Böhrandan çıxmağın asan yolu – Ölkənin ən iri mərmər şirkətinin rəhbəri “Varlanmağın sirri”ndə
Bizi izləyin

Ekopublika.az

Böhrandan çıxmağın asan yolu – Ölkənin ən iri mərmər şirkətinin rəhbəri “Varlanmağın sirri”ndə

"Necə varlanmaq, davamlı biznes qurmaq olar?" sualı gündə bir çoxunuzun beynini məşğul etməmiş deyil. Xüsusilə, iş dünyasında Stiv Cobs, Amansio Orteqa, Mark Zukerberq, Karlos Slim, Con Rokfeller kimi kiçik bizneslərdən başlayıb milyardalara sahib bioqrafiyaların mövcud olduğu zamanda.

Sahibkarlıq fəaliyyətlərinə geniş qucaq açan Azərbaycanda bu gün hansı işi qurub pul qazanmaq mümkündür, iş adamlarımız nə dərəcədə bizneslərinə məsuliyyətlə yanaşırlar kimi suallara "Varlanmağın sirri" rubrikasında işıq salmağa çalışırıq. Rubrika çərçivəsində, iş adamları ilə söhbətləşərək, uğurun sirlərindən danışacağıq.

Beləliklə Publika.az-ın "Varlanmağın sirri" rubrikasının ikinci qonağı "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin sabiq rəhbəri, "Dəvəli" ASC şirkətinin icraçı direktoru Hakan Özbəkdir.

- Hakan bəy, ölkənin gündəmini zəbt edən əsas mövzulardan biri dünyada cərəyan edən böhran və onun Azərbaycana, yerli şirkətlərə təsiridir. Böhran özü ilə birgə problemlər gətirdiyi kimi, fürsətlər də yaradır. Fürsətləri hələlik bir kənara qoyaq. Şirkətlər, eləcə də biznes mənsubları nə etməlidirlər ki, böhrandan minimum itki ilə çıxsınlar?

- Böhrana hazırlıq böhran vaxtı deyil, böhrandan əvvəl aparılmalıdır. Çünki böhran zamanı görüləcək tədbir qanqren olmuş qolu kəsməyə bənzəyir. Böhrana hazırlıqsız daxil olan şirkətin həyatda qalmaq üçün tək çıxış yolu kiçilməkdir. Böhrana hazır şirkətlər böhran dövründə böhrandan az təsirlənməklə bərabər bunu fürsətə də çevirə bilərlər. Burada əsas məsələ şirkətin idarə və qərar mexanizminin düzgün qurulması, daxili proseslərin düzgün planlaşdırılması, işçilərin daha məhsuldar işləməsinin təmin edilməsi, rəqiblərlə bağlı daim monitorinq aparılması, bazarın izlənməsi və proseslərin düzgün analiz edilməsindən sonra qərarların qəbul edilməsidir. Bir şirkətin rəqibləri ilə müqayisədə böhrandan az təsirlənməsi onun işlərinin artması deməkdir. Bu vəziyyətdə də planlarınızı idarəli şəkildə böyütmək lazımdır. Xülasə hər cür vəziyyətə hər an hazırlıqlı olmaq üçün çox yaxşı təşkilatlanmaq, stabillik lazımlıdır.

- Bəs böhrana hazırlıqlı daxil olan şirkət ən azından yerində saymaq şansı qazanır?

- Böhrana hazırlıqlı daxil olan şirkətin böhranda böyümək fürsəti olur. Bunun üçün qeyd etdiyim kimi əvvəlcədən addımlar atılmalıdır.

Bir ölkədə böhran inşaat sektorunda başlyayıb, bu sektorda da bitir. Əgər inşaat sektorunda durğunluq varsa, deməli ölkədə böhran başlayır. İnşaat sektoru canlanırsa deməli, böhran bitib. Çünki inşaat sektorunda bir çox xammaldan istifadə edilir. Hansı ki, bunların bəziləri yerli istehsal, bəziləri isə idxal olunur. Bu sahələr böhrandan təsirləndiyi üçün böhranın ilk dalğası inşaat sektorunda hiss edilir. Hansı ölkədə olursa-olsun inşaat sektoru böhrana hazır olmalıdır. Öncədən də qeyd etdiyim kimi şirkətdə daxili təşkilatlanma idarəli aparılmalıdır. Hər hansı məsələ haqqında qərar qəbul etməzdən əvvəl gərəkən mexanizmlər düzgün istifadə edilməlidir.

- Böhran zamanı bir şirkət hansı yolla daha çox pul qazana bilər?

- Mənim Azərbaycana gəldiyim zamanda – 2009-cu ildə situasiya elə idi ki, pul ayıbları örtürdü. Şirkətlərin səhv qərarlar, təcrübəsizlik, məlumatsızlıq səbəbindən məhsullarının dəyəri həddən artıq baha olurdu. Bu vəziyyət kimsəni narahat etmirdi. Əksinə şirket rəhbərləri doğru addım atdıqlarını düşünürdülər.

Məsələn, iş adamı biri restoran tikdirirdi. Tikinti şirkətinə layihənin maya dəyəri 15 milyona başa gəlirdi sifarişçiyə 20 milyona satırdı. Pul verəni də bu, narahat etmirdi. Ancaq düzgün idarəetmə və nəzarət həyata keçirilərdisə, restoranın maya dəyəri 7 milyona da başa gələ bilərdi. Bu gün artık böhran olduğu üçün bazar araşdırılmadan iş verilmir. Bununla da maya dəyərində endirimə getməyən şirkətlər iş almırlar və böhranla daha çox üz-üzə qalırlar. Demek olar ki, böhran pulun dəyərini artırıb. Artıq sifarişçi seçir və işi ucuz, sərfəli icra edənə gördürür. Əvvəllər işi baha görənlər hazırda iş ala bilmirlər.Yəni şirkətlər öz məhsullarını ucuzlaşdırmaqla daha çox pul qazana bilərlər.

- Böhranın müsbət tərəfləri də izafi xərclərin azaldılmasıdır...

- Yüz faiz. İzafi xərc deyil, işi bilməyən insanların eqo ilə mənasız yerə səpdiyi milyonlar azalıb. Böhran həm də işi bilən insanların önə çıxmasına şərait yaradıb. Azərbaycan şirkətləri stabil şəkildə profesionallaşırlar. Eyni proseslər vaxtı ilə Türkiyədə də yaşanıb. Amma indi türk şirkətlərinin vəziyyətinə baxın. Görün, necə inkişaf etdilər...

- Başqasını deyil, sizin rəhbəri olduğunuz şirkəti götürək. Qiymətlərdə endirim edilib?

- Ötən ildən bunu etmişik. Söhbət heç də kiçik rəqəmdən deyil, 38 faizə qədər endirimdən gedir. Düzdür, biz də böhrandan əvvəl aşağı qiymətlərlə işləməyə ehtiyac görmürdük. Amma sonra bunu lazım bildik. Bu gün qazandığımız pulu da saf-çürük etmirik, investisiyaya çeviririk. Bunun nəticəsidir ki, bəzi şirkətlərin ixtisarlar apardığı şəraitdə biz yeni işçilərin sayını 40 faiz çoxaltmışıq. O cümlədən sifarişlərimizin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 30-50 faiz artıb.

- Belə çıxır dövriyyəniz dəyişməyib?

- Xeyir dəyişməyib. Qiymətlərdə endirim edilib, sifarişlər artıb və işçilərin sayı çoxaldılıb. Düzdür, belə şəraitdə şirkət ötən il qazandığı pulu qazana bilmir. Amma yenə də qazanır.

- Azərbaycan əhalisi mərmərə qarşı bu qədər maraqlıdır?

- Sadəcə Azərbaycanda deyil, mərmər, bütün dünyanın marağındadır.

- Mərməri xüsusi edən nədir? Qiymətinin baha, dəbdəbə göstərişi olması?

- Miladdan 5 milyon il əvvəl yaşayan şumerlər dövlətləşməyə başlayan ilk xalqdır. O gündən bu günə qədər dünyanın dörd bir tərəfində tikilən sarayların hamısı mərmərdəndir. Mərmərin təməl özəlliyi gigyenik və qalıcı olmasıdır. Mərmər insan oğlu tərəfindən yaradılmır. Mərmərin istehsalının 98 faizi təbiətə, 2 faizi insana aiddir. İkincisi, mərmər çox estetikdir. Leonardo da Vinçinin hər əsərindən bir ədəd olduğu kimi, hər mərmər daşı da təkdir. Məsələn, "Calacatta"dan bir hamam vannası düzəldilsə, yanına yenə də "Calacatta"dan vanna əlavə edilsə tamamilə fərqli şeylər alınacaq. Bütün bunlardan da əlavə mərmər çox gigiyenikdir. Üzərində mikrob saxlamır.

- Yəni mərmər lüks deyil?

- Mərmər insanın ehtiyacıdır, nəinki lüks. Ən önəmlisi də mərmərdən necə istifadə edilməsidir. Yəni ən bahalı mərməri alıb ucuz yapışdırıcı ilə yapışdırsanız, pulunuz ziyan olacaq. Şirkətimiz bu kimi məsələlərlə bağlı xaricdən mütəxəssis dəvət edərək usta qrupları üçün treninqlər təşkil etdi.

- Sirr deyilsə, məmərin qiyməti neçə manatdan başlayır?

- 30 manatdan. O baxır dağdan necə çıxmasına. Daşların 5 faizi tər-təmiz çıxır və qiymətləri çox baha olur. Bəzi daşlar var ki, onların qiymətlərini İtaliya müəyyən edir və sadəcə bu ölkə tərəfindən satışı reallaşdırılır. "Calacatta"nın kvadratmetri 500 avro təşkil edir.

- Ancaq yerli daşları işləyirsiniz?

- Dünyanın 76 ölkəsindən daş idxal edirik. Argentinadan Çinə qədər. Bu gün tam 486 növ mərmər və qranit xidməti göstəririk. Bunların içində təbii ki, yerli daşlar da var.

- Bundan əvvəl ölkənin daha bir aparıcı şirkətində işləmisiniz. Xarici rəhbərlər daim Azərbaycan şirkətlərinin strukturunda əksiklik olmasından şikayətlənirlər. Bu əksiklik nədir?

- Çox bəsitdir. Xarici şirkətlər ideyaya önəm verirlər. Azərbaycanda isə əksinə, bu ideyanın kim tərəfindən irəli sürülməsinə. Bundan əlavə xarici şirkətlər daxili qanunlara sahibdirlər. Bu qanunlara rəhbər daxil hər kəs əməl edir. Azərbaycan şirkətlərində rəhbərlər tərəfindən qərarlar emosiyalarla qəbul edilir. Nəticədə şirkət bir gün bu tərəfə, sabah o tərəfə gedir. Şirkət bir stoldur. Ətrafında oturanlar şirkətin işçiləridir. Hər kəs bir ucundan yapışıb müxtəlif istiqamətə çəkərsə, stol yerində də qalacaq. Əvəzində hər kəs yorulacaq. Hədəflər mütəmadi dəyişməməlidir. Şirkətlərin qısa, orta, uzun müddətli strategiyaları olmalıdır. Bu strategiyalara uyğun qərarlar verilməlidir. Azərbaycanda şirkət rəhbərləri gözlənilmədən radikal qərarlar verirlər. Hansı ki, bu şirkətin fəaliyyəti üçün müsbət nəticələrə gətirib çıxarmır.

- Çox maraqlıdır dövlət büdcəsi adətən 3 illik planlaşdırılır.Bir şirkətin həfələri neçə illik planlaşdırılmalıdır ki, birjalarda, iqtisadiyyatda baş verən fövqəl hadisələrə hazır olsun?

- Üç bölüm şəklində plan olmalıdır. Qısa, orta, uzunmüddətli planlar. Planların müddətləri şirkətlərin xidmət göstərdiyi sahə, dövriyyələrin və diğər vəziyyətlərinə görə müəyyən edilməlidir. Məsələn, qısa müddət bir aydan başlayaraq bir ilə qədər, orta müddətli plan 6 aydan başlayaraq 5 ilə qədər, uzunmüddətli plan 5 ildən 10 il qədər təyin edilə bilər. Əsas məsələ şirkətin hədəfidir. Gedəcəyi limanı bilməyən bir gəmiyə, heç bir küləyin faydası olmaz.

L.Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm