NƏFSİN OYUNLARI... - və ya sevginin tərs üzü
Bizi izləyin

Art

NƏFSİN OYUNLARI... - və ya sevginin tərs üzü

Tamaşadan sonra...

  • “Medeya”nın quyusuna bir kişinin uzatdığı iplə düşmək çətindir. Qadın təbiətinin bütün çalarlarını duyub anlamaq...

Premyeradan çıxmışıq. Kolxidalı cadugər oxu daşa dəymiş yaralı qadının nələrə qadir olduğunu təzəcə xatırladıb...

Həyat yoldaşım köks ötürür, yarımçıq cümləmi məşhur misrayla tamamlayır:

  • “ cananı hər kim ki canıyçün sevər - canın sevər... “

Demək istəyir ki, təkəbbürü, hikkəsi üzündən qana susayıb, sonra da törətdiyi bütün cinayətlərə görə Yasonu lənətləyən Medeyanın “eşq ilahəsi” olduğuna inanmır.

Tamaşa bizə təsir edibmi? Bəli, edib! Nəsiminin “nur nədir, nar nədir?” sualının başına dönüb Adəmlə Həvva əhvalatına... ilkin cinayətlərə... sevginin tərs üzünə...savaba dönən günahlara qədər gedib çıxmışıq...

Tamaşa...

Medeya gözəlliyin ən qorxunc şəkli ilə zühur etdi. Günəş ilahı Heliosun nəvəsi sudan çıxdı. Qədim miflər aləmindən xortlayan mumyaya bənzədi. Qaxaca dönmüş bədəni, qurumuş boğazı suya möhtacdı. Üz cizgiləri silinib, təkcə qan çanağı gözlərində bumbuz ölüm işartısı var...

Qədərə aparan kəndirlər ortalıqda, düyün-düyün. Medeya damar-damar, cadar-cadar əlləri ilə dartınır, xilas görünmür, sıxıntı artır, “dişi hörümçək” toxuduğu tora dolaşıb qalır, kəndir boynuna dolanır...

Medeyanın faciəsi nədir?

“Biz qadınlar ...” deyir... Sevgi yolunda verdiyi qurbanları xatırladıqca, qəzəbdən titrəyir. Xəyanətin qüruruna saldığı atəşi ətrafa yayır, ürəyi soyusun deyə, özünü yandırır...

Qadın - sədaqətdir. Medeya Vətənini, atasını satır...

Qadın – şəfqətdir. Medeya qardaşını tikə-parça edib sahilə atır....

Qadın – etibardır. Medeya hakimiyyətə yalan, ovsun, zəhərlə əl uzadır...

Qadın – anadır. Medeyanın əli övladlarının qanına bulanır...

Fitrətindən uzaqlaşdıqca, yol daralır. Bir insanı bütün İlahlardan üstün tutduğuna görə lənət hər tərəfdən üzərinə yağır. Sevgisində imtahanla – xəyanətlə üzləşincə, nəfsi üsyana qalxır. Qərib Medeya hər iki aləmdə təklənir. Aqibəti ilə barışmır. Yarımallah sayıldığından ölümlü məxluqların verəcəyi hökmə tabe olmur. Tanrılardan yardım ummur. Acı taleyinin bələdçisi olan ərinin nəslini kəsir. Bütün kişilərdən bütün qadınların intiqamını alır. Boşluqda qalır...

Demək ki, mifologiyadan baş qaldıran “Medeya”nın gözündə qadını insanlıqdan çıxarıb qara qüvvəyə çevirən üzüdönük erkəklərdir. İnsanı cəhənnəmlik edənsə - ədalətsiz tanrıların əli ilə əvvəldən yazılmış qədərdir...

Bəs xilas? Quyudadır. Bəzən köpüklənən dirilik suyuna, dünyanın əzəli başlanğıcına, hərdən qadın bətninə bənzər, hərdən qan gölünə, hərdən də günahları yuyan tövbə qapısına, bir damla ümidə dönər...

Tamaşa hardasa bitir. Amma “suyu bulandıran” şübhələr çəkilmir. Yəni doğrudanm günahkar Sevgidir?..

Alqışlar!

  • Münəvvərin 51 yaşında, monotamaşada, belə bir performans göstərə biləcəyini heç düşünərdinmi?..

Demək istəyirəm ki, rejissor aktrisanın içində yığılmış vulkanik enerjidən bilərək istifadə eləyib, düzgün məcraya yönəldib. Səhnədə dəfələrlə gördüyümüz aktrisanı tamamilə yeni Münəvvər Əliyeva kimi təqdim edib.

Özü də teatr rejissoru olan yoldaşım oyunu, oyunçunu maraqla izləsə də, tamaşanın sonluğunu açıq-aşkar, içində həll edə bilməyib. Ona görə sualıma əfəndilərin nəsihəti ilə cavab verir:

  • Cəhənnəmin gözətçisi Malik, Cənnətinki Rıdvandırsa... demək insana, sərvətə, mülkə “mənimdir” deyə-deyə qorxunc məxluğa dönənlə... dərs alıb, “şükür” edib, razı qalıb təkamülə gedən arasında çox böyük fərq var...

Tamaşaya baxmağa dəyərmi? Bəli, dəyər! Rejissor Emil Əsgərov qorxular, qulyabanılarla dolu müasir sənətin mistik əhvalının ötürücüsü kimi, şüuraltına təsir etməyi, arxetiplərə aparan beyin qırışlarına siqnallar göndərməyi bacarır. Dekoru, qrimi, geyimləri ilə Azdrama üçün az qala inqilabi səhnə həllinə nail olub. Teatr tarixinin ən amansız qadını - Medeya ilə qaranlıq quyulara baş vurub, çoxallahlılıq fəlsəfəsinin təhlükəli sərhədlərinə addım atıb ...

Və kiçik səhnədə Milli teatrın beynəlxalq festivallara utanmadan çıxara biləcəyi bir tamaşa ərsəyə gətirməyi bacarıb.

Təbriklər! Uğurlar!

P.S. Qısqanclıqlarla dolu amansız teatr aləmində istedadlı insan üçün yalnız bircə ciddi tələ var:

Nəfsin oyunları...

Lalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm