Komitə sədri saxtakarlıqda günahlandırıldı – Rüşvət alıb?
Bizi izləyin

İdman

Komitə sədri saxtakarlıqda günahlandırıldı – Rüşvət alıb?

Zaqatalada davam edən "Simurq" - "Neftçi" (1:0) matçının fasiləsində qalmaqal yaşanıb. Komandalar fasiləyə yollanan zaman "Neftçi"nin futbolçuları Elvin Yunuszadə ilə Ernest Nfor arasında mübahisə düşüb.

Mətbuatda yayılan məlumatlara görə, tərəflər öncə bir-birlərini zəif oynamaqda ittiham edib, sonra isə bir-birlərinə hücum çəkərək əməlli-başlı əlbəyaxa davaya çıxıblar. Yalnız kənardakıların müdaxiləsindən sonra onları sakitləşdirib soyunub-geyinmə otağına aparmaq mümkün olub.

"Simurq" - "Neftçi" oyununda baş verən qalmaqal bununla bitməyib. İddialara görə, "Neftçi"nin prezident müşaviri Elnur Əşrəfoğluyla Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov arasında insident yaşanıb. Əşrəfoğlunun Zaqatalada komitə sədrini təhqir etdiyi deyilir.

Həm özünün yaşadığı insident, həm də Elvin Yuniszadənin probleminə aydınlıq gətirmək üçün Elnur Əşrəfoğlu ilə əlaqə saxladıq.

Publika.az-a danışan “Neftçi”nin rəsmisi Xaqani Məmmədova dediyi sözlərin arxasında olduğunu deyib. Komitə sədrinin hakimlərin qərarına təsir göstərdiyini vurğulayıb:

“Oyundan sonra Xaqani Məmmədovla üzbəüz gəldik. Bizim çox yaxşı bir sözümüzü var, o mənim üzümə hırıldaya-hırıldaya baxıb keçir. Mən də ona dedim ki, “sən “Neftçi”nin oyununa gəlmə. Özün bilirsən nəyə görə...

Sən Bakıda “Neftçi” – “Qarabağ” görüşü keçirilir, gəlmirsən. Bu da nəinki turun mərkəzi oyunu, Azərbaycan çempionatının mərkəzi oyunudur.

Bu oyuna gəlmirsən, 500 km Bakıdan vurub Zaqatalaya gəlirsən. Hansı məqsədlə?”

Əlbəttə ki, məqsədləri bəllidir. Xaqani Məmmədov gəlib, VİP lojada “Neftçi” və “Simurq” klublarının nümayəndələri ilə oyunu izləmir. Gedir, haradasa bir “butka”da gizlənir, oradan hakimlərə diktə edir. Bilavasitə hakimlərin qərarlarına təsir göstərir. Birinci qolda - “Neftçi”nin qapısına vurulan topda penaltidən söhbət gedə bilməzdi. Qolkiperimiz Emil Balayev də bildirdi ki, mən rəqib futbolçuya toxunmamışam. Əvəzində isə Fariz Yusifov da həmin epizoddan 20 metr kənar durur. Bir qədər fasilədən sonra penalti təyin edir. Çünki onun qulaqcığına Xaqani Məmmədov yuxarıdan deyir ki, penalti ver. Yəni məqsədli şəkildə olur.

Bugünkü gündə də ümumiyyətlə hakimlər komitəsinin işi qənaətbəxş deyil. Dünən baş tutan 4 oyuna fikir verin...

“Neftçi” hakim idarəçiliyindən razı qaldı? – Yox razı deyildi.

AZAL – “Qəbələ” oyunda, AZAL hakimlərdən narazı idi? – Bəli, özünüzdə bildiniz.

“Xəzər Lənkəran”- “İnter” oyununda, cənub klubunun baş məşqçisi hakimlə bağlı narazılığını bildirdi.

“Bakı”-“Qarabağ” oyununda da paytaxt klubu da öz narazılığını bildirdi ki, hakim səhvləri oldu.

Fikir verin çempionatın 4 oyununda da hakim səhvlərinə görə, matçların bir başa nəticəsinə təsir edən qərarlar var. Bu da onu göstərir ki, hakimlər komitəsi işləyə bilmir. Əsasən də Xaqani Məmmədov ..

Ona görə də, Xaqani Məmmədov o postu təhvil verməlidir.

Bu gün Azərbaycan futbolunda AFFA rəhbərliyi tərəfindən xüsusi qayğı göstərilir. Azərbaycan Hakimlər Komitəsinə maddi vəsait ayrılıbdır. Hakimlərimiz ildə iki dəfə Avropaya təlim-məşq toplanışına gedirlər. Bu gün Azərbaycanda elə bir peşəni mənə göstərin ki, 90 dəqiqə ərzində həmin o peşənin sahibi 800 manat pul qazanır. Bu ancaq ölkəmizdəki futbol hakimləridir.

Əvəzində isə onlar nə edirlər. Çıxıb bu inkişafa, göstərilən qayğıya zərbə vururlar. Fikir verin klubların hamısı hakimlərdən narazıdır. 9 klubun 9 da müxtəlif vaxtlarda hakimlərdən narazılıq ediblər. Bəli mən başa düşürəm, futbolda uduzan tərəf, həmişə narazılıq edə bilər. Ancaq bu gün bu hala gəlib çatmayıb. Bəli dünənki oyunda “Neftçi” zəif oyun nümayiş etdirdi. Bəli bunu da qəbul edirəm.

Yenə deyirəm, əgər hakimlər komitəsinin sədri Bakıda oyunu və ya turun mərkəzi oyunlarını izləmir, 500 km yol qət edib Bakıdan Zaqatalayagəlir ki, hakimlərin qərarlarına təsir etsin. İstəyir ki, onun nəzarətində olsun. Birdən buradan “Neftçi” xal aparar. Bunun qarşısını alsın. Ona görə də , qəti şəkildə fikrimizi bildiririk. Xaqani Məmmədova da dediyim sözlərin də arxasında dayanıram. Bir daha bildirirəm ki, o işinin öhdəsindən gəlmir”.

E. Əşrəfoğlu Elvin Yunuszadə problemindən də danışdı:

“Orada elə bir problem olmayıb. Elvin Yunuszadə ilə rəqib komandanın futbolçusu arasında birinci hissədə yüngül problem olub. Nə mənada problem olub, onu izah edim. Deməli, Onların 11 nömrəli futbolçusu Elvin Yunuszadəyə qarşı kobudluq edib, futbolçumuz da ona etrazını bildirib. Bu oyunda da görünür. Oyunun fasiləsində də Elvin Yunuszadə bir daha ona deyir ki, kobud oynadın. Burada da anlaşılmazlıq olub. Bizim digər futbolçumuz Nfor da onları oradan kənarlaşdırmağa çalışıb. Burda səhv məlumat yayılıb. Guya ki, Elvin Nforu vurub.

Yenə deyirəm, sadəcə olaraq, Nfor komanda yoldaşını kənara çəkib, “Neftçi”nin futbolçuları arasında problem olmayıb”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm