Tural Abbaslı deputatlığa namizədliyini verəcək: “Əksini düşünmək məni narahat edir”
Bizi izləyin

Nida.az

Tural Abbaslı deputatlığa namizədliyini verəcək: “Əksini düşünmək məni narahat edir”

“Qarşıdan gələn parlament seçkilərində namizədliyimi vermək fikrindəyəm”.


Bunu Publika.az-a açıqlamasında Müsavat Divanının keçmiş üzvü Tural Abbaslı deyib.


Onun sözlərinə görə, namizədliyini Nəsimi rayonu 21-ci seçki dairəsindən irəli sürəcək: “2010-cu ildə də burdan vermişdim. Bu dairə mənə tanışdır və işləmək daha rahat olacaq”.


Müxalif gənclər parlament seçkiləri ilə bağlı birlik yarada bilər


T. Abbaslı tanınmış müxalif gənclərlə birlikdə parlament seçkilərinə Koordinasiya Mərkəzində birləşərək qatılmaq ideyasının olduğunu da bildirib: “Belə bir təşəbbüs var və bu istiqamətdə artıq bəzi işlər görülüb, danışıqlar aparılır. Çalışırıq ki, namizədliklərini vermək niyyətində olan və cəmiyyət tərəfindən qəbul olunan gənclərin Koordinasiya Mərkəzi kimi bir birlik yaradaq. Burada məqsəd gənc namizədlərin bir-birlərinə dəstəklərini təmin etmək, cəmiyyətə və siyasi arenaya yeni gənc siyasiləri vahid komanda şəkilində təqdim etməkdir. Əminəm ki, belə bir birliyin yaranmasına nail olsaq, bunun nəticələri gənclərin pərakəndə şəkildə namizədliklərindən daha effektli və nəticəli olacaq. Bəzi məsələlər konkretləşdikdən sonra mətbuata və ictimaiyyətə daha ətraflı məlumat verəcəyik. Lakin bu, həmin gənclərin yaradılacaq birliyin adından namizəd olacağı anlamına gəlməməlidir”.


“Özümü bu siyahıda görürəm”


T. Abbaslı Müsavat Partiyası rəhbərliyinin onun namizədliyini dəstəkləyəcəyinə inandığını açıqlayıb.


“Partiyadaxili namizədliyin dəstəklənməsi bəzi prosedur qaydalarında təsdiq olunacaq. İnanmıram ki, mən hansısa sahə üzrə bu qaydalara cavab verməyim və dəstəklənməyim. Əksinə, hər bir partiya çalışmalıdır ki, onun siyahısındakı namizədlər güclü, təcrübəli və cəmiyyət tərəfindən qəbul olunan nüfuzlu şəxslər olsun. Təvazökarlıqdan uzaq olsa da, mən özümü bu siyahıda görürəm. Bu baxımdan namizədliyimi partiyanın dəstəkləməyəcəyinə inanmıram. Əgər belə bir hal baş verərsə, o vaxt zamanına uyğun qərarlar veriləcək. Hadisələri tələsdirməyin tərəfdarı deyiləm", - deyə o bildirib.


“Arif Hacılı partiyadaxili birlik və bütövlüyü təmin etməlidir”


T. Abbaslı vaxtilə Müsavatda namizədlik məsələsinə görə yaranan problemlərin yenidən yaşanması ehtimalından da danışıb. Xüsusilə son vaxtlar ADR-də təmsil olunan müsavatçıların namizədliyinin irəli sürülməsinin narazılıq yaratması məsələsinə toxunub: “Rəhbərlik belə halların olmamasına çalışmalıdır. Çünki Müsavat Partiyasının sıralarında tək ADR-in yox, bir çox digər hərəkat, təşkilat və QHT-in üzvləri var. Nizamnamə burada heç bir qadağa qoymur. Əgər partiya üzvü partiyanın namizədlər üçün müəyyənləşdirəcəyi meyarlara cavab verirsə, burada əlavə heç bir problem yaradılmamalıdır. Arif Hacılı bir rəhbər kimi bu seçkilərin verəcəyi imkanlardan istifadə edib partiyadaxili birlik və bütövlüyü təmin etməlidir. Əksini düşünmək belə məni narahat edir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm