Nazirlik: İstinad divarı uçsa, yola və avtovağzala ciddi zərər dəyəcək
Bizi izləyin

Qırmızı.az

Nazirlik: İstinad divarı uçsa, yola və avtovağzala ciddi zərər dəyəcək

Ötən gün Bakı-Sumqayıt yolunda baş verən sürüşmə genişlənib. Eni 1-2 sm, uzunluğu 5-6 metr artıb.

Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Onun sözlərinə görə, sürüşmənin dinamikasında fəallaşma müşahidə edilir. Onun qarşısını almaq üçün tədbirlər görülməsə, sürüşmə genişlənə bilər:

“Qarşıdan yağışlı günlər gəlir. Bundan başqa, ərazidəki yaşıllığın suvarılması da davam etdirilir. Biz ərazidə olanda da yaşıllıq suvarılmışdı, yol boyu su axdığını müşahidə etdik. Bütün bunlar üst-üstə toplanır və sürüşmə sahəsi daha da genişlənir. Ərazidə yol tökmə torpaq üzərində çəkilib. Torpağa su vuranda məhlul halını alır, dayanıqlığını itirir. Nəticədə, belə sürüşmələrin baş verməsi qaçılmaz olur. Artıq bütün kütlə avtovağzal istiqamətində hərəkət edir, istinad divarında da çatlar əmələ gəlib. Yeganə müsbət məqam yolda beton konstruksiyanın olmasıdır ki, o, uçmanın qarşısını alır. Lakin istinad divarında başdan-ayağa çatlar müşahidə edilir”.

Ə.Piriyev bundan sonra problemin qarşısının alınması ilə bağlı aidiyyəti qurumların tədbir görməli olduğunu bildirib:

“Sürüşmə bu günün işi deyil. Orada illərdir baş verən hadisələrin izləri var. Tək səbəb suvarma olmasa da, o da səbəblər sırasındadır. Suvarma normal aparılsa, problem olmaz. Oradakı əməkdaşların bizə dediyinə görə, gur su ilə suvarma aparılır. Düzdür, bu prosesi özümüz müşahidə etməmişik. Hesab edirik ki, sürüşmənin baş verməsi bir neçə səbəblə əlaqədardır. Bu yaxınlarda güclü yağışlar yağdı, Biləcəridən gələn sular Avtovağzal tərəfə axır. Yekun olaraq deyə bilərik ki, sürüşmənin səbəbi sudur. Yağışlar intensivləşsə, sürüşmə, çökmə sahəsi genişlənəcək. Hələ ki, sürüşmənin ətraf ərazilər üçün təhlükəsi yoxdur. Avtovağzalın özülü monolit olduğuna görə sürüşmə ona təsir etmir. İstinad divarının uçmaması üçün işlər görülməlidir. Çünki bu divar uçsa, yola və Avtovağzala da zərər vura bilər. Suyun mənbəyini tapıb, qarşısını almaq lazımdır, bunu etməsək istinad divarı dağıla bilər. Bunun üçün də bizim nazirliklə yanaşı, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da hadisə yerində işləyirlər”.

Qeyd edək ki, ötən gün Bakı-Sumqayıt yolunda baş verən sürüşmə nəticəsində yolun dayanacaq hissəsində yol 30-40 sm çöküb, istinad divarı 15 sm aralanıb, Avtovağzal tərəfə əyilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm