Muğam sədaları SOAS-da - FOTOLAR
Bizi izləyin

Art

Muğam sədaları SOAS-da - FOTOLAR

Mayın 9-da London Universitetinin Afrika və Şərq Araşdırmaları Məktəbinin (SOAS) “Bruney” qalereyasında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) istehsalı və Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri Verbokun müəllifi olduğu Gənc Səslər, Qədim Nəğmə” adlı sənədli filmin ilk nümayişi keçirilib.

Publika.az-ın məlumatına görə, filmin premyerası TEAS-ın təşkilatçılığı ilə baş tutub. Qeyd edək ki, TEAS-ın təşəbbüsü ilə çəkilən filmdə Qarabağdan didərgin düşmüş gənc muğam ifaçılarının milli musiqimizə sevdasından və doğma yurda olan həsrətdən bəhs edilir.

Tədbirdə vurğulanıb ki, muğam sənəti Azərbaycanın Qarabağ bölgəsində təşəkkül tapıb. Azərbaycanın tarixi bölgəsi artıq 25 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal edilib. Diqqətəlayiqdir ki, Qarabağdan olan uşaqlar muğam kimi mürəkkəb incəsənət üslubunda çox böyük istedadla ifa edirlər. 2000-ci ildə Cefri Verbok azərbaycanlı məcburi köçkün və qaçqınların məskunlaşdığı düşərgələrdə onları üzə çıxarmaq üçün axtarışa başlayıb. Sözügedən filmdə C.Verbokun vaxtı ikən dinlədiyi üç uşaq ifaçının yeni köçkün qəsəbələrində axtarışları, onların indiki həyatı və musiqi bacarıqlarının necə inkişaf etdirməsi haqqında söz açılır.

Cefri Verbok muğam sənəti ilə 1973-cü ildə maraqlanmağa başlayıb və bunun nəticəsində üç milli Azərbaycan alətində - ud, tar və kamançada ifa etməyi öyrənib. İndi isə o, Avropa, ABŞ, İsraildə ustad dərslərini və valehedici konsertlərini keçirərək muğamın mənəvi əsaslarını, musiqiçilər və müəllimlər arasında üslubların necə ötürüldüyünü, bu qədim musiqinin üsul və incəliklərini izah edir.

Tədbirdə çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter bildirib: “Bu gün faşizm üzərində Qələbə günüdür və biz İkinci Dünya müharibəsində həyatlarını itirmiş 400 mindən artıq azərbaycanlının xatirəsini yad edirik. Nasistlər Bakının neft yataqlarını ələ keçirə bilsəydilər müharibənin nəticələri tamamilə fərqli ola bilərdi.

Muğam öz əsasını Ermənistan tərəfindən işğal edilmiş Qarabağdan götürür. Qarabağlı uşaqlar bu qədim musiqini xüsusi istedadla ifa edirlər və bu axşam nümayiş etdirilən film Cefrinin ilk dəfə məcburi köçkün düşərgələrində dinlədiyi uşaqların axtarışını göstərir”.

“Mən ilk dəfə Qarabağdan olan azərbaycanlı uşaqların muğam ifası fenomeni haqqında eşidəndə buna skeptik yanaşdım. Lakin bu, mənim marağıma səbəb oldu. Baş çəkdiyim məcburi köçkün düşərgələrində məlum oldu ki, yüzlərlə uşaq bu qədim musiqini ifa etmək bacarığına malikdir”, – deyə Cefri Verbok vurğulayıb.

Verbokun sözlərinə görə, Gənc Səslər, Qədim Nəğmə” filmini çəkməkdə niyyətləri film festivallarında və ya Hollivud kino sənayesində yer almaq deyil. Filmdə bəhs edilən hekayənin əsas özəyi Dağlıq Qarabağ münaqişəsinə diqqəti çəkməkdir.

Tədbir sual-cavab sessiyası ilə davam edib. Muğamın improvizasiya elementləri, qadın muğam ifaçılarının rolu, muğam lirikasının poetik təbiəti və muğam üslubunun nəsillərə necə ötürüldüyünə dair bir sıra mövzuları əhatə edib. Gecə Cefri Verbokun tar və kamançada ecazkar solo ifası ilə yekunlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm