Qubad İbadoğlu: “Prezidentin bu addımını təqdir edirəm”
Bizi izləyin

Ekopublika.az

Qubad İbadoğlu: “Prezidentin bu addımını təqdir edirəm”

“Valyuta tənzimi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 19 yanvar tarixli Qanun Konstitusiyanın 110-cu maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmadan Milli Məclisə geri qaytarılıb.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Qubad İbadoğlu Publika.az-a prezidentin bu addımını təqdir etdiyini deyib: “Xatırladım ki, bu il yanvarın 16-da Milli Məclis “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər etdikdən sonra bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi üçün əsas yaranırdı. Bu dəyişiklik sahibkarlarda və investorlarda, xüsusilə də xarici sərmayəçilərdə haqlı və ciddi narahatlıq yaratmışdı. Hələ o zaman Milli Məclis qərar verərkən mən də bu dəyişikliyi şərh edərək onun yarada biləcəyi fəsadlar barədə fikirlərimi mətbuat vasitəsilə ifadə etmişdim. Odur ki, bütün bunları nəzərə alaraq bu gün ““Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 19 yanvar tarixli Qanunun Konstitusiyanın 110-cu maddəsinin I hissəsinə uyğun şəkildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmadan Milli Məclisə geri qaytarılmasını təqdir edirəm.

Eyni zamanda, hesab edirəm ki, indiki həssas zamanda bununla kifayətlənmək olmaz. İnvestorlar üçün güclü biznes və investisiya mühitini dəstəkləyən siyasi şərait yaradılmalı və onların təhlükəsizliyi təmin olunmalı, onlara müvafiq zəmanətlər verilməli, xüsusilə də vergi və gömrük qanunvericiliyində sabit rejim yaradılmalı, hökumətin fəaliyyətində açıqlıq və səffaflıq artırılmalı, biznes korrupsiyadan azad olmalı, yaxşı idarəetmə tətbiq edilməlidir.

Bununla yanaşı, hər bir investor əmin olmalıdır ki, investisiya yatırımı təhlükəsizdir, ölkədə dövlət və məhkəmə orqanları tərəfindən ədalətli və qərəzsiz davranış təmin edilir, biznesin qarşılaşdığı çətinliklər və üzləşdiyi mübahisələr müstəqil məhkəmələrdə qanun çərçivəsində ədalətlə həll edilir.

Nəhayət, hər bir ölkədə investorların görmək istədiyi müəyyən təminatlar və zəmanətlər var. İnvestorun prinsipial maraqlarına aşağıdakı hüquqların təmin olunması daxildir:

1) Xüsusi olaraq, müqavilələrin icrası və dövlət borclarının ödənilməsi məsələlərində xarici və yerli investorlar üçün bərabər və ayrı-seçkiliksiz davranış;

2) Qanunla icazə verilən və tənzimlənən tərzdə bütün sektorlara hər bir formada (birbaşa, portfel və s.) investisiya yatırmaq;

3) Milliləşdirmə, özgəninkiləşdirmə və oxşar nəticələrə gətirib çıxaran hər hansı digər tədbirlərin görülməyəcəyinə və bu cür şəraitin milli təhlükəsizlik səbəblərindən zəruri olduğu halda ədalətli kompensasiyanın təmin ediləcəyinə zəmanət;

4) Qanunla tələb olunan vergilərin və ödənişlərin ödənilməsindən sonra gəlirləri xarici valyuta ilə xarici ölkələrə köçürmək;

5) Qanunla tələb olunan şərtlərə müvafiq olaraq investisiyaların stimullaşdırılması tədbirlərindən faydalanmaq;

6) Torpaq üzərində mülkiyyət hüququ;

7) Əqli və sənaye mülkiyyətinin qorunması.

Unutmayaq ki, Azərbaycan iqtisadiyyatının sabitləşməsində investisiyaların rolu hazırda daha çox önəmlidir və bu həssas dövrdə investorlar üçün nəinki baryerlər yaradılmalı, onların qarşılaşdıqları bütün əngəllər tezliklə aradan qaldırılmalıdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm