Təhlil
Turizmin inkişafında Azərbaycan modeli
Bu ilin ilk üç ayında Azərbaycana 544 min turist gəlib. Təkcə Novruz bayramı ərəfəsində İrandan ölkəmizə gələn turistlərin sayı 65 min nəfərə yaxın olub. Ölkəyə gələn turistlərin sayının ildən-ilə artmasının başlıca səbəblərindən biri də bu sahədə həyata keçirilən layihələrdir. Ölkəyə turistlərin cəlbi həm də investisiya axını deməkdir. Üstəlik, növbəti illərdə daha çox turistin gələcəyi proqnozlaşdırılır.
Belə ki, Ümumdünya Turizm və Səyahət Şurasının (World Travel & Tourism Council, WTTC) hesabatına görə, 2027-ci ilədək əcnəbilər hər il Azərbaycanda təxminən 6 milyard dollar xərcləyəcəklər. 2016-cı ildə Azərbaycanın turizm və səyahət sektoruna 479,5 milyon manat yatırım qoyulub. 2017-ci ildə isə kapital qoyuluşunun həcmi 6,2 %, qarşıdakı 10 ildə isə 4,9 % artaraq 825,1 milyon manata çatacaq.
Turizm və səyahət sektorunun milli investisiyaların ümumi həcmindəki payı 2017-ci ildəki 2,9 %-i ötərək 2027-ci ildə 3,3 %-ə çatacaq. Turizm və səyahət sektorunun inkişafı ölkə əhalisinin məşğulluq səviyyəsinə müsbət təsir göstərir. Belə ki, 2016-cı ildə sektor birbaşa olaraq 171 min iş yeri təmin edib, bu da əhalinin ümumi məşğulluq səviyyəsinin 3,7 %-i qədər olub. Ümumdünya Turizm və Səyahət Şurasının proqnozlarına görə, 2017-ci ildə bu göstərici 6 %, 2027-ci il üçün isə daha 3,5 %, başqa sözlə desək, 256 min iş yeri artacaq ki, bu da Azərbaycan əhalisinin ümumi məşğulluq səviyyəsinin 5,6 %-i qədər olacaq.
Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ölkədə turizm sektorunun sürətlə inkişaf etdiyini bildirib. Prezident vurğulayıb ki, bu ilin birinci rübündə ölkəyə gələn turistlərin sayı ötən ilin anoloji dövrü ilə müqayisədə 25 faiz artıb.
Prezident həmçinin Azərbaycanda turizmin inkişafını şərtləndirən amillərə də toxunub. Onun sözlərinə görə, ölkənin dinamik inkişafı, müasir sosial-iqtisadi infrastrukturun yaradılması, şəhərlər və digər yaşayış məkanlarında ən müasir standartlara uyğun quruculuq və abadlıq işlərinin həyata keçirilməsi, ölkədə hökm sürən sabitlik və təhlükəsizlik, müasir turizm infrastrukturunun yaradılması, viza rejinimin sadələşdirilməsi və “ASAN viza” sisteminin yaradılması, Azərbaycanın ardıcıl şəkildə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, ölkəmizin dünyada müsbət imicinin formalaşması bu məsələdə müsbət təsir göstərən səbəblərdəndir.
Azərbaycan Turizm və Menecment Universitetinin preorektoru Eldar Aslanov Publika.az-a açıqlamasında ölkəyə turist cəlbi üçün atılan addımlardan danışıb. Onun sözlərinə görə, ASAN Vizanın işə düşməsi, 3 ayda 40 mindən çox turistin bundan istifadə etməsi, 100-ə yaxın ölkədən gələnlərə Heydər Əliyev adına Beynəlxalq Hava limanında birbaşa viza verilməsi ölkəyə turist axınını şərtləndirən amillərdəndir: “Yaxın gələcəkdə ölkənin digər giriş qapılarında bu cür viza üsulunun tətbiqi nəzərdə tutulur. Bununla da Gürcüstan, İran, Rusiyadan, eləcə də bu ölkələrdən gələn üçüncü ölkələrin vətəndaşları vizanı ölkəyə daxil olarkən almaq şansı əldə edəcək. ASAN Viza isə dünyanın istənilən ölkəsində olan şəxsə 20 dollar ödəməklə 3 gün ərzində viza almaq imkanı vəd edir. Təkcə Novruz bayramı günlərində şəhərimizə 10 minlərlə turist gəlib, cari ilin ilk rübü ərzində yarım milyondan çox xarici vətəndaşın Azərbaycanı ziyarət etməsi, Bakı təbliğat bürosunun fəaliyyətə başlamasını bu sahədə atılan addımların nəticəsi kimi dəyərləndirə bilərik. Bundan başqa, ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlər bu sayı daha da artıracaq. Artıq Bakıda Şopinq festivalı başlayıb, mayın 12-22-də İslam Həmrəyliyi Oyunları, iyunun 23-25-də Formula 1 yarışı, mədəniyyətlərarası diaqloq forumları keçiriləcək. Bu kimi tədbirlər böyük marketinq işlərinin bir hissəsidir. Azərbaycanın marketinq siyasəti, turizm sahəsində qəbul edilən qərarlar, aparılan islahatlar öz effektini verir.
Azərbaycan vətəndaşlarına düşən əsas vəzifə ölkəyə gələn qonaqlara mövcud imkanları peşəkarcasına təqdim etməkdir. Bununla da ölkəyə gələn turistlərin birdəfəlik səfəri olmaz, mütəmadi olaraq gələcəkləri bir ölkəyə çevrilər”.
E.Aslanov bildirib ki, ötən ilin sentyabr ayından bu vaxta qədər ölkə prezidentinin turizmin inkişafına yönəlmiş 10-dan çox sərəncam verməsi, xüsusilə çimərlik turizmi ilə bağlı tədbirlər planının təsdiq edilməsi, turizmlə bağlı yol xəritəsinin təsdiqi, dəmiryolu, aşağı ulduzlu hotellərin tikilməsi ilə bağlı işlərin təşviq edilməsi də turizmin inkişafına yönələn qərarlardandır.
“Turizm sektoruna 500 min, 1 milyon manatadək investisiya qoyan şəxslərə güzəştlər, həmçinin Sahibkarlığa Dəstək Dövlət Fondunun ayrıca layihələri maliyyələşdirməsi, Turizm Menecment Universitetinin regionlarda peşə məktəblərinin yaradılması da nəzərdə tutulub. Artıq turizm fəaliyyəti göstərmək istəyənlər üçün lisenziyalar ləğv edilib. Yəni ölkə vətəndaşlarına evi, bir neçə mərtəbəli villasını pansionat tipində butik hotel kimi istifadəyə verməsi üçün heç bir mane yoxdur. Həmin şəxs sadəcə vergidə qeydiyyatı olmalı, vətəndaş olaraq xidmətlərini göstərməlidir.
Ölkəmizdə hər il 20-dən çox hotel tikilir, 2016-cı ilin nəticələrinə görə ölkədə rəsmi olaraq hotellərin sayı 600-ə qədərdir. Onlar klassik hotel kateqoriyasına girir. Bundan başqa, on minlərlə fərdi ev, bağlar turistin məqsəd üçün mövsümi olaraq onlara təklif edirlər. Bu ənənəvi istifadə edilən üsul olsa da, kifayət deyil. Çünki ölkədə turistlər üçün 39 min yataq yeri var, bu ölkəyə gələn turist sayı ilə müqayisədə çox azdır. Bizi də ən çox narahat edən məsələ yerləşdirmə yerlərinin sayının az olmasıdır. May ayından etibarən bütün yay dövründə yerlər tam dolacaq. Naftalan, Şahdağ, Qəbələ, Şamaxı, Şəki, Göygöl, Masallı, Astarada bu il yayda yer tapmaq qeyri-mümkün olacaq”.
Turizm sahəsində investisiyaların tətbiqi ilə bağlı prezidentin sərəncamını əsas tutan E.Aslanov sahibkarlara bu fürsətdən yararlanmağı tövsiyə edib: “Xüsusən də, regionlarda həm milli, həm də beynəlxalq standartları əks etdirən ictimai-iaşə müəssisələri aça bilərlər. Bu müəssisələr 30-50 yerlik də ola bilər, lakin əsas məsələ müəssisələrin yaradılmasıdır. Mövcud infrasturukturu olanlar yaradılan imkanı dəyərləndirməyi tövsiyə edirik. Çünki dövlət bu istiqamətdə təşviqlərini başlayıb, bundan sonra vətəndaşlardan tələb olunan yaradılmış şəraiti doğru dəyərləndirməkdir. Prezidentin 1 senytabr 2016-cı il turizmlə bağlı əlavə tədbirlər planında Sahibkarlığıa Dəstək Fondu tərəfindən regionlarda aşağı ulduzlu hotel tikənlərə dəstək verilməsi nəzərdə tutulub. Əldə etdiyim məlumata görə, xüsusilə kreditləşmə müəssisəsində imkanlar yaradılacaq. Bununla da investisiyası yetərli olmayanlar fonda müraciət edə biləcək”.
Gülxar
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi