Britaniya tarixində ilk: Kral ailəsinin ödədiyi vergi açıqlandı
Bizi izləyin

Avropa

Britaniya tarixində ilk: Kral ailəsinin ödədiyi vergi açıqlandı

Britaniya tarixində ilk: Kral ailəsinin ödədiyi vergi açıqlandı

Böyük Britaniya kralı III Çarlz müasir tarixdə ilk dəfə olaraq şəxsi vergi öhdəliklərini ictimaiyyətə açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg⁠” məlumat yayıb.

Kral 2024-2025-ci vergi ili üzrə könüllü şəkildə 12,9 milyon funt sterlinq gəlir və kapital mənfəəti vergisi ödəyib. Şahzadə Uilyamın ödədiyi verginin məbləği isə 7,76 milyon funt sterlinq təşkil edib.

Bukinqem Sarayı bu addımın Britaniya monarxiyasında maliyyə şəffaflığının artırılması siyasətinin tərkib hissəsi olduğunu bildirib. Saray kralın gəlirlərinə tətbiq olunan dəqiq vergi dərəcəsini açıqlamayıb. Bildirilib ki, III Çarlzın şəxsi gəlirlərinin əsas mənbəyi ötən maliyyə ilində ona 26,5 milyon funt sterlinq dividend qazandıran Lankaster Hersoqluğu olub.

Şahzadə Uilyamın hesabatında isə onun bütün şəxsi gəlirləri üzrə ən yüksək gəlir və kapital mənfəəti vergisi ödədiyi qeyd olunub.

Kralın vergi ödənişləri əvvəlki illə müqayisədə artıb. Belə ki, III Çarlz 2023-2024-cü maliyyə ilində 11,7 milyon funt sterlinq vergi ödədiyi halda, Şahzadə Uilyamın vergi ödənişi 8,34 milyon funt sterlinqdən 7,76 milyon funt sterlinqə enib.

Britaniya kral ailəsinin maliyyə sisteminin mürəkkəb görünsə də, aydın hüquqi əsaslara söykəndiyi və monarxın vəzifələrini müstəqil və hesabatlı şəkildə yerinə yetirməsinə imkan yaratdığı bildirilib.

Kral ailəsinin üzvləri şəxsi gəlirlərindən əlavə, dövlət tərəfindən ayrılan Suveren Qrant hesabına da maliyyələşdirilir. Tac Mülkünün gəlirləri əsasında formalaşan bu vəsait gələn il 137,9 milyon funt sterlinqdən 99,9 milyon funt sterlinqə endiriləcək. Bu azalma Bukinqem Sarayında on ildir davam edən genişmiqyaslı təmir işlərinin başa çatması ilə əlaqələndirilir.

Maliyyə hesabatında həmçinin qeyd olunub ki, III Çarlz və Kraliça Kamilla təmir işləri yekunlaşdıqdan sonra da Bukinqem Sarayına köçməyəcəklər. Saray rəsmi iqamətgah və dövlət mərasimlərinin keçirildiyi tarixi məkan kimi fəaliyyətini davam etdirəcək. Kral cütlüyü isə Klarens Evində yaşamaqda davam edəcək.

Vergi məlumatlarının açıqlanması Britaniya kral ailəsinin maliyyə fəaliyyətinə dair ictimai marağın artdığı bir dövrdə baş verib. Daha əvvəl aparılan audit zamanı Şahzadə Endryunun kral mülkiyyətində yerləşən kottecləri nominal kirayə haqqı ilə icarəyə verərək şəxsi gəlir əldə etdiyi müəyyən olunmuşdu.

Qeyd edək ki, III Çarlz hələ Uels şahzadəsi olduğu dövrdə də vergi ödədiyini açıqlayırdı. Lakin Britaniya tarixində ilk dəfədir ki, hakim monarx şəxsi vergi öhdəliyinin konkret məbləğini ictimaiyyətə təqdim edir. Onun anası II Yelizaveta 1992-ci ildən etibarən könüllü şəkildə gəlir vergisi ödəsə də, bu ödənişlərin məbləği heç vaxt açıqlanmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm