SOS: Bu dondurmaları yemək olmaz! - “Maddə 586”
Bizi izləyin

Ekopublika.az

SOS: Bu dondurmaları yemək olmaz! - “Maddə 586”

Sərinləmək üçün yediyimiz dondurmanın insan sağlığında əhəmiyyəti böyükdür. Lakin bu, o halda mümkündür ki, yediyin həqiqətən də süddən, şəkərdən, yumurtadan, kərə yağından hazırlansın.

Hazırda satış şəbəkələrində istehlakçılara müxtəlif çeşiddə dondurma təklif edilir. Onların arasında yerli istehsal da var, idxal məhsulları da. Amma bu dondurmalar nə dərəcədə standartlara uyğun hazırlanıb onun zəmanətini verən yoxdur. Heç istehsalçılar özləri də bunu etməyi özlərinə borc bilmirlər. Yəni yerli istehsal dondurmanın heç birində istehsal tarixinə, yararlıq müddətinə, tərkibinə dair məlumata rast gələ bilməzsiniz.

Publika.az-ın "Maddə 586" layihəsində sizi keyfiyyətli dondurma ilə tanış edəcəyik.

Niyə dondurma ixrac etmirik?

Əvvəla nəzərə çatdıraq ki, yerli istehsala baxmayaraq, biz hələ də dondurma idxal edən ölkəyik. 2015-ci ildə ölkəyə nə az, nə çox 514.07 ton dondurma (1744.23 min dollar dəyərində) gətirilib. İxrac isə cəmi 27.32 ton təşkil edib. Yəni 74,75 min dollar. 2014-cü ildə ölkəyə 384,1 ton, 1075,9 min dollar dəyərində dondurma idxal olunub. İxrac isə ümumiyyətlə aparılmayıb. Statistika göstərir ki, Azərbaycan Almaniyadan, Avstraliyadan, Birləşmiş Ərəb Əmirliklərindən, Fransadan, Xorvatiyadan, Litvadan, Türkiyədən dondurma idxal edir. Azərbaycan dondurmaları isə əsasən İraqa ixrac edilir. Məsələn, 2015-ci ildə İraqa 29 min dollar dəyərində 20,21 ton dondurma ixrac edilib. Qətərə 44,76 min dollar dəyərində 7,11 ton dondurma göndərilib.

Göründüyü kimi ixrac aşağıdır. Nəzərə alsaq ki, istehlak da yüksək (adambaşına dondurma istehlakı 2010-cu ilin statistikasına görə, 200 qram təşkil edib) deyil, o halda ixracın aşağı olmasını sırf müəssisələrin daxili tələbatı ödəməsi ilə bağlamaq düzgün olmaz. Rəylərə görə, ixracın artırılmasını əngəlləyən səbəblərdən biri ölkəmizdə əldə olunan çiy südün keyfiyyətinin Avropa standartları, qiymətlərin isə dünya qiymətləri ilə rəqabətə uduzmasıdır. Dondurma fabriklərində xərclərin yüksək olması da səbəblərə daxildir. Dondurma istehsalı üçün tələb olunan südün, kərə yağının və digər qatqıların qiymətinin baha olması, eləcə də qablaşdırma məhsullarının xaricdən idxal edilməsi dondurmanın istehsal xərclərini artırır.

İstehsalın həcminə gəlincə, sovet dövründə ölkədə 5 kombinat mövcud olsa da, hazırda onların heç biri işləmir. Əvəzində təxminən dondurma istehsalı ilə məşğul olan 13-14 müəssisə fəaliyyət göstərir. Həmin müəssislər də 2014-cü ildə 2,6 min ton dondurma istehsalı edib. 2012-ci ildə həmin rəqəm 0,4 min ton, 2013-cü ildə 0,5 min ton olub.

Bazarın kuratorları

Bazarda apardığımız monitorinqlər göstərir ki, hazırda bazarın kuratoru "Camal LTD", "AER" firması, "Palfood" MMC, "S.A.B.A." şirkətləridir. "Camal Ltd" bazara "İceland" ticarət markası ilə çıxır. "Oscar", "Bakılı qız","Bravo", "Delisimo", "V.I.P" adlı dondurmalar istehsal edir. Eyni zamanda bu şirkət Fransanın "Mars", İsveçrənin "Nestle", Kanadanın "McCain", Rusiyanın "Talosto" kimi dünya ticarət nişanlarının eksklüziv distribütorluğunu həyata keçirir. Qeyd edək ki, "Camal Ltd"-nin müxtəlif adda dondurmalarının dadı bir-birindən fərqlənmir. Sadəcə adlar və qablaşdırma fərqlidir. Ən əsası da sözügedən məhsulların üzərinə istehsal tarixi vurulsa da, yararlılıq müddəti göstərilmir.

Marketlərin vitrinlərini dolduran "AER"in məhsullarını da araşdırdıq. Şirkət özünün internet ünvanında müasir texnologiya ilə çalışan, kompüter və robotlarla idarə olunan "Straigtline 600" istehsal xətti quraşdırdığını bildirir. Məhz buna görə də buraxdığı batonlar, ruletlər və lakomka dondurmalarının analoqu olmadığını iddia edir. Lakin "AER"in dondurmalarını yedikdə sözügedən müasir avadanlıqların süd adlı maddəni tanımadığını görürük. Dondurmalar vanilli buz dadını verir.

"Millennium" ticarət nişanına məxsus dondurmaların da xüsusi fərqi yoxdur. Hər il çeşidlərin sayı artsa da keyfiyyətdə dəyişiklik baş vermir.

Yeri gəlmişkən, yerli istehsal dondurmaları ilə bağlı diqqəti çəkən vacib məqam istehsalçının qablaşdırma zamanı poliqrafiyaya əlavə xərc çəkib məhsulun tərkibinə dair istehlakçını məlumatlanmasını təmin etməməsidir.

Əsl dondurma necə olmalıdır?

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən Publika.az-a verilən açıqlamaya görə, dondurma yüksək qidalılıq dəyərinə malik olan, orqanizm tərəfindən asan həzm olunan qida məhsuludur. Onun istehsalında əsasən süd, şəkər, yumurta, kərə yağı, dad və ətirverici maddələr, stabilləşdiricilər və s. maddələrdən istifadə olunur: "Tərkibində süd olduğuna görə dondurma saxlanma şəraitindən və temperatur rejimindən asılı olaraq tez keyfiyyətini itirə bilər. Ona görə də dondurma alarkən ilk növbədə onun düzgün etiketləndiyinə, üzərində istehsal və saxlama müddətlərinin göstərildiyinə, lazımi şəraitdə və temperatur rejimində saxlanıldığına fikir verin. Dondurmanın üzərində onun istehsalçısı barədə məlumat, məhsulun adı, qida əlavələri daxil olmaqla tərkibi, xalis kütləsi, istehsal tarixi, saxlanma şəraiti və müddəti, sertifikatlaşdırıldığına dair qeyd və standartın nömrəsi göstərilməlidir.

Ədədlə satılan xırda çəkilib-bükülmüş dondurmalar vafli, qapaqlı polistirol və parafinləşdirilmiş karton stəkanlarda, laminirləşdirilmiş sellofan paketlərdə və müvafiq səlahiyyətli orqanlar tərəfindən icazə verilən digər qablaşdırma materiallarında buraxılmalıdır.

Açıq şəkildə çəki ilə satılan dondurmalar daxildən qalaylanmış qapağı möhkəm örtülən qablarda qablaşdırılır. Qapağın altından perqament və yaxud podperqament kağızı qoyulur. Çəki ilə satılan dondurmalar daxilinə polietilen yerləşdirilmiş karton qutulara qablaşdırıla bilər.

Dondurma necə saxlanmalı

Xidmətdən deyilir ki, dondurma növündən asılı olaraq topdansatış məntəqələrində xüsusi soyuducu kameralarda mənfi 18oC-dən yüksək olmayan temperaturda aşağıdakı müddətlərdə saxlanıla bilər:

- südlü dondurmalar 1 ay;

- meyvəli-giləmeyvəli, qaymaqlı və ətirli dondurmalar 1,5 ay;

- plombir dondurması 2 ay;

İstehsalında müasir texnologiyadan istifadə edildikdə, eləcə də məhsulun saxlama müddətinin artırılmasına zəmanət verən konservantlar, stabilizator-emulqatorlar və digər qida əlavələri standartlara uyğun olaraq əlavə edildikdə südlü, qaymaqlı və plombir dondurmaları mənfi (18±2)oC -dən yüksək olmayan temperaturda maksimum 10 ay saxlanıla bilər.

Saxlanma temperaturunun stabilliyi dondurmanın keyfiyyətini təmin edən əsas şərtlərdən biridir. Saxlanma temperaturunda dəyişikliklər olduqda bu məhsullarda mikrobioloji proseslər başlayır və bu cür məhsulların istehlakı insan orqanizmi üçün təhlükə mənbəyi hesab olunur.

Necə dondurmaları almaq lazımdır?

Məlum olur ki, dondurma alarkən onun dadına, formasına və saxlanma şəraitinə diqqət edilməlidir. İstehsal tarixi qeyd olunmayan və saxlama müddəti ötmüş dondurmaları almaq məsləhət görülmür.

Donu açılmış dondurmanın təkrar dondurulması isə qadağandır. Belə dondurmalarda buz kristalları əmələ gəlir ki, bu da onun keyfiyyətsiz olması deməkdir. Belə dondurmaları istifadə etmək məsləhət görülmür.

Üzərində istehsal və saxlama müddətləri göstərilməyən, lazımi şəraitdə və temperatur rejimində saxlanılmayan, metal, turşumuş, qıcqırmış, acı və kif iyi və tamı verən, barmaqla basdıqda yumşaq və boş olan, üzərində buz kristalları müşahidə edilən, rəngi adına uyğun olmayan dondurmalar keyfiyyətsiz hesab olunur.

Xarici görünüşcə dondurmada kəsmiyəbənzər yağlılıq, qumabənzər köpüklülük əlamətləri olmamalıdır. Dondurmanın iyi və dadı bu növ məhsula xas olmalı, kənar iy və dad verməməlidir.

Keyfiyyətsiz dondurma yesək…

Keyfiyyətsiz dondurmalarda bağırsaq çöpləri qrupundan olan bakteriyalar, potagen mikroorqanizmlər, o cümlədən salmonella, stafikoklarin və s. orqanizm üçün təhlükəli bakteriyalar mövcud olur. Bu cür dondurmalar istehlak olunduqda insanlarda, xüsusilə uşaqlarda qida zəhərlənmələrinə və digər fəsadlara səbəb ola bilir.

Dondurma alarkən onun satıldığı yerin sanitar qaydalara nə dərəcədə əməl edildiyinə diqqət yetirin. Bilin ki, antisanitariya şəraitində hazırlanan və satılan dondurmalar asanlıqla yararli bir qida vasitəsindən təhlükəli bir düşmənə çevrilə bilər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm