İdman
Hamı tarixə düşmək eşqiylə alışıb-yanır
Azərbaycan üçün əlamətdar hadisələrdən biri Avropa Oyunlarının Bakıda təşkil olunmasıdır.
Bu turnir 2015-ci ilin iyununda Bakıda keçirilməsi planlaşdırılan, bir çox idman növlərini özündə cəmləşdirən ilk Avropa oyunlarıdır.
Məlumdur ki, oyunlar Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən həyata keçirilir. İyunun 12-28-də keçiriləcək yarışda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının mübarizə aparacağı gözlənilir.
Azərbaycanın bəzi qabaqcıl idmançıları 6 mindən çox atletin yarışacağı Bakı 2015 1-ci Avropa Oyunlarında iştirak etməklə tarixdə öz yerini almaq üçün hazırlıqları davam etdirir.
Bildirək ki, Bakı 2015-in idman elçiləri siyahısına 11 idmançı daxil edilib. Suğra Müqabilzadə (oxatma), Nazim Babayev (atletika), Amil Həmzəyev (basketbol 3x3), Elgün Əlizadə və Murad Sultanov (velosiped idmanı), Səbinə Mikina (qılıncoynatma), Marina Durunda (bədii gimnastika), Elmar Qasımov (cüdo), Ceyran Əliyeva (voleybol), Rövşən Bayramov və Mariya Stadnik (güləş) öz idman növlərini və Azərbaycanı təmsil etmək üçün seçiliblər.
Maraqlıdır, Bakı 2015-ə hazırlaşan idmançılar bu möhtəşəm turnir haqda nə düşünür? Bu sualla bağlı Avropa oyunlarında iştirak edəcək bəzi idmançıların fikirlərini oxucuların diqqətinə çatdırırıq.
Cüdo üzrə dünya çempionu Elxan Məmmədov Bakı 2015-də qızıl medal qazanmağı qarşısına məqsəd qoyub: “Bütün fikirlərimi həm 1-ci Avropa Oyunlarına, həm də Rio-de-Janeyro Olimpiadasına yönəltmişəm. 2015-ci ildə Avropa Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq istəyirəm”.
İkiqat paralimpiya çempionu İlham Zəkiyev də qələbəsinə inanılan idmançılarımızdandır. Demək olar ki, hər yarışdan medalla qayıdan cüdoçumuz iştirak edəcəyi Bakı-2015 haqda belə danışıb: “Bakıda keçiriləcək I Avropa Oyunlarında ölkəmizin təmsilçisi kimi seçilmək mənim üçün böyük şərəfdir və ümid edirəm ki, ilk çempion kimi tarixə düşəcəyəm. Gözdən əlil idmançılar arasında keçirilən cüdo yarışının Bakı 2015-in proqramına daxil edilməsi çox gözəldir və Heydər Əliyev Arenasında keçiriləcək yarışda Azərbaycana medal qazandırmaq imkanı əldə etdiyim üçün fəxr edirəm”.
Avropa Oyunlarında iştirak edəcək idmançılardan biri də yunan-Roma güləşçisi Rəsul Çunayevdir. O da qələbəyə ümid edir:
“Sözsüz ki, bütün idmançılarımız kimi, mənim də əsas məqsədim həmin yarışda iştirak etməkdir. Ümumiyyətlə, hər bir idmançının arzusudur ki, Olimpiya oyunlarında iştirak etsin və medal qazansın. Təbii ki, istəmək asandır. Arzuya nail olmaq üçün çox çalışmaq, əziyyət çəkmək lazımdır. Çalışacağam ki, Bakının ev sahibliyi edəcəyi I Avropa Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edim”.
Karate üzrə 5 qat dünya, 10 qat Avropa çempionu Rafael Ağayev də Bakı 2015-ə hazırlaşır. Onun da medal qazanacağına inam böyükdür. R.Ağayev bu turnirdə növbəti qızılını qazanmaq üçün çalışdığını deyib:
“2015-ci ildə ən böyük idman turnirlərindən biri Avropa oyunlarıdır. Mən də burada qızıl medal qazanmaq, himnimizi səsləndirmək istəyirəm. Biz ora tam heyətlə hazırlaşırıq”.
Dünya çempionu, tanınmış karateçi Şahin Atamov bizə müsahibəsində karyerasını 2015-ci ilə bitirməyi düşündüyünü demişdi. O, Bakı 2015-də fəxri kürsünün sahibi olub, karyerasını qızıl medalla başa vurmaq istəyir:
“Əsas məqsədimiz 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa Olimpiya oyunlarında yer tutmaqdır. Bütün hazırlıqları ona görə qurmuşuq. Fikrim Avropa Olimpiya Oyunlarını qızıl medalla başa vurmaqdır”.
Avropa çempionatında gümüş medal qazanan cüdoçu Elmar Qasımov Bakı 15-də iştirak edəcəyi üçün qorxmadığını deyib. O bildirib ki, oyunlarla əlaqədar həyəcanlı deyil, əksinə qətiyyətlidir.
Bədii gimnastika üzrə ikiqat Azərbaycan çempionu və bir neçə dəfə dünya kubokunun iştirakçısı Marina Durunda çox həyəcanlı olduğunu deyib: “Avropa Oyunları mühüm hadisədir. Mən çox qürurlanıram ki, tarixdə ilk Avropa Oyunları məhz Bakıda keçiriləcək. Bu oyunlarda iştirak etmək çox şərəflidir. Ümumiyyətlə, mənim üçün bu, vacib yarışdır, ölkəmizi öz evimizdə layiqincə təmsil etmək istəyirəm. Bu yarışa ən vacib yarış kimi hazırlaşıram. Artıq yeni mövsümdür, yeni çıxışlar hazırlamışıq, hakimləri və tamaşaçıları təəccübləndirəcəyik”.
Boks üzrə Avropa çempionu, Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov da yarışa əzmlə çalışdığını deyib: “Əsas hədəfimiz 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına var-gücümüzlə hazırlaşmaqdır. Çalışıram ki, Bakıda keçiriləcək I Avropa Oyunlarınadək tam formada olum”.
Bakı 2015-lə bağlı məlumatda o da bildirilir ki, yarışın bağlaniş mərasimi iyunun 28-də Milli stadionda həyata keçiriləcək.
Aygün İlqarqızı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi