Firəngiz Əlizadənin “Nasimi Passion” əsəri əsasında vokal-xoreoqrafik tamaşanın premyerası oldu
Bizi izləyin

Art

Firəngiz Əlizadənin “Nasimi Passion” əsəri əsasında vokal-xoreoqrafik tamaşanın premyerası oldu

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı dövlət səviyyəsində çoxsaylı tədbirlər keçirilib. “Nəsimi ili”nin möhtəşəm yekunu kimi dekabrın 27-də Heydər Əliyev Sarayında dünya şöhrətli bəstəkarımız, Azərbaycanın Xalq artısti Firəngiz Əlizadənin "Nasimi Passion" əsəri əsasında vokal-xoreoqrafik tamaşanın premyerası olub.

Məşqləri bir neçə aydan bəri davam edən bu möhtəşəm əsərin xoreoqrafik quruluşu Mədəniyyət Nazirliyinin xüsusi dəvətinə əsasən Sankt-Peterburq Balet Akademiyasının professoru, Rusiya Federasiyasının Xalq artisti Edvald Smirnova məxsusdur. Tamaşanın baletmeystri isə istedadlı xoreoqraf Ceyhun Qubadovdur.

Tamaşada Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, habelə "Nəsimi poeziyası" adlı bədii qiraət müsabiqəsinin qalibləri iştirak ediblər.

"Nasimi Passion" vokal-xoreoqrafik tamaşasının dirijoru Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Fəxrəddin Kərimov, baş xormeysteri Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq artisti Gülbacı İmanova, geyim və eskizlər üzrə rəssamı isə Nazim Yunusovdur.

Qeyd edək ki, nümayişi Azərbaycan musiqi ictimaiyyəti tərəfindən böyük maraqla gözlənilən “Nasimi Passion” əsərinin ilk premyerası 2017-ci ildə məşhur ingilis dirijor Martin Brabbinsun idarə etdiyi Hollandiyanın Kral Simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə “Amsterdam Royal Concertgebouw” Konsert sarayında olub.

Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olan “Amsterdam Royal Concertgebouw” tərəfindən son illərdə müxtəlif dinlərlə bağlı (pravoslav, katolik, yəhudilik, buddizm) “İlahilər” layihəsi həyata keçirilir. Layihə çərçivəsində dünyanın müxtəlif dinlərinə məxsus görkəmli bəstəkarlara əsərlər sifariş olunur və səsləndirilir.

2015-ci ildə İslam dininə aid olan ilahilərin bəstələnməsi gündəmə gəlib. Belə bir əsərin yaradılması Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Firəngiz Əlizadəyə həvalə edilib və “Nasimi Passion” ərsəyə gəlib.

Əsərdə ümumi kontekstdə həm müasirlik, həm də Şərqin fərqli bir təfəkkür tərzi olan Orta əsr sufi fəlsəfəsi yanaşı işlənib. Seçilmiş mövzunun layihənin tələblərinə cavab verdiyi, eləcə də Qərbin illər boyu maraqlandığı, amma açarını tapa bilmədiyi məsələyə toxunulub. “Nasimi-Passion”da Şərq təfəkkürünün və onun fəlsəfi ideyalarının özəyini təşkil edən tendensiyaların müasir üsullarla sintezi təqdim olunub.

Bəstəkar əsər vasitəsilə Avropa dinləyicisini tanış olmayan və hər zaman maraq mərkəzində olan sirli bir mühitə qərq edib. Dinləyicinin təsəvvüründə canlı obraz yaradıb. Premyeradan sonra “Nasimi- Passion” kompakt-diskə yazılaraq Avropanın bütün şəhərlərində klassik musiqi həvəskarları üçün satışa çıxarılıb.

Təsadüfi deyil ki, ötən il Beynəlxalq Ağa Xan Fondu (“Aga Khan Foundation”) ilk dəfə musiqi sahəsində təsis etdiyi Beynəlxalq “Aga Khan Music Award” mükafatına bəstəkarlıq sahəsində UNESKO-nun “Sülh artisti” Firəngiz Əlizadəni “Nasimi Passion” əsərinə görə layiq görüb.

“Nasimi –Passion ” xoreoqrafik -tamaşasında “Nəsimi” rolunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc solisti Taleh Yəhyayev bu obrazı dərindən öyrənərək, qəhrəmanının vokal hissəsinin müxtəlifliyini və ifadəliyini çatdırmağı bacarıqla canlandırıb.

Firəngiz Əlizadənin orkestr koloriti və aydın ifadəli xor parçası ilə zəngin olan çoxrəngli musiqisi sonadək tamaşaçıları təsirində saxladı, xüsusilə apofeozunda- şairin edam səhnəsində dahi mütəfəkkirin böyüklüyünü əks etdirirdi.

Tamaşaçılar ruhani fəlsəfə ilə müasir bəstəkar texnikası və modern düşüncə dərin vəhdət təşkil edən bu təsirli tamaşanı məmnuniyyətlə izləyərək bəstəkarı və bütün iştirakçılarını uzun müddət alqışladılar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm