Aşıq Samirə gizlinləri açdı: “Şayiə yaymışdılar ki, guya mən…” - VİDEO, FOTOLAR
Bizi izləyin

Digər

Aşıq Samirə gizlinləri açdı: “Şayiə yaymışdılar ki, guya mən…” - VİDEO, FOTOLAR

“Ulduzlu axşam”ın qonağı telli sazlı, xoş avazlı, duzlu- nazlı aşıq Samirədir. Aldı görək nə dedi…

“İçimi yeyə-yeyə arıqladım”

- Xeyli çəki atmısan, sirr deyilsə, buna necə nail oldun?

- Bir az stress, biraz da marağım. Səhnə formada olmağı sevir, artıq mən də tənqid atəşinə tutulurdum ki, bu nə gün-güzərandır, təcili arıqlamaq lazımdır. Səhnədə də özümü görüb kompleksə düşürdüm. Deyim ki, mən ümumiyyətlə, tez kompleksə düşən adamam. Bir kəlmə sözlə pis vəziyyətə düşə bilərəm. Baxmayaraq ki, mən çox güclü qadınam, ayaqda durmağı bacarıram. Amma bir Allah bilir ki, buna necə içimi yeyə-yeyə nail oluram. Elə içimi yeyə-yeyə də özümü arıqlatdım.

- Belə başa düşdüm ki, pəhrizin elə stress olub. Necə çıxdın bu məlum səbəb üzündən düşdüyün stressdən? Hər kəsə aydın oldu ki, söhbət sənin həyat yoldaşınla ayrılmağından gedir.

- Azərbaycan qadını güclü olması ilə hər zaman fərqlənib. Mən də özümü güclü xanım sayıram. Allahdan başqa heç kim məni üzə bilməz, yıxa bilməz. Bunu ona görə əminliklə deyirəm ki, mənim heç düşmənim də yoxdur və əminəm ki, mənə heç kim böyük zərbə də vura bilməz. Allah insanı yalnız sağlamlığı ilə imtahana çəkməsin. Qalan hər şey düzələndir. Məni yaşadan arzularım və məni həddən artıq sevən dostlarım var.

“Çətin anlarımda göz yaşlarımı silib...”

- Deyirlər ağlamaq gözəl şeydir, göz yaşımı silən olsa. Həmin müddətdə sənə ən çox dəstək olan kimlər idi?.

- Hər çətin anımda göz yaşımı anam silib. Məni ayaqda durmağa vadar edənlərdən birincisi elə anamdır. O həmişə məni danlayır ki, heç vaxt həyatda sınma, bu həyatdır, həyatda hər bir problemdən çıxış yolu var.

- Bu göz yaşı sevgidən töküldü, yoxsa xəyanət ağrısından? Ümumiyyətlə, səni ən çox ağrıdan nə oldu?

- Həyatda həmişə hər kəsin yaxşılığını istəmişəm. Eləcə də həmişə özümə yaxşılıq arzulamışam. Hansısa problemləri yaşayanda mən çox pis oluram ki, niyə axı bunu yaşamalıydım. Həyatda kim nə edirsə, özünə edir - bu sözü özümə şüar kimi tutub yaşayıram. Mənə gələn xeyirin də, şərin də səbəbkarı özüməm. Daha çox özümü məzəmmət edirəm.

“Həyatda itirən də özüməm, qazanan da”

- Dəyərdimi o göz yaşlarına?

- Qayıtmayaq bu mövzuya. Amma onu deyim ki, həyatda dəyərsiz heç nə yoxdur, hər şeyin dəyəri var. İnsan itirdiyi hər bir şeyə görə, göz yaşı axıdır, buna görə də dəyər.

- İtirən sən yox, o, oldu.

- Bir onu deyə bilərəm ki, həyatda itirən də özüməm, qazanan da. Nə olursa həyatda, Allahdan xeyirliyə olur. Təki hər şey xeyirlə qurtarsın.

- Barışıq mümkündürmü?

- Allahın işidir.

- O sevginin yerində indi nə qalıb?

- Balaca oğlum…

- Oğlunun sualları qarşısında çətin duruma düşmürsən ki?

- Hələ balacadır. Gələcəyi də gələcək göstərər.

“Bacarsaydım, xətt çəkərdim bunlara”

- Depressiyaya tez-tez düşürsən?

- Yox, qəti aram yoxdur depressiya ilə. Özümü çox tənqid edirəm. Bəlkə də düşərdim e, anam, əzizlərim yanımda olmasaydı.

- Nədən stimul alırsan?

- Sənətimdən və balalarımdan. Doğrudan sevərək gəlmişəm bu sənətə. Qanım qara da ola bilər. Amma evə gəlib balalarımı görəndə üzüm gülür.

- Hansı xasiyyətinin üstündən xətt çəkərdin, hansı ilə fəxr edirsən?

- Hər addımımı yüz ölçüb bir biçirəm. Sözümün arxasında durmağı və məsuliyyətini daşımağı bilirəm, iradəliyəm. Bir məqsəd qoydumsa, ona çatmalıyam. Xətt çəkərdim bunlara - çox kövrəyəm, bir az tənbəlliyim var. Düşmənimə də dost kimi yanaşmağı bacarıram

- Nəyi bağışlamazdın?

- Haqqı qoyub nahaqq danışmağı. Özünü qoyub başqalarını müzakirə etməyi, bir də xəyanəti və yalanı.

- Özün heç yalan danışırsan?

- Xırda-xuruş yalanlar olur.

- Axırıncı dəfə nə vaxt yalan danışmısan?

- Elə ailəmlə bağlı, çoxları soruşanda inkar edirdim.

- Sədaqətli olmaq qərardır, yoxsa, hünər?

- Qərardır, amma o qərarın dalında durmaq hünər istəyir. Çox sədaqətliyəm. Ola bilər, məni xoşlamayan insanlar var, amma düşmənim yoxdur. Sevməsə də düşmənə çevrilməyib. Mənə zərbə endirməyə qıymayıblar. Bilirəm də var. Düşmənimə də dost kimi yanaşmağı bacarıram. Söz-söhbət olub, amma özümü elə göstərmişəm ki, sanki heç nə olmayıb.

“Xəyanətkara yüz dəfə sədaqətli ol, yenə xəyanət edəcək”

- Belə deyirlər ki, xəyanətkar qadını daha çox sevirlər?

- Mən bu fikirlə razı deyiləm. Bu, müvəqqətidir. Sədaqətə sədaqətlə cavab verirlər. Bu insanın xarakteri ilə müəyyən olunan şeydir. İnsan xəyanətkardırsa, yüz dəfə ona sədaqətli ol, yenə xəyanət edəcək. İnsan sədaqətlidirsə, yüz dəfə ona xəyanət et, yenə də sədaqətli olacaq. İnsan hər şeyə hazır olmalıdır. Hər yaxşılığın qarşılığında yaxşılıq, yaxud sədaqətin qarşılığında sədaqət görə bilməzsən. O pisliklərdən mən də görürəm amma pisə çevrilmirəm. Yaxşı addımla onlara cavab verib, utandırıram.

- Silahın nədir?

- Gülər üzüm, şirin dilim, ağlım. Allahıma min şükür ki, mənə belə ağıl verib. Ağlımı o qədər sevirəm ki, kaş azalmasın. Göydə Allahım yerdə valideynlərimə minnətdaram. Bunlar şərtdir. Bunlar olarsa, heç bir problem də yaşanmaz

- Kinlisən?

- O da keçir. O adamı görən kimi yadımdan çıxır.

- Son hadisə kinə çevriləcək, yoxsa hələ ki, umu-küsü səviyyəsindədir?

- Mən kinli insan deyiləm.

- Yəni bir addım və üzrxahlıq yetər?

- O cavabı heç mən də verə bilmirəm. (Ağlayır)

“Yaşıdlarım arasında hələ ailə qurmayanlar da var, amma…”

- Gözəl xanım kimi sevgi etirafları, mesajlar olur?

- Hər bir qadına diqqət, ən azı, bir baxış olur.

- Reaksiyan necə olur elələrinə?

- Çox xoş, normal cavablarla bu narahatlıqları aradan qaldırıram. Neçə illərdir bir telefon nömrəm var, hamıya özüm cavab verirəm. Sivil şəkildə uzaqlaşdırıram onları özümdən. Əgər acılayaramsa, təhqir edərəmsə, həmin şəxs daha irəli gələcək. Yəni daha sərt mesaj ala bilərəm. Hörmətlə yanaşıram insanların sevgisinə, istəyinə.

- Üçüncü dəfə ailə qurardın?

- Yox, bu mentalitetə ziddir. İkinci dəfə də düzgün deyildi, amma qismət. Bilirəm ki, hər kəsə Samirənin bundan sonrakı həyatı maraqlıdır. Samirə bunu özü də bilmir, yaşayıb görəcəyik.

- "Kaş belə olaydı" dediyin olub?

-"Kaş ki"lər çox olur. Bir dəfə oldu, bundan sonra əminəm ki, kaş ki, deməyəcəyəm. Düzdür, yaşım azdır, yaşıdlarım arasında hələ ailə qurmayanlar da var, amma mənim iki övladım var.

“Bağışlayan insanam”

- Xəyanəti bilə- bilə bağışlayanlar da var.

- Mən ümumiyyətlə, bağışlayan insanam. Amma həyatı yaşadıqca görürsən. Sənət deyil ki, deyim bu layihəni həyata keçirəcəyəm. Əvvəllər deyirdim heç vaxt belə olmaram. Amma zamanla hər şey dəyişir.

- Bu boşanma bizə qaranlıq qaldı.

- Elə bizim özümüzə də qaranlıq qaldı.

- Geyimlərin də sazına layiqdir. Açıq-saçıq geyinmirsən, bu, özünə nəzarətdir, yoxsa xasiyyət?

- Xaricdə şort da geyinirəm, mini də.

“Bazarlığı özüm edirəm”

- Ən çox nəyə pul xərcləyirsən?

- Uşaqlarıma.

- Bazarlığı kim edir?

- Özüm.

- Qiymətlərdən xəbərin var?

- Marketlər bizi kor edib, lazım olan nə varsa, yığıram səbətə, görürəm qiymət kəllə çarxa çıxıb.

- Deyə bilərsənmi kartof neçəyədir?

- Kartofun qiymətini deyə bilməyəcəyəm, çünki rayondan gəlir. Amma pamidor-xiyarı hərdən altı manata alıram, hərdən iki manata. Meyvə tərəvəzləri evin yanından alıram, buna görə, qiymətlərdən xəbərdaram. Mən maşınımı da özüm yuduzdurmağa aparıram.

“Şayiə yaymışdılar ki, guya mən…”

- Avtomobil həvəskarısan?

- Yox, sürdüyüm "Leksus" markalı avtomobildir, qiymətini də deyə bilərəm: 56 min manat. Hələ də kreditini ödəyirəm. Nəğd verməyə imkanım yoxdur.

- Səni qalmaqala çəkəndə, reaksiyan necə olur?

- Eşidəndə ki, filankəs nəsə dedi, o saat sözə getmirəm. Həmin an zəng vurub dəqiqləşdirirəm. Bu günlərdə az qalmışdı Telli Borçalı ilə aramızı vursunlar. Telli zəng etdi ki, bəs belə bir açıqlama vermisən, özümü itirdim. Qayıtdım ki, sən inanırsan belə şeylərə? Bəlli oldu ki, aramızı vurmaq istəyiblər.

- Həyatında özün haqqında eşitdiyin ən böyük şayiə nə olub?

- Deyiblər ki, guya Samirə bahalı villada yaşayır. Efirə çıxdım, evimdə çəkiliş oldu, hamı gördü ki, bina evində yaşayıram. Deyiblər ki, onun nə qədər pulu, sponsoru var, gülmüşəm bunlara. Samirənin maddi baxımdan gəliri az olur, az yeyir, çox olur, çox yeyir. Samirənin heç kimin puluna ehtiyacı yoxdur.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm