İdman
QIZIL TOP: Yerində dura bilməyən qapıçı və ya “Novator”
Hər il dekabr ayına qədəm qoyanda futbol dünyası ağlını itirir. Bir sual üstündə hamı baş sındırır. Əslində hamının özünə görə cavabı olur. Amma ortaq məxrəcə gəlmək olmur ki, olmur...
Son beş ildə, heç olmasa, bir sual ətrafında müzakirə aparılırdısa, indi vəziyyət dəyişib. Yenə dekabr ayıdı. «Qızıl top»un kimə çatacağı sualı ən aktual dövrünü yaşayır. Ronaldo, yoxsa Messi? İstedadlı argentinalı 5-ci dəfə «Qızıl top»a sahib çıxacaq, yoxsa titul karyerasında ikinci dəfə özündənrazı Ronaldoya çatacaq? Kim daha çox qol vurub? Kimin rekordu çox olub? Kim daha populyardı? Kim daha layiqdi? İndi bu suallara Manuel Noyer də şərik çıxıb. Alman qapıçı 2014-cü ildə sərgilədiyi yüksək səviyyəli futbolla hamını çaş-baş qoyub. O, futbol tarixinin toz basmış ənənəsini qırmağa namizəddir. İndiyə kimi yalnız bir dəfə «Qızıl top» qapıçıya verilib. Bu, 20-ci əsrin ən yaxşı qolkiperi sayılan rusiyalı Lev Yaşin olub. Doğrudanmı, «bir əsr»dən sonra tilsim qırılacaq?
Əslində 2014-cü ildə qırılan tilsimlər çox oldu. Lap əvvəldən başlasaq, Ronaldo elə həmin bu mükafat uğrunda mübarizədə Messinin hegemonluğuna son qoydu. «Atletiko» İspaniya çempionatında “Real” və “Barselona”nın 10 illik qələbə seriyasını qırdı. Almaniya Braziliyada keçirilən dünya çempionatının qalibi olmaqla, ilk dəfə Amerikada titul qazanan Avropa millisi oldu. Məncə, kifayətdi...
Beşinci namizəd
Sözügedən mükafat təsis olunandan - 1956-cı ildən bəri cəmi dörd qapıçı uğura yaxın olub. İlk dəfə 1973-cü ildə əfsanəvi italyan qolkiper, dünya və Avropa çempionu Dino Zoff ilk üçlüyə düşsə də, ikinci yerlə kifayətlənib. Ondan sonra 1976-cı ildə gözlənilmədən Avropa çempionatının qalibi olan Çexoslovakiya millisinin qolkiperi Viktor İvo nominantlar arasında yer alsa da, üçüncü oldu. 2001 və 2002-ci illərdə “Bavariya”nın əfsanələrindən biri, Avropa çempionu, dünya çempionatlarının gümüş və bürünc mükafatçısı Oliver Kan da iki dəfə “Qızıl top” uğrunda mübarizədə üçüncülükdən yaxa qurtara bilmədi. Elə 2006-cı ildə İtaliya millisinin dünya çempionluğunda böyük pay sahibi olan Canluici Buffon da 3-cü yerə layiq görüldü. 8 illik fasilədən sonra Lev Yaşinin ruhu yenə narahat olmağa başlayıb. Bəlkə də Noyerin “Qızıl top”u qazanmamasını istəyənlər arasında ruslar üstünlük təşkil edir. Onlar həmyerlilərinin futbol tarixində yeganə olmasını arzulamaqda müstəqildilər. Həm də belə bir fikir formalaşıb ki, Ronaldo və Messi kimi futbol dahiləri qala-qala “Qızıl top”un qapıçıya verilməsi ədalətsizlikdir. Noyerin işi çox çətindir. O həm bu iki top sehrbazına, həm də formalaşan ictimai fikrə qalib gəlməlidir.
Elə bu yazıda da qənimətin niyə məhz Noyerə verilməli olduğunu izah etməyə çalışacağıq.
Səbəb 1. Dünya çempionudur
Ötən illərin təcrübəsi göstərir ki, dünya çempionu olmaq “Qızıl top”u almaq üçün əsas şərt deyil. Halbuki çoxları məhz bu şərtin aksiom kimi götürülməsinin tərəfdarıdı. Çoxluq deyir ki, mundial olan illərdə “Ballon d`Or” məhz dünya çempionu olan komandanın futbolçularından birinə verilməlidir. 2014-cü ildə sona qalan namizədlərdən yalnız Noyerdə bu üstünlük var. Haradasa Messi də özünə bəraət qazandıra bilər ki, mundialın finalında oynayıb. Ronaldonun komandası isə Braziliyada titul uğrunda mübarizə aparmaq gücündə olmayıb. Məhz bu məqama görə alman qapıçı mükafatı haqq edir.
Səbəb 2. Klubdakı uğurlar
“Qızıl top”a layiq görülən yeganə qapıçı Lev Yaşinin beynəlxalq arenada klub səviyyəsində heç bir uğuru olmayıb. Rusiyalı qolkiperin 5 dəfə SSRİ çempionu olması diqqət çəkir. Manuelin isə klub karyerası möhtəşəmdir. 2011-ci ildə “Şalke”ni “Bavariya”ya dəyişəndən sonra Noyerin titul kolleksiyası ildən-ilə zənginləşməyə başladı. Münhen klubunda onun qazanmadığı titul qalmayıb: Almaniyada çempionluq, kubok və superkubok, Çempionlar Liqası, Avropa superkuboku. Hətta Yaşinin vaxtında olmayan klublararası dünya çempionatında da kuboku başı üzərinə qaldırıb. Əlbəttə, klubdakı uğurlar “ilin ən yaxşı oyunçusu” nominasiyasında nisbətən formal xarakter daşıyır. Amma burda da boşluq olmadığını xatırlatmaqda bir fayda var. Məsələn, Messi ötən mövsümü ümumiyyətlə, titulsuz başa vurub.
Səbəb 3. Rəqiblər
Yaşin 1963-cü ildə “Qızıl top”u alanda rəqibləri dünya səviyyəli ulduzlar olmayıb. Həmin il nə Avropa, nə də dünya çempionatı keçirilmədiyindən nominantlar siyahısına klub səviyyəsində özünü göstərənlər düşmüşdü. Yaşinin əsas rəqibləri “Milan”dan italyan Canni Rivera (2-ci yer) və “Tottenhem”dən ingilis Cimmi Qrivz (3-cü yer) olmuşdu. Elə bu faktı bilmək yetərlidir ki, nə bundan əvvəl, nə də bundan sonra, Rivera və Qrivz bir də “Qızıl top”a namizədlər arasına düşmədi.
Noyerdə isə durum fərqlidir. Onun rəqiblərinin fərdi uğurları göz deşir. Ronaldo və Messi nəinki ilin ən yaxşı oyunçusu adı uğrunda mübarizəyə layiqdi. Onlar Pele və Maradona kimi dahilərin də statusunu əlindən almağa iddialıdı. Onlar müasir futbolun “bəla”sına çevriliblər. Neçə-neçə ulduz futbolçu parlaq il keçirsə də, onların kölgəsində qalır. Elə bu ili misal gətirək. DÇ-2014-ün bombardiri Xames Rodriges, ötən mövsüm “Qızıl buts”un sahibi Luis Suares, milli komandalar arasında ilin bombardiri Neymar nə etməlidir? Bir sözlə, ruslar illərdir Lev Yaşini gözlərinin üstündə gəzdirməklə deyil. Yaşin Noyerin yerində olsaydı, heç üçlüyə də düşməzdi.
Braziliyada olanları bir daha xatırlayaq
Yayda futbolun nominal vətəni Braziliyada baş verənləri yəqin ki, unutmamısız. Almaniya millisi kuboku okeanın o tayından gətirən ilk Avropa təmsilçisi kimi tarixə düşdü. Manuel Noyer də bu tarixin bir hissəsi oldu. 7 oyunda cəmi 4 dəfə topu tordan çıxaran 28 yaşlı qolkiper turnirin ən yaxşı qapıçısı seçildi. Amma burada da alman qapıçı güclü rəqabətlə qarşılaşdı. Bildiyiniz kimi DÇ-2014 əsasən qapıçıların fantastik oyunuyla yadda qaldı. Keylor Navas, Oçoa, Kurtua, Romero... Onların hər biri möhtəşəm seyvləriylə milyonların rəğbətini qazandı.
Bəs Noyer təkcə dünya kubokunu qazandığı üçünmü ən yaxşı seçildi? Məncə yox. Noyer həmin mundialda bütün dünyaya qapıçının müdafiəçi kimi də komandaya xeyir verə biləcəyini göstərdi. Hətta bəzi oyunlarda adama elə gəlirdi ki, Bundestim meydanda 12 futbolçuyla çıxış edir. Noyer də çempionluqda məhz bu məqamı xüsusi vurğulamışdı: “Biz yumruq kimi birləşdiyimiz üçün turnirin qalibi olduq. Hamı qələbə üçün alışıb-yanırdı. Düzdür, hazırlıq vaxtı bir sıra çətinliklərlə üzləşdik. Aparıcı futbolçumuz Marko Roys zədələndi. Amma onu və müxtəlif səbəblərdən bura gələ bilməyən digər komanda yoldaşlarımızı da çempion saymaq olar”.
Novator
Yəqin bunu çoxları təsdiqləyər ki, Noyer 2014-cü ildə təkcə seyvləriylə yadda qalmayıb. Seyvə qalsa, il ərzində kifayət qədər qapıçılar olub ki, fantastik qurtarışlarıyla diqqət mərkəzinə düşüb. Noyer elə bil futbola yenilik, yeni nəfəs, canlanma, əyləncə, nə bilim, nəsə yeni bir element gətirib. Bəzən təhlükəli vəziyyətlərə səbəb olsa da, onun libero kimi oynaması, qapısını tərk edib rəqibin əks-hücumunu pozması publikanın xoşuna gəlir. Azarkeşə nə lazımdır ki? Futboldan ləzzət almaq. Noyer hətta oyun ərzində 70 dəqiqə “istirahət etdiyi” məqamlarda belə bir epizodda qeyri-adi hərəkətiylə yadda qalmağı bacarır.
Noyer bu səviyyəyə necə çatıb?
Noyerin futbola qapıçı kimi başlamasının maraqlı tarixçəsi var. Özünü dinləyək: “4 yaşım var idi, anam məni ilk məşqə aparırdı. Yolda bir-birimizi itirdik, bir az yubandıq. Gəlib bazaya çatanda bir boş yer qalmışdı. Təbii ki, qapıçı mövqeyi”.
Manuel lap kiçik yaşlarından “Şalke”nin futbol akademiyasında təhsil alıb. 2003-cü ildə 17 yaşlı yeniyetmə Helzenkirhen klubunun əvəzedici heyətində regional liqada oynamağa başlayıb. 2005/06 mövsümündən əsas komandaya çağırılan Noyer əvvəllər ehtiyatda otursa da, debütünü çox gözləmədi. 2006-cı ilin avqustunda ilk dəfə Bundesliqa oyununun həyəcanını yaşayan istedadlı qapıçı bir də 10-cu turda, “Bavariya”yla qarşılaşmada “çərçivə”yə keçdi. Amma həmin oyunda nə baş verdisə, baş məşqçi Mirko Slomka Noyerə əsas heyətdə şans verməyə başladı. Beləcə 2006/07 mövsümündə Manuel 27 matçda “Şalke”nin qapısını qorudu. 2007-ci ildə o, artıq Almaniyanın ən yaxşı qolkiperi seçildi.
Yeni səhifə
2011-ci ildə Noyerin karyerasında yeni səhifə açıldı. “Bavariya”yla 5 illik müqaviləyə imza atan Manu geridə qalan üç mövsümdə ona bəslənən ümidləri artıqlamasıyla doğrultdu. İndi almanlar ona Oliver Kanın davamçısı gözüylə baxır. Ədalət naminə deməliyik ki, son illər futbol matçlarında publikanı onun qədər əyləndirən qapıçı qıtlığı var idi. Uzun illərdən sonra ilk dəfə bir qapıçı “Qızıl top”u qazanmağa bu qədər yaxınlaşıb. Bunun üçün Noyer təkcə qapıda dayanmaqla kifayətlənməyib. Hərdənbir müdafiəçi kimi top çıxardıb, libero kimi hücum başlayıb və öz işini də ustalıqla yerinə yetirib. “Qızıl top” ona verilməsə, yaxın gələcəkdə çətin ki, hansısa qapıçıya bu qəniməti qazanmaq nəsib olsun.
Noyer “Milyonçu” şousunda son sualda ilişib
Üç il əvvəl Noyer “Milyonçu” şousunun alman versiyasında iştirak edib. 1 milyon avro qazanmağa yaxın olan Manuel sonuncu sualda “ilişib”. Sual belə olub: “Nürnberq sakini Martin Behaim nəyi icad edib?”
Cavaba yaxın versiyası belə olmayan alman qolkiper risk etməyərək 500 min avronu götürməyə qərar verir. Və təbii ki, qazandığı pulu xeyriyyəçiliyə xərcləyir. Maraqlıdı ki, sonralar Noyer məşqlərdə əsas zərafat hədəfi seçilir. Oyundaşları onunla məzələnərək top əvəzinə “qlobusu tut” deyirlərmiş.
Elə doğru cavab da məhz qlobus imiş...
Noyer niyə yerində dayana bilmir?
Hamıya maraqlıdır, görəsən onun bəzən müdafiəçi kimi arxada top qəbul etməsi, ötürməsi və hücum qurması məşqçinin tapşırığıdı? Noyer Qvardiolanın da rolunun olduğunu deyir: “Bu vərdiş uşaqlıqdan yaranıb. Futbol oynayan hər kəs qol vurmağa meylli olur. Mən də qapını özümdən asılı olmadan tərk edirəm. İnstinkt deyək. Özümə arxayın oluram top məndə olanda. Ümid edirəm ki, bu oyun üslubumu karyeramın sonunadək davam etdirəcəm.
Hərdən məşqlərdə üç nəfər yeddi nəfərə qarşı oynayırıq. Bu texniki göstəricilərin yaxşılaşmasına təsir edir. Qvardiola buna xüsusi diqqət yetirir. Əvvəllər meydan oyunçusu qapıçıya nadir hallarda ötürmə verirdi. İndi isə hər şey göz qabağındadı”.
O, daha artığına layiqdi
Bu gün Noyer dünyada yeganə qapıçıdır ki, oyun ərzində komanda yoldaşları meydanda gəzişəndə də, o, diqqət mərkəzində qalmağı bacarır. Onun oyun manerası kimisə heyrətləndirə, kimisə təəccübləndirə bilər. Amma bir həqiqət var ki, bu üslub komandaya mənfi təsir göstərmir. Rəqib sürətli əks-hücum qurarkən azarkeşlər başını tutmağa macal tapmamış Noyer qapısını tərk edərək təhlükəli hücumu zərərsizləşdirir. O, oyunu oxumaq bacarığına görə də başqa həmkarlarından fərqlənir. DÇ-2014-də Əlcəzairlə oyunu xatırlayın. Hummelsin yoxluğunda özünü mərkəz müdafiəçisi kimi hiss edən Manuel künc bayrağına kimi gəlməyə cürət edir və təkbətəkdən qalib ayrılır. Mövsüm ərzində dəfələrlə riskli hərəkətlər edən alman qolkiper qapısında təhlükəli vəziyyətlərin yaranmasına səbəb olub. Amma bunun hesabına 10-larla real qol vəziyyətini zərərsizləşdirib. Bəlkə də nə vaxtsa, hansısa futbolçuya onu qapısını tərk etdiyinə görə cəzalandırmaq xoşbəxtliyi nəsib olacaq. Necə ki, AÇ-2016-nın seçmə oyununda Cəbəllütariq millisinin oyunçusu buna çox yaxın olmuşdu. Həmin oyunun yarıdan çoxunu Noyer meydanın az qala mərkəzində keçirmişdi. Amma bu təhlükədən yaxşı qurtardı. Hələ ki, o, dünyanın ən yaxşı qolkiperi kimi müzakirə olunur. Hələ ki, o, dünya çempionudu. O, daha artığına layiqdi. Qapıçı bir oyunda, bir turnirdə, uzağı bir mövsümdə komandasının ulduzu ola bilər. Amma o, həmişə parlaya bilməz axı. Hücumameylli futbolçulardan fərqli olaraq, iki “quş” qapıçının mövsüm ərzində sərgilədiyi oyuna kölgə sala bilər. Bəlkə də “Qızıl top” Noyerə çatmadı. Amma bunun üçün Manuel 2014-cü ildə nə lazımdısa etdi. Ən yaxşı dövründə dünya çempionu da oldu. Daha neyləməliydi ki...
Onun haqda nə fikirləşirlər?
Xabi Alonso “Bavariya”nın futbolçusu
Noyer həqiqətən də “Qızıl top”a layiqdi. Mükafat ona çatsa, ədalətsizlik olmayacaq. İndiyə kimi çiyin-çiyinə oynadığım qapıçılar arasında Manuel ən yaxşıdır. O, meydanda nümunəvi görünür.
Mark Vilmots, Belçika millisinin baş məşqçisi
Əvvəldən favoritim Aryen Robben, Manuel Noyer və Tibo Kurtua idi. Finala Noyer qaldığı üçün ona səs verəcəm. O, ideal qapıçıdı. Fantastik mövsüm keçirib, titullar qazanıb, ilboyu sabit çıxış edib, inkişaf da öz yerində. Məncə bu dəfə ənənəni pozmaq, qol vuranı yox, qol buraxmayanı seçmək lazımdır.
Pərviz Hikmət
Noyerin DÇ-2014-dəki ən yaxşı seyvləri
Noyerin 2014-cü ildəki çıxışı
Noyerin karyerasından seçmələr
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial26 Dekabr 17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı