• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Sənət adamlarının prezidentə arzuları

Sənət adamlarının prezidentə arzuları

Bu gün Prezident İlham Əliyevin 53 yaşı tamam olur. Dövlət başçısı İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

Digər sahələr kimi, mədəniyyət sahəsinə də xüsusi diqqət göstərən Prezident mədəniyyət xadimlərindən qayğısını heç zaman əsirgəmir. Bunu yüksək qiymətləndirən sənət xadimləri dövlət başçısının doğum günü ilə əlaqədar arzu və istəklərini “Gündəlik Teleqraf”la bölüşüblər.

“Hamısı Cənab Prezidentin diqqət və qayğısı sayəsində oldu”

Xalq şairi, Əməkdar İncəsənət Xadimi, “Şöhrət” ordenli Fikrət Qoca: “Cənab Prezidentimizi doğum günü münasibətilə ürəkdən təbrik edirəm. İlham Əliyev cənablarına, ailəsinə, nəvələrinə xoşbəxtlik arzu edirəm. İlham Əliyev Azərbaycanımız üçün çox böyük işlər görür, onun daxili və xarici siyasəti sayəsində ölkəmiz günü-gündən inkişaf edir, cavanlaşır. Azərbaycanın şəhərləri, rayonları günü-gündən gözəlləşir, göz oxşayır. Arzu edirəm ki, Onun bütün arzuları yerinə yetsin və bir gün Qarabağın qaytarılması xəbərini də cənab Prezident özü televiziya və radioda elan etsin. İlham Əliyev hər zaman ədəbiyyat adamlarına, şairlərə, yazıçılara xüsusi diqqəti ilə seçilib. Dünyada belə bir şey yoxdur, inanın. Hər il 50 nəfər yaşlı yazıçı, iyirmi nəfər gənc yazıçı prezident təqaüdü alır. Bundan əlavə içi mən qarışıq bir neçə yazıçıya ömürlük prezident təqaüdü verilir. Uzağa getməyək, bu il Azərbaycan yazıçılarının qurultayını keçirdik. Çox təntənəli və möhtəşəm şəkildə baş tutan qurultaya dünyanın iyirmidən çox dövlətindən qonaqlar təşrif buyurmuşdu. Bu böyük qurultay bizim gücümüzə görə deyil, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində baş tutdu. Çox sağ olsun, ona bütün yazıçı və şairlər adından minnətdarlığımı bildirirəm. Qonaqlar Azərbaycandan məmnun ayrıldılar və qurultay barədə bu günə kimi yazırlar, ölkəmiz barədə çox gözəl sözlər deyirlər.

Prezidentimizin idmanın inkişafı sahəsindəki xidmətləri də təqdirəlayiqdir. Bilirsiniz, idman gənclər üçün işıqdır. Bu işıq olmasaydı, gənclərin çoxu hansı istiqamətə yönələcəkdi? Bəziləri narkoman olub həbsxanaya düşəcəkdi ki, biz bununla böyük bir gənc nəsli itirmiş olacaqdıq. İdman bu gəncləri özünə cəlb edir, tərbiyə edir, həm orqanizmləri cavanlaşır, həm də ölkəmizin adını, bayrağını dünya dövlətləri arasında tanıdırlar. Bir sözlə, cənab Prezidentimiz ölkənin bütün sahələrinə eyni dərəcədə qayğı və diqqət göstərir. Mən onun xanımı Mehriban Əliyevanın gördüyü işləri də çox yüksək qiymətləndirirəm. Onlara uğurlar arzulayıram".

“Hər zaman hörmətli Prezidentimizin yanındayıq”

Xalq artisti Səkinə İsmayılova: “Bu gözəl gün münasibətilə Prezidentimizə can sağlığı arzu edirəm. Onun bizim, yəni sənət adamları üçün gördüyü işlər, bizə göstərdiyi qayğı hesaba gəlməyən dərəcədə çoxdur. 35 ilə yaxın muğam sənətimizi dünyada təbliğ və təmsil edən bir muğam ifaçısı kimi deməliyəm ki, belə bir dövlət başçımızın olmasına görə hər zaman qürur hissi keçirirəm. O, nəinki bizim nəsil ifaçıların, həmçinin gənclərin də qayğısına qalır. Əgər bu gün muğam sənətinə böyük axın varsa, bu, yalnız və yalnız dövlət başçımızın diqqətinin və sevgisinin nəticəsində baş verib. Çünki bu sənətə gələn hər bir gənc bilir ki, ona diqqət və qayğısını əsirgəməyən dövlət başçısı var. Muğam çox ağır sənətdir. Bu sənəti davam etdirmək, inkişaf etdirmək olduqca çətindir. İlham Əliyevin bizim nəsil xanəndələrə qarşı çox böyük sevgisi var. Ona görə biz 30-50 ilimizi bu sənətə həsr etdiyimiz üçün təəssüf etmirik, əksinə bununla qürur hissi keçiririk. Mən cənab Prezidentimizə, onun ailəsinə cansağlığı arzu edirəm. Bütün sənət adamlarının adından deyirəm ki, biz Azərbaycanımızın firavan yaşaması üçün gördüyü hər bir işi dəstəkləyirik. Hər zaman hörmətli Prezidentimizin yanındayıq”.

Xalq artisti Mələkxanım Əyyubova: “Dünyada elə bir dövlət başçısı yoxdur ki, ziyalılara, sənətkarlara bu qədər diqqət və qayğı göstərsin. Prezidentimizə cansağlığı, ailəsi ilə birgə xoş günlər arzulayıram. Muğam qədər ömrü olsun özünün də, ailəsinin də. Biz onun siyasi mövqeyini dəstəkləyirik”.

“Ulu Öndərin siyasətini uğurla davam etdirir”

“Şöhrət” və “Sənətkar” ordenli, xalq artisti Afaq Bəşirqızı: “Azərbaycanın gələcəyi, dövlətçiliyi naminə görəcəyi bütün işlərdə Cənab Prezidentə müvəffəqiyyət arzulayıram. Hər zaman belə lider olaraq qalsın. Bu Allah tərəfindən verilmiş istedaddır, qismətdir. Onun xarici və daxili siyasətini, Azərbaycanın böyüklüyünün, sözübütövlüyünün xatirinə atdığı addımları çox bəyənirəm. Heç kəsə sirr deyil ki, Azərbaycan incəsənətinin bugünkü uğurlarının təməlində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri var. Mənə elə gəlir ki, Ümummilli Liderin oğlu İlham Əliyev də Onun bu siyasətini uğurla davam etdirir və hər zaman mədəniyyətə xüsusi diqqət göstərir. Hər bir dövlətin bayrağından sonra mədəniyyət atributu önə çəkilir. Hər bir dövləti daha qabarıq onun silahları deyil, mədəniyyəti, incəsənəti təlqin və təqdim edir. Ona görə də Cənab Prezidentə bu sahədə daha böyük uğurlar arzu edərdim”.

“Hər zaman sənət adamlarına qayğı göstərir”

Xalq artisti, professor, “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülən Arif Babayev: “Allah Cənab Prezidentimiz İlham Əliyevin canını sağ-salamat eləsin. O, vəzifəyə gələn gündən bütün sənət adamlarına böyük qayğı göstərib. Şəxsən özümdən danışıram, mənə ev, orden verib. Ulu Öndər Heydər Əliyev mənə ”Şöhrət" ordeni, İlham Əliyev isə “İstiqlal” ordeni verdi. Bu yaxınlarda da bir neçə insanlara fəxri adlar verib və onların hamısını təbrik edirəm. İlham Əliyevin sayəsində Azərbaycanımız günü-gündən inkişaf edir və bütün sahələrdə uğurla addımlayır".


Xalq artisti, professor, “Şərəf” ordenli Ramiz Mirişli: “Azərbaycan Respublikasının dəstəkçisi, ilhamçısı, müstəqilliyimizin, dövlətimizin, dövlətçiliyimizin, inkişafımızın ucalığı Hörmətli Cənab Prezidentimiz İlham Əliyevdir. Sizin anadan olmağınız münasibətilə Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram. Möhtərəm Prezidentimiz, Sizə həsr etdiyimiz ”Odlar oğlu "əsərimizdən bir neçə misra nəzərinizə çatdırıram.

Birdir xalqın sözü, andı,
Yurdum, yuvam firavandır.
İlham bizim rəhbərimiz,
Gözəlliklər yaradandır".

Xalq artisti Firəngiz Mütəllimova: “Cənab Prezidentimizin daxili və xarici siyasətini çox bəyənirəm. Onu hər zaman dəstəkləyirəm. Prezidentimizə, bütün ailə üzvlərinə cansağlığı arzu edirəm. Allah onu Azərbaycan xalqının üzərindən əskik etməsin. Çünki hazırda Onun verdiyi evdə yaşayıram, Prezident mükafatı ilə dərmanlarımı alıram. Bilirsiniz ki, ağır əməliyyat keçirmişəm, həkim nəzarətindəyəm. İlham Əliyev çox səmimi, zarafatcıl, gözəl yumor hissi olan bir insandır. O, hər zaman sənət adamlarına xüsusi qayğı göstərir”.

“Dövlət başçısının sevgisi və qayğısı danılmazdır”

Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli Amaliya Pənahova: “Biz fəxr edirik ki, dünya prezidentləri sırasında ən savadlısı, biliklisi bizim Prezidentimizdir. Ona və ailəsinə cansağlığı, xoşbəxtlik arzu edirəm, xanımı, övladları, nəvələri ilə çox gözəl günlər yaşasın. Cənab Prezidentimizin rəhbərliyi dövründə teatr binaları təmir olundu və olunur, müxtəlif avadanlıqlarla təmin edilir, sənət adamlarına çoxlu fəxri adlar verilir. Bu siyasət Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə aparılırdı və hazırda İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident teatr haqqında onillik tədbirlər planına imza atdı və sərəncam verdi ki, teatrların inkişafı üçün geniş kompleksli işlər görülsün. Bu, əlbəttə, çox önəmli, lazımlı addım idi. Bu istiqamətdə iki ildən artıqdır ki, mütəmadi işlər görülür. Bu, yalnız və yalnız sözügedən sahəni inkişafa aparır. Filmlərin, serialların çəkilişinə ayrılan maliyyə vəsaitini də misal çəkmək olar. Ümumiyyətlə, Prezidentimizin mədəniyyətin inkişafına göstərdiyi sevgi və qayğı danılmazdır. İlham Əliyev təkcə mədəniyyətimizə deyil, ölkənin bütün sahələrinə bərabər diqqət və qayğı göstərir. Cənab Prezidentimizi həm doğum günü, həm də qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibəti ilə ürəkdən təbrik edirəm. Yeni il daha uğurlu və xalqımız üçün düşərli il olsun”.

“O günlər uzaqda deyil”

Xalq artisti Mənsum İbrahimov: “Biz fəxr edirik ki, Azərbaycanımızın belə müdrik Prezidenti var. O, Azərbaycanı həm xarici, həm daxili siyasəti ilə irəliyə aparır. Prezidentimiz sənətə, sənətkarlara qarşı çox diqqətlidir. İlham Əliyev tez-tez cəbhə bölgələrinə gedir, Vətəninin hər qarış torpağını sevir. Cənab Prezident İlham Əliyev Ulu Öndərimizin çox layiqli davamçısıdır. Heydər Əliyevin Azərbaycanla bağlı arzularını bu gün Onun oğlu İlham Əliyev cənabları həyata keçirir. Artıq Azərbaycan qüdrətinə görə Qafqazda birinci dövlətdir. Mən doğum günü ilə əlaqədar Cənab Prezidentimizə birinci növbədə cansağlığı, ikinci növbədə Azərbaycanımız naminə atdığı addımlarda uğurlar diləyirəm. Allah ona uzun ömür versin ki, Azərbaycan barədə bütün arzularını həyata keçirə bilsin. Çox istəyirəm ki, onun komandanlığı altında Qarabağımız tezliklə azad olsun. Və bu qalibiyyətimizi Qarabağımızda çox gözəl, təntənəli şəkildə qeyd edək. İnanıram ki, o günlər uzaqda deyil. Onun rəhbərliyi ilə azad olunmuş Qarabağda, Şuşada biz xanəndələr ”Qarabağ şikəstəsi"ni səsləndirib, qələbəmizi bayram edək".

teleqraf.com

Xəbər lenti

DAHA ÇOX XƏBƏR