• USD 1,7000 0,00% EUR 1,9979 -0,34%
    • GBP 2,2247 +0,14% RUB 0,0231 -0,43%

Müəllim necə qatil oldu - FOTO/VİDEO

  • Art
  • 8 Aprel 2017 12:27
  • 1 383 Baxış
Müəllim necə qatil oldu

1946-cı il, müharibədən sonrakı Leninqrad. Təzəcə xaos yaşamış, hələ özünə gəlməmiş, aclıqdan dağıntı içində olan ölüm şəhəri. Leninqrad müharibənin ən çox acısını yaşayan şəhər oldu. Mühasirədə olan, aclıqdan əziyyət çəkən, hətta insan əti yeyən bir şəhər yenicə xilas olub azadlığa qovuşur, lakin bu vaxt şəhərdə cinayətkarlıq tüğyan edir.

Elə müharibənin özünə bərabər olan bir cinayətkar dəstə Leninqradda əməlli başlı at oynadır. Leninqrad milisi müharibədə olduğu kimi burada da mübarizə aparmalıdır. Elə bu mübarizənin lap başlanğıcında banditizmə qarşı mübarizə şöbəsinin rəisi, əfsanəvi mayor Kuzmin ölür. Onun əməkdaşlarının qarşısında böyük bir vəzifə durur. Ələkeçməz, amansız qatil və quldur Vitya Muzıkant və onun quldur dəstəsini tutmaq. Filmin bu yerindən artıq toqquşma, ziddiyyət başlayır. Xəfiyyə Rebrov Vitya Muzıkantın dəstəsinə daxil olur və çox qəribədir ki, bu dəstəyə həm də ədəbiyyat müəllimi Danilov da qoşulur.

Bu ədəbiyyat müəllimi əslində, cinayətkar olmaq istəmirdi, lakin müharibədən sonra əsir düşdüyü üçün onu sürgün edirlər, doğma şəhərinə qayıdanda onu heç kim qəbul etmək istəmir, həyat yoldaşı başqasına ərə gedir. Ona heç kim dərs deməyə icazə vermir, iş vermək istəmirlər və ac-yalavac vəziyyətdə ağladığı yerdə Vitya Muzıkant onu öz yanına götürür və başa düşür ki, o, potensial cinayətkara çevrilə bilər. Beləcə, adi ədəbiyyat müəllimi Leninqradın amansız, ağıllı, qəddar canisinə çevrilir. Ona qarşı çıxan isə Rebrovdur. Rebrov artıq Muzıkantın dəstəsindən ayrılıb və Banditizm şöbəsinə rəhbərlik edir. Filmin əvvəlində onlar vaqonda görüşmüşdülər. Vaqonda görüşəndə əslində, Rebrov özünü cani kimi aparırdı, çünki o özünü elə təqdim etməli idi. Həyatda onlar bir neçə dəfə görüşəcəklər və hətta çox qəribə bir hadisə baş verəcək. Məhz müəllimin həyat yoldaşı Rebrovun sevdiyi qadın olacaq. Artıq Onlar bir qadını bölüşməli olacaqlar, o cümlədən bir şəhəri, bir sevgini bölüşməli olacaqlar. Bu, əsl kişilik haqqında əhvalatdır, insan talelərinin dramıdır və ilk dəfədir ki, Leninqradın müharibədən sonrakı amansız və qəddar həyatının açılışıdır.

Serialın ilk seriyaları çox ustalıqla çəkilib və qeyd etmək lazımdır ki, maraqlı aktyor seçimi ilə yadda qalır. Gözəl musiqi tərtibatı, ssenari quruluşu ideala çox yaxındır. Operator işi də uğurludur. Biz ümumiyyətlə, Leninqradın müharibədən sonrakı dönəminin bütün ab-havasını hiss edə bilirik. Müharibənin ağrı-acısından çıxıb xoşbəxt olmaq istəyən şəhərin gözəlliyi göstərilir, amma 17-ci seryiadan sonra sanki, hər şey dəyişməyə başlayır. Çox qəribədir, serial sanki, sönməyə başlayır. Hadisələrin gedişatı inkişaf etmək əvəzinə, daha da enməyə başlayır. İnsani münasibətlər mənfiyə doğru düşür və artıq qeyri-insani məsələlər daha çox üzə çıxmaq istəyir. Ssenarinin özü belə absurdun son həddinə gəlib çatır. 17-ci seriadan sonra dedektiv adi bir sabun operasına bənzəməyə başlayır. Yəni, ilk 17 seriada olan al-əlvanlıq, dramatizm, toqquşma, ziddiyyət, hadisələrin bir-birini izləməsi çevrilib olur adi primitiv şəkildə çəkilmiş sabun operası. Qeyd etmək lazımdır ki, 17-ci seriadan sonra gələn aktyor uğursuz ifası ilə serialı daha maraqsız, daha baxımsız edir.

Aktyorlardan Qarmaşın, Rıkovun, Millerin, Sutilinanın ifalarını xüsusilə qeyd etmək lazımdır. Məhz onların ifası ilə film çox uğurlu alındı. Film çox maraqlı bir dövrü əhatə edir və indiyənə qədər bu mövzu ən az işlənən mövzulardan biridir, çünki Moskva və Moskvanın ətrafında olan cinayətkar dəstələr haqqında çoxlu seriallar çəkilib. Məşhur “Müstəntiq Tixanov, “Görüş yerini dəyişmək olmaz” və digər serialları nümunə göstərmək olar. Amma Leninqradın müharibədən sonrakı cinayət dünyası bəlkə də ilk dəfə idi ki, bu səviyyədə ekrana gəlirdi.

Serialda əsas ziddiyyət insan ziddiyyətidir. Biz müəllimin birdən-birə cinayətkara, amansız caniyə çevrildiyinin şahidi oluruq. O, sevgisini, məhəbbətini, ailəsini, hətta doğma şəhərini itirib. O bu şəhəri çox sevirdi, bu şəhərdə dərs deyirdi və bu şəhərdə ailə qurmuşdu. İndi isə bu şəhərin sakinlərini öldürür, sanki şəhərdən qisas alır. O, sanki öz sevgilisini zorlamaq əvəzinə şəhəri zorlayır. Aktyor Qarmaşın bütünlüklə obraza daxil olaraq başqalaşması, adi müəllimdən amansız cinayətkara çevrilməsi olduqca uğurlu alınıb. Müstəntiq rolunun ifaçısı da çox maraqlı, çevik hərəkətləri ilə obrazı canlandıra bilir və gözümüzün önündə haqq-ədalət uğurunda, əsl cinayətkarlıqla mübarizə aparmaq istəyir.

Tarixi görüş

Cinayətkara qarşı amansız olan Rebrov Müəllimi tutur. Onu həbs etməlidir, ya da öldürməlidir, amma bunu edə bilmir, çünki onun həyat yoldaşı ilə evlənib. Çünki buna qədər artıq görüşüblər və hətta bir dəfə onun həyatını xilas edib. Göz yumur, onu - Müəllimi buraxır. Bir şərtlə ki, Müəllim itsin. Lakin Müəllim itmir, əksinə, cinayətlərinin miqyasını daha da genişləndirir. Cinayətlərini sona qədər edir. Sanki, sistemdən, rejimdən qisas alır. Əslində, Müəllimi cinayətkar edən sistemin özü idi. Adi ədəbiyyat müəllimi idi, müharibəyə getmişdi, şərəflə savaşmışdı, əsir düşmüşdü. Əsirlikdən sonra cərimə batalyonunda vuruşmuşdu, orada orden almışdı. Cərimə batalyonundan qayıtdıqdan sonra onu həbs ediblər. Daha sonra azad ediblər, amma onu doğma şəhərində yaşamağa, işləməyə qoymayıblar. Nə etməlidir? Bu insan təbii ki, potensial cinayətkara çevrilməlidir və amanszılaşmalıdır, qəddarlaşmalıdır. Necə ki, bizim filmdə gördüyümüz qəhrəman da qəddarlaşır.

Serialda verilən qadın obrazı və onun daxili dünyası da olduqca maraqlıdır. Müharibədir, əri də əsirlikdədir, bilir ki, qayıtmayacaq, bilir ki, sonu yoxdur və yeganə çıxış yolu, ailəsini, qızını dolandırmaq üçün bir nəfərə ərə getməkdir. Varlı bir məmura ərə gedir, onun hər şeyi var. Yeri gəlmişkən deyək ki, müəllim fürsət tapıb o varlı məmuru öldürür. Ondan qisas alır, çünki məmur onun məhəbbətini əlindən almışdı. Varlı məmur da əslində sakit durmurdu. Adi fəhlə kimi işə düzəlmək istəyən müəllimə mane olurdu. Tapşırtdırırdı ki, onu işləməyə qoymasınlar. O bu həddə qədər amansızlıqlar edir və müəllim öz qisasını alır. Qarmaş bu səhnələri olduqca mükəmməlliklə oynayır. Daha sonra bu qadının həyatında müstəntiq peyda olur. Qadın gəncdir, gözəldir, müstəntiq də gəncdir və onlar evlənirlər. Müəllim isə kabus kimi onların ətrafında fırlanır, çünki Müəllimin övladı var, o, övladını görmək istəyir və ona kitab bağışlayır – Korney Çukovskinin kitabını. Korney Çukovski həmin dövrdə uşaqların ən çox sevdiyi şair idi, çünki uşaqlar üçün maraqlı şeirlər yazırdı. Bəlkə də burada semantika, simvolizm var. Bu göstərir ki, nə qədər cani olsa da, Müəllimin içində hələ ədəbiyyat, poeziya, gözəllik qalıb. Təəssüf ki, cəmiyyət, ətraf, rejim onu amansızlaşdırıb.

Film əslində, rejimə qarşı üsyanın bir göstəricisidir və bir nəfərin mübarizəsindən bəhs edir. Onun yeganə mübarizəsi isə cinayətdir, qan tökməkdir, sadə vətəndaşların haqqını yeyən varlılarladır. Leninqradda əhali acından qırılanda, ata oğulu yediyi vaxtda onlar qara kürü yeyirmişlər, xoş günlər yaşayırmışlar, çünki onlar partiya məmurlarıdır. Müəllim həmin partiya məmurlarını cəzalandırır. O, insanları aldadan mağaza müdirlərini cəzalandırır. Biraz da böyüyür və artıq cinayətkar dəstələri cəzalandırmağa başlayır. Özünü “nömrə bir” cani elan edir. Təbii ki, Müəllimin sonluğu da yaxşı görsənmir və xoş olmayacaqdı ki, bu da hamıya bəllidir. Müəllim çox sadə üsulla aradan çıxmaq istəyir və buna nail olur. Bütün heyfini, qisasını alandan sonra adını, soyadını dəyişdirir və canilikdən uzaqlaşır. Buna baxmayaraq, içində yenə o hiss qalır və yenidən cinayət aləminə qayıdır. Çünki o, hələ öz qisasını tam ala bilməyib.

Filmin bütün məzmununu danışmaq niyyətində deyiləm, istərdim ki, özünüz baxasınız, çünki çox maraqlı məqamlar var. Bu məqamları özünüz hiss etməlisiniz və bunun üçün görüntü lazımdır. Görüntü cəhətdən isə yuxarıda qeyd etdiyim kimi operator işi ilə rəssam işi maraq doğurur və maraqlı olduğu üçün də baxmağa dəvət edirəm.

Leninqradın müharibədən sonrakı cinayət aləmi və bu aləmdəki mübarizə kadrlarında sizi əsl ekşn gözləyir, o cümlədən lirika sayağı məqamlar da var. Yeri gəlmişkən deyək ki, rejissor Amerikanın qanqster filmlərində olan elementlərdən ustalıqla istifadə edib və onları rus mühitinə gətirib. Bu mənada, sizi həm düşündürən, həm həyəcanda saxlayan, həm də ürəkdən yandıran bir filmdir. Baxmağa dəyər.

Elçin Əlibəyli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR