Əflatun Amaşovdan 4 təklif
Bizi izləyin

Qırmızı.az

Əflatun Amaşovdan 4 təklif

“Bu il ali məktəblərə daxil olmaq istəyən abituriyentlərin 341-nin ixtisas seçimində jurnalistika da var idi. Ümumi test imtahanından sonra onların 163-ü jurnalistika üzrə keçirilən qabiliyyət imtahanlarında iştirak etdi və yalnız 57-si bu mərhələni uğurla başa vurmağı bacardı”.

Publika.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasını sədri Əflatun Amaşov deyib: “Ali məktəblərin jurnalistika ixtisası üçün ayrılmış 198 yerə qarşılıq 57 rəqəmi az görünə bilər. Bu baxımdan bir neçə məqamı bölüşmək istərdim.

Birincisi, əvvəllər də jurnalistika ixtisası üçün ümumilikdə 200-ə yaxın yer ayrılırdı. Həmin yerləri tutan, yəni jurnalistika ixtisaslı bakalavrların heç də hamısı ali məktəbi bitirdikdən sonra peşəsi üzrə fəaliyyət göstərmirdi.

İkincisi, uzun müddət idi ki, jurnalistikaya qəbulda qabiliyyət imtahanı mexanizmi tətbiq edilmirdi. Nəticədə 2014-cü ildən başlayaraq jurnalistikaya qəbul prosesində qabiliyyət imtahanı tətbiq edildi.

Bu mexanizm özlüyündə cəmiyyət üçün yenilikdir və mövcud istiqamətdə müvafiq maarifləndirmə işlərinin aparılmasına ehtiyac var.

Üçüncüsü, jurnalistikada həvəs amili mütləqdir. Ümumən bütün dövrlərdə bu peşə cəmiyyətdə populyar sayılıb. Bu sahədə çatışmazlıqların hələ də qalmasına baxmayaraq, düşünmürəm ki, jurnalistikanın nüfuzu tam şəkildə aşağıdır.

Yaxşı olardı ki, mövcud xüsusda qabiliyyət imtahanındakı qiymətləndirmənin nisbətən yüngülləşdirilməsi məsələsi nəzərdən keçirilsin.

Dördüncüsü, məlum olduğu kimi, ali məktəblərin jurnalistika ixtisası üzrə magistr pilləsinə qəbulda da yeniliklər edilib. Əgər əvvəllər yalnız humanitar sahəni bitirənlər jurnalistika fakultəsində magistr təhsili ala bilirdilərsə, 2014-cü ildən başlayaraq digər sahələrin də bakalavrlarına belə imkan yaradılıb.

Hesab edirəm ki, əsas hədəf jurnalistikaya həvəsi olanların bu sahəyə axınını təmin etməkdən ibarətdirsə, o zaman həm qeyd etdiyim mexanizm, həm də bakalavr pilləsinə qəbul zamanı jurnalistikaya marağı olanların nəzərə alınması müstəsna əhəmiyyət daşıyır. Buna görə də ümumən jurnalistika təhsili sahəsindəki seçilmiş hazırkı yolu daha optimal və prinsipial qiymətləndirirəm.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm