Tiflisin oyunu, Bakının sərt üzü: Cənubi Qafqazı kim qarışdırır? - TƏHLİL
Bizi izləyin

Nida.az

Tiflisin oyunu, Bakının sərt üzü: Cənubi Qafqazı kim qarışdırır? - TƏHLİL

Regionun əsas gücü olan Bakıya qarşı Tiflisin “qaz şantajı”nın arxasındakı məqamlar Cənubi Qafqazda siyasi proseslərin çətin döngəyə qədəm qoyduğunu göstərir. Rusiyaya rəğmən, пurcuları ən çətin vaxtlarında öz qanadı altına alan Azərbaycana qarşı atılan addımlar düşündürücüdür.


Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin qəfil Bakı səfəri onu göstərdi ki, Bakı Tiflisdən “qaz şantajı” haqda dolaşan xəbərlərin hesabatını istəyir.


Qaribaşvilinin hava limanında energetika naziri Natiq Əliyev tərəfindən qarşılanması səfərin əsas müzakirə mövzusunun məhz enerji olacağına şübhə yeri qoymadı. Adətən, ölkəmizə səfər edən dövlət rəhbərlərini protokola görə baş nazirin müavini Yaqub Eyyubov qarşılayır.

Səfərlə bağlı rəsmi məlumatda İ.Qaribaşvili ilə Prezident İlham Əliyev arasında 3 saatlıq görüşün olduğunu, əsas müzakirənin də energetika, nəqliyyat və infrastruktura həsr edildiyi deyilir.


Tiflis hansı oyunu oynayır?


Ötən həftə Gürcüstanın energetika naziri Kaxe Kaladze ölkəsinin Rusiyadan aldığı qazın həcmini çoxaldacağını açıqlayıb. O, Azərbaycanın əsas qaz təchizatçısı olduğunu desə də, yayılan xəbərlər Tiflisin oyun oynadığını göstərir. Belə ki, sentyabr ayında gürcü rəsmiləri Tiflisdə qapalı konfrans keçirib. Həmin konfransda Gürcüstanın İrandan qaz almaq istədiyi və bunun üçün amerikalılardan onlara dəstək verməyi xahiş olunub. Bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini David Dondua ötən həftənin sonunda parlamentdə “Azad demokratlar” fraksiyasının üzvləri ilə keçirdiyi görüşdə bildirib.


Qeyd edək ki, hazırda Gürcüstanın qaz təchizatını SOCAR təmin edir. Məlumatlara görə, 2014-cü ildə qaz çatdırmaları 0,3 və 2,1 milyard kubmetr arası dəyişib. Bununla yanaşı, SOCAR Gürcüstandakı neft satışının 72 faizinə, dizel satışının isə 61 faizinə nəzarət edir, həmçinin Kulevi neft terminalı da onun ixtiyarındadır. ARDNŞ Gürcüstana hər ay 20.000 ton neft məhsulu, həmçinin 15.000 ton benzin idxal edir. Şirkətin indiyə kimi Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi 700 milyon ABŞ dollarıdır. Bütün bunlarla yanaşı, Azərbaycan Gürcüstanın ən çətin günlərində ona yardım edib. Xüsusilə 2008-ci il müharibəsindən sonrakı dövrdə bu ölkənin ayaq üstə qalmasında əsas rol məhz Bakının üzərinə düşmüşdü.


İndi Gürcüstanın bu addımı sual doğurur. Xüsusilə Azərbaycan bu ölkəyə satdığı qazı öz əhalisinə satdığı qazdan daha ucuz qiymətə verməsi fonunda Tiflisin pərdə arxasında ikitərəfli əməkdaşlığa zərbə vurması diqqətdən yayınmır.

Gürcüstanın arxadan vurduğu zərbənin bir neçə səbəbi ola bilər.


1. Rusiya Tiflisi hansısa təhdidlərlə şantaj edir.

2. Cənubi Osetiyadakı rus hərbçiləri təxminən bir ay öncə Bakı-Supsa neft kəmərinin bir hissəsinə nəzarəti ələ keçirdi. Hesab etmək olar ki, Tiflis yaxınlaşan təhlükəni hiss edir və növbəti dəfə 2008-ci ildə olduğu kimi “beş günlük müharibə”nin baş verməməsi üçün indidən güzəştlərə gedir.

3. Qərbyönümlü Saakaşvilinin gedişindən sonra hakimiyyətə gələn Bidzina İvanişvilinin komandası Rusiyaya meyilliliyini açıq şəkildə ortaya qoyur. Belə ki, “Gürcü arzusu” koalisiyası hakimiyyətə gələndə onun Moskvaya yaxın olduğu haqda informasiyalar dolaşırdı.


Hər üç səbəb realdır. Xüsusilə Rusiyanın Gürcüstana yenidən qoşun yeritmək cəhdləri həmişə gündəmdədir. Rusların Gürcüstana müdaxiləsinə əsas yaradacaq ilk məsələ Ermənistana quru yolunun açılmasıdır. Hələ bu ilin yanvar ayında Avar – Kaxetiya yolunun yenidən qurulması məsələsi gündəmə gəldi. Çünki Ermənistan Avrasiya İttifaqına daxil olub, lakin ittifaq ölkələrinin heç biri ilə quru əlaqəsi yoxdur. Gürcüstan müəyyən haqq qarşılığında tranzit rolunu üstünə götürüb, lakin Moskva üçün daha sabit yol lazımdır. Məlumatlara görə, Gürcüstan dəhlizi ideyası hələ 2008-ci il müharibəsində var idi. Gürcü ekspertlər bildirirlər ki, Rusiyaya Ermənistan sərhədinə birbaşa çıxış üçün Kaxetiya yolu lazımdır. Bu vəziyyətdə Gürcüstan potensial qurbana çevriləcək. Rusiyada əvvəlki kimi İranda vəziyyətin kəskinləşməsi halında Şimali İranın işğalı haqqında söhbətlər davam edir. Rusiya Baş Qərargahı artıq açıq şəkildə bildirir ki, bunun üçün onlara Gürcüstan vasitəsilə dəhliz lazımdır.


Belə təhlükələrin qarşılığında Tiflisin geri çəkilməsi təəccüblü deyil. Lakin İvanişvili komandasının dolayısı ilə Rusiyaya yaxınlığı da unudulmamalıdır. “Gürcü arzusu” iqtidara gələndə hər kəsi “Qərb öz adamı Saakaşvilini nə üçün müdafiə etmədi?” sualı düşündürürdü. Cavab da uzaqda deyildi.


Rusiya ilə Qərb Gürcüstanda ortaq gücü iqtidara gətirdi və bu güc Saakaşvilinin yolunu getməyəcək, xüsusilə Rusiyaya qarşı sərt olmayacaq”, - deyə iddialar arasında bu da var idi.


İllər sonra Gürcüstanın Azərbaycanın arxasından iş görməsi və Rusiyanı daha üstün tutması müxtəlif ehtimalların yaranmasına səbəb olur.


Azərbaycanın Gürcüstan bazarında rəqiblərlə üzləşməsi itkilər baxımından yetərincə narahatedici vəziyyətdir.

Birincisi, Rusiya qazının Gürcüstan enerji bazarına daxil olması Azərbaycan qazını gözlənildiyindən daha artıq sıxışdıracaq.
İkincisi, Azərbaycanın Gürcüstana yatırdığı investisiyalara təhlükə yarana bilər.
Üçüncüsü, Gürcüstanda möhkəmlənən Rusiya Azərbaycanın Qərb bazarına yeganə çıxışını bağlaya bilər.

Bakıda təhlükəli gələcəyi yetərincə proqnozlaşdıra bilərlər. Gürcüstan baş nazirinin Azərbaycana səfəri, ardınca Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 6-da Tiflisə səfər edəcəyi haqda rəsmi informasiyanın yayılması da rəsmi Bakının prosesi ciddiyə aldığı və sərt şəkildə üzərinə getdiyini göstərir. Təbii ki, bundan sonra baş verəcəkləri proqnozlaşdırmaq bir qədər çətindir. Lakin Qərbin əsas dəstək verdiyi və Rusiya qazına alternativ olaraq qəbul etdiyi Azərbaycan qazını Avropa bazarına çıxaracaq strateji layihələr unudulmamalıdır. Hesab etmək olar ki, Qərb bütün vasitələrlə Rusiyanın Gürcüstan bazarında hakim olmasına icazə verməz. Bu da Azərbaycanın maraqlarına uyğundur.


***

Hazırda Gürcüstanda Qərb və Rusiya tərəfdarları arasında ciddi fikir ayrılığı yaşanır.

Misal üçün, “Neytral Avrasiya Gürcüstanı” adlı yeni yaranan siyasi partiyanın sədri Arçil Çkoidze “Ria-Novisti” xəbər agentliyinin Tiflisdəki ofisində keçirdiyi mətbuat konfransında belə deyib: “25 ildir biz utopik ideya olan NATO-ya üzv olmağın arxasınca düşmüşük. Bizim yolumuz Rusiya olmalıdır”.


Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Valeri Xaburdzaniya isə Cənubi Qafqazda Rusiya hökmranlığını bərpa etməyin vaxtının çatdığını deyib: “Biz regionda Rusiya hökmranlığını bərpa etməliyik və hesab edirəm ki, bu, regionun hər üç ölkəsinin maraqlarına uyğundur”.

Buna paralel olaraq, Gürcüstan müxalifəti aksiyalar keçirir. Oktyabrın 10-da İvanişvilinin mənzil-qərargahının önündə keçirilən aksiyada iştirakçılar “Qazprom” azadlığın qaz kamerasıdır” şüarları səsləndirib.

“Tabula” müxalifət televiziyası növbəti aksiyanı oktyabrın 17-də keçirmək qərarına gəlib.


Gürcüstanın azadlığı təhdid altındadır. Hökumət bizi “Qazprom”un tələsinə salır. Gürcüstanın enerji təhlükəsizliyi gürcü xalqının uğurudur və biz bunu güzəştə getməyəcəyik”, - deyə etirazçılar bildiriblər.

Bu arada keçmiş prezident Saakaşvilinin sədri olduğu “Vahid Milli Hərəkat” partiyası şok iddia irəli sürüb. Partiyanın iddiasına görə, hazırkı iqtidarın “xaç atası” olan Bidzina İvanişvili “Qazprom”un səhmlərinin 1 faizinə sahibdir. Məhz buna görə də rusların Gürcüstana girməsi üçün o, hökumətə təzyiq edir.

Gürcüstanın “Azad demokratlar” parlament fraksiyasının lideri İrakli Alasaniya da hökuməti sərt tənqid edib.


“Gürcüstan hökumətinin sədri balaca uşaq kimi bir neçə gün əvvəl yol verdikləri səhvləri düzəltmək üçün qaça-qaça müxtəlif qonşu ölkələrə getməli olur. “Biabırçılıqdır ki, onlar bu addımları ilə strateji tərəfdaşımız olan Azərbaycanla münasibətləri korlayıblar. Bunun arxasında dövlət maraqları dayanmır, çünki biz daha bahalı və siyasiləşmiş Rusiya qazına dəstək veririk. Hökumətin şəxsi maraqlarının ölkənin maraqlarına necə zərbə vurduğu ortadadır”- deyə Alasaniya bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm