Deputatlarımız teatra niyə getmirlər? – Sorğu
Bizi izləyin

Tabloid.az

Deputatlarımız teatra niyə getmirlər? – Sorğu

Azərbaycan Akademik Milli Dram Teatrının aktyoru Əli Nur Kult.az-a verdiyi müsahibədə Millət vəkillərinin, məmurların teatra gəlmədiyini vurğulamış, tamaşalarda millət vəkillərindən yalnız Ziyafət Əsgərovu gördüyünü demişdi. Bu məsələ ilə bağlı bir neçə m

Azərbaycan Akademik Milli Dram Teatrının aktyoru Əli Nur Kult.az-a verdiyi müsahibədə Millət vəkillərinin, məmurların teatra gəlmədiyini vurğulamış, tamaşalarda millət vəkillərindən yalnız Ziyafət Əsgərovu gördüyünü demişdi. Bu məsələ ilə bağlı bir neçə millət vəkilindən teatra gedib-getmədiyini, getməyənlərdən isə bunun səbəblərini soruşduq.

Fazil Mustafa: Son vaxtlar teatra getmirəm. Səbəbi odur ki, “Yuğ” teatrı bağlandı. Mən əsas “Yuğ” teatrına gedirdim. Onların tamaşaları mənim zövqümə uyğun idi. Bir az açığı sizə deyim ki, ola bilsin, mənim arzuladığım sənət əsərləri yoxdur, həm də teatr pafosu çox xoşuma gəlmir. Yəni bir az son vaxtlar janr olaraq da məni qane etmir. Pafos olan mühitdən qaçmağa çalışıram. Texnologiyanın inkişafı bizi daha fərqli standarta öyrətdi. Bəlkə də, ondan qaynaqlanır. Həm də repertuar da qane eləmir. Açığı, düşünə bilmərəm ki, daha yaxşı repertuar ola. Çünki müasir texnoloji dövrdə elə belə də olmalıdır. XVII əsrdə, XVIII əsrdə möhtəşəm tamaşalar qoymaq daha asan idi. İndi bir az çətindir. XX əsrin əvvəllərində də daha rahat idi. Çünki kino və başqa sənət nümunələri inkişaf etməmişdi. Daha təbii danışıq üslubu, daha rahat insanın anlaya biləcəyi davranışlar... Hər halda teatrın böhranının səbəbi budur. Yəqin ki, indi balet sənət üçün daha uyğundur. Çünki insanın fiziki hərəkətlərindən müəyyən qədər zövq almaq imkanı var. Teatrda, bəlkə, bu imkanlar yoxdur deyə, modern dövrdə yaxşı teatr əsəri yaratmaq da çətinləşib.

Fərəc Quliyev: Yox, son vaxtlar getməmişəm. Vaxt olmur. Özüm boynuma alıram ki, son vaxtlar getməmişəm. Teatr hər bir insan üçün, cəmiyyət üçün vacibdir, amma hər halda işlərim çox olduğu üçün vaxt edib gedə bilmirəm.

Fəzail Ağamalı: Xeyr getməmişəm. Səbəbi odur ki, məni cəlb edə biləcək və məni tamaşanın içərisinə apara biləcək əsərin olmaması və ya olanların qoyula bilməməsidir. Repertuar da, onun təqdim edilməsi də məni qane eləmir.






Aqil Abbas: Axırıncı dəfə Fuad Poladovun baş rolda oynadığı Əli Əmirlinin “Şah Qacar” tamaşasına getmişəm. Ondan sonra teatr yay tətilinə çıxdı, indi sezon yeni başlayıb, hələ getməmişəm. Teatra tez-tez gedirəm. Rejissorları deyim, Mehriban Ələkbərzadənin də tamaşasına getmişdim. Ümumiyyətlə, imkan tapdıqca gedirəm. Özü də gedəndə də qonaq çağırsalar da, bilet alıb gedirəm. Mənim adətimdir. Dəvətnamə ilə gedirəm, amma gedib kassadan bilet alıram.

Rasim Musabəyov: Yox, son vaxtlar getməmişəm. Axırıncı dəfə “Azdrama”da olmuşdum. Çünki mən teatral deyiləm ki, hər həftə, hər ay teatra gedəm. İldə bir dəfə, iki dəfə getsəm, böyük şeydir.


İqbal Ağazadə: Bəli, gedirəm. Sonuncu dəfə “Azdrama”da “Şah Qacar” tamaşasında olmuşam.



Asim Mollazadə: Yox, getmirəm.


Musa Qasımlı: Mən teatra gedənəm və hesab edirəm ki, hər bir şəxsin teatrda olmasının ancaq faydası var. Ancaq son bir neçə ayda, daha dəqiq, yaydan bəri teatrda olmamışam. Yayda teatr olmayıb, sentyabrda da iş açılandan sonra baş o qədər qarışıb ki, vaxt tapıb gedə bilməmişəm.

Zahid Oruc: Təəssüf ki, xeyr. Mənə elə gəlir ki, Sovet dövründən kiçik bir zaman keçsə də, belə mədəniyyətə aid olan məsələlərin paralellərini həmin dövrlə aparırıq. Dərhal da ağıla ilk gələn o olur ki, indi informasiya axını çoxalıb. O dövrdə belə xatırlayıram ki, məhdud sayda, beş-altı dövlət qəzetlərindən savayı və məhdud sayda televiziya kanallarından başqa insanların özünün mədəni dünyasını, mənəvi ehtiyaclarını, ədəbi düşüncələrini formalaşdırmaq üçün məkan çox az idi. Məcbur idi ki, bütün bunları müxtəlif teatrlardan, kino salonlarından və sairədən alsın. Belə demək mümkünsə, kütləvi baxış məkanlarından keçsin. İndi isə artıq elə bir informasiya dövrünə gəlib çatmışıq ki, informasiya axınının çoxluğundan insanlar əziyyət çəkir. İndi emal prosesi zəifləyib. İnsanlar daha çox quru informasiyanı, xammal informasiyanı alır və istifadə edir. Yəni onlar yaradıcı təfəkkürə, gözəl bilgilərə, əhatəli dünya görüşünə sahib olmaq üçün teatrlara getməyə ehtiyac duymur.

Mən bunun teatra qarşı bir boykot və ya etimadsızlıq kimi qəbul edilməsini də istəmirəm. Mən orada çalışan insanların daha canlı, daha yaradıcı bir işlə məşğul olduqlarını, ərsəyə gətirdikləri hər hansı bir əsərin, tamaşanın üzərində ruhlarını və canlarını xərclədiklərinin fərqindəyəm. Düşünürəm ki, onlar Şekspirdən bir səhnəni ifa eləyirlərsə, bir neçə əsr bundan qabağı bu günə daşıyırlar. Bu, onlardan nə qədər enerji və əziyyət tələb edir. Əlbəttə, etiraf edirəm ki, quru ekranın, monitorların, androidlərin və digər planşetlərin verdiyi effektlərlə, yaxud da 3G, 4G sistemlərinin yaratdığı mənzərə ilə canlı, gözünün qarşısında gördüyün səhnələr ayrıdır. Bu, doğrudur. Ancaq, bəlkə də, bilmirəm, siyasi informasiya kütləsi, gündəlik mövzuların bizi bu istiqamətdə çeşidləməsi daha geniş əhatəyə malik olmaq imkanından məhrum edir. Bunu birmənalı olaraq vurğulayıb, qeyri-səmimi olaraq iddia eləmək mümkündür ki, ayda bir dəfə və iki ayda bir dəfə teatra gedibdir. Amma o qədər statik bir hadisədir ki, o bizim teatra olan münasibətimizi köklü olaraq izah etməyəcək. Çünki siyasətçilərin və dövlət adamlarının böyük əksəriyyəti bu gün teatra gedə bilmir. Məncə, başlıca səbəb informasiya axının çoxalmasıdır. Bəlkə də, dünyaya açılan insan birdən-birə bu hadisələrin sunamisinə çox düşübdür. Adamlar bunu beynində tam normal edib sonra da teatra və ya başqa bu xarakterli ictimai tədbirlərə getməyin zərurətini öz içlərində hiss etməyə macal tapmırlar. Yəni ehtiyac yoxdur, yox, bəlkə də, bunun üçün ən sonda zaman və lazım olan o imkanlar qalmır.


Kamilə Əliyeva: Düzünü desəm, son vaxtlar gedə bilmirəm. Mən əvvəllər istər Musiqili Komediya teatrı olsun, istər Akademik Milli Dram Teatrı olsun, Kukla teatrı olsun, bütün hamısına gedirdim. İndi ancaq Kukla teatrına gedirəm. Həftənin şənbə və bazar günlərini övladlarıma ayırıram, onları Kukla Teatrına aparıram. Ancaq özüm düzünü deyim, son dəfə teatra nə vaxt getdiyimi xatırlamıram. Sonuncu dəfə “Azdrama”da Hüseynbala Mirələmovun əsəri əsasında qurulmuş, Qarabağ hadisələrindən bəhs edən “Xəcalət” tamaşasında olmuşdum. Vaxt olmur. Çox xoşlayıram, amma təəssüflər olsun ki, vaxt məhdudiyyəti olduğuna görə az-az gedirəm.

kult.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm