• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Hüseyn Mehdiyev: “Heç vaxt sənətdə riyakarlıq etməmişəm”- FOTOLAR

Hüseyn Mehdiyev: “Heç vaxt sənətdə riyakarlıq etməmişəm”- FOTOLAR

“Qoca palıdın nağılı”, “Məkanın melodiyası”, “Özgə vaxt”, “Süd dişinin ağrısı”, “Şahid qız”, “Şəhərli biçinçilər”… Milli kinomuzda xüsusi yer tutan bu filmlərin rejissoru əməkdar incəsənət xadimi Hüseyn Mehdiyevin yubileyidir. 70 yaşı tamam olur. Ay maşallah, bu yaşı ona heç vermək də olmur. Filmlərini sevə-sevə izlədiymiz sənətkarı biz də təbrik etdik. Danışmaqla heç arası olmayan, sözünü çəkdiyi filmlərlə deyən Hüseyn Mehdiyevin təəssüratları da qısa və lakonik oldu. Publika.az Hüseyn Mehdiyevlə müsahibəni təqdim edir:

- Ad gününüzdür, hansı əhval-ruhiyyədəsiniz?

- Sevindirici heç nə yoxdur.

- Təmtəraqlı ad günləri keçirməklə aranız necədir?

- Heç vaxt xoşlamamışam. Vaxtilə dostlar yığışıb, bir yerdə ad günlərimi də qeyd etmişik. İndi istəmirəm. Elə indi də dostlar telefon açıb təbrik edirlər.

- Maşallah, yaşınızdan qat-qat cavan görünürsünüz, bunun sirri nədədir?

- Məşğul olduğum sənət elədir ki, insan hər zaman dinamik olur, başı işə qarışır. Yəqin məni də cavan saxlayan sənətdir.

- Rəqəmlərin sizin üçün önəmi varmı - 25,40, 60, 70… yaşı nəzərdə tuturam.

- Rəqəmlərin əhəmiyyəti yoxdur, sadəcə, zaman keçir və gərək o zamandan doğru-dürüst istifadə edə biləsən.

- Həyatınızın hansı mərhələsinə qayıtmaq istəyərdiniz?

- Həyatımın hər mərhələsinin öz ləzzəti olub və geri qayıtmaq istəməzdim. Mən yalnız gələcəyi gözləyirəm, mənim üçün gələcək var.

- Elə bir adam varmı ki, onun zəngini və təbrikini gözləyəsiniz?

- Mənə bu yaşımda ən çox sevinc gətirən nəvələrimdir. Onlar da yanımdadır.

- Çəkdiyiniz filmlərdən hansını özünüzə daha əziz sayırsınız?

- Bütün filmlərim mənim üçün əzizdir. İndiyə qədər çəkdiyim filmlər arasında uğurlusu da olub, uğursuzu da. Bütün uğuru və uğursuzluğu ilə bərabər filmlərim mənə əzizdir.

- Elə bir aktyor varmı ki, filminizə çəkmək istəmisiniz, dünyasını dəyişdiyi üçün alınmayıb?

- Bir çox aktyorlarımız var ki, onlar üçün məxsusi olaraq ssenarilər yazılmalıdır. Çünki onlar ayrı-ayrılıqda hər biri sənətkardır. Rəhmətə gedənlərdən də var, sağ olanlardan da. Gərək sağ qalanların da qədri bilinsin.

- Kimlərdir onlar?

- Ad çəkmək istəmirəm.

- Şanslı rejissor, böyük rejissor, xoşbəxt rejissor-hansını seçərdiniz?

- Xoşbəxt rejissoram. Rejissorluq sənəti elədir ki, işi ürəkdən görürsə özünü xoşbəxt sayır. Mən heç vaxt sənətdə riyakarlıq etməmişəm, özümü nəyəsə məcbur etməmişəm. Buna görə də özümü xoşbəxt rejissor sayıram.

- Yubileyinizdə rejissor Hüseyn Mehdiyevin əlini sıxıb, ona nə deyərdiniz?

- Deyərdim ki, nə qədər ki, gec deyil, tərpən e, iş görmək lazımdır.

- Yeri gəlmişkən, fasilə çox oldu e, Hüseyn müəllim, nə vaxt yeni film çəkəcəksiniz?

- Artıq o film çəkilir. Qabaqcadan bir söz demək istəmirəm, düşər-düşməz olar.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR