Darıxanda Leninin şəklini çəkən, səhnədə həmkarlarının səsini “batıran” aktyor – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Darıxanda Leninin şəklini çəkən, səhnədə həmkarlarının səsini “batıran” aktyor – FOTOLAR

Dünən Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru Səməndər Rzayevin xatirə gecəsinə yığışmışdıq. Teatrın səhnəsindən bizi salamlayan da elə aktyorun əzəmətli, eyni zamanda bulaq kimi qaynayan həzin səsi oldu. Bəli, vaxtilə Səməndər Rzayev bu səhnədən sevilib tanınmışdı. Ən gözəl rollarını burda oynayaraq Azərbaycan tamaşaçılarının ən əziz adamına çevrilmişdi. Bu gün də hər kəs onunla görüşə gəlmişdi. Bu gün böyük aktyor onları salamlayır: gözəl rolları və xatirəyə çevrilmiş fotoları ilə. Publika.az-ın da dəvət aldığı tədbirdə elə bütün alqışlar da ona ünvanlanmışdı.

Diqqətimi çəkən bir məqamı qeyd etmək istəyirəm. Adətən, belə tədbirlərdə teatrın salonunu daha çox dəvətnamələr vasitəsilə doldururlar. Amma Səməndər Rzayevin xatirə gecəsinə gələnlər məhz onu sevənlər idi. Hətta bölgələrdən belə onun anım gecəsinə gələnlər vardı. Bax, buna deyərəm, sənətə və sənətkara olan əsl sevgi.

Elə sağlığında da onu sevənlər çox idi. Sevilən aktyorla bağlı xatirələr ipə-sapa düzüldü. Teatrşünas İlham Rəhimli Səməndər Rzayevin Azərbaycan kinosu və teatrında əvəzolunmaz yerindən, xidmətlərindən danışdı, onu nəhəng işıq generatoruna bənzətdi: “Aktyor var ki, səhnəyə çıxır, bir-iki saat oynayır, amma onun varlığı hiss olunmur. Amma aktyor da var ki, səhnəyə çıxıb, hətta danışmasa da belə, səhnəni doldurur. Səməndər Rzayev belə sənətkarlardan idi. Onun səhnəyə çıxması ilə səhnə dolurdu. Səməndər işıqlı, energetik aktyor idi. Nəhəng işıq generatoruna bənzəyirdi. Hətta işıqlar sönsəydi belə, Səməndər qaranlıq səhnədə oynayardı və onun işığı, enerjisi bütün salonu işıqlandıra bilərdi. Bu enerji hər aktyorda olmur. Səməndər içi yumorla, zarafatla dolu bir insan idi. O, teatrın bufetinə gələndə hamının üzünə bir təbəssüm qonurdu, çünki bilirdilər ki, aktyor məzəli lətifələr danışacaq və hər kəsin eynini açacaq”.

Xalq artisti Ramiz Novruz Səməndər Rzayevin hazırcavablığından söz açdı: “Səməndər çox hazırcavab insan idi. Bir dəfə səhnədə “Səni deyib gəlmişəm” adlı tamaşa göstərilirdi, Səməndər də səhnə arxasında aktyorlarla söhbətləşirdi. Rejissor əsəbi halda gəldi ki, bəs Səməndər sənin səsin səhnədəki aktyorların səsini batırıb, bir az sakit danış. Səməndər heç halını da pozmadı və rejissora qayıtdı ki, onlar artist deyil, buna mən neyləyim. Yəni artist olsaydılar, mənim səsim onların səsini batıra bilməzdi. Çox zarafatcıl insan idi. Onun üzünü görəndə belə adamı gülmək tuturdu”.

Xalq artisti Hacı İsmayılov Səməndərlə yaxın dost olduğunu bildirdi:

“Mən səhnədə Ərəblinskini, Abbasmirzə Şərifzadəni görməmişəm, amma Səməndər Rzayev görmüşəm. Mən həm də Səməndərlə yaxın dost olmuşam. Rəhmətlik Telman Adıgözəlov, Səməndər Rzayev və mən yaxın dost idik. Ola bilsin, mənim aktyorluğumu yox, insanlığımı dəyərləndirirdi, ya nəsə, Səməndər mənimlə dostluq edirdi. Teatrdan çıxardıq, çayxanada oturub dərdləşərdik. Mən səhnəyə yeni çıxdığım vaxtlarda onunla gəzişirdik. Teatrın qarşısındakı keçiddən keçəndə bir dəstə qız üstümüzə tökülüşdü. Bir-birilərinə Səməndəri göstərdilər: “Baxın, bu Səməndər Rzayevdir, böyük aktyordur”.

Heç mənim adımı da çəkən olmadı. Səməndər hiss elədi ki, pərt olmuşam. Əlini çiynimə qoyub dedi ki, Hacı, gördün, qızlar sənin adını necə həvəslə çəkdilər. Dedim ki, onlar mənim yox, sənin adını çəkdilər və təriflədilər. Boynuma qoydu ki, yox e, ikimizin də adını çəkiblər. Əslində, o mənə qol-qanad vermək istəyirdi. Vaxt keçdi, artıq mən məşhur idim, filmlərə çəkilirdim. Təsadüfə baxın ki, yenə də eyni yolda bir dəstə qızla qarşılaşdıq. Qızlar məni göstərib xoş sözlər deməyə başladılar. Həmin vaxt mən Səməndərə dedim ki, gördün qızlar səni necə təriflədi? O da qayıtdı ki, əşşi, onlar səndən danışır, mənim heç adımı da çəkmədilər.

Səməndər yalnız aktyor deyildi, mahnı oxumaq, rəsm çəkmək qabiliyyəti vardı. Bir dəfə rayona qastrol səfərinə getmişdik. Rayonun yağ-pendir zavodunun rəhbəri bizi qonaq çağırdı. Bütün zavodu bizə göstərib, yağ-pendir emalından danışdı. Hiss elədim ki, Səməndər bu süni söhbətdən bezib. Axırda oturduq müdirin otağında. Müdir yenə söhbətini davam etdirmək istəyəndə Səməndər ondan kağız alıb, Leninin şəklini çəkməyə başladı. Lenin şəkli ilə söhbət bağlandı.

“Bəyin oğurlanması” filminin çəkilişləri zamanı da başıma gələn bir əhvalat yadıma düşdü. Deməli, çəkilişə gedirdik, oturduq taksiyə. Səməndər qabaqda oturdu, mən də arxada. Səməndər kök insan idi axı. O əyləşəndə oturacaq qəfildən sındı və motorun səsindən Səməndər bunu bilmədi. Ta çəkilişə gələnə qədər onun oturacağı mənim ayaqlarımın üstündə qaldı. Aşağı düşəndə gördüm tərpənə bilmirəm. Sürücü baxıb gördü ki, Səməndər oturacağı sındırıb. Məni güclə aşağı düşürdülər. Səməndər bunu zarafata saldı ki, əşşi, sən də qoy oturmuşuq, mən oturacağı sındırmamışam”.

Xaq artisti Azərpaşa Nemətov Səməndər Rzayevi göz yaşları içərisində xatırladı: “Nə vaxtsa ağlıma da gətirməzdim ki, Səməndər haqqında xatirələr söyləyəcəyəm. Çox cavan dünyasını dəyişdi. 41 yaş nədir ki? Səməndərin nəhəng sənətkar olduğunu biz onu itirəndən sonra başa düşdük. Və zaman onu bizdən uzaqlaşdırdıqca biz onun böyüklüyünü daha çox anlayırıq. Səməndər, doğrudan da, əvəzolunmaz aktyordur, bu gün onnu yerini doldurmaq mümkün deyil. Zarafatcıl insan idi. Bir dəfə danışırdı ki, evdən teatra gələndə taksiyə minib. Onda da taksilərə məsafədən asılı olmayaraq 2 manat verirdilər. Səməndər taksidən düşəndə sürücüyə bir manat verib. Sürücü də qayıdıb ki, ə, qaqaş, dayan bir dəqiqə, bu müdirə verəcəyim pul, bəs mənim bir manatım hanı? Səməndər də ona deyib ki, əşşi, müdir pulu neyləyir, bu pulu götür özünə. Hər kəsi yumoru ilə yola verməyi bacarırdı. Şirin zarafatları ilə hər kəsi ram etməyi bacarırdı”.

Gecəyə toplaşanlar sevilən aktyorla bağlı danışmaqdan yorulmadılar, xatirələrini söylədilər, onu yada salıb həm də kövrəldilər.

Tədbirboyu sənətkarın rol aldığı filmlərdən kadrlar nümayiş olundu. “Bəyin oğurlanması” filmində kolxoz sədri rolunda çıxış edən Səməndər Rzayevin “ayə, bu toydur, toyda neyləyərlər” deyimi salondakıların üzünə təbəssüm qondurdu.

Hələ onun çox filmlərinə baxıb zaman-zaman güləcəyik. Çünki Səməndər Rzayev zamana sığmayan sənətkardır.

Cəvahir

Foto:Elnur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm