Oksana: “Sevişmərəm də, öpüşmərəm də” - Fotolar
Bizi izləyin

Tabloid.az

Oksana: “Sevişmərəm də, öpüşmərəm də” - Fotolar

Mən insanları necə başa salacam ki, öpüşən mən deyiləm

2014-cü ilin sonuncu ayı rəqqasə Oksana üçün uğurlu oldu. 32 yaşını məhz bu ay qeyd edən rəqqasə “Sarı gəlin” mahnısına Şəkidə çəkdirdiyi klipini sevənlərinin ixtiyarına buraxdı. Tabloid.az-a müsahibəsinə də bu ilin bu son uğurundan danışmaqla başladı.

Tarixi məkanlar, tarixçəsi olan mahnılar milli rəqsdə

- Milli rəqslər üzrə peşəkar deyiləm. Ancaq bu klipdə çalışdım ki, özümün bacarığımı ortaya qoyum. Eyni zamanda düşündüm ki, çıxış etdiyim ölkələrdə məni azərbaycanlı kimi tanıyırlarsa, mən niyə rəqsimlə mədəniyyətimi təbliğ etməyim?! Elə bu məqsədlə də mahnılar seçib həmin mahnılara rəqs qurmağı və həmin rəqslərə hər bir bölgədə klip çəkməyə qərar verdim. Artıq ilk mahnı hazırdır. Şəkidə “Sarı gəlin” mahnısı ilə bu işə start verdim. Xoreoqrafım Zülfiyyə xanımla 2 aya yaxın məşq elədik. Şəkidə Xan Sarayında 3 gün çəkilişdə olduq. Növbəti dəfə Gəncədə “Azərbaycan maralı” xalq mahnısına klip çəkdirməyi düşünürəm. Ümumiyyətlə, 10 rayonda 10 mahnı olacaq. Seçilən mahnıların hər biri öz tarixçəsi olan mahnılardır. Həmin mahnıları mən yox, xoreoqrafım seçir. Qədim məkanlarımızın hər biri bu layihədə öz yerini alacaq. Hesab edirəm ki, müasir gənclik, hətta uşaqlar belə bilgini internetdən alırlar. Onlar kitabları çoxdan internetlə əvəz ediblər. Mən də tarixi yerləri göstərən kliplərimlə milli-mənəvi dəyərlərimizlə bağlı yaranan boşluğu doldurmaq istəyirəm. Elə götürək, “Sarı gəlin” klipimi. 3 dəqiqədən artıq çəkən bir vaxt ərzində tarixi yerlərimizi, milli mədəniyyətimizi, milli rəqsimizi, Qarabağ atını, xalçalarımızı göstərməyə çalışdıq. Klipdə milli musiqi alətlərimiz olan tütək və balabanla ifa səsləndi. Bütün bunlar 3 dəqiqə ərzində göstərə bildiklərimizdir. Hər biri də Azərbaycanın qiymətli mədəniyyət nümunəsidir. Klipə gəlincə... “Sarı gəlin”i xalq artistlərindən tutmuş rəqqasələrin çoxu ifa edib. Ancaq mən bu rəqsə klip çəkən ilk rəqqasəyəm. Üstəlik, burada rəqqasə olaraq mənim peşəkarlığım deyil, vətənim, onun milli-mənəvi dəyərləri qabardılır. Nəinki istifadə olunan bina, məkan, əşya və sairdə, elə mənim rəqsimdə də Azərbaycan təbliğ olunur.

- Demək istəyirsiniz ki, həyata keçirəcəyiniz layihədə rəqqasə Oksana deyil, Azərbaycan öndədir.

- Bəli. Onu da qeyd etməliyəm ki, vətənindən uzaqda yaşayanların patriotluğu daha yüksək olur. Hindistanda yaşadığım müddətdə dəstəyi həmişə həmin ölkədə yaşayan azərbaycanlılardan aldım. Bu illər ərzində tanımadığım nə qədər insandan kömək gördüm.

Hind rəqsindən milliyə

- Milli rəqsi ifanızda bəyənən oldumu?

- Xoreoqrafım Zülfiyyə xanımın yoldaşı İlham İbrahimov məşhur rəqqasdır. O, işin 80 faizinin öhdəsindən gədiyimi dedi. Onu da qeyd etdi ki, əllərim incədir. Sanki Azərbaycan milli rəqsi üçün yaranıb. Bu da məni çox sevindirdi.

- Artıq neçə illərdir işləyirsiniz... Çoxlu klipləriniz var. Kimlərlə işləmək xoşunuza gəlir?

- “Sarı gəlin”in də rejissoru Kənan Musayevlə Atəşgahda “Eşq” klipini çəkdik. İşi ürəyimə yatır. Onunla artıq ikinci işimizdir. Yəqin ki, davamı da olacaq. Operatorlar arasında da işləməyi çox sevdiyim adamlar var. Məsələn, kinematoqrafiyada Elmir Süleymanovla artıq 5 klipdə işləmişik. Sonuncu klipdə isə vertolyotdan da çəkilişlər oldu. Bunun üçün fotoqraf Kamran Aydınova da minnətdaram. Aktyor İlqar Musayevlə işləmək də rahatdır. Yaxşı at çapmaqla yanaşı üz cizgiləri də qədim insanlara bənzəyir. Odur ki, onun da klipdə iştirakı lap yerinə düşdü.

- Milli rəqsə keçid çətinlik yaradıb deyəsən...

- Bəli, bir az çətin oldu. Ritmik hərəkətlərdən sonra süzmək, təbii ki, çətin olacaqdı. Hind rəqsləri ilə Azərbaycan rəqslərində yeganə ümumi cəhət vahid süjet xəttinin olması və rəqsdə hər hərəkətin bir mənası olmasıdır.

- Hind rəqslərinin mahir ifaçısısınız. Milli rəqslərə də başlamısınız. Müəyyən mərhələdən sonra bu rəqsləri sintez etmək fikriniz yoxdur ki?

- Niyə də yox. Mən hər zaman sintezə maraq göstərmişəm. Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinin sözləri ilə bu dastana həsr olunan hind mahnısını miksləşdirmişəm. Söhbət “Eşq” klipindən gedir. Ancaq rəqslərin sintezi barədə yalnız layihəm başa çatandan sonra, qarşıma qoyduğum əsas məqsədimə çatandan sonra düşünə bilərəm.

- Hind rəqslərinin yeganə ifaçısı deyilsiniz. Bu sahədə münsif gözü ilə kimi yüksək qiymətləndirərdiniz?

- Ancaq tələbələrimi... Mənim tələbələrim bəzi rəqqasələrdən yaxşı oynayır.

Rəqsdən isə kinoya bir addım

- Yeni ildə Hindistanda olacaqsınız. Fevrala qədər orada olacağinizdan belə görünür ki, bu səfər həm də işgüzar xarakterlidir?

- Hindistanda filmə çəkiləcəyəm. Hələlik çəkilişlər uzanır. 6 aya qədər hazırlıqlar gedəcək. Fevral ayında bəzi müqavilələr imzalanacaq. Rəqslə bağlı da bəzi işlərim var. Onları yekunlaşdırmalıyam.

- Hindistanda çəkiləcəyiniz filmin ssenarisi ilə tanışsınızmı? Obrazınız çətindirmi? Yəni, filmdə oynamağı bacaracaqsınız?

- Əlbəttə, bacaracağam. Mənim dünya səviyyəli aktyorluq diplomum var. Hindistanda aktyorluq üzrə müsabiqənin qalibiyəm. Bundan əlavə Bollivudda 5 ay Anupam Kerin aktyorluq məktəbində də təhsil almışam. Hər hansı obrazı yaratmaq mənə çətin deyil. Ümumiyyətlə, aktyor hər rola girməyi bacarmalıdır. Ssenari ilə bağlı danışmağa isə icazəm yoxdur. Yalnız onu deyə bilərəm ki, romantik trillerdir.

- Sevgi səhnəsi varmı?

- Əlbəttə var. Hindistan filmi ola, sevgi olmaya? Hind filmlərinin gözəlliyi ondadır ki, sevgi səhnələrində vulqarlıq olmur.

- Azərbaycanda bir sevgi filmində necə, oynamaq fikriniz var?

- Bəli. Tanınmış kinorejissordan birindən təklif almışam. Ancaq bu barədə qabaqcadan danışmaq istəmirəm.

- Sevgi filmini təsadüfən demədim. Axı sevgi filmində sevişmə səhnələri olur...

- Yox, yox. Bu, mümkün deyil. Mən qabaqcadan demişəm rejissora. Açıq geyimlər, qısa paltarlar geyinə bilərəm. Ancaq erotik səhnədə, vulqar sevgi münasibətlərində rol ala bilmərəm. Hətta öpüşməyə də icazə vermərəm. Bilirsiniz, mənə nə qədər elə təkliflər gəlib. Öpüşmək lazım olan səhnələrdə oynamaram. Belə təklifləri də rədd edirəm. Hətta dublyor olacağı şərti ilə də razı olmuram. Mən insanları necə başa salacağam ki, öpüşən mən deyiləm. Üstəlik, bu təkliflərin qarşılığında verilən qonorar da deyiləsi vəziyyətdə deyil.

Sevgiyə “stop"?

- Həyatınızda nə var, nə yox?

- Heç nə. Tamamilə boşdur. Sevgi insanı 5 addım qabağa aparırsa, 10 addım da geri qoyur. Ona görə də, sevgiyə “stop” demişəm. Fikrimdə ancaq iş və karyeradı. Sevgidə uğursuzluq gördüm.

- Dekabr ayında doğulmusunuz. Ad gününüzü qeyd etdinizmi?

- Ən yaxın ətrafımla, anam-atamla oldum. Bir neçə ay əvvəl yaxın qohumumu itirmişəm. Bu səbəbdən qeyd etmədik. Heç ötən il də təntənəli qeyd etməmişdim.

- Ancaq hədiyyələr aldınız... Hətta tələbələriniz üzük bağışladı. Ümumiyyətlə, hədiyyələrinizi bəyəndinizmi?

- Tələbələrim məni həmişə təəccübləndirir... Bəyənmək deyəndə ki, hədiyyənin qiyməti olmur. Tanıdığım, tanımadığım o qədər insandan hədiyyə alıram ki... Onların hamısı da mənim üçün dəyərlidir. Ancaq mən hədiyyə almağı deyil, hədiyyə verməyi çox sevirəm.

"Gündəlik Teleqraf" MMC-yə daxil olmayan saytların istinadla olsa belə web-səhifəmizdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm