İdman
BAKI-2015-ə doğru: Amerikadan Azərbaycana qədər gələn “nəhəng şou” - FOTOLAR
Basketbol bütün dünyada məşhurlaşmış bir idman növüdür. Daha çox şou xarakteri daşıyan bu idman növü izləyənlərə həmişə zövq verib. Normalda basketbolu hərəsində beş nəfər olmaqla iki komandanın oynadığını bilirik. Amma yenilikçilər bu idman növünə daha da rəng qatmaqla Basketbol 3x3-ü kəşf ediblər. Basketbol 3x3 - “streetbol” və ya küçə basketbolu adlandırılır.
Publika.az səbirsizliklə gözlənilən I Avropa Oyunlarında keçiriləcək idman növləri və iştirakçıları ilə bağlı silsilə yazıların təqdimatını davam etdirir. Bu dəfə Basketbol 3x3 idman növü haqqında məlumat verəcəyik.
Amerikan əsgərlərinin məşğuliyyəti Avropa ölkələrində
Basketbol ilk dəfə 1891-ci ildə Massaçusets ştatının Sprinqfilds kollecinin bədən tərbiyə müəllimi Ceyms Neysmit tərəfindən kəşf edilib. Ceymsin basketbolu Mayas qəbiləsinin “tlahiotenie” oyunundan götürdüyü güman edilir. “Tlahiotenie” Mayas qəbiləsinin qədim, tarixi oyunudur. Məlumatlara görə bu oyun basketboldan bir az fərqlənir. Çünki burada fiziki güc önəm kəsb edir. Ceyms Neysmit xəyalını gerçəkləşdirdikdən, yaratdığı idman növünün məşhurlaşmasından sonra onu “basketbolun atası” adlandırdılar. Basketbolun vətəni Amerika qəbul edilsə də, yaradıcısı Ceyms Neysmit əslən kanadalı idi.
Elə bu idman növünün adını da özü qoyub. Divardan asılmış taxta səbətlərə topu atmaqla oynanıldığı üçün “səbət topu” (basketball) adlandırıb.
O dövrdəki basketbol qaydaları indikindən fərqli idi. Əvvəllər hərəsində 7 nəfər olmaqla iki komanda 20 dəqiqəlik üç dövrəli sistemlə oynayırdı.
Basketbol qısa müddətdə məktəb çərçivəsindən çıxaraq Amerikanın hər yerinə yayılmağa başladı. İki il ərzində Amerikadakı məktəblərin əsas idman növləri arasına daxil oldu. Vaxt keçdikcə bu idman növünə maraq daha da artdı.
Basketbolun Avropadakı ilk sınağı 1893-cü ildə Parisin Trevis küçəsindəki köhnə bir gimnastika salonuna təsadüf etdi. Daha sonralar xüsusilə Birinci dünya müharibəsi əsnasında, basketbolun Avropada yayılmasında amerikalı əsgərlərin böyük təsiri oldu. Sürətlə inkişaf edən basketbol beləcə Avropada ən populyar idman növləri arasında yerini aldı.
Basketbolda ən önəmli addım 19-cu əsrin sonlarında atıldı. Belə ki, Amerika 1897-ci ildə kişilər, 1900-cü ildə qadınlar arasında ilk milli basketbol çempionatlarını təşkil edərək, bu idmanı ölkə çapında məşhurlaşdırdı.
1904-cü ildə Amerikada keçirilən Olimpiya oyunlarına məsafənin uzaq olması səbəbiylə çox ölkə qatılmasa da, basketbolun şöhrəti Uzaq Şərqə qədər yayılmışdı. 1913-ci ildən etibarən Uzaq Şərqdə də basketbol qarşılaşmaları keçirilməyə başladı. İlk dəfə təşkil edilən basketbol turnirində Filippin birinci, Çin isə ikinci yeri tutdu.
Bizim basketbol...
Basketbol Azərbaycana 20-ci əsrin əvvəllərində gəlib çıxdı. Məhz 1920-ci illərdən başlayaraq, ayrı-ayrı əmək kollektivlərində, idarə və müəssisələrdə, ali təhsil ocaqlarında, idman cəmiyyətlərində komandalar yaradıldı, məşğələlərə cəlb olunan basketbol həvəskarlarının sayı getdikcə artırıldı. 1926-cı ildə təkcə Bakı şəhərində 300-ə yaxın basketbol üzrə komandaların və məşğələlərin fəaliyyət göstərməsi qeydə alındı.
1994-cü ildən etibarən Azərbaycan Basketbol Federasiyası (ABF) Beynəlxalq Basketbol Federasiyasına (FİBA) tamhüquqlu üzv kimi qəbul edildi. Bu da komandalarımıza beynəlxalq yarışlarda müstəqil Azərbaycan dövlətinin bayrağı altında çıxış etmək hüququ qazandırdı. 1995-ci ildə kişilərdən ibarət Türkiyə, Gürcüstan, Türkmənistan və Azərbaycanın yığma komandalarının iştirakı ilə Bakıda Beynəlxalq turnir keçirildi və millimiz turnirin qalibi oldu. 1996-cı ildə ABŞ-ın məşhur basketbolçusu Bob Kouzin 70 illiyinə həsr edilmiş turnirdə Azərbaycanın kişilərdən və veteranlardan ibarət yığma komandaları da iştirak etdi.
Veteranlardan V.Muxin, S.Novruzov, Q.Məmmədyarov, H.Ələkbərov və başqaları Nyu-Norkda keçirilmiş həmin turnirin iştirakçıları oldular. 1997-ci ildən 2000-ci ilə qədər Azərbaycan Basketbol Federasiyası FİBA-nın heç bir toplantı və tədbirlərində iştirak etmədiyinə görə Avropa Basketbol Federasiyasının tamhüquqlu üzvlüyündən xaric edildi.
2000-ci ildə ABF-nin yeni rəhbərliyi seçildi. Beynəlxalq əlaqələrin yeni səviyyəyə qaldırılması sayəsində 2000-ci ildə Türkiyədə keçirilən FİBA konqresində ABF-nin bu beynəlxalq quruma üzvlüyü bərpa olundu.
2002-ci ildə Rimas Kurtinaytis Azərbaycanın basketbol üzrə yığma komandasına və “Qala” basketbol klubuna baş məşqçi gətirildi. O, Azərbaycanda basketbolun inkişafına böyük təkan verdi. R.Kurtinaytis Azərbaycana gəldikdən sonra müntəzəm olaraq ölkə çempionatları keçirilməyə başlandı. Beynəlxalq arenalarda müəyyən nailiyyətlər əldə olundu. Bu nailiyyətlərdən ən böyüyü isə 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilmiş İslam Həmrəylik Oyunlarında (İslam ölkələrinin Olimpiya Oyunları) basketbol üzrə millimizin qızıl medallar qazanması oldu. Bu da Azərbaycan basketbol tarixində ən böyük nailiyyətlərdən biridir. Bundan əlavə, 2006-cı ildə kişilərdən ibarət milli yığmamız Albaniyada keçirilən FİBA-nın Avropa İnkişaf Kubokunda iştirak edərək kuboka sahib olub. 2008-ci il Şotlandiyada ilk dəfə keçirilən Avropa çempionatının “C” divizionunda kişilərdən ibarət milli yığmamız Elxan Əliyevin rəhbərliyi altında 1-ci yeri tutaraq tarixi qələbəyə nail oldular. Hazırda basketbol üzrə yığma komandanın baş məşqçisi veteran basketbolçu Elxan Əliyevdir.
“Bileti ən baha qiymətə satılan oyun”
Bakı 2015 Avropa Oyunlarının yarış cədvəlinə basketbol idmanının sadəcə 3x3 növü daxil edilib. Basketbol 3x3 I Avropa Oyunlarında oynanılacaq beş qeyri-olimpiya idman növləri arasındadır.
Qeyd edək ki, 2013-cü ildə FİBA-nın idman direktoru Kosta İlyevin rəhbərliyi altında Bakıda 3X3 basketbol növü üzrə seminar keçirildi. Elə həmin ildə də ilk dəfə Azərbaycanı təmsil edən kişilərdən ibarət 3x3 basketbol üzrə "Bakı" komandası iyulun 27-28-də Türkiyənin Antalya şəhərində "TBF Türkiyə turu"nda 22 komandanın qatıldığı 3x3 basketbol üzrə turnirin qalibi oldu.
Oyunun qaydalarına görə, hər iki komandanın oyunçuları standart meydançadan iki dəfə kiçik yerdə topu eyni halqaya atırlar. Hər komanda üç oyunçudan və bir əvəzedicidən ibarətdir.
Mütəxəssislər fikirləşir ki, sürətli tempi və oyunçularının öz bacarıqları ilə tamaşaçıları heyran etmək qabiliyyətləri sayəsində çox güman ki, basketbol 3x3 Bakı 2015 Avropa Oyunlarında azarkeşlərin ən sevimli idmanına çevrilə bilər.
Bu idman növü ilk dəfə beynəlxalq arenada 2010-cu ildə Sinqapurda keçirilmiş yeniyetmələrin Birinci Yay Olimpiya Oyunlarında yer alıb və daha sonra “şəhərdə bileti ən baha qiymətə satılan oyun” kimi adlandırılmışdı. Əvvəlcə “streetbol” və ya küçə basketbolu adlandırılan Basketbol 3x3 bu idman növünün bütün dünyada inkişaf etməsi üçün katalizator rolunu oynayır.
Bu yeni idman növündə ümumilikdə 128 idmançı 32 komandada mübarizə aparacaq. Kişi və qadın idmançılardan ibarət komandalar öz aralarında yarışacaqlar və bu iki kateqoriya üzrə qalib olan bir komanda qızıl medalla mükafatlandırılacaq. 2015-ci il iyunun 23-26-da Basketbol 3x3 turnir yarışları 2000 tamaşaçı üçün nəzərdə tutulmuş müvəqqəti Basketbol Arenasında baş tutacaq.
Bir fikir də var ki, basketbol 3x3 üzrə Serbiya millisi uğurlu nəticələri ilə dünyanın ən güclü komandalarındandır. Serbiya millisinin əsas hədəfi Bakı 2015 birinci Avropa Oyunlarında qızıl medal qazanmaqdır. Bütün basketbol 3x3 komandaları İlk Avropa Oyunlarında 2 medal dəsti uğrunda yarışacaq.
Əvvəlki yazıların linkləri: http://publika.az/p/59719, http://publika.az/p/60589,
http://publika.az/p/62190, http://publika.az/p/63152, http://publika.az/p/64759,
-
Sosial12:32
Dron hücumu: Bakıdan Minvoda uçan təyyarə geri döndü - FOTO
-
Dünya12:06
Kadırov maddi yardım təklif etdi: Azərbaycan bu cavabı verdi
-
Sosial11:54
Abşeronda dəhşətli hadisə: Həbsdən çıxan kişi... - VİDEO
-
Sosial11:36
Çağırış yaşının yuxarı həddinin azaldılması təsdiqləndi
-
Nida Xəbər 10:58
Rusiya hadisədən iki həftə əvvəl... - Qəza ilə bağlı şok faktlar üzə çıxdı
-
Maraq dünyası10:14
İlan ilində bu hədiyyələri vermək olmaz - Astroloq xəbərdarlıq etdi
-
İdman08:48
Miqrenin müalicəsində İNQİLABİ KƏŞF
-
ABŞ08:12
Bu ölkədə quş qripi mutasiyaya uğradı - İLK YOLUXMA