Art
“Qəbahətim böyükdür” desə də, qəbahəti olmayan Xalq artisti: O, hər bir evin laylası olub
Qəbahətim böyükdür,
Ay ellər, dünən axşam
Bir ürək sındırmışam,
Bir könül sındırmışam!
Və ya,
Sevgilim, tut əlimdən
Gedək üzü küləyə
Rahatlıq gəzmirəm mən
Gedək üzü küləyə
Bu kimi saya gəlməz mahnılara özünəməxsus səsi, nəfəsi ilə həyat verib Azərbaycan ifaçılıq sənətinin ən gözəl, güclü səs sahiblərindən biri, Xalq artisti Şövkət Ələkbərova.
Publika.az xəbər verir ki, bu gün görkəmli müğənninin anım günüdür.
Şövkət Ələkbərova o nadir şəxsiyyətlərdəndir ki, sağlığında özü haqqında xoş təəssürat formalaşdırıb, dünyasını dəyişəndən sonra isə xoş xatirələri qalıb yaddaşlarda.
Müğənninin ifa etdiyi mahnılar elə ilk gündən milyon ürəyə yol taparaq bu gün də sevə-sevə dinlənilir.
Bu gün bənzərsiz ifaları ilə könülləri fəth edən Şövkət Ələkbərovanın möhürünü qoyduğu mahnılar tələbələrinin, tanınmış və gənc sənətçilərin ifasında yenidən səslənir. Onun ifasında dinlədiyimiz hər bir nəğmə harada səslənməsindən asılı olmayaraq bu böyük sənətkarı xatırladır.
Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda dünyaya göz açıb. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb. Atası onun musiqiçi olmasını çox istəyib. Şövkət xanım ilk musiqi təhsilini kamança aləti üzrə alıb. 1937-ci ildə musiqi yarışmasında Qarabağ şikəstəsini ifa edib. Münsiflər heyətində əyləşən Üzeyir Hacıbəyov, Səid Rüstəmov və Bülbül onun səsinə valeh olur. Şövkət Ələkbərova dövlət xoruna qəbul olunur. Elə həmin gündən Şövkət adlı ulduz parlamağa başlayır. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi işləməyə başlayıb.
Musiqi Şövkət xanımın şah damarı idi. O, musiqini sadəcə işi naminə yox, onun xarakterini ifadə etdiyinə görə sevib. Çünki indi də tayı-bərabəri olmayan “Şövkət Ələkbərova səsi” sanki onun insanlığından, xarakterindən də xəbər verir. Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini çəkərək onların xeyir-duasına alan Ş.Ələkbərova ömrünün sonunadək ifası ilə özünü sübut etməklə yanaşı, sənətə əsl sənətkar kimi xidmət göstərib. Onun “Qarabağ şikəstəsi”ni məlahətli səsi ilə mükəmməl səviyyədə ifa etməsi peşəkar musiqi sənətinə gəlişinin əsasını qoyub. “Dərələr”, “Ağ çiçəyim”, “Bir könül sındırmışam”, “Gedək üzü küləyə”, “Ağlaya-ağlaya”, “Haradasan”, “Məhəbbət”, “Tez gəl”, “Süsən sünbül”, “Dəli Ceyran”, “Ay qadası”, “Yar gəldi”, “Kürdün gözəli”, “Ceyran” və digər onlarla mahnı böyük sənətkarın ifasında möhürlənib. Şövkət xanımın repertuarında olan mahnılarda söz, musiqi və ifa bir-biri ilə vəhdət təşkil edib.
SSRİ məkanında bir çox şəhərlərdə və eləcə də Fransa, İsveçrə, Əfqanıstan, Misir, Türkiyə və Polşa kimi xarici ölkələrdə Şövkət Ələkbərova Azərbaycan musiqisini layiqincə təbliğ edib. O fərqli və bənzərsiz idi, bəlkə də elə bu səbəbdən elə mahnılar olub ki, məhz Şövkət Ələkbərovaya ithaf olunub. Səməd Vurğun “Oxu gözəl” mahnısının sözlərini məhz müğənni üçün yazıb. Şövkət Ələkbərova həm də bir çox mahnıların ilk ifaçısı olub. Polad Bülbüloğlunun mahnılarını ilk dəfə Şövkət xanım ifa edib hər zaman.
Sənətdə şanslı olduğu qədər təəssüf ki, şəxsi həyatında belə olmayıb. Çox ağır ailə həyatı keçirən Şövkət Ələkbərova iki dəfə ailə həyatı qurub. Birinci həyat yoldaşını çox tez itirən sənətkarın ilk evlilikdən Natella adlı qızı dünyaya gəlib.
İkinci dəfə məşhur rejissor Lətif Səfərovla ailə həyatı quran Şövkət xanımın bu evlilikdən Bəşir adlı oğlu dünyaya gəlib. Bir neçə il sonra Lətif Səfərov intihar edərək dünyasını dəyişib.
Şövkət Ələkbərova səhnədə daim xanım-xatın, gülərüz olub. Evdə isə çox sadə, mehriban və qayğıkeş bir ana idi. Şövkət xanım övladlarından başqa öz qardaşı uşaqlarına da analıq edib. İkinci Dünya Müharibəsi zamanı Şövkət xanımın böyük qardaşı Mir Ələkbər itkin düşüb və yoldaşı da dünyasını dəyişib. Onların qızı Validə isə onda bir neçə aylıq körpə olub və Şövkət xanım ona öz qızı kimi baxıb, böyüdüb, boya-başa çatdırıb. Validə üçüncü sinifdə oxuyarkən məktəbdə öyrənib ki, Şövkət xanımın öz qızı deyil. Lakin Şövkət xanım ona “qızım, düzdür, mən sənin əslində bibinəm, amma səni anan kimi çox istəyirəm, sən mənim doğma balamsan” deyib. Validə Şövkət xanımın tərbiyəsi ilə boya-başa çatıb. Validə xanım həmçinin Şövkət xanımdan musiqi savadı alıb. Validədən başqa Şövkət xanım qardaşı Mir Şəfehin 2 övladı - Sevda və Eldara da baxıb, evində saxlayıb. Bu möhtəşəm qadın 5 uşaq tərbiyə edib. Həmişə hamıya əl tutan, yardım edən olub. Elə xatirələrdə də belə qalıb.
Şövkət xanımın birinci həyat yoldaşından olan qızı Natella gənc yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Qızının vaxtsız ölümünə dözə bilməyən Şövkət xanım ondan sonra çox az yaşayıb. Övladının ölümündən sonra bir daha mahnı oxumayıb. Deyilənə görə, Şövkət xanım qızı ilə bağlı kədərini yenicə doğulmuş qız nəvəsi ilə ovudurmuş. O, hər gün yorulmadan nəvəsinə lay-lay oxuyarmış. Bunu isə belə ifadə edirmiş: “Mənim ömrümə çox az qalıb. Qoyun doyunca lay-lay deyim balama”.
“Şövkət xanım həmişə deyirdi ki, mən çox xoşbəxt biriyəm ki, əlli ildən çox xalqıma xidmət etmişəm. Mən xoşbəxt qadınam ki, məni xalqım sevir və mən bu xalq üçün 50 ildən çox xidmət göstərdim, mən hər evin laylası olmuşam”.
Səsi ilə ürəkləri həmişəlik fəth edən Şövkət Ələkbərova 1993-cü il fevralın 7-də vəfat edib. Ömrünün son çağlarında verdiyi son müsahibəsində belə deyib: “Hər kəsin həyatında narahatlıqlar ola bilər. Mənim həyatımda da olub. Amma bütün bunlara baxmayaraq mən xoşbəxt insanam”.
Cəmilə Hətəmxanova
-
Ekologiya07:17
Bakıda yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI
-
Region06:16
Suriya məsələsi ANKARANIN GÜNDƏMİNDƏ - Fidan təzəlikcə kimlərlə danışıb?
-
Magazin203:43
Teleserial ulduzu alt paltarsız poza verdi - FOTO
-
Cənubi Qafqaz01:41
Gürcüstanın parlament binasına FİŞƏNG ATILDI
-
Hadisə01:00
Sumqayıtdan daha bir ACI XƏBƏR GƏLDİ
-
Dünya00:32
Bəşər Əsəd və ailə üzvlərinin Moskvadan görüntüsü yayıldı - VİDEO
-
Qoroskop00:25
Günün ULDUZ FALI - İstəkləriniz gərginlik yarada bilər
-
Yaxın Şərq8 Dekabr 22:20
Moskva Suriya ilə bağlı BMT-dən görün nə tələb etdi