• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Hicablı müğənni: “Onun yanında açıq-saçıq gəzirəm” - FOTOLAR

Hicablı müğənni: “Onun yanında açıq-saçıq gəzirəm” - FOTOLAR

Həmsöhbətim Xuraman Şuşalıdır. Çoxdan görünməyən sənətçi Publika.az-a danışıb.

- Çoxdandır görünmürsən, haralardasan?

- Anam rəhmətə gedəndən sonra bir müddət depressiyada oldum, həvəsdən düşdüm. Anamın ilinə bir ay qalıb, hələ də özümə gələ bilmirəm. Anam dünyasını dəyişəndə mən üçüncü övladıma hamilə idim. Sözün düzü, hamilə vəziyyətdə efirlərdə görünməyi də özümə ar bildim. Amma indi yeni mahnılar yazdırıram. Yəqin ki, toylara da gedəcəyəm. Bilirsiniz də, mən yalnız xınayaxdı və qız toylarına gedirəm.

- Birdən-birə qərar verib hicaba keçdin. Amma bəzi həmkarların vardı ki, onlar hicaba keçsələr də, sonradan əvvəlki tərzlərinə qayıtdılar. Sən hələ fikrini dəyişməmisən?

- Allah eləməsin. Ömrümün axırına qədər belə davam edəcək. Mən həmişə deyirəm ki, başımı açaramsa, Allah mənim canımı alsın. Mən bu dünyadan başıbağlı köçəcəyəm. Hicaba keçib, sonradan başını açmaq böyük günahdır.

- Buna görə, həyat yoldaşınla məsləhətləşdin?

- Yox, mən hər hansı məsələdə anamla məsləhətləşirdim. İnan ki, bu məsələdə anamla da məsləhətləşmədim, hətta anam buna görə məndən incidi. Əslində uzun illər idi ki, içimdə bu fikir vardı. Sadəcə, bu addımı atmağa qorxurdum.

- Niyə?

- Elə bilirdim ki, ruzisiz, pulsuz-parasız qalacağam. Hətta yaxın bir rəfiqəm mənə həmişə deyirdi ki, hicaba keç. Mən məəttəl qalırdım ki, necə yəni, mən bağlanım, oxumayım, əvvəlki geyimləri geyinməyim. Birdən-birə çox şeyin üstündən xətt çəkmək asan deyildi. Amma məni bu addımı atmağa vadar edən səbəb vardı - Allah sevgisi, bir də qəbir, cəhənnəm əzabının qorxusu. Həm də bir gün oturub dedim ki, Allahım, sən mənə hər şey vermisən - ailə, ruzi, övlad. Amma mən niyə sənin istədiyini verməyim? Həm də qorxdum ki, mən bu addımı atmasam, Allah mənə verdiklərini geri alacaq. Əslində, məni silkələyən Kərbəla ziyarətgahı oldu. Orda günahlarımdan tövbə etdim və bağışlanmağımı dilədim.

- Səncə, ən böyük günahın nə idi?

- İnsan öz günahlarını açmamalıdır, eyiblərini deməməlidir. Çünki özünə şahid götürmüş olursan. Əsas odur ki, Allah hər şeyi görür və bağışlayır. Günahsız insan olmur. Arzular insanı cəhənnəmə yuvarlamamalıdır.

- Bu gün günah etməkdən qorxursan?

- Çox qorxuram. Bəlkə də, hansısa məqamda günah da edirəm, özümün xəbərim olmur.

- Keçmişə baxanda nəyəsə, hansısa hərəkətinə görə utandığın məqamlar olur?

- Olur. Fkirləşirəm ki, kaş şou-biznesin qalmaqallarından uzaq olaydım. Çox adamlar efirdə məni görüb fikirləşirdilər ki, həyasızam, pis insanam və s. Əslində mən elə qız da deyildim, amma əksər hallarda məni həyasız, qalmaqalçı, davakar tərəfdən tanıtdılar. Bu da mənim ziyanıma işlədi.

- Səncə, bir qadının ən böyük günahı nədir?

- Ərinə xəyanət etmək. Allahımdan iki istəyim olub. Həmişə demişəm ki, ay Allah, iki halda mənim canımı al: ərimə xəyanət etsəm və hicabı atsam. Ərə xəyanət etmək çox böyük günahdır, bundan böyük günah yoxdur.

- Bəs ərin sənə xəyanət etsə?

- Ərim mənə xəyanət etsə, bağışlayaram. Amma bunu yazma, ayağı yer alar. Amma ərim ibadət əhlidir və yəqin ki, mənə xəyanət etməz. Mən də elə qadın deyiləm ki, ərim mənə xəyanət etsin.

- Bəs kişi hansı halda qadına xəyanət edir ki?

- Düşünürəm ki, baxımsız qadınlar xəyanətlə daha çox üzləşirlər. Həm də qadın ərinə az diqqət göstərəndə də xəyanətə yer qalır. Tərif kimi çıxmasın, mən özümə güvənən və özümə baxan qadınam. Qadın hər zaman düşünməlidir ki, nə edim, necə edim, hansı qüsurlara yol verməyim ki, ərim mənə xəyanət etməsin. O, ərini yaxşı tanımalıdır. Çox adam elə bilir ki, hicablı qadındırsa, mütləq əyləncələrdən uzaqdır, həyatı rəngarəng deyil. Xeyr. Əsla belə deyil. Mən bəzək-düzəyimdən də qalmıram, lazım olanda ərimlə romantik şam yeməyi də yeyirik.

- Maraqlıdır, qarderobunda dekolte, mini geyimlər varmı?

- Əlbəttə var, mən ərimin yanında dekolte də geyinirəm, mini də. Bir çox paltarlarım var ki, zamanında geyinmişəm, indi də saxlayıram.

- Həyat yoldaşında dəyər verdiyin xüsusiyyət hansıdır?

- Çox səbirli insandır, həm də məni çox sevir. Qadın üçün bu məqam çox önəmlidir.

- Bəs o, səndə ən çox hansı keyfiyyətləri dəyərləndirir?

Bir qədər kənarda dayanıb bizi müşahidə edən yoldaşına səslənir: Elçin, məndə ən çox nəyi bəyənirsən? Cavab gəlir: - Hər şeyi.

- Onun sənə qadağaları olur?

- Adətən, olmur. Çünki mən onun nə istədiyini və xasiyyətini dəqiq bilirəm. Nəyi xoşlayıb, nəyi xoşlamadığını gözəl bilirəm.

- Mətbəxlə aran necədir?

- Sözün düzü, mətbəxdə çox yoruluram. Buna görə də mətbəxdə az oluram.

- Ən dadlı bişirdiyin yemək hansıdır?

- Qaymaqlı toyuq.

- Yoldaşın sənə sürprizlər etməyi xoşlayır?

- Elə o da xoşlayır, mən də.

- Axırıncı dəfə nə vaxt sənə sürpriz edib?

- Ad günümdə. Anamın ili çıxmadığı üçün ad günü eləmədim, amma həyat yoldaşım gözləmədiym halda, evdə tədarük görmüşdü. Mən içəri girəndə uşaqlarımla bərabər məni qarşıladı və sevdiyi hədiyyəni bağışladı. O, məni yaxşı tanıyır və bilir ki, nə xoşlayıram, nəyi yox. Tez-tez mənə hədiyyə alır. Qadın diqqət sevən olur axı.

- Evdə uşaqların tərbiyəsi ilə daha çox kim məşğul olur - sən yoxsa, həyat yoldaşın?

- İkimiz də. Amma mən həmişə çalışıram uşaqlarımı sevə-sevə tərbiyə edim. İncitmək, üstünə qışqırmaq, qorxutmaqla aram yoxdur. Belə olanda uşaq qorxaq, cəsarətsiz, özünə inamsız böyüyür. Mən uşaqlarımla sanki böyük adam kimi davranıram.

Cəvahir Səlimqızı

Fotoqraf Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR