İdman
BAKI 2015-ə doğru: Vulkan püskürməsi nəticəsində yaranan idman növü – SSRİ-dən bu günə...
Velosipedlər bir çox ölkədə ən əlverişli nəqliyyat vasitəsidir. İnsanların rahatlığı üçün bu vasitələr daha da təkmilləşdirilir. Hətta dəfələrlə İsveçdə nazirlər nəqliyyat vasitəsi olaraq velosipeddən istifadəni seçib.
Velosiped idmanında şose, trek, dağ velosiped idmanı və BMX (velosiped motokrosu) kimi növlər var. Hazırda velosiped üzrə dünyada ən nüfuzlu yarışlar Fransada keçirilən “Tur de Frans”, “Dofine Libere”, “Kriterium du Dafin”, İspaniyada keçirilən “Vuelta”, İtaliyada keçirilən “Giro de İtalio” turniri hesab olunur.
Publika.az I Avropa Oyunlarında keçiriləcək idman növləri və iştirakçıları ilə bağlı bu dəfə velosiped idmanından bəhs edəcək. Velosiped idmanının yaranması və idmançılar haqqında oxucuları məlumatlandırmağa çalışacağıq.
Rəssamın təsvirindən sonra ixtira olunan idman
Dünyada velosipedin tarixi 500 il bundan əvvəl Leonardo da Vinçinin velosiped şəklini təsvir etməsi ilə başladı. İlk ikitəkərli və sükanlı velosipedi Rusiyada təhkimli usta U.Mixail Artamonov tərəfindən 1801-ci ildə düzəldilib. Ona "samokat" (öz-özünə hərəkət edən) adı verilmişdi. Lakin Artamonovun velosipedinin taleyi uğurlu olmadı. O, çarın nadir əşyalar kolleksiyasına daxil edildi və tezliklə yaddan çıxdı.
1801-ci ildə Parisdə sükansız və pedalsız velosipedlər düzəldildi. Bu velosipedi sürücü ayaqları ilə yerə təkan verməklə hərəkətə gətirirdi. 1815-ci ildə alman K.Drez sükanlı velosiped, 19-cu əsrin ortalarında isə onun həmvətəni F.Fişer qabaq təkərində pedalı olan velosiped düzəltdi. Beləliklə, Artamonovun sxemi yenidən qaytarıldı. O vaxt velosipedin təkərləri metaldan düzəldilirdi. Qabaq təkəri bir isanın boyunda olurdu. Təkərdəki millərin sayı çox olduğundan, o, hörümçək toruna oxşayırdı. Buna görə ona "hörümçək" deyirdilər. 20 ildən sonra onu öz quruluşu və görkəminə görə indiki velosipedlərə oxşayan yeniləri əvəz etdi.
Hələ 1869-cu ildə Fransada 120 km məsafəyə keçrilmiş ilk yarışlarda velosiped o dövr üçün misli görünməmiş sürətə - saatda 11 km - malik olub. O vaxtdan müxtəlif idman yarışlarının iştirakçıları indiki ikitəkərli velosipedləri ilə şosedə (şose yarışları), dərə-təpə yollarda (velokross), xüsusi velosiped stadionlarında (velotrekdə) sürətlə şütüyürlər. Onlar həm təkadamlı velosipedlərdə, həm də ikinəfərlik velosipedlərdə - tandemlərdə məşq edirlər.
Digər versiya – vulkan püskürməsi
Digər versiyalara görə, velosipedin ixtirası 1816-cı ildə vulkan püskürməsi nəticəsində atların qırılması və bununla da başqa nəqliyyat vasitələrinin inkişafına ehtiyac yaranması ilə ortaya çıxarıldı. İlk velosipedin görünüşü müasir velosipedlərdən tamamilə fərqlənirdi. Almaniyanın Manhaym şəhərində yaşayan Baron fon Drays tərəfindən ilk velosiped 1817-ci ildə ixtira edildi. Taxtadan düzəldilmiş, lakin pedalları olmayan velosiped idi. Velosipedin ilk modeli yoxuşlu küçələrdən aşağı düşmək üçün ayaqları yerə dirəyib təkan verərək hərəkətə gətirilirdi. Bu tip velosipedlərin rekord sürəti 15 s/km-dən çox olmurdu.
İlk yarış İsveçdə
1819-cu ildə İsveçdə ilk velosiped yarışı baş tutdu. Almaniyada isə belə yarış 1829-cu ildə keçirildi. Daha sonra Avropa ölkələrinin əksəriyyəti “velosiped”ə dadandı. 1893-cü ildən velosiped idmanı üzrə yarışlara start verildi. Velosiped yarışları elə 1896-cı ildə keçirilmiş ilk Olimpiya Oyunları proqramına daxil oundu.
1900-cü ildə Parisdə Belçika, ABŞ, Fransa, İtaliya və İsveçrənin velosiped idmanı təşkilatları tərəfindən Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) əsası qoyuldu.
Azərbaycanlı veloyürüşçülər
Azərbaycanda velosipeddən istifadə tarixi 1930-cu ilə təsadüf edir. Həmin ildə ilk dəfə olaraq Azərbaycanda velosipeddən nəqliyyat vasitəsi kimi istifadə olunmağa başlanıldı. Bu velosipedlər Azərbaycana Rusiyadan gətirilirdi. İlk vaxtlar velosiped məktəbli və tələbələr arasında daha populyar idi. Bu səbəbdən də velosipeddən məktəblərarası və universitet daxilində yarışlarda da istifadə olunurdu. Ölkəmizdə daha irimiqyaslı velosiped yarışları ötən əsrin 40-cı illərindən başladı. Bu dövrlərdə artıq respublika daxilində velosipedçilər arasında spartakiadalar keçirilməyə başlanılmışdı. Spartakiadalar Avropadakı kimi 4 ildən bir təşkil edilirdi. Azərbaycanlı velosipedçilər turnirlərdə Ukraynanın Xarkov zavodunun istehsalı olan velosipedlərdən istifadə edirdilər.
Səbzəli Hüseynov və Hüseyn Zərgərli Azərbaycanda velosiped idmanının ilk nümayəndələridir. Onlar daha sonralar məşqçi kimi fəaliyyətlərini davam etdirdilər. Azərbaycanda peşəkar velosipedçilərin yetişdirilməsi üçün yerli, eləcə də müxtəlif ölkələrdən məşqçilər cəlb olundu. Bunlar Hüseyn Zərgərli, Səbzəli Müseyibov, Sergey Romanov və başqaları idi.
Ötən əsrin 40-cı illərinin sonlarından başlayaraq velosiped yarışlarında təkcə kişilər deyil, qadınlar da təmsil olunmağa başladı. Əvvəlcə yerli spartakiadalarda qüvvəsini sınayan Azərbaycan velosipedçiləri, qalib gəldikdən sonra respublika spartakiadasına vəsiqə alırdılar. Bakının qadınlardan və kişilərdən ibarət yığma komandası yerli spartakiadalarda qalib gələrək, Ümumittifaq və Zaqafqaziya spartakiadasında iştirak edirdilər.
Uğurlu inkişaf yolu
1980-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə Bakıda dünya standartlarına uyğun Respublika Velotreki tikilib istifadəyə verildi. Uzunluğu 333 metr olan bu velotrekdə bir sıra ümumittifaq yarışları keçirildi.
1991-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 850 illiynə həsr olunmuş təntənəli tədbirlər çərçivəsində Sankt-Peterburq - Gəncə arasında 4 min km məsafədə velosiped yürüşü təşkil olunmuşdu. 26 şəhərin təmsil olunduğu bu yürüşdə ölkə velosipedçiləri uğurla iştirak etdilər.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin bütün sahələrində olduğu kimi, idman siyasətində də böyük canlanma özünü göstərirdi. 1997-ci ildən Milli Olimpiya Komitəsinə uğurla başçılıq edən İlham Əliyevin səyi və təşəbbüsü sayəsində qısa müddətdə Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri uğurla inkişaf etdi. O cümlədən Azərbaycan Velosiped İdmanı Federasiyası yaradıldı.
Azərbaycanda velosiped idman növünün yüksək səviyyədə inkişaf etdirilməsi üçün ölkəmizə İtaliya və Fransa istehsalı olan velosipedlər gətirildi. 2011-ci ildə Azərbaycan Velosiped İdmanı Federasiyası yenidən təşkil olundu, Fazil Əsəd oğlu Məmmədov Federasiyanın prezidenti seçildi. Son zamanlar daha da inkişaf edən velosiped idmanında idmançılarımız beynəlxalq yarışlarda iştirak edir və mükafatlar qazanır. Bundan əlavə dəfələrlə veloyürüşlər təşkil edilib.
Bakıda 300 velosipedçi yarışacaq
Bakı 2015 Avropa Oyunlarının yarış cədvəlinə velosiped idmanının üç növü daxil edilib. Bu idman növlərinin hərəsinin özünəməxsus həyəcanverici özəlliyi var. BMX, dağ və şosse velosipedi yarışlarında 300-dən çox idmançı iştirak edəcək. İdmançılar velosiped idmanın hər üç növündə 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunları üçün kvalifikasiya imkanlarına sahib olacaqlar.
Dağ velosipedi üzrə yarışlar iyunun 13-də dağ velosipedi parkında keçiriləcək. Yarışlarda 46 kişi və 31 qadın velosipedçi öz gücünü sınayacaq. Son dövrədə finiş xəttini ilk keçən idmançı yarışın qalibi olacaq.
Şose yarışları kişilər arasında 216 kilometr, qadınlar arasında isə 121,5 kilometr məsafə üzrə keçiriləcək. Zamana qarşı yarışlar isə kişilər arasında 40 kilometr, qadınlar arasında isə 24 kilometr üzrə baş tutacaq. İyunun 18-21-də keçiriləcək şose velosipedi idmanı yarışlarında ümumilikdə 146 kişi və 175 qadın idmançı iştirak edəcək.
BMX üzrə keçiriləcək yarışlarda 32 kişi və 16 qadın idmançı yeni BMX veloparkında açıq məkanda yerləşən trekdə mübarizə aparacaq. Trekdə bir sıra maneə, qabarıq və sıldırım enişli künclər olacaq. Yarışlar iyunun 26-da başlayacaq. Kişilər və qadınlar arasında keçiriləcək final mərhələsi iyunun 28-də baş tutacaq.
Əvvəlki yazıların linkləri: http://publika.az/p/59719, http://publika.az/p/60589, http://publika.az/p/62190, http://publika.az/p/63152, http://publika.az/p/64759, http://publika.az/p/65619
-
İdman06:46
Babasının kəlləsini stadiona gətirdi - VİDEO
-
MDB06:16
Alkoqolun məhv etdiyi ƏN GÖZƏL 5 RUS QADINI - FOTO
-
Magazin205:15
Əfsanə geri dönür - FOTO
-
İdman01:41
Ronaldo ödənilməmiş hesaba görə MƏHKƏMƏLİK OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik macəra da ola bilər
-
Hadisə24 Noyabr 23:36
Faciəvi şəkildə ölən Süleymanın FOTOSU
-
İdman24 Noyabr 23:00
Qurbanov yeni "Qarabağ" yaradır
-
Səhiyyə24 Noyabr 22:00
Sumqayıtda bu həkimə YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO