• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

Darıxmağın adı - ESSE

  • Art
  • 19 Aprel 2016 11:45
  • 3 661 Baxış
Darıxmağın adı - ESSE

Publika.az tanınmış tənqidçi Elnarə Akimovanın Şəhriyar Del Geraninin yaradıcılığı barədə "Təkliyi sevənlər üçün: Darıxmağın adı" yazdığı esseni təqdim edir:

Vaqif Bayatlı Odər Şəhriyarın “Darıxmağın adı” kitabına yazdığı ön sözdə gənc şairə irad tutur ki, “... pislikləri, uçurumları, çıxılmazlıqları yazmaq asan. Mən istəyərdim ki, Şəhriyar pislikləri tamam buraxsın. Daha çox gözəllik kəşf etsin, kəşf olunmamış gözəllikləri tapsın”. Məsələ bundadır ki, indi bütünlükdə çağdaş poeziyamız qaranlıqlarla, günəşsizliklə, payız simvolikası ilə uğraşır. Bir tərəfdən düşünürsən ki, hazırkı xaos zamanında, dünyanın hər yerindən üstümüzə səpələnən acı xəbərlərin dalğasında şair ovqatını müsbətə necə kökləyə bilər? Amma poeziya həm də yoxdan var yaratmaq deyilmi? “Gördüyümüzdən artıq görmək istəməsək”... Digər tərəfdən, poeziyamızın bügünkü birsəsli minor ahəngində eyni ovqata köklənməyin, dünyaya, cəmiyyətə daim eyni baxış bucağından baxmağın suçu yoxdurmu? Var təbii. Poeziya heç vəchlə qara işıq zolağını yarıb keçə bilmir. Şəhriyarın bəzi şeirlərindəki monotonluq da motivasiyasını müəllifinin daim fikir eyniyyətinə köklənməsindən alır. Şəhriyar toxunduğu bütün mövzularda ovqatın, ruhun darıxmaq halındadır. Bəlkə də ona qədər poeziyamızda hakim olmuş müxtəlif fərdi üslublarda büllurlaşan darıxmaqların cəm şəklidir bu kitab.

kəsib tullayasan qollarını da,
yetim saxlayasan qucaqlarını…
biryolluq hamıdan çıxıb gedəsən,
bir it qucaqlaya ayaqlarını...

ay ağac, yazıqsan – qış ağacısan,
bu bekar torpağın boş ağacısan,
bilsəydim anamın baş ağacısan,
o vaxt sındırmazdım budaqlarını...

qırmızı kəndirdə boynun dincələ,
ölüm də gələndə gülərüz gələ,
bir gün uzaqlardan bir payız gələ,
deyə ki, qaytarın yarpaqlarımı!

Xatırlayıram, 2002-ci ildə gənc şair Aqşinin yeni çıxan və sonradan onun poeziyaya ilk addımının nişanəsi sayılan “Unutmaq sözünün şəkli” kitabını oxuyanda oradakı şeirlərin hər birinin kitabın adına nə qədər uyuşduğuna heyrətlənmişdim. Kitabdakı hər şeir bir duyğunun şəkli idi və Aqşin özlüyündə ağrıları unutmağın cizgilərini nişan verirdi. Amma unutdurmurdu, əksinə yada salırdı, təsvir etdiyi gerçəklər sırası amansızlıqla yaddaşı silkələyir, hətta unutduqlarını belə dirildib yenidən poetik məkana sürükləyirdi. Axı şeir elə yaddaşın özüdür. Poeziyanın inanc məntiqi də budur zatən: şairin unutdurmaq istədiyi nəsnələri bumeranq kimi yenidən yaddaşa qaytarmaq, yenidən ağrıtmaq, yenidən “şüur şuluqluğu” (Şpenqler) salmaq üçün. Gənc şair Şəhriyar del Geraninin “Darıxmağın adı” kitabında da eyni missiya ehtiva olunur. Dünyadakı mümkün olan bütün darıxmaqların adı, sözü, nisgili keçir burdan.

gözündən uzaq düşmüşəm, elə pisdi bu uzaq

yerin dibinə aparır bu şaquli darıxmaq...

sənə sarı dartılmaqdan tikə-tikə olmuşam

bir ovucam təkliyimdə, kiminkidi bu təklik

Bu, Şəhriyarin təkliyidi. Oxşarlıq varsa da, buna səbəb şeirlərindəki təklik motivinin onun keçib gəldiyi zamanın doğurduğu mənəvi yaşantılarından qaynaqlanmasıdır. Müstəqillikdən sonra yaranmış yeni dövr poeziya səlnaməsinə Şəhriyar da öz yaddaşı ilə gəlib: itirilmiş yurdun, itirilmiş anasızlıq acısının, itirilmiş uşaqlığın yaddaşı olaraq. Şeirdəki bütün misraları qaldırsaq şair təkliyinin, darıxmaq hissinin başlanğıc götürdüyü səbəblərin məhz, bunlardan zəmin aldığını görərik. Fəqət bütün oxşarlıqlarla bahəm Şəhriyar yeni dövr poeziyasında üslub özünəməxsusluğunu yaradan, ritmi, intonasiyası, şeir texnologiyası baxımından fərqlənən şairdir. O, poeziyanın ona qədər mövcud olmuş təklik yaddaşına öz yaddaşını əlavə edir və burada onun yeni düşüncəsinin, dünyagörüşünün, poetik üslubunun fərdiliyi üzə çıxır. Amma bu anda kimsə desə ki, Şəhriyarın şeirləri yalnız təklik ovqatını ehtiva etdiyi üçün fərqlidir, çox mənasız bir şey olardı. Çünki təklik, tənhalıq motivinə köklənən onlarla şair sadalamaq olar milli poeziyada və bu yerdə Şəhriyarın onlarla kəsişdiyi məqamına ancaq təbii yanaşmaq lazımdır. Hər halda mən “Darıxmağın adı”na daxil olan şeir nümunələrində 90-cı illər şeirinə yeni düşüncə xətti gətirmiş Salamın:

bədənim də yadırğayıb öpüb-qucaqlamağı

qollarımı öyrədirəm indi qucaq açmağa...

görən mənə niyə bir cüt ayaq verdin, ilahi

tək ayaq da bəs edərmiş öz içimdən qaçmağa...

- yaxud, daha sonrakı illərin uğurlu imzalarından olan Aqşinin də obrazını, şair dəst-xəttini görürəm:

sevgi - dodaqlardan çox ayaqların rəqsidi

durursan

və kimdənsə gedirsən

insan bədənində gecə yarısıdı

axşam vaxtıdı

toxunulmazsan

dəniz kimisən indi

balıqlara yüksən

məndən soruşsan

daha çox YOXSAN indi

- və düşünürəm ki, Şəhriyarın şeir stixiyası bir çox şairlərin stixiyasından qaynaqlansa da, onun poetik təfəkkürü sayəsində yenidən qurulur və istər intonasiya, istərsə də məzmun planında müstəsna, yeni bir hal kimi doğula bilir. Məsələn, Şəhriyarda ölümə bağlılıq, ölümlə əlləşib-vuruşmaq hissi yoxdur, əksinə metafizik mövzu-problematikadan uzaqlaşma cəhdi var. Daha çox real dünyanın adamları, süjetli gerçəklik olayları, təbiətlə ünsiyyətin yeni formada mənalandırılması onun şeirlərində daha üstün mövqe təşkil edir. Amma əvəzində ruhun dərinlərinə varacaq qədər təkliyə aludəlik var. Bu aludəlik onun poeziyasında bəzi hallarda mövzu darlığına və özünütəkrara gətirib çıxarsa da ovqat baxımından təklikdən yalnız öz yaşantısı kimi bəhs eləməməsi ilə fərqli düşüncə müstəvisinə adlaya bilir. Yəni, təkliyə daha uzaqdan boylanıb onu bir qədər kənar ağrı ilə mətnə gətirməsi, məzmun baxımından təkliyə müncər olmuş şeirlərinin qüvvətli ironiya kəsb etməsi baxımından. Şəhriyar öz təkadamlıq dərdi, təkadamlıq təkliyi ilə poeziyanın onsuz da başqa adı təklik olan məkanında özgələşmir, əksinə, uzaq olan məkanları yaxına gətirib onlara ironik modus sərgiləyir. “Köhnə dərdlər bar verir” - ağrımaqdan usanıb bir kənara qoyduqların, təzə dərdlərlə üstünü örtdüklərin, tale deyib onun ixtiyarına buraxdıqların bir anda yenidən ömür kimi doğula bilirlər. Belə olmasaydı şeirləri oxuyarkən təkliyin, tənhalığın bir az özümüzə oxşadığını, içimizdəki boşluqları çevrələdiyini hiss etməzdik.

Şəhriyarın şeirlərindəki təklik obrazı və ona ayrılan yer çox böyükdür. Şeirlərindəki sürreal təsvirlərin, süjetli gerçəklik olaylarının da əsas qaynağı zahirən ana, dost, sevgili deyə müraciət ünvanladığı şəxslər olsa da, daxilən özüdür. O, təkliyini seçən, onunla yaşayan şairdi, ironik planda da olsa. Bu mənada məncə, Şəhriyarın ən çox darıxdığı duyğunun adı elə təkliyin olmasından çox olmaması, onun yoxluğudur. Daha dəqiq desək, onun darıxmağının adı, səbəbi elə darıxmaqdır.

bir pişiyim də yox qucaqlayası

qucağım sinəmdə bayquş yuvası

barı dost da ölmür yas saxlayasan

hamı salamatdı, hamı yaxşıdı

di gəl darvazanı külək açırmı

bu darıxmaq ki var itin balası

hər gün qapımızda gəlib ulayır

Şəhriyarın metafora qəribəliklərinə diqqət edək: “dolabda asılı qalan kəlağayın qədər başsızam”, “bütün yetimçələr nə vaxtsa fotosu itmiş çərçivələrdi”, “dünya dediyin təklər üçün ən son yaşamalı yerdi”, “yer üzündə bütün kimsəsizlər dənizə atılmış balıq şəkilləridi” və s. ... Şəhriyar üçün toxunduğu bütün mövzular dərindən çəkilən ahın nişanələrini daşıyır. Hətta onun sevgiyə, yaşanmış duyğuların, həsrətin poetik bir dillə ifadəsinə ayrılmış yer də çox keçməmiş qəfil açılan sillə olub səni bir qədər əvvəl məst etdiyi duyğulara dalmağına peşman edir. Diqqət edək:

başımı qatmışam gülüşlərinlə

əcəb dolaşdırıb bu xəyal məni

saçının küləyə gələn yerinnən

arabir sığal çək, yada sal məni

Sonra elə bunun ardından gələn gözlənilməz rakurs - qəfil dönüş, obyektivi həyatın başqa gerçəklərinə fokuslayan düşüncələr sırası və yenə də önə keçən ironiya və bu ironiyada gizlənən ekzistensial kədər:

hələ sən gedəli qolum qırıldı

itimiz də öldü yoxdu xəbərin

qonşumuz Gülbacı nənə varıydı

onu da bu payız yağış apardı

dalıyca ağlayan kimsəsi yoxdu

təkcə

şüşəbənddə durub boylanan

yağqabı dibçəklər yoldu gülünü

Şəhriyarın şeirlərinin ritmi, intonasiyası, misralarının arasından axan melodiya birxətlidir, eyni lada köklənmiş səs trayektoriyası ilə davam edir. Axı təkliyin pıçıltı ilə nəqli daha anlamlıdır, dərdi qışqırmırlar ki, yaşayırlar sadəcə. Bəlkə buna görə misraların arasında boğulma, nəfəs kəsilməsi olmur, bu anda müəllif kədərinin təkadamlıq olması, dəfələrlə buna işarət etməsinə inanmaqdan başqa çarə qalmır. Amma bir qədər sonra bu yüngüllük yerini özü boyda ağrıya, özü boyda darıxmaq hissinə verir, təkadamlıq duyğuların əsirinə çevrilirsən, bütün ətrafını saran “doluluqlara” rəğmən əslində, tək olduğunu anlayırsan. Yaddaşında misra deyil, təsir qalır. Məsələn, “İkidən bir çıxanda yerdə heç kəs qalmır”... Bəlkə misra kimi poetik ölçülərə sığmır, amma ruha təsir baxımından bütün sərhədləri dağıdır. Sənə sirayət edən təəssüratın gücünü bütün varlığında daşımağa tablaşırsan. Niyə görə belə olur? Çünki Şəhriyarın şeirlərindəki sakit axın - eyni lada, eyni intonasiyaya köklənmək tərzi alt qatda gizli qalan elə bir tufandan xəbər verir ki, onu əl dəyməmiş, tərpətməmiş lərzəyə gətirmək olmur. Sirr yalnız şeirin oxunuşu, ona bir nəfəslə toxunuş zamanı açılır. Yerdə isə qalaq-qalaq xatirələr, səni nə vaxtsa didib-parçalamış nisgilin külü qalır:

ney qamışı çağırantək

harayladım mən səni

heç bilmədin uzaqların

harasında yoruldum

namaz üstə təkrarlanan

dua kimi – adını

çəkib, döyüb dizlərimə

hücrələrdə duruldum

buludlardan bezib yağan

bu sərsəri yağışlar

göy üzünə qayıtmırsa

demək, olmur dediyin

bir ömürlük darıxmaqdı

daha səndən sonrası

pəncərədən boylanmaqdı

indi ömür dediyin

Diqqət eləsək, Şəhriyarın bəzi şeirləri sanki ortadan başlayır : “bir də var pıçıldamaq/sən gəlməyən küçəyə/, eləcə baxmaq”... Şəhriyar bura qədər olan yeri oxucu üçün boş buraxır. Bu boşluğa hər kəs öz ömür bioqrafiyasının sınıq yerlərini qoya bilər. Bu ikili mətnyaratma cəhdi gənc şairin sintaksisində də duyulur. Belə məqamlarda Şəhriyar oxucunu sanki sözlərin estetik oyununa dəvət edir. Bu oyuna daxil edilmiş ifadələr fərqli bir sintaksis yaratmaqla şeirin yeni energetikasına yol açır. Gənc şairin poetik kənaraçıxmaları, dillə sərbəst davranmaq xüsusiyyətləri çox gözəldi, amma bəzi məqamlarda qəsdən, dil qanunlarını pozaraq, yenilik xətrinə etdiyi “mərkəzdənqaçma tendensiyaları” – danışıq səviyyəsini şeirə gətirməsi və onu ölçü-biçisiz təqdim etməsi – tvar, it uşağı və bəzi epotaj səciyyəli ifadələrə meyllər fikrin ekspressiv və emotiv tutumunu lazımınca şəkilləndirməyə mane olur. Eləcə də epik başlanğıcın bəzi hallarda önə keçməsi səbəbindən poetik mexanizmi bütün gücüylə işləmir.

Şəhriyarın şeirləri çağdaş poeziyanın bir çox təmayüllərini ehtiva etmək baxımından təhlilə imkan verir. Burda müstəqillik dönəmi şeirinin kəsir və məziyyətlərini görmək mümkündür. Şəhriyarın şeirlərinin obraz strukturu – səs, ritm palitrası öz sabahını yaşayacaqmı? Bunu yalnız şairin qaranlıqdan, təklik hissindən qurtuluşu mənasında demirəm. Poetik yaşamının, təzə-tər nəfəsinin sonadək qorunmasını nəzərdə tuturam və “günəşi, gülüşü və sabaha arzuları” ehtiva edən bu səs uçuşunun əbədiliyini görmək istəyirəm. Bu şeirdə olduğu kimi:

körpələrin gülüşündə

yuyarıq günahları

üzündə arzu tutarıq

günəşli sabahları

"Ədəbiyyat qəzeti"

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR