Türkiyənin ən xarizmatik kişisi: “Eyni vaxtda min qadını sevə bilərəm” – FOTOLAR
Bizi izləyin

Bitmiş layihələr

Türkiyənin ən xarizmatik kişisi: “Eyni vaxtda min qadını sevə bilərəm” – FOTOLAR

Tanınmış simalar karyerasına, adına kiçik bir ləkə düşməsin deyə, adətən, danışmazdan əvvəl 100 ölçüb bir biçir. Ancaq mətbuata açıq olan, cəsarətli açıqlamaları ilə sevilən incəsənət nümayəndələri də var. Onlardan biri də ağciyər infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilən və sağ əlinin barmaqlarından ikisi amputasiya edilən türkiyəli aktyor Nejat İşlərdir. O, həm rolları, həm də qeyri-adi açıqlamaları ilə hər zaman böyük maraq doğura bilənlərdəndir. Ən maraqlısı odur ki, Nejat İşlər bunu məşhurluq naminə, kütlənin xoşuna gəlmək üçün etmir. Əksinə, insanların haqqında nə düşündüyü onu qətiyyən maraqlandırmır. Məsələn, çox üstünə düşsəniz, ağzından od püskürəcək. Sevmədiyini gizlətmir, hisslərini açıq ifadə edir. Səhhəti ilə bağlı ciddi problemlər yarandıqdan sonra qazandığı milyonları itirməsi belə aktyorun vecinə deyil.

Qeyd edək ki, 3 ay reanimasiyada yatmasına və səhhətindəki problemlərə baxmayaraq, aktyor xəstəliyinə səbəb olan içki və siqaret kimi zərərli vərdişlərindən hələ də əl çəkə bilməyib.

Publika.az-ın "Kokteyl" layihəsi çərçivəsində Türkiyədə olduğu qədər Azərbaycanda da pərəstişkar ordusu olan Nejati İşlerin Türkiyə mətbuatına verdiyi müsahibəni təqdim edirik:

"Şöhrət hər kəsin səndən bir şey istəməsidir!"

- Yeni film, yeni layihə olmadan müsahibə təklifi gəlsə, qəbul edərsən?

- Qəbul etmərəm, ehtiyac yoxdur. Niyə heç bir layihə olmadan özümü göstərməyə çalışım ki?

- Bilmirəm. Səbəbsiz gündəmdə olmaq bəzilərinin xoşuna gəlir. Özünü qəzetdə, jurnalda görməkdən həzz alırlar.

- Heç bir iş görmürəmsə, səbəbsiz yerə niyə müsahibə verim? Şəxsi həyatım haqqında heç dostlarıma danışmıram, minlərlə insana niyə danışım? Nə ehtiyac var?

- Yəni, gündəmdə olmaq sənin eqonu sığallamır?

- Yox, qardaş. Əksinə, belə hallar məni incidir. Danışmalı, yazmalı o qədər mövzu olduğu halda onların yerinə bizim şəxsi həyatımız niyə danışılsın ki? Düzü, əvvəllər həyatım haqqında yazılan yazılar məni özümdən çıxarırdı. İndi bu məsələdə bir qədər təmkinli olmuşam. Yaş da öz sözünü deyir. 40 yaşdan sonra qəbul etməsən də, bəzi məqamlarla barışmalı olursan.

- Şöhrət qəribə anlayışdır. Müdhiş bir cazibəsi var. Ona çatmaq üçün böyük fədakarlıqlar edirsən. Nail olanda isə onu itirməmək üçün hər şeyi qurban verməyə hazır olursan. Şöhrət insana o qədər təsir edir ki, zamanla insan tamamilə dəyişir, ya da onu yenidən formalaşdırır. Bəzi hallarda da şöhrət öz qurbanını çirkləndirir. Amma sən əvvəl necə idinsə, elə də qalmısan. Şöhrətlə aranızda necə məsafə qoyursan, necə olub onun səni çirkləndirməsinə imkan verməmisən?

- Mən bundan tam əmin deyiləm. Mütləq kirlənmişəm və dəyişmişəm. İstənilən halda şöhrətin mənə "əli" dəyib. Çox gözəl "Rock and Rol" (sadəcə alkoqol və seksdən ibarət həyat tərzi) həyat tərzim vardı. Populyar idim. Bir də onu anladım ki, şöhrət hər kəsin səndən bir şey istəməsiymiş. Hər kəs səndən maddi, yaxud mənəvi nə isə istəyir. Əvvəlcə, hamının dadına çatmağa çalışırsan, sonra bunun qeyri-mümkün olduğunu başa düşürsən. Kömək edə bilməyəndə isə "pis insan" olursan. Mən də pis insan olmağa razı oldum. Şöhrətlə ayaqlaşa bilmədim. Etiraf edim ki, şöhrətin başını gicəlləndirmədiyi insanlara qibtə edirəm.

- Amma bu imicin belə, sənin daxilən yaxşı insan olduğunu göstərir.

- İstəsən, cəmiyyətdə yaxşı obraz yarada bilərsən. Bu, elə də çətin iş deyil. Bir neçə sosial yardım layihəsində iştirak edirsən, ailə fotoları paylaşırsan və .s. Kameraların qarşısında oynayıb reallıqda kim olduğunu mərahətlə gizlədirsən.

- Depressiyaya düşürsən?

- Əlbəttə, olur. Otuz yaşdan sonra başa düşürsən ki, xoşbəxtlik, deyəsən, bədbinliyə öyrəşməkdir. Biz bu dünyada tamamilə xoşbəxt ola bilməyəcəyik. Çünki bizi bədbəxt edənlər mütləq qarşımıza çıxacaq. Lakin depressiv halları da sevirəm. Adətən, yazanda və ya oynayacağım rola hazırlaşanda stress keçirirəm. Onda öz qaranlıq dünyama çəkilirəm. Daxili dünyama qapılıb həm özümü, həm də ətrafda baş verənləri kənardan seyr edirəm. Başqalarına ayaq uydura bilirəmmi? - deyə, özümü təhlil edirəm.

- "Rock and roll" həyat tərzin olduğunu söylədin. Bəs, rok musiqisini bəyənirsən?

- Rok mənə yaxşı təsir edir. Ümumiyyətlə, çox qarışıq musiqi janrlarına qulaq asıram. Daha çox da Vayt Sneykə. Bizim türkülər də yaxşıdır, araq içərkən gözəl gedir. Amma yalnız araq içərkən deyil, həyatın başqa anlarında da insan qəlbi musiqi istəyir. Ağlayıb sızlamaqdan başqa, bağırmaq-çağırmaq, başqa hekayələr də dinləmək istəyirik. Kiminsə üzünə deyə bilmədiklərini rok mahnılarında deyə bilirsən. Roku buna görə sevirəm. Onu da deyim ki, musiqisiz həyat xətadır! Musiqi olmasa, dünyanın heç bir dərdini, yükünü çəkə bilməzsən...

- Xəyallarından danışırsan bəlkə.

- Dünyanı gəzmək istəyirəm.

- Arzun ancaq bundan ibarətdir?

- Başqa nə ola bilər ki? Hər şeyə tamahım düşmür. Həris biri olmadığımdan gördüyüm hər nemətə hücum etmirəm. Mal-mülk dərdim də yoxdur. Mülkiyyət mənimçün oğurluq kimidir. Son model maşın, ya da bahalı bir malikanə alan hər kəsin xoşbəxt olduğunu zənn edirsinizsə, yanılırsınız. Sırf buna görə aranızda xoşbəxt olduğunu deyənlər varsa, onların nəinki xoşbəxtliyinə, gözlərinin yaxşı gördüyünə də şübhə edirəm.

"Meyxanalardır evim"

- Mal-mülkə sahib olmaq səni niyə narahat edir ki?

- Sevmirəm. Mənim ancaq bir prinsipim var: çılpaq gəlmişik, çılpaq da gedəcəyik. İbtidai insan üçün mağara nəyi ifadə edirsə, mənim üçün ev odur. Hətta o da deyil. Uşaqlığım, sevgilim, dostlarım, kitablar, musiqi, kino, teatr, "Fənərbaxça" –dır mənim evim, meyxanalardır mənim evim. Dünyanın hər yerindəki vicdanlı insanlar da evimdir.

"Gözəl qadını seyr etməkdən gözəl nə ola bilər ki?"

- Dünyanı gəzib dolaşdın, bəs sonra neyləyəcəksən?

- Dünya çox böyükdür, onu gəzməklə bitməz... Gözəl qadınlarla tanış olmaq, gözəl içkilər içmək, gözəl insanlar tanımaq, əsrarəngiz təbiəti seyr etmək o qədər gözəldir ki, ifadə etməkdə çətinlik çəkirəm. Onsuz da ölüb gedəcəyik, həyatı doyunca yaşamaq lazımdır. Gözəl bir qadına, gözəl bir mənzərəyə baxmaqdan daha gözəl nə ola bilər ki?

- Dünyanı gəzərək xoşbəxtliyi tapa biləcəksən?

- Buna xoşbəxtlik deməyək, amma özümü daha yaxşı hiss edəcəyəm. Dünyanın ən mənzərəli yerlərini öz gözlərimlə görmək istəyirəm.

- Arzuların vəhşi kapitalizm həqiqətləri ilə nə qədər tərs-mütənasibdir. İnsanların ambisiyaları qurtarmır. Hər zaman daha çox pul, daha çox güc və qüdrət əldə etməyə çalışırlar.

- Axmaqlıqdır.

- Həyatda etdiyin ən pis şeyi düşün.

- Hər gün düşünürəm, ancaq danışa bilmərəm. Onu deyim ki, birdən çoxdur. Hələ balaca olanda etdiyim və tez-tez xatırladığım bir pis işimi danışım. Babamın pensiya pulu ilə tikdirdiyi bir evimiz vardı. Alt mərtəbəsində İstanbula yeni gəlmiş ailə yaşayırdı. Deyəsən, kənddən gəlmişdilər. Xalamın Almaniyadan mənim üçün gətirdiyi tapança ilə uşaqları qorxudub ağladırdım. Onlar tapançanın əsl silah olduğunu düşünür, hər dəfə məni görəndə hönkür-hönkür ağlayıb yalvarırdılar. Həftədə bir dəfə bu hadisə yadıma düşür.

- Bunun həqiqətən də pis hərəkət olduğunu düşünürsən?

- Pisdir. Uşaq olsan da, düzgün hərəkət deyil.

- Başqa nə səhvlərin olub?

- Danışmaq məni zəhərləyir. Belə deyim, bir neçəsini yazmışam. Yazanda özümü daha yaxşı ifadə edirəm. Amma yenə də yadıma düşür.

- İndi də etdiyin ən yaxşı şeyi düşün?

- Bu sual məni daha çox düşündürdü. Ağlıma heç nə gəlmir. Deyəsən, etdiyim ən yaxşı iş həyatda qalmaqdır...

- Mən başqasına yaxşılıq etməyi nəzərdə tuturdum.

- Bu sualı başqasına vermək lazımdır, ona mən cavab verə bilmərəm.

- Bodrumda yaşadığını bilirik. Bodrumda yaşamaq qərarı buradakı qaynar həyatdan təcrid olma istəyindən irəli gəlir?

- 17 ildir ki, Bodrumda yaşayıram. Amma ürəyim istəyəndə İstanbula gəlirəm. Oradakı həyat tərzim çox adidir. Orada daha çox qışda qalıram. At yarışlarına böyük maraq göstərirəm. Səhər yuxudan duran kimi bununla məşğul oluram.

- Qazandığın olur?

- Bəzən. Kafedə oturub dostlarla yaxşı nərd oynayıram. Axşam olanda da normal insanlar kimi evimə gedirəm.

- İstanbuldan niyə qaçırsan ki? Burada səni nə incidir?

- Nəzakətsizlik, həddini bilməyən insanlar...

- Bu günə qədər "ən böyük həyat dərsi" dediyin bir təcrübə varmı?

- Hımmm... Mənə yaşadığımız hər an dərs kimi gəlir. Hesab edirəm ki, yaşadığım hər an bir sınaqdır. Onsuz da həyatımı məktəb kimi yaşayıram.

- Bir halda ki, hər anı dərs kimi görürsən, onda tez-tez böyük vədlər verirsən. Məsələn, "siqareti atacam, özümə daha yaxşı baxacam, başımı bəlaya salmayacam, ya da aşiq olmayacam" kimi.

- Bəli, belə qərarlar həmişə vermişəm. Amma sonra özümə xəyanət etdim...

- Bəs, evliliyə necə baxırsan?

- Mən heç bir şeyə inanmıram, evlilik də bura daxildir. Amma tənha qalmaq qorxuludur, həyatımda biri olmasını istəyirəm. Birlikdə yaşamaqdan bəhs edirsənsə olar, əlbəttə, hətta çox gözəl olar.

- Bəs, uşaq sahibi olmağı düşünmürsən?

- Amma mən tək uşaq dünyaya gətirə bilmərəm, bunu bilirsən. Böyük cümlələr qurmaq o qədər də doğru deyil. Uşaq sahibi olmaq istədiyini başqası sənə hiss etdirməlidir. Evdə mehribançılıq varsa, bir-birimizin gözlərinə baxıb sevgimizi etiraf edə biliriksə, şənlənir, deyib-gülürüksə, onunla evlənərəm. Bunları uzun müddət biriylə etsəm, uşaq haqqında düşünərəm. Bunun üçün imtahandan keçmək lazımdır, birdən-birə evlilik qərarı vermək doğru deyil. Hərçənd onu da bilmirəm, birinə axmaqcasına vurular və evlənərəm. O da məni və uşağı atıb gedər.

- Niyə getsin ki?

- Əslində, çox darıxdırıcıyam, əyləncəli deyiləm.

- Sənin əyləncə anlayışın necədir ki?

- Birincisi, mən tək qalmağı çox xoşlayıram. Bir çox məşğuliyyətim var, onlarla məşğul oluram. Musiqi, film, kitab və.s. Buna razı olan biri olarsa, eyni evdə qala bilərik.

- Evlilik və uşaq sahibi olmaq böyük məsuliyyət tələb edir? Yoxsa, hamısını biz gözümüzdə çox böyüdürük?

- Bir az böyütmək lazımdır. Evliliyə və uşaq sahibi olmaq üçün bu məsuliyyətə hazır olduğunu hiss etməlisən. Məsələn, avtomobil istifadə etmək üçün sürücülük vəsiqəsi verilir, uşaq sahibi olmaq üçün belə bir qayda yoxdur.

"Bütün kişilər kütbeyindir"

- Bir qızın olsa, ona kişilərlə bağlı verəcəyin ən mühüm nəsihət, nə olar?

- "Bütün kişilər kütbeyindir, öz həyatını yaşa" deyərəm.

- "Qadın və kişi bir-biri ilə dost olmaz" deyirlər. Bununla razısanmı?

- Olar. Mənim oldu. Niyə olmasın?

- Onda niyə belə deyirlər?

- Bilmirəm. Kişilər, adətən, hər bəyəndiyi qadınla yatağa girməyi fikirləşir. Yoldaş olmağı fikirləşməyə vaxt qalmır. Əslində, bir şey deyim; Birlikdə olduğum qadınlarla əvvəlcə dost olmuşam. Bu, mənim üçün vacibdir.

- Ayrıldıqdan sonra dost qala bilirsinizmi?

- Bir mahnı var: Birinə səni sevirəm deyəndə, səndən iki şey gözləyir: Ya ölənə qədər birlikdə yaşamaq, ya da çox pis bir ayrılıq... Təbii ki, ayrıldıqdan sonra dost qalmağa cəhd edirsən, amma çox dərin sevgi yaşamısınızsa, bu, mümkün olmur.

- Dost qalmaq sənin seçimindir?

- Hər mənada münasibətdən danışırıqsa, mən eyni vaxtda min qadın sevərəm!

- Çox geniş və sevgi dolu bir ürəyin var.

- Eyni anda min qadınla sevgili ola bildiyimi nəzərdə tutmuram. Ətrafım qadınlarla həmişə dolu olub, onların hamısına hörmət edirəm. Amma qadınları sevirəm, nə edim? Qadınlar gözəldir!

- Adətən, kişilər qadınlardan çox şikayət edir.

- Bu, "fala inanma, faldan da qalma" – deyiminə bənzəyir. Qadınlarla bağlı hökm verən biri deyiləm. Şekspirin gözəl bir sözü var: Qadınları ya başa düşün, ya sevin. İkisini birdən sınamayın. Mən həmişə sevməyi seçdim. Anlamağı istəsəydim, cəhdlərim uğursuz alınardı və hər hansı bir layihəmi həyata keçirərkən ölən zavallı bir adam olardım. Əgər bir qadını xoşbəxt etmək istəyirsinizsə, o zaman onunla dost kimi dərdləşin, ata kimi qoruyun, kişi kimi sevin!

- Qadınlar da sənin dərdindən ölür...

- Keçmiş olsun.

- Bu vəziyyət xoşuna gəlmir?

- Sırf məşhurluğuma görə, qadınların məni bəyənməyi xoşuma gəlmir. Çox şanslı adamam ki, qadınların arasında böyüdüm. Gənclik illərimdən ətrafım gözəl qadınlarla dolu olub. İbtidai sinifdən sonra Cağaloğlu Anadolu Liseyinə daxil oldum. Liseydə 800 qızla bərabər oxumuşam və hamısı da gözəl idi. Qadınlardan yana bəxtim həmişə gətirib. Məşhurluq dalğasının səbəb olduğu heyranlığı sevmirəm. Yoxsa, o biri növü çox şirin idi. Gənclik illərimdə də olduqca diqqət çəkən birisi idim.

- Niyə qadınların ancaq məşhurluğuna görə, sənə vurulduğunu düşünürsən?

- Çünki elədir. Tanındıqdan sonra qadınların marağı xeyli artıb. Bir şey çox olduqda narahat etməyə başlayır. Bu, məni qorxudur da. Qadınların nə edəcəklərinin və etdirəcəklərinin sərhədi yoxdur. Qadınlar bu məsələdə kişilərdən daha cəsarətlidir.

- Deyək ki, biri ilə tanış olanda ona necə güvənirsən?

- Çoxlarının əsl niyyətini anladığım zaman təəssüflənirəm. Amma bu, məni şübhələnən bir adama çevirib. Hər kəsə şübhə ilə yanaşıram.

- Bir müsahibəndə anana həmişə başqalarını düşündüyü üçün ona acığın tutduğunu demisən.

- Mən zahirən atama, xasiyyətcə bir az anama bənzəyirəm. Anam həmişə ora-bura qaçar, hər kəsə kömək etməyə çalışar, hər işi çatdırmağa çalışardı. Uşaq ikən mənimlə maraqlanmağa vaxtı az qalırdı. İndi onu anlayıram.

- Sən də anan kimisən?

- Mən heç vaxt yaxşı adam olmamışam, anam yaxşı insandır. Aramızdakı əsas fərq budur. Mənim pisniyyətli tərəfim var idi. Pis tərəfimi hər zaman özümdən uzaqlaşdırmaq istəmişəm. Təəssüf ki, indi yaxşının qədrini bilən yoxdur. Yaxşı kişini nə qadınlar, nə də bu sektor sevir. Yaxşı insan olanda işə yaramaz olursan.

- İşdə, ya da şəxsi həyatında etdiyin nəyəsə görə peşman olmusan?

- Çox olub. "Heç peşman olmadım" demək gülüncdür. Mən peşman olmuşam, həm də çox. Əslində, hamının peşman olduğu anlar çox olur.

- Düşündüyümüzdən də duyğusal və həssas birisən...

- Duyğusal olmasam, necə aktyor ola bilərəm? Buna görə mənə pul ödəyərlərmi? İnsana aid hər şey məndə də var...

- Yaşın artdıqca həyata baxışın dəyişib?

- Əvvəllər hər şeyə əsəbi reaksiya verirdim. Müəyyən yaşdan sonra qəzəbimə hakim olmağı öyrəndim. İndi enerjimi harada istifadə etməli olduğumu daha yaxşı bilirəm.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm