Fərda: "Siyavuş Aslana, Yaşar Nuriyə göstərilən qayğı mənə də ayrılsaydı...”
Bizi izləyin

Tabloid.az

Fərda: "Siyavuş Aslana, Yaşar Nuriyə göstərilən qayğı mənə də ayrılsaydı...”

Fərda: “Kişinin ağlamasından zəhləm gedir”

Müasir Azərbaycanda yumorun vəziyyəti ondan soruşulur. Təvazökarlıq da etmədən deyir ki, tarixdə qalmaq və bu dövr komediyadan danışılanda ilk ağla gələn məhz onun adı olması üçün çalışır. Artıq bir neçə ildir ki, ekranlarda yumor proqramları ilə çıxışlar edən və bu sahədə öz imzasını qoyan Fərda Xudaverdiyev ilə müsahibə o qədər də asan olmadı. Filmi də çəkib qurtardılar. Bəs, yumor ustasının başı indi nəyə qarışıb, görəsən?

- Bildiyiniz kimi, dekabr ayının 8-də Nizami Kino Mərkəzində “Xoxan” filminin rəsmi təqdimat mərasimi keçiriləcək. Film ayrı-ayrı kinoteatrlarda nümayiş olunacaq. Naxçıvanlı Naxçıvanda baxa biləcək, şəkili də Şəkidə. Çalışacağıq ki, film Azərbaycanın bütün kinoteatrlarında nümayiş olunsun. Yəni hazırda əsas gücümüzü bu layihəyə yönəltmişik. Başqa bir layihəmiz isə ATV-də başlayıb. Yəqin ki, sevənlərimizin xəbəri var. ATV telekanalında “Top kimi şou”nu hazırlayırıq. Yeni başladığımız üçün bir az çox əziyyət çəkirik. Ancaq uğurlarına inandığımız layihələrimizdəndir. Sıradan iş olmadığı üçün əziyyətinin çox olması da təbiidir. Daha artıq məsuliyyət tələb edir. Diqqətimizi azacıq yayındırsaq, mənfi təsirini dərhal hiss edərik. Hələlik işlər pis getmir. Bildiyiniz kimi, əziyyətimizin uğurlu nəticəsini də görürük. Layihə artıq kifayət qədər səs-küy yaradıb.

- Yeni il üçün nə planlaşdırırsınız?

- Hələlik təklifləri dəyərləndiririk. Bilirsiniz ki, müasir yumor formatı olan “stand-up” üzrə ölkədə fəaliyyət göstərən yalnız mənəm. Məncə, bu qolun Azərbaycanda inkişafı şərtdir. Çünki istənilən yumor formatı ölkəmizdə sınaqdan çıxarılıb və bəyənilib. “Stand-up” da inkişaf etməlidir. Yeni ildə bu sahədə daha yaxşı nəticələrimizin olacağına dair gözləntilərimiz var. Ümumiyyətlə, məncə, yaxın 2 ildə bu sahədə ciddi uğurlara imza ata biləcəyik. Yeni ilin ilk günlərini tədbirlərlə qarşılayacağıq. Təəssüf ki, bayramı evdə, ailəmizlə ola bilməyəcəyik. Filmlə əlaqədar tədbirlərdə olacağıq. Nə etmək olar? Az-çox qazancımız da elə bu tədbirlərdəndir.

- Heç olmasa, qazana bilirsiniz?

- Bu sahədə cəmi 4 aktyor varsa, onların da borcu varsa, deməli qazana bilmirik. Ümumiyyətlə, kim qazana bilir ki? Bunun da bircə səbəbi var: dəstək zəifdir. Təbii ki, mənəvi dəstəkdən söhbət gedə bilməz. O sarıdan heç problemimiz yoxdur. Qarşıma çıxan insanlar əziyyətimi və istedadımı qiymətləndirirlər. Hamı deyir ki, sən olduğun yerə, əldə etdiyin sevgiyə istedad və zəhmətinlə çatmısan. Yəni, mənəvi dəstək çox böyükdür. Ancaq maddi dəstək bununla müqayisə olunmayacaq qədər zəifdir. Qonşu ölkələrə baxsaq, iki uşaq istedadını göstərən kimi sponsorlar çıxır. Türkiyə və Rusiya şou-biznesində hamı 1 istedadın ətrafında səfərbər olunur ki, o, ailəsinin çətinliyini düşünməsin. Azərbaycanda da əziyyət çəkənlər çox, bəhrəsini görənlər isə azdır. Nəticənin dəyişməsi üçün sərmayə qoymaq lazımdır. Yüksək səviyyədə pul yatırılmalıdır ki, qazanc da çox olsun.

- Kim bəyənməlidir ki, aktyor yaxşı yaşasın?

- Lazım olan instansiyalar. İndiki zamanda sponsor tapmaqda çətinlik çəkirik. Nə qədər döyüşsək də, problemlərimiz qalır. Biz hər cəbhədə döyüşürük, ancaq yenə də problemlərimiz həll edilməmiş qalır. Buna baxmayaraq, mən mübarizə aparmağa davam edəcəyəm. Yanlış anlaşılmağımı da istəmirəm. Kişinin ağlamasından zəhləm gedir. Ancaq bu bir həqiqətdir ki, daha yaxşı uğurlar əldə etmək üçün bu sahəyə pul qoymaq lazımdır. Pul qoymaq lazımdı ki, aktyor metro ilə, avtobus ilə getməsin.

- Niyə? Aktyor, xüsusən, sizin kimi yumor ustalarının mövzusu elə metroda, avtobusda deyilmi?

- Elədir. Ancaq unutmayın ki, problemlərin gülərək səsləndirilməsinə cəmiyyətdə hər kəs birmənalı yanaşmır. Biri qıcıqlanır, biri qısqanır. Hər cür münasibətlə qarşılaşırıq. Hər kəsə cavab vermək olmur. Cavab vermək isə bizə baha başa gəlir. Gəlib evə çıxanda adam yorulur, ruhu ölür. Elə bircə məqamı deyim. Saytlarda bir xəbəri açıb baxın. Bir aktyoru bir nəfər bəyənirsə 35 nəfər də söyür.

- Danışdıqlarınızdan belə nəticəyə gələ bilərikmi ki, sosial problemlər yumor ustasını ağladır?

- Qətiyyən! Sosial problemlər məni ağlada bilməz. Sadəcə problemləri də deməliyik. Məni ağladan diqqətsizlikdir. Milyonları olan insanın sənətə olan köməyi onun gəlirini azaltmaz, ancaq nə qədər gənc istedadın tanınmasına səbəb ola bilər. Məni ancaq “stand-up”-a olan yatırımların olmaması ağlada bilər.

- Bəs, insanları güldürən biri olaraq özünüz nəyə gülürsünüz?

- Özüm təəssüf ki, az gülürəm. Keşkə yumorun bu qədər dərinliyinə enməzdim. Elə 1-ci mərhələ səviyyəsində zarafat edərdim. Yumor əgər 50 pilləkəndırsə, mən onun 25-30 pilləsini qalxmışam. Bu mərhələdə isə gülmək çox çətindir.

- Çox pessimistsiniz sanki... Bu sizdən yumor gözləyənlərə necə təsir edir?

- Verdiyiniz suallar məni pessimizmə məcbur edir. Necə deyim ki, hər şey yaxşıdır. Ancaq pessimist deyiləm.

- Bundan əvvəlki şou proqramınız reytinq yığa bilmədi. Necə fikirləşirsiniz, bəlkə sponsor problemi də sevginin yetərsizliyindəndir?

- Mənim reytinqim insanların yolda arxamca qaçmasıdır. Virtual aləmdəki dostlar insana nə qədər yaxındır. Lazım olanda əlindən neçəsi tuta bilər. Çox şey eləyib reytinq partlada bilərəm. Ancaq mən tarixdə qalmaq istəyirəm. İstəyirəm ki, sevənlərim zarafatlarımdan utanmasın. Məncə, zarafatın çəkisi olmalıdır.

- Zarafatın çəkisindən danışmışkən, söyüş, tərbiyəsiz ifadələrdən istifadə etməklə güldürməyə necə baxırsınız?

- Bu, internet vasitəsi ilə gələn bir axındır. Özümüz də bilmədən bu axına düşdük. Xüsusən, gənclər çox bəyəndi. Düzünü deyim ki, axına düşənlərdən biri də mən oldum. “Stand-up”-larıma açıq söhbətlər qatdım. Çox uğurlu alındı, bunu təəssüflə də olsa, qeyd etməliyəm. Açıq danışmaqla güldürməkdən asanı yoxdur. Düşündüm ki, məsələn, Cem Yılmaz 3 saat danışırsa, mən də 1 saat danışaram. Danışdım da. Daha çox da danışa bilirəm. Sadəcə sübut etmək istəyirdim ki, söyüş cəlb edirsə, bundan da istifadə edə bilirəm. Bu, həm də “stand-up” zamanı zalı oyatmağın yollarından biridir. 1 saat danışırsan, zal yorulanda söyüşlərdən istifadə edib tamaşaçını oyadırsan və əlindəki malı istədiyin səviyyədə satırsan.

- Deməli, özünüzü Cem Yılmazla müqayisə edirsiniz?

- Müqayisə deyəndə ki, Cem Yılmazı izləyirəm. Mən ona “gülüş makinası” deyirəm. Tək güldüyüm adamdır. Onun yanaşmaları, tapıntıları mənim üçün maraqlıdır. Müqayisə eləmirəm, ancaq Türkiyə Cem Yılmazın zarafatlarına nə qədər gülürsə, Azərbaycanda da Fərdanın zarafatlarına gülürlər.

- Baxanlar deyir ki, Fərda 5-6 əvvəl parladı və söndü...

- Qətiyyən razı deyiləm. Deməli, həmin adam 5 il əvvəldə qalıb. 50 yaşım da olsa yumorda heç vaxt axsamayacam. Yumor üçün lazım olan hər şey məndə var. Altıncı hiss, ikinci göz deyilən bir məqamlar var. Onlar da məndə var.

- Sosial şəbəkələrdə necə, aktivsinizmi?

- Yox. Adamların hər addımı barədə paylaşmalarına gülürəm. Ona görə də mən eləmirəm. Dostlarım var ki, fəaldırlar. İşlə bağlı şəkilləimi, yenilikləri paylaşıram. Ancaq bir çox “facebook” həvəskarları kimi aktiv deyiləm.

- Aktyorun vəziyyəti sizi qane eləmir... Bəs, komediyanın vəziyyəti necə?

- Qoy, bu suala da cavab verməyim. Hər əziyyət çəkənin öz sevəni var. İnsan bacardığı qədər edir. Özümdən razıyam. Başqaları barədə bir şey demək istəmirəm. Bircə onu deyə bilərəm ki, hər ağla gələni eləməyək. Bir az düşünək. Zarafatımızın çəkisi olsun.

- Ötən əsrin sonlarının komediyasından danışılanda ilk ağla gələn bir çox isimlər var: Siyavuş Aslan, Yaşar Nuri, Nəsibə xanım.. XIX əsrin əvvəlinin yumorundan danışanda Fərda Xudaverdiyev adı da ilk ağla gələnlərdən ola biləcək?

- Elə onun üçün işləyirik. Yaşar Nuri mənim virtual müəllimim və idealım olub. Onlara göstərilən qayğı bizə də olsa, tarixdə qalarıq. Onun qədər ömür yaşamağı Allah mənə nəsib eləsin. Onlara göstərilən diqqət və qayğı mənə də ayrılsa, söz verirəm ki, məndən də uzun illər danışılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm