Qəddafini ölümə aparan TARİXİ ÇIXIŞ: “Müsəlmanlar bir olmasa hamımızı...”
Bizi izləyin

Dünya

Qəddafini ölümə aparan TARİXİ ÇIXIŞ: “Müsəlmanlar bir olmasa hamımızı...”

Liviyanın keçmiş lideri Müəmmər əl-Qəddafinin 2008-ci ildə Suriya paytaxtı Dəməşqdə keçirilən Ərəb Dövlətləri Liqasının zirvə toplantısında etdiyi çıxışı onun ölüm fərmanının verilməsinə əsas səbəb olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, həmin çıxışında Qəddafi İraqın sabiq lideri Səddam Hüseynin edam edilməsinin Ərəb ölkələri tərəfindən araşdırılmasının və ərəb dövlətlərinin vahid nüvə proqramı yaratmasının zəruriliyini vurğulayır.

Onun 2008-ci ildə Dəməşqdə etdiyi tarixi çıxışın tərcüməsini təqdim edir: “2003-cü ildə İraqın işğalının, bu ölkənin yox edilməsinin və 1 milyon iraqlının öldürülməsinin səbəbi nədir? Amerikalı dostlarımıza bu sualları cavablandırmağa icazə veririk. Niyə İraq? Buna səbəb nədir? Məgər Usama bin Laden İraqdan idimi? Xeyr, deyildi. 11 sentyabrda Nyu-Yorka hücum edənlər İraqdan idimi? Xeyr, o da deyildi. “Pentaqon”-a hücum edənlər iraqlımı idi? Yox, deyildilər. İraqda kütləvi qırğın silahları tapıldımı? Xeyr, tapılmadı. Əgər İraqda kütləvi qırğın silahı tapılsaydı belə, bu, İraqı işğal etməyə əsas vermirdi. Çünki ABŞ, Rusiya, Fransa, İngiltərə, Çin, Pakistan, Hindistan və digər ölkələrdə də kütləvi qırğın silahları var. Eyni məntiqlə yanaşsaq, o zaman bütün bu ölkələri də yox etmək lazımdır. Çünki bu dövlətlərin hər birində kütləvi qırğın silahları mövcuddur. Bu nə deməkdir? Hansısa xarici dövlət gücləri gəlib bir ərəb ölkəsini işğal edir və prezidentini asır. Biz isə burada oturaraq, ona baxıb gülürük. Onlara bu ixtiyarı kim verir? Mən buradakı ərəb ölkələrinin rəhbərlərinə səslənirəm. Nədən Səddam Hüseynin asılması məsələsini araşdırmısınız? Bir müharibə əsiri necə asılır? Ən azından bir ərəb ölkəsinin rəhbəri və Ərəb Ölkələri Birliyinin üzvü olaraq bunu araşdıra bilərsiniz. Mən buradakı çıxışımda Səddam Hüseynin yürütdüyü siyasətdən və onunla razılaşma əldə edə bilməməyimizdən danışmaq istəmirəm. Bilirəm ki, hər birimizin onunla anlaşa bilmədiyimiz məsələlər olub. Burada bir-birimizlə nədəsə razılaşmadığımız məqamlar var. Bu salonda bir yerdə olmaqdan savayı hər hansı cəhətimiz çox təəssüf ki, yoxdur.

Əsas istəyim odur ki, burada oturan bütün ərəb ölkələri Səddam Hüseynin edamını araşdırıb qiymət versin. Çünki heç bir xarici dövlətə ixtiyar verilməyib ki, gəlib bir ərəb ölkəsini işğal etsin və onun rəhbərini assın. Burada oturanlara müraciət edirəm, həmkarlar, sabah içərimizdən istənilən biri Səddam Hüseyn kimi asıla bilər.

ABŞ üçün dost anlayışı yoxdur. Vaxt var idi, ABŞ Səddam Hüseynin müttəfiqi idi, ABŞ-ın 46-cı vitse-prezidenti və keçmiş müdafiə naziri Dik Çeyni Səddam Hüseynin dostu idi. İraq işğal edilənədək ABŞ-ın müdafiə naziri Donald Rumsfeld Səddam Hüseynin dostu idi. Nəticədə isə Səddamı edam edib asdılar. Sabah eyni aqibəti buradakı insanlardan hər biri yaşaya bilər. Misirli diplomat dostum Əmr Musanın yaxşı bir fikri var. Yazır ki, ərəblər nüvə silahına dünyada sülhü qorumaq üçün sahib ola bilərlər. Yəni, ərəb ölkələrinin nüvə silahı ilə bağlı vahid proqramı olmalıdır. Hər kəs kimi, ərəb ölkələri də bu haqqa sahibdirlər. Hətta, onların nüvə silahından başqa məqsədlər üçün istifadə etməyə də haqları çatır. Çox təəssüf ki, biz Ərəb ölkələri olaraq bir-birimizin düşməninə çevrilmişik. Bir-birimizi aldadırıq, bir-birimizə nifrət bəsləyirik. Birimizin başına nə isə gələn kimi, “təhlükə məndən keçdi” deyirik. Hər birimizin düşməni eynidir. Düşmənə qarşı vahid mübarizə aparmaq əvəzinə, bir-birimizə qarşı təxribat törədirik. Bu mübarizəni düşmənə qarşı vahid şəkildə aparsaq, bizə təhlükə yarada bilməzlər. Vahid nüvə silahı proqramımız olmalıdır.

Suriya ərəb ölkəsi olduğu üçün burada toplandıq. Bu gün Suriyanın Rusiya, İran və Türkiyə ilə münasibətləri ərəb qonşu ölkələri ilə olan münasibətlərindən 1000 dəfə yaxşıdır. Liviyanın isə İtaliya ilə olan münasibətləri qonşuları olan Misir və Tunisdən 1000 dəfə yaxşıdır. Baxın, indi biz ərəb dövlətlərinin vəziyyəti bu gündədir”.

Xatırladaq ki, Müəmmər əl-Qəddafi 2011-ci il oktyabrın 20-də doğulduğu Sirt şəhərində üsyançılar tərəfindən öldürülüb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm