• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Dünyanın ən cazibədar italyan qadını...

Dünyanın ən cazibədar italyan qadını...

“Monikanın bir aktrisa və bir qadın kimi ən gözəl xüsusiyyəti onun anadangəlmə gözəlliyi yox, ağlıdır...”

Malena kimi Monika da daim yaşadığı qəsəbədə, küçədə üzərində kişilərin sevgi, ehtiras dolu baxışlarını hiss edib...

Bu qadının gözəl bədən quruluşuna biganə kişi tapmaq çətin məsələdir... Gözəllik məsələlərində rəqabətə meyilli xanımlar belə Monika Beluççinin gözəlliyi qarşısında sakitcə susurlar. Bu gün dünyanın ən məşhur italiyalı qadını məhz o sayılır.

Monika öz xoşbəxtliyini yaraşıqlı və istedadlı aktyor Vensan Kassellin yanında tapmışdı. Bu sevgi xatirinə o, kino ulduzundan ana və evdar xanıma çevrilməyə də razılıq verir...

Perucadan olan xanım...

Peruca yaxınlığındakı kiçik Çitta di Kastello şəhərciyində anadan olan Monika burada keçən uşaqlığını daim xatırlayır. Valideynləri qızlarının başına dolanırdı, axı Monika onlara səmadan gələn hədiyyə idi...

Anadan olmamışdan qabaq, daha dəqiq, 1968-ci ildə həkimlər onun anasına “sonsuzluq” diaqnozunu qoymuş və bir daha ana ola bilməcəyini demişdilər. Qızcığaz anadan olanda valideynlərin sevincinin həddi-hüdudu yox idi, ata-ana yeni doğulmuş körpələrini tanrının hədiyyəsi kimi qəbul edirlər. Monika böyüyür və əsl şahzadəyə çevrilirdi...

Sonralar “Malena”da bütün kişilərin arzusuna çevrilmiş tənha gözəl rolu barədə danışarkən, Beluççi etiraf edir: “Bu obraz hardasa mənə yaxın idi. Qəhrəmanımın yaşadıqları ilə oxşar hisslərimiz vardı...”

Malena kimi, Monika da daim yaşadığı qəsəbədə, küçədə üzərində kişilərin sevgi, ehtiras dolu baxışlarını hiss edib...

Bu diqqət xoşuna gəlsə də, bəzən qıcıqlandırırdı. Axı əksəriyyət üçün o, bir şəxsiyyət kimi deyil, bir qadın bədəni kimi maraqlı idi. Bunun belə olmadığını sübut etmək üçün Beluççi Peruca universitetinin hüquq fakültəsinə daxil olur. Eyni vaxtda model biznesinə də qoşulur. Gözəlliyi ilə bağlı kompleksləri ilə yanaşı, Monika öz bədənini sevir və artıq onu nümayiş etdirməkdən çəkinmirdi. Həm də model biznesindən gələn pullarla təhsil haqqını ödəyirdi.

Tezliklə Monika universiteti atır, çünki model sahəsi onu daha çox cəlb etməklə bərabər, gözəl xanım üçün bir çox qapıları da açırdı...

Monika: “Çox tez anladım ki, yalnız gözəl bədənə sahib olmadığımı sübut etmək üçün yeni-yeni işlərə baş qoşmalıyam. İnsanlar gözəl qadın görən kimi onun səfeh olduğunu zənn edirlər. On beş-ona altı yaşım olanda hamıya ağıllı olduğumu sübut etməyə çalışırdım. Amma böyüyəndən sonra bu daha vecimə olmadı. Əgər kim axmaq olduğumu fikirləşmək istəyirsə, qoy fikirləşsin. Bu mənim problemim deyil, onsuz da birdən-birə hamının xoşuna gələ bilməzsən...”

İyirmi yaşında ikən Monika Milana köçür. Tanınmış “Elite Model Management” model agentliyi ona iş təklif edir. Çox keçmir ki, o, məşhur “Dolce & Gabbana” brendinin simasına çevrilir. Lakin gözəl xanım modellik sahəsi ilə kifayətlənməyi düşünmürdü...

Sevgi və rollar axtarışında...

Beluççinin həyatındakı növbəti mərhələ kinematoqraf olur. Məşhur rejissor Frensis Ford Koppolanın qardaşı oğlanlarından biri Monikanı dəb jurnallarından birinin üz qabığında görür. Monika seksual görünüşü ilə oğlanın ağlını başından alır... Gənc məşhur əmisinə onunla maraqlanmağı təklif edir. Nəticədə, Koppola Monikanı “Drakula” filminə çəkir. Epizodik rolda çəkilməsinə baxmayaraq, model kino prosesinə aşiq olur. Kinoya məhəbbətinə görə, o, nəinki model sahəsini, həmçinin, ölkəsini də tərk edir...

Yerli kinematoqrafçılardan rol təklifini gözləməkdən bezən aktrisa Fransaya köçür.

- “Ünsiyyət qurduğum bütün kino adamları mənə deyirdilər: “Sən boş xəyallar qurursan. Sən, sadəcə, gözəl manekençisən. Aktrisa olmağa çalışan modellərin əlindən bezmişik”...

Fransa onu elə də isti qarşılamır. Monikanın xarici görünüşünə baxmayaraq, bir çox yerli kino agentlər ona yox cavabı verirlər. “Özümüzdə gənc aktrisaların sayı həddindən artıqdır, üstəlik fransızcan da mükəmməl deyil...” Amma bununla iş bitmir, şəxsi agent onun arzularını çin etməyə yardım edir...

1996-cı ildə film çəkilişlərinin birində Monika yerli kino ulduzu Vensan Kassellə tanış olur. Gözəl italiyalı xanımla istedadlı fransız arasındakı münasibətlər tez bir zamanda Fransa şou-biznesinin gündəminə çevrilir. Bir çoxları onların sevgi macərasını heyranlıqla izləyir, digərləri münasibətlərin tez bitəcəyini söyləyirdi...

Onlar çox müxtəlif idi. Cazibədar, soyuq, dinməz kənd qızı və intellektual, impulsiv parisli...

Vensan məşhur fransalı aktyor Jan-Pyer Kasselin oğlu idi. İstedadlı olması ilə yanaşı, Vensan “şıltaq oğlan” ləqəbini də almışdı. Məsələn, sürücülük vəsiqəsini aldığı gün Vensan idman maşınını saatda 250 km sürətlə idarə etmişdi.

Vensan və Monika haqlarında gəzən şayiələrə fikir vermir və bir-birilərini sevməyə davam edirdilər.

Kassel sevdiyi qadın haqda deyirdi: “Monikanın bir aktrisa və bir qadın kimi ən gözəl xüsusiyyəti onun anadangəlmə gözəlliyi yox, ağlıdır. Onun insanlardan və həyatdan başı çıxır. Mən, adətən, aktyorları daha çox tərifləyirəm. Amma Monika istisnadır. Onda belə bir xüsusiyyət var: ona baxan tamaşaçı reallığı unudur və xəyallara inanmağa başlayır...”

Kassellə əməkdaşlığı sayəsində, Monika “Mənzil”, “Doberman” kimi filmlərdə çəkilir və tezliklə Avropanın ən tələbolunan aktrisalarından birinə çevrilir. Bəzən Hollivud ulduzları özləri ondan onların iştirak etdiyi filmdə çəkilməyi xahiş edirdilər. Məsələn, Brüs Uillis şəxsən özü aktrisanı “Günəşin göz yaşları” filmində çəkilməyə dəvət etmişdi.

Monika Beluççi Mel Gibsonun da diqqətindən yan ötmür... Onu öz filminə çəkən Gibson təklif olunan rola Monikadan başqa bir namizədin mümkün olmadığını qeyd edir...

İlahi təklif...

“Sevimli qadınımı məşhur aktrisa etmək üçün dəridən-qabıqdan çıxdım”...

Vensanın dostları Monikanın Hollivudu fəth etməsindən heç də məmnun olmadığını söyləyirdilər. Fransalı aktyor həyat yoldaşının Oskar və ya Kann qırmızı xalısı ilə gəzməsini yox, onların Parisdəki mənzillərində uşaqlarının qayğısına qalmasını arzulayırdı. Məlum olduğu kimi, Cennifer Anistonla Bred Pitin ayrılmasına da bu səbəb olmuşdu. Cennifer karyerasını ailəyə qurban vermək istəməmişdi...

Amma Monika Beluççi məsələni Vensanın xeyrinə həll edir. Ailəni - ərini və uşaqlarını seçir.

Bir neçə il öncə Vensana ənənəvi sualla müraciət etmişdilər:

- Ömrünüzün son beş dəqiqəsini nəyə sərf edərdiniz?

- Bir çoxları paraşütdən hoppanacaqlarını deyirlər. Amma mən paraşütdən hoppanmışam və bir çox başqa dəliliklər də etmişəm. Bu gün mən cavab verirəm ki, həyat yoldaşımla sevgi ilə məşğul olmağı arzulayardım. Ümid edirəm ki, həmin an o yanımda olacaq...”

Olacaqmı? Nəzərə alsaq ki, dünyanın ən yaraşıqlı cütlüyü 2013-cü ildə ayrıldı... Amma nə bilmək olar, bəlkə?...

Aytən Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR