıda konsert verdi – FOTO

Bakıda məşhur Vyana Ştraus Festival Orkestrinin Bakıda ilk dəfə konserti olub.


Publika.az-ın məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən konsertdə dünya şöhrətli avstriyalı bəstəkar, “Valsın kralı” İohan Ştrausun, eləcə də digər Vyana klassiklərinin ölməz əsərləri səslənib.


Orkestrin yaradıcısı və bədii rəhbəri, məşhur dirijor, virtuoz skripkaçı Peter Qut ilk ifadan sonra səmimi ünsiyyəti ilə də tamaşaçıların diqqətini cəlb edib. O, Bakıda olmaqdan və nadir memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzində konsert verməkdən böyük şərəf duyduğunu bildirib. Vyanada möhtəşəm tikililərin olduğunu diqqətə çatdıran Peter Qut bu Mərkəzin daha geniş və möhtəşəm olduğunu etiraf edib.


Konsertin maraqlı məqamlarından biri isə Peter Qutun orkestrin müşayiəti ilə skripkada ifası olub. İohan Ştraus ənənəsinin davamçısı olan sənətkar skripka ifası və dirijorluğu ilə dinləyiciləri valeh edib.


Orkestrin solisti Monika Mozerin (soprano) operettalardan səsləndirdiyi parçalar isə tamaşaçıları ifa olunan əsərlərin qəhrəmanlarına qısa zaman kəsiyində də olsa yaxınlaşdırıb. Monika Mozerin yüksək ifası ilə yanaşı, artistik məharəti isə tamaşaçıları ayaq üstə alqışlamağa sövq edib.


Vyana Ştraus Festival Orkestri 1978-ci ildən fəaliyyət göstərir və Vyana şəhərinin musiqi mədəniyyətinin qoruyucusu rolunda çıxış edir.


Orkestr müxtəlif festivalların, həmçinin Avropada hər il keçirilən Ştraus Festivalının daimi iştirakçısıdır. Hər il yanvarın 1-də məşhur Vyana bal festivalı bu orkestrin iştirakı ilə açılır.


Orkestr 35 illik fəaliyyətində Yaponiya, Çin, Koreya Respublikası, Rusiya, Türkiyə, Rumıniya və digər ölkələrdə çıxış edərək böyük tamaşaçı auditoriyasının qəlbini fəth edib.

Heydər Əliyev Mərkəzində Vyana Ştraus Festival Orkestrinin konserti tamaşaçılara unudulmaz anlar bəxş edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm