Teymurləng iddiası, Qılınc Qurban hökmü, Qurd Cəbrayıl qəddarlığı: Onun elə bir səsi vardı ki...
Bizi izləyin

Art

Teymurləng iddiası, Qılınc Qurban hökmü, Qurd Cəbrayıl qəddarlığı: Onun elə bir səsi vardı ki...

Teymurləngin iddiası, Qılınc Qurbanın hökmü, Fəttahın (Qurd Cəbrayıl) kəskin bıçağı və bütün bunları bir xəncər itiliyi kimi özündə birləşdirən Yusif Vəliyev. Vaxtilə onunla bir yerdə çalışan həmkarları dəfələrlə qeyd ediblər ki, bu alçaqboy, zahirən o qədər də gözəgəlimli olmayan kişidə qeyri-adi bir xarizma, ətrafdakıların diqqətini özünə çəkən qarşısıalınmaz cazibə qüvvəsi var. Bu isə aktyor, xüsusən də kino aktyoru üçün ilahidən verilən bir vergi, məxsusi istedad idi. Bir neçə saniyə baxmaq kifayətdir ki, onun qəhrəmanlarının xarakterini duyasan, hər ifadəsinə, hərəkətinə hakim kəsiləsən.

Publika.az anım günü qeyd olunan xalq artisti Yusif Vəliyevi yad edir.

Yusif Vəliyev 22 mart 1917-ci ildə Dərbənddə Abdulla kişinin və Minaxanım ananın ailəsində dünyaya gəlib. Qohum-qonşu onu yaraşıqda Yusifə bənzətdiyi üçün atası oğlunun adını Yusif qoyur. Gənc Yusif 1933-1936-cı illərdə Baki Teatr Texnikumunda təhsil alıb. Tələbəlik illərində Akademik Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrə çıxış edib. Aktyor, eyni zamanda bir müddət Yəhudi Dövlət Dram Teatrında işləyib. Bu dili bilməsə də, sözləri əzbərləyərək bir neçə rol oynayıb.

Təhsilini bitirdikdən sonra təyinatla Mirzə Ələkbər Sabir adına Nuxa (indiki Şəki) Dövlət Dram Teatrına işləməyə göndərilib. Adı çəkilən sənət ocağında 1949-cu ilədək çalışan Yusif Vəliyev teatrın ən aparıcı aktyorlarından biri olub. Yusif Vəliyev teatrda dram tamaşaları ilə yanaşı, opera və operettalarda da rol alıb. Teatr bağlanandan sonra Bakıya gələn Yusif Vəliyev çox az müddətdə Rus Dram Teatrında çalışıb. Daha sonra Gənc Tamaşaçılar Teatrında işləməyə başlayan aktyor ömrünün sonuna kimi bu sənət oacağında işləyib.

Aktyor "Molla İbrahimxəlil kimyagər", "Məlik Məmməd","Əlvida, Hindistan!", "Şəhərli oğlan", "Yaşar", "Sirli şəhər", "Evlənmə", "Müsyö Jordan və dərviş Məstəli şah", "Xırs quldurbasan", "Bir saatlıq xəlifə", "Romeo və Cülyetta", "Zəncirlənmiş Prometey" və bu kimi onlarla səhnə əsərində özünəməxsus obrazlar yaradıb zamanında.

Teatrdan fərqli olaraq onun kinoda canlandırdığı rolların sayı o qədər də çox deyil. Amma yaratdığı obrazlar hərəsi öz-özlüyündə böyük bir məktəb, bir nümunədir desək, yerinə düşər. Necə deyərlər, əsas kəmiyyət yox, keyfiyyətdir. Kiçik bir obrazı ilə böyük tamaşaçı sevgisini qazanmaq hər aktyora nəsib olan səadət payı deyil . Yusif Vəliyev "Azərbaycanfilm"in kinolarında epizodik rollar oynasa da, çox maraqlı, yaddaqalan xarakterlər yaradıb. Onun "Sən nə üçün yaşayırsan?", "Nəsimi", "Qatır Məmməd", "Tütək səsi", "Arxadan vurulan zərbə", "Uşaqlığın son gecəsi", "Bir cənub şəhərində" filmlərində həyat verdiyi hər bir obraz ən azı eyni həvəslə izlənilir bu gün . Budur aktyor sənətinin böyüklüyü. Yusif Vəliyev əsl aktyor idi: oynadığı rolların boyük-kiçikliyinin, əsas, yaxud 2-ci dərəcəli olmasının onun üçün heç bir əhəmiyyəti yox idi.

O, həm də özünəməxsus səs tembri ilə seçilən sənətkar idi. "Dədə Qorqud", "Axırıncı aşırım", "Əhməd haradadır?", "Qaraca qız", "Dərviş Parisi partladır","Böyük dayaq", "Dağlarda döyüş", "Uzaq sahillərdə" kimi ən sevilən filmlərimizdə Yusif Vəliyevin möhtəşəm səsləndirməsi var.

Adətən gənclərlə yoldaşlıq edən sənətkar həm də onlardan öz köməyini əsirgəməyib. “Gənclərlə yoldaşlıq etdikcə, özüm də gəncləşirəm” –deyən Yusif Vəliyev ətrafındakı gənclərə hər zaman dəstək olan sənətkarlar sırasında yer alıb.

Ustad sənətkar 1960-cı ildə Azərbaycanın Əməkdar artisti, 1979-cu ildə Xalq artisti fəxri adları ilə təltif olunub. Xalq artisti adını alandan bir il sonra isə 1980-ci il martın 18-də dünyasını dəyişib. Deyilənə görə aktyor ürək çatışmazlığından əziyyət çəkib.

Elə insanlar var ki, ölüm onlar üçün hər şeyin sonu deyil. Bu insanlar ölümlərindən sonra daha tez-tez xatırlanır, cismən olmasa da, ruhən yaratdıqları əsərlərdə yaşayır, xatırlanır, yaddaşdan silinmirlər. Bu fikirlərin haqqını verən sənətkarlardan biri idi Yusif Vəliyev. Yaratdığı obrazlara Azərbaycan tamaşaçısının yaddaşında ən möhtəşəm aktyor kimi qalan əbədiyaşar sənətkar.

Cəmilə Hətəmxanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm