Salatın Əsgərova yad edildi
Bizi izləyin

Art

Salatın Əsgərova yad edildi

Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovaya həsr olunmuş qısametrajlı filmin təqdimatı keçirilib. “Vətən üçün gedirəm” adlı filmin ideya və ssenari müəllifi Nərmin Məmmədlidir. Əbdül İsayevin rejissorluğu ilə çəkilən film “Estrade Music Entertaiment” studiyasında ərsəyə gəlib.

Təqdimat mərasimində çıxış edən Nərmin Məmmədli bildirib ki, milli qəhrəman Salatın Əsgərovanın vətən sevgisini və qəhrəmanlığını tərənnüm edən əsərlərin ortaya çıxması vacibdir:

“Mən Salatın Əsgərovanı özümə ideal seçmişəm və fəxr edirəm ki, belə bir film ərsəyə gətirdim. Bu filmlər gənclərimizə vətənpərvərlik ruhunu aşılayır. Digər qəhrəmanlarımız haqqında da bu cür filmlərin olması vacibdir”.

Daha sonra qısametrajlı film nümayiş etdirilib.

Filmin operatoru Fərid Kərimov, bəstəkarı Eldar Mansurov, layihə rəhbəri Rəşad Səfərovdur. Filmdə baş rolda əməkdar artist Mehriban Xanlarova (Leyla ana), Humay Məmmədova (Salatın rolunda), Əhməd Alməmmədov ( Ceyhum rolunda) çıxış ediblər.

Təqdimat mərasiminə qatılan Salatın Əsgərovanın bacısı Zümrüd Xələfova ürək sözlərini paylaşıb:

Çox sağ olun ki, bacımı yad etmisiniz. O, tək mənim deyil, hər Azərbaycan vətəndaşının bacısıdır. Arzu edirəm ki, tezliklə Qarabağ torpaqları alınsın. Biz də hamılıqla doğma torpaqlarımıza qayıdaq”.

Təqdimat mərasiminə qatılan Mehriban Xanlarova filmə baxarkən göz yaşlarını saxlaya bilməyib. O, Publika.az-a açıqlamasında bunları deyib.

“Sağ olsun yaradıcı heyət ki, belə bir qəhrəman xanım haqda film çəkib. Filmdə şəhid Salatın Əsgərovanın anası rolunu canlandırmışam. Bu, mənim üçün böyük şərəfdir. Filmdə şəhid anasının ağrı-acısını, iztirablarını tamaşaçılara çatdırmağa çalışmışam. Arzu edərdim ki, belə filmlər çox çəkilsin. Bütün rejissorlar belə işləri ilə qürur duymalıdır”.

Sonda bəzi mətbuat orqanlarına, o cümlədən Publika.az-a diplom təqdim edilib.

Xatırladaq ki, jurnalist Salatın Əsgərova 1991-ci ilin yanvarın 9-da qəhrəmancasına şəhid olub. Qarabağ müharibəsi ilə bağlı peşə fəaliyyətini yerinə yetirərkən qətlə yetirilib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm