Nida.az
“Qars müqaviləsi ləğv edilərsə, Türkiyə ordusu...” – MÜSAHİBƏ
Rusiya Kommunist Partiyasından olan deputatlar prezident
Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova müraciət
edərək, 1921-ci il 16 mart tarixində Rusiya Sovet Federativ
Sosialist Respublikası (RSFSR) və Türkiyə arasında imzalanan
dostluq və qardaşlıq haqqında Moskva müqaviləsinə xitam verilməsini
istəyiblər. Müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi
təsdiqlənir və Türkiyə onun qarantı kimi çıxış edirdi. Moskva
müqaviləsinin ləğvi avtomatik olaraq Qars müqaviləsinin də qüvvədən
düşməsinə, beləliklə, ermənilərin Naxçıvan iddialarının
güclənməsinə səbəb ola bilər.
Milli Məclisin deputatı, tarix elmlər doktoru, professor Musa
Qasımlı Publika.az-a müsahibəsində bu məsələni
şərh edib.
- Bu müqavilənin ləğvi məsələsi niyə indi gündəmə
gətirilir?
- Rusiya və Türkiyə arasında 1921-ci il 16 mart tarixdə imzalanmış
Moskva müqaviləsini, Rusiyanın vasitəçiliyi ilə Türkiyə,
Azərbaycan, Ermənistan və Gürcüstan arasında 1921-ci il 13 oktyabr
tarixdə imzalanmış Qars müqaviləsini, 1960-1991-ci illər
sovet-Türkiyə münasibətlərini tədqiq etmiş, Azərbaycanda və xarici
ölkələrdə kitabları nəşr, məqalələri dərc edilmiş bir tədqiqatçı
olaraq söyləyə bilərəm ki, bu müraciət Türkiyəyə təzyiq məqsədi
daşıyır. Suriyaya hərbi müdaxilə nəticəsində yaranmış “təyyarə
böhranı”ndan sonra iki ölkə arasında münasibətlər normal axarından
çıxaraq gərginləşib və bu hal davam edir, təhlükəli meyllər
yaranır. Bu meylin güclənməsində Rusiya-Türkiyə münasibətlərini
pozmaq istəyən müxtəlif dövlətlərin, mərkəzlərin və dairələrin
qızışıdırıcılıq fəaliyyətlərinin təsiri böyükdür.
Əvvəlki dövrlərdə də iki ölkə arasında müəyyən böhranlar olub.
Məsələn, II Dünya müharibəsinin sonlarında Stalin Türkiyəyə qarşı
əsassız ərazi iddiaları irəli sürüb, hətta məxfi əməliyyat planı da
işlənib hazırlanıb. Lakin o, yaranmış ən gərgin vəziyyətdə belə
1921-ci il 16 mart tarixli Moskva müqaviləsini ləğv etməyə cürət
etməyib. O zaman - 1945-ci ilin yazından Türkiyə antihitlerçi
koalisiyanın üzvü olan ölkələrin cərgəsində olsa da, Türkiyə hələ
Qərb ölkələrinin blokunda deyildi. Stalin yalnız 1925-ci ildə SSRİ
və Türkiyə arasında imzalanmış hücum etməmək haqqında paktı ləğv
edə bilib. Sonralar sovet rəhbəri N. Xruşşov iki ölkə arasında
münasibətlərin pozulmasında Stalini təqsirləndirib.
İndiki şərait o dövrdəkindən mürəkkəb deyil. O zaman beynəlxalq
şərait və iki ölkə arasında münasibətlər daha gərgin idi. İndi
Rusiyada Lenini, Türkiyədə isə Atatürkü tənqid edənlərin olmasına
baxmayaraq, Moskva müqaviləsinin ləğv edilməsinin perspektivini
görmürəm. Çünki rus və türk xalqları bir-birinə çox yaxındırlar.
Lakin Qərbdə bəzi dairələrin rus-türk düşmənçiliyi və hətta
müharibəsi törətməyə çalışdıqları bir zamanda hər şey liderlərin
davranışlarından asılı olacaq. Ancaq Rusiya tərəfdən hələ də
qisasçılıq hisslərinin tezliklə keçib gedəcəyi perspektivi dumanlı
görünür.
- Müqavilədə əsasən nələr nəzərdə tutulurdu?
- Məlum olduğu kimi, Moskva müqaviləsi 1921-ci il martın 16-da
RSFSR ilə Türkiyə arasında 16 maddədən və 3 əlavədən ibarət
olmaqla müddətsiz imzalanıb. Bu müqavilədə tərəflər əvvəllər
imzalanmış bütün qeyri-bərabər hüquqlu müqavilələri, yəni həm çar
Rusiyası və Osmanlı dövləti arasındakı müqavilələri, həm Osmanlı
dövləti və Antanta ölkələri arasında imzalanmış Sevr müqaviləsini,
həm də Türkiyə və Ermənistanı arasında imzalanmış Aleksandropol
(Gümrü) sülh müqavilələrini ləğv edir, ərazi-sərhəd məsələlərini
tənzimləyirdi.
Müqavilənin üçüncü maddəsinə görə, tərəflər razılaşırdılar ki,
Naxçıvan vilayəti müqaviləyə 1-ci əlavənin C bölməsində
göstərilmiş sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar
ərazi təşkil edir. Bu şərtlə ki, Azərbaycan bu protektoratı
hər-hansı bir üçüncü dövlətə güzəştə getməyəcək. Şərqdə Arazın
səth relyefinin aşağı yerini, qərbdə isə Dəhnə dağları (3829) –
Vəlidağ (4121) – Bağarsıq (6787) – Gömürlü dağdan (6930) keçən
xətdə Naxçıvan ərazisi zonasında yaradılan üçbucaq Gömürlü
dağdan (6930) başlayan, Seyranbulaq dağlarından (8071) – Ararat
stansiyasından keçən və Qarasuyun Araz ilə qovuşduğu yerdə başa
çatan göstərilən ərazinin sərhəd xətti Türkiyə, Azərbaycan və
Ermənistan nümayəndələrindən ibarət komissiya tərəfindən
düzəldiləcək.
RSFSR Mərkəzi İcraiyyə Komitəsi iyulun 20-də, TBMM isə iyulun
31-də müqaviləni təsdiq ediblər. Ratifikasiya sənədləri Qars
konfransı ərəfəsində, 1921-ci il sentyabrın 22-də bu şəhərdə
mübadilə edilib.
Moskva müqaviləsinin maddələri əsasında 1921-ci il oktyabrın 13-də
Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasında RSFSR-in
iştirakı ilə 20 maddədən və 3 əlavədən ibarət olan müddətsiz Qars
müqaviləsi imzalanıb. Türkiyə ilə bu respublikalar arasında
ərazi-sərhəd məsələləri tənzimlənib, bütün əvvəlki müqavilələrdən,
yəni Aleksandropol (Gümrü) sülh müqaviləsindən də imtina edilib. Bu
müqaviləni 1922-ci il martın 3-də Azərbaycan SSR Mərkəzi İcraiyyə
Komitəsi, martın 16-da isə Ümumrusiya Fəhlə, Kəndli, Qırmızı
ordu və Kazak deputatları soveti Mərkəzi İcraiyyə Komitəsi
Rəyasət Heyəti (protokol №21), martın 16-da Türkiyə Böyük Millət
Məclisi, martın 20-də Ermənistan Mərkəzi İcraiyyə Komitəsi,
iyunun 14-də isə Gürcüstan Mərkəzi İcraiyyə Komitəsi təsdiq
ediblər.
Qars müqaviləsinin beşinci maddəsinə görə, Türkiyə hökuməti, sovet
Ermənistanı və sovet Azərbaycanı hökumətləri razılaşırdılar ki,
Naxçıvan vilayəti hazırkı müqavilənin III əlavəsində
göstərildiyi sərhədlərlə Azərbaycanın protektoratlığı altında
muxtar ərazi təşkil edir.
Həm Moskva, həm də Qars müqaviləsində “təminatçı” ifadəsi
yoxdur. Naxçıvan Azərbaycan torpağıdır və onun mənsubluğu indi və
bundan sonra da heç bir zaman müzakirə obyekti deyil.
O zaman Moskva müqaviləsi imzalanan vaxtlarda Rusiya xalq xarici
işlər komissarı G. Çiçerin Rusiya Kommunist (bolşevik) Partiyası
Mərkəzi Komitəsi Siyasi Bürosuna yazdığı məktublarında vurğulayırdı
ki, müqaviləni imzalamağa türkləri çətinliklər razı sala
bilmişik.
Eyni fikirləri Qarsda Rusiya nümayəndəsi Y.Qanetski də Xalq Xarici
İşlər Komissarlığına yazmışdı.
- Ümumiyyətlə müqavilə ləğv oluna bilərmi?
Qars müqaviləsinin ləğvi təkcə Rusiya və Ermənistandan asılı olan
məsələ, təktərəfli və hətta ikitərəfli proses deyil. Müqavilənin
ləğvinə gərək Türkiyə, Azərbaycan və Gürcüstan da razı
olsunlar.
Müqavilələrin ləğvinin Rusiya və Ermənistan üçün çox acı nəticələri
olar. Qeyd etdiyim kimi, Qars müqaviləsinə görə, tərəflər bütün
əvvəlki müqavilələrdən, yəni 1920-ci il dekabrın 2-də imzalanmış
Aleksandropol (Gümrü) sülh müqaviləsindən imtina edirdilər.
Aleksandropol müqaviləsinə görə isə Türkiyə və Ermənistan
aralarında mövcud olan müharibəni bitmiş hesab edirdilər və daimi
sülh üçün danışıqlara başlayırdılar; Türkiyə-Ermənistan sərhədi
dəqiqləşdirilirdi. İmperialist dövlətlərinin ictimai sakitliyi
pozmaq üçün törətdikləri qızışdırıcılıq hərəkətlərinin qarşısını
almaq üçün İrəvan Respublikasına daxili qayda-qanunu qorumaq üçün
yüngül silahlanmış polis, dövlət sərhədini qorumaq üçün 20
pulemyot, 8 dağ və ya səhra silahı ilə silahlanmış 1500 nəfərlik
muzdlu hərbi qüvvə saxlamağa icazə verilirdi. Ermənistan heç bir
ordu saxlamayacağı təəhhüdünü öz üzərinə götürürdü və hərbi
mükəlləfiyyət keçirə bilməzdi. Yuxarıda göstərilənlərə nəzarət
etmək üçün Türkiyənin siyasi nümayəndəsi İrəvanda yaşamalı idi.
Ermənistan ərazisindən Türkiyə üçün təhlükə olardısa o, Ermənistana
qoşun yeridə bilərdi. Tərəflər mədəni ölkələrdə olduğu kimi
azlıqların bütün haqlarından istifadə etmələri, insanların öz doğma
yerlərinə qayıtmaları barədə öhdəlik götürürdülər. Ermənistan
hökuməti öz ərazisində yaşayan müsəlman əhalinin mədəni və dini
inkişafı üçün şərait yaratmalı idi və s.
- Qars müqaviləsinin ləğv edilməsi nələrə səbəb ola
bilər?
- Qars müqaviləsi ləğv edilərsə, onda gərək Türkiyə ordusu təzədən
gəlib Gümrüdə otura, həmin ərazilər Türkiyəyə keçə və o zaman
təsdiq edilməmiş Aleksandropol sülh müqaviləsinin şərtləri müzakirə
edilə, Batum Gürcüstandan alınıb yenidən Türkiyəyə qaytarıla.
Deməli, müqavilənin ləğvindən Rusiya və Ermənistan itirər. Digər
tərəfdən, Rusiya həm də türk ölkəsidir. Burada 30 milyon türk
yaşayır. Müharibə Rusiyada daxili milli ziddiyyətləri dərinləşdirər
və ölkənın parçalanmasına gətirər. Türkiyədə təqribən 50 min nəfərə
qədər rus qadını ailə həyatı qurub.
Hesab edirəm ki, rus-türk münasibətlərinin kökləri dərindir.
Əgər böyük maraqlar əsas götürülərsə, “təyyarə böhranı” onun
təməllərini sarsıtmamalıdır. Yox, subyektiv amillər üstün gələrsə,
onda hər şey mümkündür. Lakin o da uzun ömürlü ola bilməz. Sadəcə
“təyyarə böhranı”ndan sonra iki ölkə arasında ehtiyatlılıq və
soyuqluq başlanıb. Bu isə diplomatiyada bütün münasibətləri
kökündən qırıb atmaq anlamına gəlməz. Ayrı-ayrı şəxslərin baxışları
dövlətlərarası münasibətlərə təsir etsə də, ölkələrin maraqları hər
şeydən üstündür. Ona görə də həm Qars müqaviləsinin, həm də Moskva
müqaviləsinin ləğvi real görünmür. Rusiyada müəyyən dairələr və
Ermənistan bu məsələni ortaya atmaqla münasibətləri qızışdırmaqda
davam edəcəklər. Rus-türk münasibətlərinin gərgin olması Qərb
ölkələrinə və Ermənistana sərf edir. Bundan Rusiya da, Türkiyə də
heç bir şey udmur.
- Ermənilər həmişə Qars müqaviləsinə qarşı çıxır. İndi buna
xitam verilməsi onların Naxçıvana iddia etməsinə səbəb ola
bilərmi?
- Ermənistanın Qars müqaviləsinə qarşı çıxması heç bir
şeyi dəyişməyib və dəyişdirmir. Rusiyanın xahişləri ilə imzalanmış
Qars müqaviləsinin Ermənistan tərəfindən hətta mümkün olarsa, kağız
üzərində ləğvi “Rusiyanın ənənəsi olmayan dövlət” imicini yaradar
və digər heç bir ölkənin ona inamı və etibarı qalmaz. Bu hal
Ermənistanın Türkiyəyə müharibə elan etməsi anlamına gələr. Bundan
da uduzan Ermənistan olar. Naxçıvana ermənilər Moskva və Qars
müqavilələri imzalandıqdan sonrakı illərdə də iddia ediblər. Lakin
heç bir nəticəsi olmayıb. Belə olduqda Ermənistan qarşısında
Azərbaycanı da görər. Ermənistan Naxçıvana dair əsassız iddialarını
təbliğ etməklə Azərbaycanın Dağlıq Qarabağ regionunu və digər
ərazilərini işğal etdiyi faktını unutdurmağa, “oldu-bitdi”
yaratmağa və ermənilərin ruhunu yüksəltməyə çalışır.
- Əgər Vladimir Putin müraciəti qəbul edərsə və həqiqətən
də müqavilədən imtina etsələr, bu zaman Azərbaycan və Türkiyə hansı
addımı atmalıdır?
- Rusiya ənənəsi olan bir dövlətdir. Moskvanın
müqavilələri ləğv etməklə bağlı qərarları qəbul edəcəyi real
görünmür. Bu, sadəcə, təzyiqdir və müqaviməti sınamaq məqsədi
daşıyır. Azərbaycan Rusiya və Türkiyə münasibətlərində etibarlı bir
körpüdür. Fikrimcə, Azərbaycan həmişəki kimi, rus-türk
münasibətlərdəki gərginliyi zəiflətməkdə rol oynaya bilər.
Asif Nərimanlı
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova