Hollivudun ən cazibədar kürən gözəli - Fotolar
Bizi izləyin

Tabloid.az

Hollivudun ən cazibədar kürən gözəli - Fotolar

27 yaşlı amerikalı aktrisa son illər stil ikonası kimi diqqət çəkir

Son illər Hollivudda parıldamaq istəyən aktrisalar təkcə gözəlliyin kifayət etmədiyinin fərqindədirlər. Hamının diqqət mərkəzində olmaq üçün həm də zövqlü geyinmək, hətta stil ikonasına çevrilmək lazımdır. Karyerasına “Superbad” adlı komediya filmi ilə başlayan və 2008-ci ildə “The house Bunny” filmi ilə şöhrət pilləkənlərini qalxmağa başlayan gənc aktrisa Emma Stoun da bunun fərqində idi. Odur ki, aktrisalığa hələ 8 ilini verdiyi halda “Hörümcək adam” da daxil olmaqla onlarla filmdə rol almağı və stil ikonasına çevrilməyi bacarıb.

Bu elə də asan deyil, o, indiki kimi cazibədar və zərif görünmək üçün bir çox tərzi, saç rənglərini, düzümlərini sınaqdan keçirib. Hətta özünə yaraşan saç rəngini tapmaq üçün o qədər rəng dəyişdirib ki, ona “buqələmun” ləqəbini verənlər də olub.

Son vaxtlar qatıldığı hər festivalda, hər dəvətdə gözəlliyi və zərifliyi ilə bütün gözəlləri kölgədə qoyan Emma Stoun mənim də diqqətimdən yayınmadı. Ona görə də tabloid.az-ın “Onların stili” layihəsində bu dəfə 27 yaşlı bu gözəlin möhtəşəm stilindən yazmağa qərar verdim.

Əvvəlcə onu qeyd edim ki, ötən il dünyanın ən seksual gözlərinə sahib qadını seçilən Emma Stounun şəxsi həyatı çox sakit keçir. Digər ulduzlardan fərqli olaraq aktrisa uzun müddətli münasibətlər qurmağa çalışır. Hazırda həmkarı Endryu Qarfild ilə eşq yaşayan Emmanın daha yaraşıqlı biri ilə münasibətdə olması bütün pərəstişkarlarının arzusudur.

Ancaq necə deyərlər, eşqin gözü kordur. Onu da qeyd edim ki, cütlük bu ilin yayında evlənməyi düşünür.

Rəng hərisi

Emma rəngli geyinməyi çox sevir. Ancaq bu, onun qarmaqarışıq, rəngarəng libaslar geyindiyi mənasını vermir. Əksinə bir rəng çalarından, sadə, düz libasları daha çox sevir. Sarı, qırmızı və çəhrayı rəngin müxtəlif çalarlarına tez-tez müraciət edir.

Saç rəngini tez-tez dəyişdirdiyi üçün təbii ki, geyiminin o ankı saç rənginə uyğun tonlarda olmasına diqqət edir. Ağ və qara da onun sevdiyi rənglər arasındadır.

Emma Stone / Günün Stili

Bər-bəzəkli, daş-qaşlı paltarlar onun stilinə uyğun deyil. Emma daha çox paltarın kəsiminə və bədən quruluşuna uyğun olmasına diqqət edir. Dəvətlərdə onu daha çox maksi, ətəkləri yerdə sürünən libaslarda görürük. Sinə dekoltesinə üstünlük verir.

Bəzən də kürəyini açıqda qoyan geyimlər seçir. Qısa libaslar da onun qarderobunda yer alır.

Demək olar ki, ziyafət libaslarının hamısı bədənə yapışan modellərdir. Həm də beli vurğulayan, belində kəmər detalı olan libaslar üstünlük təşkil edir.

Ancaq mən də ona uzun, ətəyi tül libasları daha çox yaraşdırıram. Belə geyinəndə çox zərif və kübar görünür.

Sadə, amma bahalı aksessuarlar

Qırmızı xalıda hamını özünə heyran edən Emma stilini hündürdaban, dəbli ayaqqabıları ilə tamamlayır. Ən sevdiyi ayaqqabı markası “Christian Louboutin”dir. “Brian Atwood” firmasının ayaqqabılarını da sevərək geyinir.

Onun üçün çanta qadının obrazını tamamlayan əsas aksessuardır. Ona görə də dəvətlərə gedərkən mütləq klatç götürür. Kiçik dörtkünc və silindr klatç modellərini çox sevir. Klatçının geyindiyi ayaqqabının rəng çalarına uyğun olmasına diqqət edir.

Təbii gözəlliyə sahib olan gənc aktrisa kiçik və sadə aksessuarları xoşlayır. Kiçik sırğalar və zövqlə seçilmiş saç aksessuarları onun kübar obrazını tamamlamağa kömək edir.

Emma çox təvazökardır. O, özünü "ilin ən yaxşı geyinənləri" siyahılarında görəndə təəccüblənir. Ulduz hər fürsətdə şıqlığını stilisti Petra Flanneriyə borclu olduğunu söyləyir. "O, mənim pəri nağıllarındakı şahzadələr kimi işıltılı libaslar geyinmək istəmədiyimi bilir. Elə geyinsəm, 8 yaşındakı qız uşağına oxşayaram. O tərz libaslar mənə yaxşı yaraşmır. Məni yaşımdan böyük göstərsə də, daha sadə və klassik geyimləri sevirəm. Qırmızı xalıdakı tərzimin bəyənilməsində Petranın rolu böyükdür".

Kürən gözəl

Yazının əvvəlində də qeyd etdiyim kimi, Emma Stoun saç rəngini tez-tez dəyişən ulduzlardandır. Onu sarı və qəhvəyi rəngin müxtəlif çalarlarında görmüşük.

Ancaq nəhayət ona ən çox kürən saçların yaraşdığını anlayan ulduz bir müddətdir ki, bu saçlardan vaz keçmir. İstər uzun, istərsə də qısa olsun saçlarını buruq etməyi sevir. Dalğalı bob saç kəsimi isə ona çox yaraşır. Saçlarını açıq saxlamağı xoşlasa da, kürək dekolteli geyimlər seçəndə dağınıq toppuza üstünlük verir.

İnsanı valeh edən baxışlar

Bəzi qadınlar çillərindən xilas olmağa çalışırlar. Hətta çillərin gözəlliklərinə kölgə saldığını düşünənlərin də sayı az deyil. Ancaq Emma Stoun bir daha sübut edir ki, çillər insana əlavə cazibədarlıq da bəxş edə bilər.

Olduqca füsunkar baxışlara sahib olan Emmanın makiyajda gözlərini vurğulaması heç kimi təəccübləndirmir. Əslində bu gözəl xanımın gözlərini ön plana çıxartmasına ehtiyac yoxdur. Çünki o gözlər onsuz da hər zaman diqqət çəkməyi bacarır. O, laynerlə yanaşı libasının rəng tonuna uyğun göz kölgələri də çəkir. Emma istənilən dodaq boyasını seçə bilir. Həm bej çalarlar, həm də qırmızı, çəhrayı və zoğalı kimi iddialı rənglər ona çox yaraşır.

Gözəl ulduz nadir hallarda olsa da, həm gözlərinə, həm də dodağına iddialı rənglər çəkir. Mən isə ona sadə makiyajı yaraşdırıram. Bu zaman onun təbii gözəlliyi ortaya çıxır.

27 yaşlı amerikalı aktrisanın gözəlliyi sadəcə biz tamaşaçıların deyil, eyni zamanda da dünyanın ən məşhur brendlərinin diqqətini çəkir. Odur ki, “Revlon” brendi kosmetik vasitələrini tanıtması üçün reklam siması olaraq bu cazibədar xanımı seçib.

Ötən il “Revlon” brendinin siması olan gözəl aktrisa demək olar ki, hər zaman bu markanın makiyaj vasitələrindən istifadə edir. Ən sevimli dodaq boyası isə “Revlon Colorburst Lacquer Balm” seriyasında olan “Whimsical” adlı pomadadır. Emma xüsusi dəvətlərlə və mərasimlərə gedərkən də bu dodaq boyasını çəkir.

emma revlon

Cins sevgisi

Qırmızı xalıda olduqca şıq və zərif görünən Emma Stoun üçün gündəlik həyatda rahatlıq ön plandadır. Demək olar ki, həmişə babet geyinir. Cins şalvarlar isə onun vazkeçilməzidir. Sadə cins şalvarla koftanı payız aylarında pencək, qış aylarında isə gödəkçə ilə geyinir. Yaz və yay aylarında da isə kombinlərində qısa ətək və şortlar da əlavə olunur. Ancaq cins şalvarlar isti havalarda belə onun ilk seçimidir.

Jurnalların üz qabığını bəzəyən gözəl

Gözəl ulduz Emma Stoun bir-birindən məşhur jurnalların üz qabığına çıxıb. Baxıb zövq almağınız üçün ən yaxşılarını seçmişəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm