Art
Həyat yoldaşına özünü hədiyyə aparan Xalq artisti: Onun son rolu elə möhtəşəm alınmışdı ki...
Bu yazını yazmaq nə qədər qürur hissi versə də, bir o qədər də məsuliyyət hissi yaradır. Çünki bu gün sənət müəllimimdən yazacam - yerişi, duruşu, baxışı, amiranə səsi, yaraşıqlı görünüşü və bütün bu sadaladıqlarımı peşəkar aktyor istedadı ilə tamamlayan Xalq artisti, böyük sənətkar Əliabbas Qədirovdan.
Publika.az xəbər verir ki, bu gün aktyorun doğum günüdür.
İl 2004. Məkan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. 4-cü mərtəbə. “Dram və kino aktyorluğu” fakültəsi. Qrupda 12 tələbə idik. İlk tanışlıq günümüz idi. Adımızı öyrənir, bir-birimizi yaxından tanımağa çalışırdıq. Fakültəmizin dekanı Ötkəm İsgəndərov bizim sinfə daxil olub kimin qrupuna düşdüyümüzü dedi. Sənət müəllimimizin Xalq artisti Əliabbas Qədirov, səhnə danışığı müəllimimiz isə Əməkdar artist Azad Şükürov olacağını bildiridi.
İndi adama adi gələ bilər, amma o vaxt hər şey yuxu kimi idi. Bu günə qədər yalnız ekran qarşısında izlədiyimiz aktyorlar bizimlə hər gün ünsiyyətdə olacaq, dərs keçəcəklər... 20 il... İndi o tarixdən 20 il keçir, İlahi... Adamın gözləri yaşarır...
Onunla ilk tanışlığımız belə başladı
Mədəniyyət və İncəsənət Universitetinin tələbələri yaxşı bilər, dərs otaqları fərqli olur, sanki kiçik səhnəni xatırladır. 12 tələbə oturub otaqda aktyor sənəti müəllimimizi gözləyirik. Qapı açılır, səliqəli kostyumda, şux qamətlə, bir az da özünəməxsus zəhmlə Əliabbas müəllim içəri daxil olur. Heç yadımdan çıxmaz, elə həyəcanlı idim. Nədənsə ondan çəkinirdim... Ayağa qalxdıq, salamlaşdıq və oturduq. İlk gündən necə tanıdıqsa, son gününə kimi də elə qaldı yaddaşımızda Əliabbas müəllim. Tələbkar idi, sənətin sirlərini ən xırda nöqtəsinə kimi tələbəsinə öyrədirdi və səndən də tələb edirdi ki, hər bir nüansa diqqət edib, olduğu kimi mənimsəyəsən. Bir sözünü heç vaxt iki etməzdik. Nəyi necə deyirdisə, elə də edirdik. Çox gözəl müəllim idi. Hamımız sevirdik onu. Elə gözəl, səliqəli geyinər, qoxusu özü gedəndən sonra belə otaqdan çəkilməyən ətir vurar, həmişə də cibindən ütülü, şax dəsmalını çıxarıb alnını silərdi... Əliabbas Qədirov həm də əsl Azərbaycan kişisinin ən bariz nümunəsi idi. O, bizə həm də teatrı sevdirdi. Qeyd edim ki, Əliabbas Qədirov 2001-ci ildən Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru vəzifəsində çalışırdı. Hər gün dərsdən çıxıb axşam saat 7-də özümüzü Akademik Milli Dram Teatrının tamaşalarına çatdırırdıq. Teatra elə daxil olurduq, elə bil öz evimizdir. Bizə bu güvəni də məhz Əliabbas müəllim vermişdi. Biz axı onun tələbələri idik. Qapıda dayanan işçidən zalda tamaşaçılara nəzarət edən işçilərə kimi hamı bizi yaxşı tanıyırdı.
Əliabbas müəllim həmişə deyərdi ki, bir işi ya layiqincə edin, ya da heç etməyin. Başqasının yerini tutmayın. Ona görə də onun dərsinə (özü də sənət dərsləri iki qoşa saat keçirilirdi) həmişə böyük məsuliyyətlə hazırlaşardıq. Düz iki il aktyor sənətinin incəliklərini bizə sənətkarcasına öyrətdi Əliabbas müəllim. Biz ondan təkcə sənət dərsi öyrənmədik. O, həm də mərdlik, dürüstlük, kişilik, insanlıq, ədalət dərsi keçdi tələbələrinə. Bizi həmişə ruhlandırdı, özümüzü kəşf etmək üçün əlindən gələni etdi. Həmişə belə deyirdi: Həyatda öz işinizi görün, zaman hər kəsə öz qiymətini verəcək.
Və biz - Elnur, Hikmət, Vahid, Elgün, İltifat, Lamiyə, Vüqar, Emil, Sənubər, Ceyhunə, Pəri, Lamiyə və mən Əliabbas Qədirovun sonuncu tələbələri olaraq tarixdə qaldıq... Əliabbas Qədirov bütün ömrünü Azərbaycan teatr və kino sənətinə həsr edən, təqdim etdiyi hər bir obrazının peşəkar aktyor kimi haqqını verən, hər rolunu sözün bütün mənasında tamaşaçısına sevdirməyi bacaran sənətkar idi.
Sənətkar "Xəyyam"da Yusif, "Zamanın hökmü"ndə Pronya, "Xırs quldurbasan"da Vəli, "Darıxma, ana!"da Givi, "Mahnı dağlarda qaldı"da leytenant və Nicat, "Aydın"da İlyas, "Şöhrət və ya unudulan adam"da fotoqraf, "Məhəbbət əfsanəsi"ndə Şərif, "Xurşidbanu Natavan"da Seyid Hüseyn, "İblis"də Vasif, "Kimdir haqlı?"da Rəşad, "Büllur sarayda"da Həbib, "Biganələr oteli"ndə diş həkimi, "Torpağa sancılan qılınc"da Qazan xan, "Şeyx Xiyabani"da Şirzad, "Mənsiz dünya"da Mirzə Şəfi, "Sevgililərin cəhənnəmdə vüsalı"nda Mircəfər Bağırov, "Tənha iydə ağacı"nda Kərim bəy, "Sənsiz"də Tərlan, "Əcəb işə düşdük"də Misirxanov, "Kral Lir"də Qraf Qloster, "Hökmdar və Qızı"ında İbrahim xan, "Özümüzü kəsən qılınc"da ("Göytürklər") Qara xaqan, "Ulduz, yaxud "Ədirnənin fəthi"ndə Ənvər kimi yadda qalan obrazlarla adını qızıl hərflərlə teatr tariximizə yaza bildi.
Əliabbas Qədirovun çoxşaxəli yaradıcılığının bir qolunu da televiziya təşkil edirdi. Aktyor Azərbaycan Dövlət Televiziyasında bir çox tamaşalarda çəkilib. "Laçın yuvası", "Təkan", "Atayevlər ailəsi", "Hacı Qara", "Bəxtsiz cavan", "Duel", "Qəbula gələn sonuncu adam" tamaşaları televiziyanın "Qızıl fond"unda bu gün də saxlanılır.
Həmçinin, aktyor uzun illər "Məşəl" verilişinin aparıcısı olub. Dramatik aktyor olan sənətkar hətta "Komediyalar aləminə səyahət" verilişini də aparıb. Azərbaycan kinosuna da Qədirov imzasını ata bilib Əliabbas müəllim. Kinoda ilk işi 1972-ci ildə çəkildiyi "Xatirələr sahilində" filmində İmran Zahidov rolu olub. Sonralar "Nəğmə dərsi"ndə Ata, "Nə yaxşı ki, dünyada Səməd Vurğun var"da Vaqif, "Bizim evin kişisi"ndə Mansur, "Qızıl uçurum"da Cəlil, "Qocalar"da Fəriz, "Babək"də Fəzl, "Dənizdən işarə"də Sultanov, "Sevinc buxtası"nda Nazimi sevdirib kinosevərlərə.
Xalq artisti, görkəmli kinorejissor Eldar Quliyevin çəkdiyi "Sevinc buxtası" iki seriyalı bədii fılmindəki Nazim roluna görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb sənətkar. Teatr və kino yaradıcılığındakı xidmətlərinə görə 1982-ci ildə Əməkdar artist, 1989-cu ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.
İl 2006... Bizim sevimli sənət müəllimimiz leykemiya xəstəliyindən əziyyət çəkirdi. Bir dəfə dərsə gəlmədi. Eşitdik ki, xəstəxanadadır. Dərsdən sonra yığışıb yanına getdik. O zaman ona qan vermək lazım idi və biz sevimli müəllimimizə sevərək qanımızı verdik. Onun bizim üzərimizdəki haqqını az da olsa ödəmək, müəllimimizi yenidən ayaqda görmək üçün hər şeyə hazır idik...
Amma həyat heç də hamıya həmişə ədalətli davranmır. Nə bilim, bəlkə də var bir bildiyi... Əliabbas müəllim 60 yaşında, martın 8-də dünyasını dəyişdi. Məncə, bu gediş təsadüfi deyildi. Canından çox sevdiyi, bir müddət əvvəl vəfat edən həyat yoldaşına özünü hədiyyə apardı bəlkə də. Kim bilir... Və nə qədər ağır səslənsə də, məhz elə həmin gün mənim sənət müəllimim gözümdə daha çox böyüdü. O, hər kişinin edə bilməyəcəyi işi etmişdi...
Əliabbas Qədirovun son rolu dramaturq Əli Əmirlinin "Mesenat" əsərindəki Hacı Zeynalabdin Tağıyev obrazı oldu. İlahi, necə möhtəşəm, necə böyük görünürdü bu obrazda, bu geyimdə, bu qrimdə müəllimim. Möhtəşəm idi o tamaşada Əliabbas Qədirov. Tamaşada onun Xalq artisti Sənubər İsgəndərli ilə məşhur bir monoloqu heç yadımdan çıxmaz...
- Necəsən, qoca?
- Hə, gəldin? Çox ləngisən də, tanıdım səni...
- Bu fani dünyanın ləzzətindən ayrılmaq çoxmu çətindir?
Yox, əsla yox, çətin deyil... Dediyin bu fani dünyada mən 100 ildən çox yaşadım. Özümü xoşbəxt, firavan, işli-güclü gördüm. Heç kəsə möhtac olmadım. Haqqa tapındım, əl açanları paysız qoymadım. Rəbbim mərhəmətini artırdıqca, ruhum təzələndi, cavanlaşdı, bədənimin əsarətindən çıxdı... Mənim ruhum nimdaş, köhnəlmiş cismimə vida edir... Cismimlə vidalaşır. Görürsən işığı? Necə çəkib aparır ruhumu...
O obrazı, obraz da onu tamamlayırdı. Elə bil bu rol məhz onun boyuna biçilmişdi. Bəlkə də son tamaşası, son rolu olduğu üçün belə idi, bilmirəm. Bir onu bilirəm ki, onun kimi sənətkar, insan, mərd adam az-az doğulur.
Ruhunuz şad, doğum gününüz mübarək olsun, sənət və həyat müəllimim.
Cəmilə Hətəmxanova
-
Yaxın Şərq11:36
Rusiya-Türkiyə müharibəsi başlayır: Qərbdən ŞOK İDDİA
-
MDB11:24
Putinin hamıdan gizlətdiyi qaranlıq sirri üzə çıxdı: bu ölkədə saxlanır - FOTOLAR
-
Yaxın Şərq10:54
Bəşər Əsəd çıxılmaz vəziyyətdə: Türkiyə ilə təmas axtarmağa başladı
-
Dünya10:06
Suriyada vəziyyət dəyişir: gərginlik pik həddədir - ABŞ bu iki ölkəni ittiham etdi
-
Maraq dünyası09:18
Yaşlandıqca, daha da gözəlləşən bürc
-
Ekologiya07:17
Duman, leysan, qar... - Bu günün HAVASI
-
Magazin205:15
Məşhur aktrisa da azərbaycanlı imiş... - VİDEO
-
Sosial04:44
“Mərhəmətinizə görə sizə minnətdaram” - FOTO